ONLARIN DÜNƏNİ: AĞASADIQ GƏRAYBƏYLİ

 

90 İLİN BİR NEÇƏ SAATI-2

 

Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni.

Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar?

Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə kərəkli və daha qabarıq görünməkdədi.

Bu gün proektimizin davamı olaraq unudulmaz aktyorumuz Ağasadıq Gəraybəylinin DÜNƏNKİ KİMLİYİNDƏN söz açmaq istərdik.

Eynən bu rubrikada daha kimlər olacaq.İzləməyə dəyər.

Biz dəfələrlə sorğularda oxumuşuq: mənim rollarım mənim balalarımdır. Onların hamısı mənə əzizdir.Ancaq mən o fikri də müdafiə eləyirəm ki, rol roldur. Bala baladır. Və heç şübhəsiz hər bir aktyor üçün, hər bir yazıçı üçün, hər bir sənətkar üçün əziz olan nəsə var: rol, əsər, obraz, deyim.

Saysız-hesabsız rollar oynayan Ağasadıq Gəraybəylinin də aktyorluq bioqrafiyasında ürəkaçan, ustalıqla yaradılan, diqqətçəkən rollar arasında hər kəsin özünün sevdiyi obrazlar var. Hər tamaşaçı üçün sevilən bir xarakter yaradıb bu aktyor.

Mənim şəxsən özümün də sevdiyim neçə obraz var. Bu barədə də bir qədər sonra.

İndi isə bir daha Məşədi Hüseyn barədə. Bu obraz kiçikdir. Ağasadıq müəllim özü demiş, cəmi-cümlətanı yarım qranka sözü var. Aktyor bu sözsüzlüyün içindən elə ustalıqla çıxır ki, tamaşaçılara elə gəlir, harda Məşədi Hüseyn görünürsə, ordan səs gəlir, nəsə danışır, öz-özünə deyinir. Bir az sözlərin, cümlələrin içərisində Məşədi Hüseynin özünün tez-tez təkrar etdiyi belə bir ifadə var: "Bax, buna mən müştəri!" Məsələ təkcə bu ifadədə deyil. Aktyor Ağasadıq Gəraybəyli bu adi sözləri işlədə-işlədə, çox mətləblərə toxunur, çox fikirlər söyləyir. Ona görə ki, həmin sözlər elə məqamda, elə vəziyyətlərdə təkrar olunur ki, bu fikrin çalarları aydın sezilir. Misal üçün: desən ki, filankəs yaxşı adamdı. Məşədi Hüseyn gözlərini qıyıb deyəcək: "Bax, buna mən müştəri!" Və yaxud desən ki, filankəsi öldürək. Məşədi Hüseyn gözlərini bərəldib yenə də deyəcək: "Bax, buna mən müştəri!"

Rejissor Tofiq Kazımov yazır: "Aktyorun oyununda ən maraqlı yerlərdən biri də bu səhnədir: Məşədi Hüseyn - Gəraybəyli öz adəti üzrə bərəlmiş gözləriylə ətarıfını süzür. Birdən onun gözləri Süleymana sataşır, bir az ona baxır və sonra dodaqaltı mırıldaya-mırıldaya səhnədən çıxır. Bu mırıltıda gah Süleymana qarşı sonsuz lənət və qorxu ifadə etdiyi, gah da kimisə hədələdiyi hiss olunur".

Ağasadıq müəllim deyir: "Üzeyir bəy görmüşdü bu rolu. Bir dəfə mənə rast gəldi, dedi, Ağasadıq, gözəl oynayırsan, yaxşı oynayırsan. Yaman oyun çıxarırsan, Ağasadıq! O balaca rolu sən necə də gözəl sevdirə bilirsən".

Ağasadıq müəllim danışır. Əslində o danışmır, Üzeyir bəyin sözlərini öz yaddaşından keçirib bir az düz, bir az yanlış deyir və mən yenə də təəccüblənirəm. Təəccüblənirəm ona görə ki, həqiqətən bu adam qəribə bir həyat yolu keçib. Biz danışırıq onun oynadığı Məşədi Hüseyn barədə, bütün şeyləri deyir, necə oynayıb, nə cür oynayıb, bir-bir sadalayır, fikirləşirəm, axı niyə demir ki, bu Məşədi Hüseyn obrazını yaradan bir sənətkar var. Gedin onun özündən soruşun. Demir və mən bu fasilədən istifadə eləyib (onu da deyim ki, bu cür fasilələr bütün söhbətimiz vaxtı tez-tez olurdu) başqa bir sual verirəm:

- Özgə sənət adamlarından kimlərlə daha çox ünsiyyətdə olmusunuz, kimlərlə dostluq etmisiniz?

Ola bilər bu sual bir qədər nisbidir, ona görə ki, 90 yaşlı bir insan, bir sənətkar bu suala cavab verəndə çox şeyi saf-çürük eləsin, götür-qoy eləsin, nəhayət, yaddaşının ən kamil adamını, ən etibarlı adamını desin. Ola bilər. Ancaq mənim təəccübümün əvəzinə Ağasadıq müəllim iki nəfərin adını çəkdi. Bu on nəfər də ola bilərdi. Amma uzun fasilədən sonra deyilən bu adları mən qeyd eləmək istəyirəm:

Şair Süleyman Rüstəm və aktyor Ağahüseyn Cavadov.

Və sonra bu adamları özünə görə izah etməyə çalışır: "Süleymanla lap qonşu olmuşuq, uzun müddət. Onun əsərində də oynamışam. "Qaçaq Nəbi"də. Ağahüseyn Cavadov mənim dostum olub".

O deyir "dostum olub". Mən də Ağahüseynlə Ağasadıq müəllimin dostluğuna çox inanıram.

Soruşuram, Ağasadıq müəllim, yaşadığınız illər ərzində çox adamları itirmisiniz. Bu adamlar arasında sizi ən çox yandıran kim olub?

- Ələsgər olub. Ələsgər.

Üzümə baxır. Bilmək istəyir ki, mən sənət adamlarını nəzərdə tuturam, yoxsa ümumiyyətlə deyirəm.

- Ələsgər Ələkbərovu deyirəm. O, mənə həmişə müəllim deyərdi. Onu mən səhnəyə gətirmişəm. İndi görürsən də, mən onun haqqında danışıram. Ancaq o yoxdu.

Yenə də sual verirəm:

- Sizin haqqınızda çox adamlar, çox jurnalistlər, tənqidçilər yazıblar. Həmin adamlardan kimləri xatırlayırsınız?

- Abbas Zamanovu, mərhum rejissorumuz Tofiq Kazımovu, İlham Rəhimlini.

- Sizin vaxtilə gözəl oynadığınız rolları indi başqa aktyorlar ifa eləyirlər. Siz onlardan kimləri bəyənirsiniz?

- Oynayırlar, lap əcəb eləyib oynayırlar. Axı mən hələ sağam. Mən varam. Mən onu görürəm. Görürəm ki, bu cür oynamaq olmaz.

- Ağasadıq müəllim, təcrübəli bir aktyor kimi, yaşlı bir insan kimi deyə bilərsinizmi, kino yaxşıdı, teatr?

- Aktyor gərək teatrda olsun.

- Aktyorların çoxu teatrdan gedir. Bunu nəylə izah edirsiniz?

- Gedirlərsə, çox yaxşı eləyirlər!

Ağasadıq müəllim bu sözləri elə acıqlı və elə sərt deyir ki, mən bu sualın izahının deyilməsinə çalışmıram. Güman ki, bu məsələ haçansa köklü müzakirəyə səbəb olacaq. Bəlkə heç olmadı da...

Kim nə deyir-desin: mənim fikrimcə, bu aktyor xoşbəxtdir. Başqa söz tapa bilmirəm. Və açığını deyim ki, bu sözdən bir o qədər də xoşum gəlmir. Ona görə ki, heç kəs və heç nə haqqında qəti söz demək mümkün deyil. O saat "nisbilik" fikri məşğul eləyir.Ancaq mən hansı mənada onu xoşbəxt hesab eləyirəm?

Əsrimizin səksəninci illərinə gəlib çıxan və çox mənalı bir ömür sürən bu adam görün kimləri görüb, görün kimlərlə işləyib: Hüseyn Ərəblinski, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Cəfər Cabbarlı, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Abbasmirəz Şərifzadə və sairə... və sairə..

Görün hansı obrazları yaradıb: "Məşədi İbad"da Rza bəy, sonralar Rüstəm bəy, "Arşın mal alan"da Soltan bəy, "Həyatın dibində" tamaşasında Satin, "Oqtay Eloğlu"da Xaspolad, "Ölülər"də İsgəndər, "Od gəlini"ndə Altunbay və sairə... və sairə...

Belə yazıblar onun rolları barədə.

"Gəraybəylinin İsgəndəri içir, ancaq onu kefli göstərmək doğru deyildi. İsgəndər ağıllı adamdır. O, nadanlığa, cəhalətə, avamlığa dözmür.

... Birdən İsgəndər - Gəraybəyli qəhqəhə çəkib gülür. Hacı Həsən ağa bu gülüşdən səksənir. Tamaşaçılar İsgəndərin - Gəraybəylinin gülüşünü həmişə alqışla qarşılamışlar. Bu da səbəbsiz deyil. Çünki İsgəndər - Gəraybəylinin gülüşündə böyük məna vardır. Bu gülüş hacı həsənlərin, hacı baxşəlilərin fikrini tərpədir, düşündürür, utandırır Şeyx Əhməd və Şeyx Nəsrullahı titrədir və bütün cəhalət dünyasını vəlvələyə salırdı. Ağasadığın İsgəndəri eyni zamanda yumşaq qəlbli, səmimi bir adamdır".

Bu sözlər Tofiq Kazımovundur. Bu sözlər iyirmi yeddi il qabaq deyilmişdir.

"Aktyor Gəraybəyli Altunbayın kim olduğunu, onun məhkumlara qarşı amansız, hakimlərə qarşı isə yaltaq və qorxaq simasını olduğu kimi əks etdirə bildi".

Bu sətirlərin yaşı daha çoxdur. Bu sözlər əlli üç il qabaq deyilib. Onda Ağasadıq Gəraybəylinin otuz altı yaşı vardı.

"Əliqulu - Gəraybəyli vahiməli görünməyə çalışır, onun əqidəsincə müdir güləndə bütün işçilər gülməli, dilxor olanda, hamı qaş-qabağını salmalıdır. Ancaq bu zahiri "vahimədir" və aktyor bunu məharətlə ifa edirdi...

... Aktyor Əliqulunun xarakterini birdən-birə təqdim etmirdi. Onu tədricən hadisələrin məntiqiylə bağlı rəsm edirdi...".

Bu sətirlər isə 1979-cu ildə çap olunan İlham Rəhimlinin "Ağasadıq Gəraybəli" kitabındandır.

Bu sətirlərin isə cəmi yeddi yaşı var.

"Yaradıcılığımın tarixini xatırlayarkən həmişə gözümün önündə Cəlil Məmmədquluzadənin əsərlərində oynadığım rollar gəlib durur. Rüstəm bəy olub. İskəndərlə Rüstəm bir-birinin əksidirlər. Mən bu obrazlar üzərində böyük məhəbbətlə işləmişəm".

Bu aktyorun öz sözləridir.

Bu sözlər o vaxt da deyilib.

İndi də deyilir.

İyirmi yeddi, əlli üç, yeddi və bizim günlər. Bu qədər vaxt axarında, neçə-neçə hadisələr fonunda, aktyor nəsli dəyişkənliyində Ağasadıq Gəraybəyli öz oyun təravətini, öz sənət yönünü saxlaya bilmiş və yaşayıb-yaratmaqda davam etmişdir.

 

 

"VALLAH, AĞABALA, GƏLƏCƏKLƏR!"

 

Bu sözləri Münəvvər xanım deyir. Münəvvər Kələntərli!

"Gələcəklər, gələcəklər! Sizin kimi qohumun başını yerə soxum. Artistə qabaqcadan pul verərlər?"

Bilmirəm dəqiq belədi, ya yox. Bu sözləri isə Ağasadıq deyir.

"Bəxtiyar" kinofilmindəndi.

Mən niyə məhz bu sözlərin, bu ifadələrin üstündə dayandım. Bu ifadələr təkcə söz deyil, bu ifadələri söyləyən hər adam sanki Gəraybəyli ilə Münəvvər xanımın gününə düşür.

Belə bir ifadə də var: "Yox, yox, hələ Hüseynova bacıları öz məharətlərini göstərəcəklər".

Bunları da Ağasadıq Gəraybəyli deyir. Və bu ifadələr də eyni əhval-ruhiyyə, eyni ovqat yaradır. Və açığını deyim ki, xalq arasında bu ifadələr artıq çox yayılmış və yaxşı ovqat yaratmaq bəhanəsi olmuşdur.

Heç şübhəsiz Ağasadıq Gəraybəylinin kino yaradıcılığından söhbət gedəndə onun oynadığı gözəl obrazlar arasında Ağabala və məşhur Rüstəm bəy boy verib görünür. Aktyor hər iki obrazın kino həllini çox böyük ustalıqla tapmış, bü filmləri görənlər ("Bəxtiyar" və "O olmasın, bu olsun") onu çətin ki, unuda bilsinlər. Ağabala rolunda aktyorun hər hərəkəti, hər mizanı diqqəti çəkir, yadda qalır. Unudulmayacaq, sənətin uğurlu, gözəl dəqiqələrinin, anlarının məhsuludur. Şübhəsiz, aktyor şəxsi mənafeyini güdən (bu hiss aktyorun təbiətinə yaddır), karyerasını hər şeydən üstün tutan (aktyor heç vaxt vəzifələrdə olmayıb), xaraktercə ölgün (aktyor Gəraybəli təbiətcə cəld və qıvraqdır), mənəviyyatcı cılız (bilirik ki, Ağasadıq Gəraybəyli ziyalı ailəsindən çıxıb), Ağabalanın obrazını daxili imkanlarından gen-bol istifadə etməklə, zahiri effektlər hesabına sevdirə bilib.

Ağasadıq Gəraybəyli Rüstəm bəyi oynayıb. Bizə o bəxtəvərlik də üz verib ki, onun bu rolunu görə bilmişik. Dəfələrlə. Kinonun bu işi yaxşıdı. Onun Rüstəm bəyi bəlkə bəyliyin adına ləkədir. Ancan neyləmək olar ki, ləkə olsa şübhəsiz belə bəylər olub. Hər halda Rüstəm bəy bir ata kimi başını itirdiyindən görünür övlad hissinin üstün gəlməsindən bəylik şəxsiyyətinə yaraşmayan hərəkətlər eləməli olur. Tənqidçilər yazırlar ki, Rüstəm bəy mənəviyyatca kasıb cılızdır. Hər halda bu mübahisəli məsələdir.

Ağasadıq Gəraybəyli çox obrazlar yaradıb. Lap çox! T.Kazımov hələ 1958-ci ildə yazırdı: "Gəraybəyli yüzlərlə obrazlar yaratmış bir sənətkardır. Cəsarətlə demək olar ki, Gəraybəyli qədər çox rol oynayan ikinci bir aktyora Dram Teatrında çətin rast gəlmək olar".

- Ağasadıq müəllim, çox rejissorlarla işləmisiniz. Kimləri daha çox xatırlayırsınız?

- İvanovu, bir də Adil İsgəndərovu. Mehdi Məmmədovla da işləmişəm.

Ağasadıq müəllimdən soruşulası bir neçə sualım da vardı. Bəzi yoldaşlar dedi ki, bu suallar etik deyil (?).Neyləmək olar. Yəqin ki, hələ belə, bu cür sualların vaxtına var. Bəlkə bizdən sonra gələn nəsil özündən yaşlılara daha sərbəst, daha inaimlı, daha səmimi danışacaq. Mənsə bu sualların üstündən vaz keçirəm. nəhayət soruşuram:

- Səhnəyə son dəfə çıxdığınız yadınızdadırmı?

- Mən hələ oynayıram! - dedi Ağasadıq müəllim.

 

 

1987

 

Tofiq Abdin

 

Ədalət.- 2010.- 24 iyul.- S. 15.