ÇAR QATİLLƏRİNİN İTTİFAQI

 

PROLOQ

  

Birinci Pyotrun qızı Yelizaveta ağılagəlməz dərəcədə gözəl və məlahətli bir qadın idi. Rusiyaya dəvət edilmiş alman professorlarından biri iştirak etdiyi rəsmi tədbirdə Yelizavetanı görür və bu gözəlllik onun ağlını başından alır. Memuar müəllifi qeyd edir ki, "H.Ştenberqin ağlı yalnız o, doğma Hamburquna qayıdanda öz yerinə qayıtdı..."

Təəccüb doğurmayan məsələ idi ki, bu gözəl və məlahətli qadına elçi düşənlərin sayı yetərincəydi. Yelizaveta kral XV Lüdoviqlə nişanlanır və sonra bu nişanlanma əməliyyatı heyrət doğuracaq sayda artmağa başlayır. Yelizaveta XV Lüdoviqdən sonra üç fransız hersoquyla, yeddi alman prinsiylə, Portuqaliya taxt-tacının varisiylə, İran şahı Nadir şahın oğluyla, imperator II Pyotrla, knyaz İvan Dolqoruki və Aleksandr Menşikovla "adaxlanır". Amma bütün bu adlı-sanlı "elçidüşmə" əməliyyatları Yelizavetanın sanki vecinə olmur və onun ilk sevdasının ünvanı sıravi əsgər Saşka Buturlin olur. İkinci dəfə Yelizaveta praporşik Aleksey Şubinə vurulur və bu "eşq macaraları" sonra ata baxanla, kamer-pajsla, hətta saray baxıcısı ilə davam edir...

 

TARİXDƏ QALAN İZLƏR

 

1731-ci ildə çar süfrəsinə qoyulmaq üçün çaxır arxasınca Macarıstana göndərilən polkovnik Vişniyevski geri qayıdırdı. O, əla çaxır növləri doldurulmuş çəlləklərdən başqa, həm də özüylə Ukraynanın Çemer kəndindən "tanıdığı" kazak Alyoşka Rozumu da gətirirdi. Alyoşka Rozumun yanıqlı səsi, yeri-göyü titrədən ifası polkovniki valeh etmişdi. Alyoşkanın bu qeyri-adi ifa tərzinin qarşısında əlbəttə ki, Yelizaveta da duruş gətirə bilməyəcəkdi - bunu polkovnik Vişniyevski çox gözəl anlayırdı. Üstəlik bu sadə kazak Alyoşkaya Tanrı gözəl səslə bərabər, həm də uca qamət, yaraşıqlı sir-sifət də əta etmişdi. Bir sözlə, Alyoşkanın polkovnik Vişniyevskiylə görüşü onun üçün göylərin yolladığı bir fürsət idi və bu fürsəti elə Alyoşka da "başlı-başına" buraxmır. Yelizavetanın dərhal növbəti "sevgisinin" ünvanına çevrilən Alyoşka Rozum az vaxt içərisində tanınmış bir simaya çevrilir. Elə siz də onu tarix kitablarından tanıyırsınız, hə, bu Alyoşka birdən-birə qraf Razumovskiyə çevrilir...

Tanıdınızmı? Hələ bu çox azmış kimi bir azdan o, Yelizaveta Petrovanın qanuni ərinə çevrilir - onlar rəsmi şəkildə kilsədə nigah bağlayırlar.

Tarixin bu cür biganəliyi, laqeydliyi qarşısında bəzən adam az qala özünü itirir, baş verənlərə inanmaq belə istəmirsən...

Beləliklə Moskva ətrafındakı Perova kəndinin kilsəsində keçmiş çoban-kazak Alyoşa Rozumla - qraf Rozumovskiylə imperatriçə Yelizaveta Petrovanın kəbini kəsilir. Bu kəbin guya gizli şəkildə kəsilsə də, əlbəttə ki, sarayda bundan hamının xəbəri vardı, hətta dilsiz saray sütunlarının da...

Təbii ki, bu kəbin indi qraf Aleksandr Qriqoriyeviç Razumovskiyə dönən kazak Alyoşka Rozumla bərabər onun qohum-əqrabası üçün də gözəl bir fürsət rolunu oynayır. İndi onlar hakimiyyət pillələrinə sarı addımlayır, bir-bir bu pillələrin sahibinə çevrilirlər. Qraf Aleksandr Razumovskinin bu cür bəxtli qohumlarını indi bir-bir saymaq yorucu olar, amma onun əmisi oğlunun qeyri-qanuni doğulmuş iki uşağının da siyahıya düşməsini mütləq qeyd etmək vacibdir. Bu iki qeyri-qanuni uşaq qraf Razumovskinin kəbin kəsdirdiyi Perova kəndində doğulduqları üçün onlara rəsmi olaraq Perovski soy-adı verilir. Perovski familiyalı əsilzadə bu nəslin başlanğıcına həmin andan start verilir və onlar az müddət içərisində Rusiyada sayılıb-seçilmiş əsilzadə nümayəndələri hesab edilirlər.

Bu əsilzadə nəsil Rusiyaya sədaqətlə xidmət edir, necə deyərlər əllərindən gələni Rusiyanın çiçəklənməsi yolunda əsirgəmirlər. Buna qarşılıq olaraq Rusiya dövləti də bu nəslə - Perovskilərə özlərini göstərmək üçün gen-bol meydan açır, onlara dözür, lazım gələndə çox şeyi görməzliyə vurmağı bacarır.

Ancaq hər şey birdən-birə 1866-cı ilin 4 aprelində dəyişir, Perovskayaların qabağına daş sədd çəkilir. İlk zərbəni alan şəxs isə Peterburq quberniyasının qubernatoru Lev Nikolayeviç Perovski olur - onu həmin gün dərhal vəzifəsindən kənarlaşdırırlar. Ev dustağına çevrilən Lev Nikoloyeviçin "günahının" səbəbi isə həmin gün Dimitri Karkazovun çar II Aleksandra sui-qəsd etməsiydi.

Bir az səbirli olsanız hər şeyi bir-bir izah etməyə çalışacağıq və onda siz Perovskayaların bu işdə günahının yetərincə olduğuna və haqlı olaraq cəzalandırılmalarına tərəfdar olacaqsınız, hətta bunu istəməsəniz belə...

Əvvəla Lev Nikolayeviç paytaxt qubernatoruydu və onun borcu idi ki, bura ciddi hadisələrin meydanına çevrilməsin. İkincisi, Lev Nikoloyeviç hamıya qarşı loyal münasibət göstərmək kimi zəif cəhətini eyş-işrətlə pərdələməyə çox da "cəhd" etməməliydi. Üçüncüsü, Lev Nikoloyeviç Dimitri Karkazovun "dəstəsindən" çoxdan xəbər tutduğu halda, həmin "dəstəni" görməməzliyə vurmamalıydı, düzdürmü?

Yox, biz II Aleksandrın tərəfini saxlamaq fikrində deyilik, amma söhbət dövlətdən gedirsə, onda qaydalar istər-istəməz dəyişir və biz bunu istəməsək belə etiraf etməliyik...

Beləliklə, Lev Nikoloyeviç Peroviski qubernator vəzifəsindən götürülür, amma o haradan biləydi ki, onu qarşıda hansı dəhşətlər gözləyir və II Aleksandra yeddinci dəfə ediləcək sonuncu sui-qəsdin müəllifi elə onun qızı Sofya Perovskya olacaq...

 

YADDAŞ...

 

Həmin vaxtlar evdə Soneçka adlandırılan Sofyanın 12 yaşı təzə tamam olmuşdu. Bu qızcığaz sözün həqiqi mənasında bir sirri-xudaydı. Oyuncaq kuklaları kənara tullayan, heç cürə rəqs etməyi öyrənə bilməyən, öyrənmək belə istəməyən Soneçka bunun əvəzində oğlan uşaqlarına xas olan bütün işləri can-başla yerinə yetirir, ayırır. O, yaxşı üzməyi bacarır, at çapır, tapançadan atəş açmağı çox sevirdi. Hətta onun əlindən evdə silah adlı hər şey yığışdırılır və gizlədilirsə də Soneçka haradansa nəsə eşələyib çıxarır. Evə gələn qonaqları xoşlamayan, onları acıqlı baxışlarla süzən Soneçkanı hamı bir nəfər kimi "tutqun, turşumuş uşaq" - adlandırır, ona baş qoşmamağa çalışırdılar. Soneçka dekolte paltarda olan qonaq xanımları lağa qoyur, onları yaşına yaraşmayan şəkildə tənqid atəşinə tutur, bir sözlə ağlına gələni etməkdən çəkinmirdi.

Soneçkanı nə dəbdəbəli paltarlar, nə bal gecələri, nə də ərə getmək kimi məsələlər qətiyyən maraqlandırmırdı. O, yalnız və yalnız oxumaq, təhsil almaq arzusuyla yatıb-duran bir qızcığaz idi.

Hə, nəhayət Soneçka 17 yaşında öz arzusuna yetir, qadın kurslarında təhsil almaq üçün evi tərk edir, amma bu kurslar da deyəsən onun istəyini tam yerinə yetirmir. O, rəfiqələrinə gileylənir və yazır: "Bəlkə nəzəriyyəni istədiyi şəkildə təqdim edən kitablar məni qane etmir. Başqa bir iş görmək üçün az qala dəli olmaq həddinə çatıram, təkcə kitab oxumaq məni içimdəki istəyə yetirə bilmir..."

Bu qarşısı alına bilinməyəcək qədər gücə malik enerjini yatırmaq yolunu deyəsən Sofya gənclərin yığışdığı gecə dərnəklərində tapa bilir. İndi o, bu dərnəklərin ən fəal iştirakçısına çevrilir və ucuz tütünün tüstüsünə bürünmüş otaqlarda çayla, kolbasa-çörək, "nuş edə-edə" hər şeyə burunlarını soxan bu gənclərin arasında özünü çox rahat hiss edir. Bu gənclər özlərini - inqilabçı adlandırırdılar, amma şüarları "Qardaşlar bir-birinizi sevin"dən o yana getmirdi və onlar elə hesab edirdilər ki, savad-təhsil və elm insanlığı cəhalətdən, bununla bərabər hər cür rəzalətdən xilas etmək gücündədir.

Lev Nikolayeviç Perovski qızını - Soneçkanı bu yoldan çəkindirmək üçün hər vasitəyə, hər üsula əl atır, hətta polisin gücüylə onu evə qaytarmağa çalışır, amma...

Sofya Perovskayanın arzusuna, istəyinə qarşı dünya çıxsaydı belə onu tutduğu yoldan kimsə döndərə bilməzdi. Bu qızın xarakterini açmaq, göstərmək üçün epitet axtarıb tapmaq belə mümkün deyil. Dəmir iradəli? Yox, çox zəif bənzətmədi! Dönməz, əyilməz? Bunlar da yaramır! Lənət şeytana, gəlin belə deyək - bu iradə yalnız göylərin sahibinə xas olan bir iradəydi.

Yəqin indi mən danışdıqca xəyalınızda kişi fiqurlu bir adamın surəti canlanmaqdadır, eləmi? Qətiyyən bu fikrə düşməyin, ən azı ona görə ki, Sofya Perovskya qadınlıq məlahətinin bütün cizgilərini simasında və vücudunda toplayan bir xanım idi. Məşhur terrorist və yazıçı Stepnyak - Kravinski Sofyanın görkəmini belə şəkildə cızır: - "Sarışın saçlarla, ağ üzlə və mavi gözlərlə baxan bir simanı göznüz önünə gətirin. Qırmızı və dolğun dodaqların altında hədsiz dərəcədə və təmiz, zərif bir çənəyə sahib girdəsifətli bir xanımı gözünüz önünə gətirə bilsəniz, onda Sofyanı, başqa cür görməyi xəyalınıza bir daha gətirməyəcəksiniz".

 

HAYDI, İŞ BAŞINA...

 

Bax, bu məlahətli üz cizgilərinə malik, atası yetərincə varidat, ad-san yiyəsi olan qız indi kasıb fəhlə məhəllələrinə üz tutur, özü də gizli ədəbiyyat sayılan kitablarla silahlanaraq! Bu qız indi düşmən hesab etdikləri çar rejiminin devrilməsi üçün əlindən gələni edir, gizli görüş yerlərində lazımi şəxslərlə görüşür, vərəqlər - "aqitkalar" yayır. Başa düşmək lazımdır ki, hədsiz hərəkət həm də diqqətçəkici bir xarakter daşıyır və təbii ki, Sofyanın və onun "inqilabçı" tələbə-fəhlə dostlarının fəallığı gizli polisin nəzərindən yayınmır.

Hə, onu da qeyd edək ki, bu arada Sofya Perovskaya imkan tapıb tibbi təhsil sahəsində də müəyyən uğur əldə edə bilmişdi. İndi onun sanitar həkim diplomu da vardı və Sofya baxdığı xəstələr içində ən sevimli tibb bacısı sayılırdı. Stavropol kəndlərində kəndin komalarını bir-bir gəzən Sofya burada quru taxta üstündə belə yatmaqdan belə çəkilmir, çiçək və taun kimi yayıcı xəstəliklərə qarşı peyvəndlər edir...

Sofya ideyalara inanan, qatı və qorxunc bir inqilabi dünyagörüşünü özü üçün yaşam tərzi seçmiş bir xanım idi. Bu tip qadınların şüurunda ailə səadəti, gənclik, sevgi kimi romantik anlayışlara yer olmur. Bunların yerini inqilab, terror və ölüm kimi real anlayışlar tutur...

 

BAŞLANĞIC

 

1877-ci ilin oktyabr ayında özünü "çaykovçular" - adlandıran 193 nəfər gizli dərnək üzvləri üzərində məhkəmə qurulur. Bunlar Sofya Perovskayanın silahdaşlarıydı və təbii ki, Sofya hər vasitəylə onlara kömək etməyə çalışır. O, özünü həbs edilmiş Lev Tixomirovun qadını kimi təqdim edərək onunla görüşmək fürsətini qazanır. Həmin vaxtlar qanuna uyğun oalaraq mühakimə edilmiş ailəli şəxsləri həbs edib zindana atmırdılar. Onları sadəcə olaraq əldən-ayaqdan uzaq bir yerə - Sibirə yollayırdılar. Sofya da öz "saxta ərinin" arxasınca Sibirə yollanmağa hazırlıq görür, amma məhkəmə Lev Tixomirovun tam sərbəst buraxılmasına qərarını verir.

 

 

(Ardı var)

 

Alim Məhərrəmli

 

Ədalət.- 2010. – 31 iyul.- S. 13.