İŞIĞA GEDƏN YOL...
Qəzetimiz işıq
üzü gördüyü ilk gündən - 1990-cı ilin
iyulun 26-dan bir yol tutub: o da haqqın yoludur, ədalətin
yoludur və düz yoldur. Biz həmişə
çalışmışıq ki, fəaliyyət göstərdiyimiz
bu illərdə haqqı, ədaləti unutmayaq və heç
kimin haqqını tapdamayaq. "Ədalət" qəzeti
olaraq hüquq-mühafizə orqanlarının bir qolu
sayılan polis orqanlarında qanun keşikçilərinin
işindən, onların dövlətçiliyimizə xidmətindən
söhbət açmışıq. Bir fikri də xüsusilə
vurğulamışıq ki, polis Azərbaycanda dövlətçiliyimizin
qorunmasında, ictimai asayişin bərpa edilməsində və
cinaytəkarlığa qarşı mübarizədə əvəzsiz
rol oynayır. Biz də zaman-zaman onların işlərini həyata
keçirdikləri tədbirləri qələmə
almışıq. İndi isə bu uzun zaman kəsiyindən
sonra ayrı-ayrı polis əməkdaşlarının fikirlərini
dinləmək bizcə oxucularımız üçün də
maraqlı olar. Çünki bayaq
xatırlatdığımız kimi, qəzetimiz 20 ilidir ki,
öz tutduğu mövqeyə, dövlətçiliyimizə
və qanunları qoruyan insanların işlərini
işıqlandırmağa sadiq olub.
Vahid Əliyev (Baş Dövlət Yol Polisi İdarəsinin
şöbə rəisi, polis polkovniki):
- Məmləkətimizdə
indi onlarla gündəlik qəzet və həftəlik mətbu
orqan fəaliyyət göstərir. Amma onların arasında
"Ədalət"in öz yeri var. Ən azından ona
görə ki, bu qəzetin əksər saylarında polisin və
o cümlədən yol polisinin fəaliyyəti ilə
bağlı çox dəyərli yazılar dərc olunur. Bu
yazılar heç də elə-belə ərsəyə gəlmir.
Çünki o yazını qələmə alan "Ədalət"çilər
çox əzab-əziyyətə qatlaşır və həmin
yazıları üzə çıxarırlar. Bizim işimizə
də bu qəzet çox köməklik edib. Dəfələrlə
Daxili İşlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə birgə keçirdyii "Təmiz hava"
aylıqları qəzetdə işıqlandırılıb və
mövcud problemlər qabardılıb. Onun da şahidi
olmuşuq ki, sürücülərin maariflənməsi
işində heç bir qəzetin yerinə yetirmədiyi
funksiyanı təmənnasız olaraq "Ədalət"
eləyib. Mən özüm də yazı-pozu adamıyam. Qəzetdə
maraqlı materialların, publisist yazıların və məqalələrin
müntəzəm çap edilməsi bir oxucu kimi mənim
böyük marağıma səbəb olub. Və həmişə
də arzum budur ki, qəzet bu mövqeyini qoruyub saxlasın.
Binnət Məmmədov (Füzuli rayon Polis Şöbəsinin
sabiq polis rəisi, polis polkovniki):
- Mən "Ədalət"
qəzetini 1990-cü ildən izləyirəm. O vaxt sizin
bölgə müxbiriniz vardı - Faiq Sadıqov. Və onda mən
hələ rəis deyildim. Ancaq "Ədalət" qəzetini
oxuyanda görürdüm ki, bu qəzet nə qədər
maarifçi və vətənpərvər ideyalarının
daşıyıcısıdır. Sonradan qəzetinizin
başqa əməkdaşları ilə də
dostlaşdım. Qarabağ müharibəsinin ən
ağır günündə Faiq Qismətoğlu həmişə
bizim yanımızda olurdu. Elə yazıları isti-isti telefon
vasitəsilə şöbədən redakisyaya göndərirdi.
Biz də sabahı gün qəzetə baxanda qürur hissi
keçirirdik ki, səngərdə döyüşən
üşaqlarımızın adları qəzetdə gedib.
1992-ci ildə Məngələnata yüksəkliyi uğrunda
gedən döyüşdə "Ədalət"in əməkdaşı
bizim yanımızda idi. Həmin döyüşdə bir
neçə əməkdaşımız yaralansa da, biz o
yüksəkliyi ermənilərdən geri aldıq və həmin
vaxt Füzulinin işğalını ləngitdik. Ümumiyyətlə,
"Ədalət" qəzeti Azərbaycan polsinin ən
yaxın dostudur. Onun təsisçisi və baş məsləhətçisi
Aqil Abbas da bizim dostumuzdu. Müharibənin qızğın
çağında Füzuliyə gələndə onunla elə
səngərdə çörək də kəsmişik.
Sonra da Aqil müəllim bizim söhbətlərimizi şirin
bir dildə qələmə alıb. Həmin qəzetləri
yenə saxlayıram.
Arif Süleymanov (YPX Alayının 6-cı
tağımının əməkdaşı, polis
kapitanı):
- Mən çox
qəzetləri oxuyuram. Amma "Ədalət" qəzeti
qədər yol polisinə yaxın olan, onun dərdini,
ağrısını, problemlərini işıqlandıran ikinci bir mətbu orqan tanımıram. Çünki
bu qəzet sözün
həqiqi mənasında haqqın, ədalətin 20 ildir keşiyində dürüb.
Mən dövlət tədbirlərinin birində
ayağımın birini itirmişəm. Bu barədə ilk dəfə
"Ədalət" qəzeti yazdı. Ən çətin
və ən ağır günümdə həmin qəzetin əməkdaşı
mənim yanımda oldu və hiss elədim ki, doğrudan da bu qəzet adına uyğun
bir yol tutub.
Ayağımı itirdiyimə və xidməti vəzifəmi
icra edərkən göstərdiyim
müsbət əmələ görə, ölkə
başçısı möhtərəm İlham
Əliyev məni "İgidliyə görə medal"ı
ilə təltif elədi. Əlbəttə, insan
harda işləyirsə, gərək heç vaxt
Allahını və haqq-ədaləti unutmasın. "Ədalət"
qəzetinin əməkdaşları da həmişə
bu prinsipə üstünlük
veriblər. Elə ona görə də
digər qəzetlərdən fərqli olaraq
bu qəzetin insanlar
arasında böyük hörməti və
xüsusi çəkisi var.
Bakir Həsənov (YPXA-nın 6-cı
tağımının əməkdaşı, polis
leytenantı):
- "Ədalət"
qəzeti bizim həyatımızda xüsusi iz qoyub. Yəni
soyuq qış günündə və eləcə də
göydən od yağanda keçirdiyimiz reydlərdə həmin
qəzetin əməkdaşları bizim yanımızda olub.
Düzdür, biz qanunu pozan sürücülər barədə
protokol tərtib edirik. Ancaq mətbuat işçiləri reyddə
iştirak edəndə istər-istəməz qanunu kobud surətdə
pozan sürücülər bundan çəkinir və intizama
dəvət olunurdular. Deməli, bu qəzetin qanunların
qorunmasında, haqq-ədalətin bərpa edilməsində əməyi
böyükdür. Bəzən görürsən ki, reydə
dəvət edilən qəzet müxbiri bir dəfə gəlir
və sonradan ikinci dəfə tədbirdə iştirak eləmək
istəmir. Ancaq "Ədalət" yeganə qəzetdir ki,
onun əməkdaşları həmişə bizim
yanımızda olub. Bir daha bu qəzetinizin 20 yaşı tamam
olması münasibəti ilə sizin bütün əməkdaşlara
can sağlığı arzulayırıq və "qələminiz
iti olsun" deyirik.
Mahir Məmmədyarov (YPXA-nın 1-ci
tağımının komandiri, polis mayoru):
- "Ədalət"
qəzeti ilə 20 ilə yaxındar ki, əməkdaşlıq
eləyirik. Yəni qəzetin yazarları bizim reydlərdə
şaxtalı, boranlı, qarlı havalarda və yayın
istisində iştirak edirsə, elə bunun özü
çox yaxşı bir əməldir. Təbii ki,
keçirdiyimiz tədbirlərdə qəzet əməkdaşları
iştirak edəndə biz də bir qədər ürəkli
oluruq. Daha doğrusu, jurnalistlərin yanında özündən
razı sürücülər çox şey danışa
bilmir və "quzuya" dönürlər. Axı, heç
də həmişə yollarda sakitlik olmur. Bəzən
görürsən ki, sürücünün günahı
üzündən ağır qəzalar da baş verir. Bax,
"Ədalət" qəzeti reydlərdə iştirak etməklə
kobud qanun pozuntularını ətraflı
işıqlandırır, problemləri qaldırır, bundan
isə bir çox sürücülər nəticə
çıxarıb maariflənirlər. Yəni
sürücülərin maariflənməsi işində "Ədalət"in
əvəzsiz bir xidməti var. Qəzetin yaradıcısı
Aqil Abbas da həmişə həm polislərin, həm də
yol polsilərinin huquqlarını ən yüksək səviyyədə
belə qoruyub və müdafiə eləyib. Ona görə bir
daha biz Aqil Abbasa və onun kollektivinə öz minnətdarlığımızı
bildiririk.
Vaqif Əsədov (polis polkovnik-leytenantı):
- Mən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi işləyəndə və sonrakı dövrdə də "Ədalət"lə sıx əlaqələr yaratmışam. Hətta hər həftə Bakı şəhər Dövlət Yol Polisinin İdarəsinin keçirdiyi reydlərin nəticəsi bu qəzetdə çap edilib. Avtoxuliqanların və yüksək sürətlə nəqliyyat vasitələrini idarə edən sürücülərin siyahısı bu qəzetdə çap olunanda çox arxalı adamlar bizim üstümüzə hücum çəkib deyirdilər ki, niyə bizim övladlarımızın adı qəzetdə çap edilib. Deməli, ictimai qınaq böyük əks-səda verirdi. Ümumiyyətlə, "Ədalət" qəzeti kobud qayda pozuntularına qarşı, yüksək sürətə, sərxoş sürücülərə və avtoxuliqanlara qarşı keçirilən reydlərdə həmişə yanımızda olub. Son vaxtlar piyadaların təhlükəsizliyi ilə bağlı keçirilən reydlərimiz də bu qəzetdə öz əksini tapıb. Xətai rayon ərazisində piyadalarla bağlı keçirilən reydlər qəzetdə işıqlandırılandan sonra çox piyadalar qaydalara əməl etməyə başlayıblar. İnsanların maariflənməsində həmişə mətbuatın xüsusi yeri olub. Bir daha hiss edirik ki, "Ədalət" qəzeti fəaliyyət göstərdiyi 20 ildə Azərbaycan polisinə, o cümlədən yol polisinə böyük arxa, dayaq olub. Bundan sonra da bu qəzetin 100 il fəaliyyət göstərməsini arzulayardıq. Axı bu qəzet həm də dövlətçiliyimizə, ölkəmizə və xalqımıza xidmət eləyir. Xalqa xidmət eləyən qəzetdə işləmək isə çox şərəflidir. Bir daha bütün "Ədalət"çilərə uğurlar arzulayıram.
Göründüyü kimi, "Ədalət" fəaliyyət göstədiyi bu 20 ildə Azərbaycan polisinin bütün müsbət işini işıqlandırmağa çalışıb və onların dövlətçiliyimizə necə sadiq olduqlarını xüsusilə vurğulayıb.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2010.- 24 iyul.- S. 13.