BİR DAHA "SARI GƏLİN" HAQQINDA

 

Onilliklər öncə demək olar ki, hamı nağılları oxuyur, gecələr uzunu nənə və babalardan dinləyir, el şənliklərində aşıqların dastan söyləmələrinə qulaq asırdılar. Birdə görürdün ki, kəndə hay düşdü - Aşıq gəlib, aşıq gəlib...nağıl söyləyəcək.... Axşama bərk hazırlıq gedirdi. Uşaq, böyük, qoca, cavan yır-yığış edir, ev heyvanları vaxtından qabaq iraxlanır, itlərin yalı verilirdi. Aşığın hansı evdə nağıl deyəcəyi gündüzdən bilinirdi. Kasıbçılıq idi. Yığıncaq olan evə hər kəs buşxaxda olan çörəkdən, süddən, qatıqdan, yağdan, pendirdən nə varsa bir az götürür, ev yiyəsinə güc düşməyə imkan vermirdilər. Qara damda, orta ocağın həndəvərində, qız-gəlinin əhatəsində cövlan edən aşığa ilahi bir varlıq kimi baxırdıq. Elə bilirdik o hardasa bu dünyanın adamı deyil. Aşıq isə bülbül kimi cəh-cəh vurur, kəklik kimi səkirdi. Ayağındakı dördburun çarıq, dizə qədər çəkdiyi bəzəkli yun corab, başındakı qazağı papaq uzun müddət xəyalımdan getmir, xatirələrdə bizi təkrar-təkrar həmin məclislərə qaytarır, yaşananları yenidən yaşadırdı. Yaşmaq altından sezilən təbəssümlər, yarıqaranlıqda od saçan gözlərin işığı, əyilib aşığın qoltuğunun altından keçən balabançının məzəli hərəkətləri, məclisin şirin yerində kişilərdən kiminsə "Koroğludan oxu" hayqırışı yəqin ki, ölənəcən heç bir məclis iştirakçısının yadından çıxmaz.

Aşıqlardan eşitdiklərimiz, dinlədiklərimiz bizi nağıllar aləminə nə təhər bağlayırdısa, sabah açılanda həyatın sərt üzünü görəndə adam çaş-baş olur, ətrafa boylanıb, Əslini, Kərəmi, Koroğlunu, Məlikməmmədi, Ağ atlı oğlanı, cırtdanı görməyəndə qəlbi sıxılır, nağıllar aləminin uzaqlığı, əlçatmazlığı ilə üz-üzə qalırdıq. Növbəti dəfədə "aşıq gəlib" sədaları gələndə hər kəs kasıbçılığı da, qayğıları da, dərd-səri də unudur, Qara dama - aşıq məclisinə tələsirdi.

Bir az böyüyəndən sonra fikirləşirdim:

-Nədir insanları bir neçə telin səsinə, insan avazına, nağıla, dastana bağlayan?

Bəri başdan deyim ki, "nədir?" sualının cavabını indi də qəlbimə yatan tərzdə bilmirəm. Həyatın sonrakı dönəmlərində müxtəlif musiqilərə qulaq asmaq, başqa xalqların nağıllarını oxumaq, klassik Avropa vəhşisayaq qəbilələrin ritmik musiqiləri ilə tanış olmaq fürsəti bulduq. Amma, Qara damın işıqlı yolu unudulmadı. Qara damlar, aşıq məclisləri, deyişmələr, qocaların nağıl, dastan söyləmələri üzərində dikəlib, ucalıb çoxmilyonlu Azərbaycan xalqı....

Mədəniyyətimizə, musiqimizə, əl uzadıldığını, bizdən oğurluq edildiyini görəndə qəzəblənir, özümüzdən çıxır, hay-həşir salırıq. Bu təbiidir.

Ancaq, məsələnin başqa tərəfdən də görüntüsü vardır.

Bu zənginliyi bizə Allah verib. Ermənidə yoxdur. O, oğurlamalıdır, o oğurlayıb, o oğurlayacaqdır.

Xalqlar uzun əsrlər bir yerdə, yaxud qonşu olaraq yaşayanda bir-birlərindən nə isə öyrənir, götürürlər. Erməni yüz illər boyu bizdən şeiriyyatı, musiqini, dastanları, nağılları oğurlayıb. Zaman keçdikcə özlərininki kimi təqdim ediblər. Son yüzillikdə bizdə ermənilərdən araq çəkmək, şoraba qoymağı öyrənmişik. Buda bir həqiqətdir...

Biz tərəflərdə əsasən ermənilər, bəzən də müsəlmanlar arasında yayılmış bir deyim vardı - "Erməni aşığının dilini, azərbaycanlı ustanın əlini kəsəsən"

Qaba erməni ləhcəsi, onlarla xalqlardan alınma sözlərdən ibarət mələz erməni dili, insani duyğulardan uzaq erməni qəlbi şeir, musiqi, nağıl, dastan üçün yararlı deyildir.

Tarixən ermənilər (Haylar) dağlarda, əlçatmaz qayalıq ərazilərdə, sərt relyefli yerlərdə yaşadıqlarından əkinçilik və heyvandarlıqla səmərəli məşğul ola bilməmişlər. Çətin həyat erməniləri daşlarla işləməyə məcbur etmiş, onlar daş yonmaq, çətin şəraitdə yol çəkmək, divar hörmək kimi sahələrdə püxtələşmişlər.

Tarix sübut edir, zaman göstərir ki, torpağa, əkinçiliyə, heyvandarlığa bağlı olan xalqlarda poeziya, xalq yaradıcılığı, mədəniyyət, incəsənət daha çox inkişaf etmiş olur.

Əkinçi yer şumlayanda, çoban dağın döşündə qoyun otaranda, inək sağılanda, köhlən atın belində yol aşanda dayanıb arana baxılanda, nənə ip əyirəndə, nəğmələr oxunub, mahnılar səslənəndə, bayatılar deyilib, oxşamalar eşidiləndə, nərələr çəkiləndə yaranıb xalqın mədəniyyəti. Bizim xalqın.....

Daş yonan, divar hörən, yorğun-arğın axşam evə gedən insan nəğmə qoşa, şeir deyə, mahnı oxuya bilərmi? Üstəlik bu insan ermənidirsə....

Bəs ermənidə bunların heç biri yoxdursa nə etməlidir? Tarixən Erməni edəni! Oğurluq!

Kənddə bizim qonşuda Haxverdi müəllimin ailəsi yaşayırdı. Haxverdi müəllim yaxşı tar çalır və qonşu erməni kəndi Xoznavardan olan kamançaçalan erməni Volodla dostluq edirdi. Volod ayda bir-iki dəfə Haxverdigilə gələrdi. Kamança qoltuğunda, pay-piyada. Dəhlizdə oturub tar, kamançanı qoşa dilləndirən Haxverdi ilə Volodun ifasına camaat yığılardı. İfa edilən musiqilərin hamısı bizimkilər olurdu.

Kənardan hərdən kimsə deyəndəki Volod bir erməni havası çal görək nə təhər olur. Volod deyərdi ki, bizim musiqi kilsədə oxunur. Bir də deyərdi ki, erməni musiqisi dərd, kədər, inilti üstündə qurulub. Çünki ermənilərin özünün təqsirindən zaman-zaman qırılmışıq, azalmışıq, qovulmuşuq...Kimdi bizdə musiqi dinləyən? Sazı, tarı tanıyanmı var?

Hər dəfə onlar "Sarı gəlin" havasını çalar və qoşa olaraq xırıltılı səslə, yavaşdan birgə ifa edərdilər.

Bir neçə dəfə mən Volodun dilindən eşitmişdim ki, "Sarı gəlin" mahnısı erməni gəlininə həsr olunub. Qocaman müəllim Rəhim Voloda deyəndə ki, mahnını erməni gəlininə kim qoşub? Özünəməxsus savadı, dünya görüşü olan Volod sakit, təmkinli halda cavab verərdi ki, ay Rəhim müəllim, erməni qızı Şirinə həsr olunan "Xosrov və Şirin"i, "Əsli və Kərəm" dastanını yaradan xalq yaradıb bu mahnını.

Volod danışırdı ki, onun ulu babaları Qars tərəflərdən gəlmədilər. Onlar "Sarı gəlin" mahnısının Qarsda yarandığını söyləyirlərmiş. Onlar danışırlarmış ki, bir müsəlman oğlan (Qarsda əsasən azərbaycanlılar yaşayır) qonşuluqda yaşayan sarışın bir erməni gəlininə aşiq olubmuş. Bu yanıqlı sevgi əsasında həmin oğlan "Sarı gəlin" mahnısını yaratmışdı.

Sonralar Qarsdan türk dünyasına və ermənilər yaşayan bütün ərazilərə yayılır, sevilir bu mahnı. Bu minvalla "Sarı gəlin" həm türklər (azərbaycanlılar) həm də ermənilər tərəfindən uzun illər boyu oxunur.

Gəlinin erməni, musiqini qoşanın isə azərbaycanlı olması sanki mahnını şərikli edib. Zaman keçdikcə erməni xisləti "Sarı gəlin" ətrafında dolaşıqlıqlar yaradıb. Erməni gəlinə azərbaycanlı oğlanın aşiq olması, mahnı qoşması heç vaxt ermənilər tərəfindən həzm olunmayıb.

Odur ki, onlar hər vasitə ilə mahnının ermənilərə məxsusluğunu iddia edirlər.

Sadə yanaşma: Ermənilərin böyük bir hissəsi sarışın olurlar. Qız-gəlinlərinin çox hissəsi sarı olan ermənilərin "Sarı gəlin" mahnısı qoşması hər hansı bir qanunauyğunluqdan uzaqdır, absurddur, inandırıcı deyil, mümükünsüzdür. Erməni çobanının qoyun otara-otara ney, tütək çalmasını, qoyunun yanında, yaylaqda, otlaqda, dərədə-təpədə olarkən, ümumiyyətlə oxuduğu görünübmü? Bəs onda təbiətlə iç-içə, təbiətdən doğan "Sarı gəlin"i ruhsuz, duyğusuz, şeiriyyatsız, təbii gözəlliklər qavrayışından uzaq erməni necə yarada bilərdi? Tutaq ki, mahnını erməni yaradıb. Erməni dilində oxunan "Sarı gəlin" mahnısının sonluqlarında bizim dildə "Sarı gəlin" işlədilir. Bu söz tərcümə olunmur? Sadəcə olaraq, "Sarı gəlin" sözü erməni dilində ermənicə səslənəndə heç kim onu qəbul etmir, etmək istəmir, alınmır. Xalq yaddaşı elə tez unudulan amil deyildir. Son bir neçə ildə çox böyük canfəşanlıqla oxudulan "Sarı gəlin"in erməni variantı ermənilərin özləri tərəfindən qəbul edilə bilmir. Bu səbəbdən mahnının erməni kilsə musiqisinə uyğun mahnılarla sintezinə cəhd edilir. "Sarı köynək", "Sarıtel", "Sarışınım", "Sarı-sarı" mahnılarını yaradan xalq yaradıb "Sarı gəlin".

Şeir tariximizin 800-900 ilinə çox səthi bir nəzər salsaq görərik ki, bütün şairlər, şair hökmdarlar, ozanlar, aşıqlar, xristian gözəllərinə (erməni, rus, gürcü, nəsrani və s ) şeir ittiaf etmişlər. Nizami, Xaqani, Firdovsi, Xəyyam, Yunis İmrə, Osmanlı sultanlarından bir neçəsinin şeirlərində, Şah İsmayılın yaradıcılığında, Cavidin əsərlərində belə hallara çox rast gəlinir. Yəni xristian gözəlinə vurulmaq, onunla evlənmək, ona şeir həsr etmək Şərqdə çoxdan mövcud olmuş reallıqdır.

"Sarı gəlin" xalq mahnısına bu reallıqların, bəlkə də ənənələrin nəticəsi kimi baxmaq və bu istiqamətdə ermənilərin qarşısına başqa tarixi faktlar da qoymaqla onları birdəfəlik küncdə oturtmaq vacibdir. İmkan ola ermənilərin çox yaşadıqları Fransa, Rusiya və ABŞ-da, Ermənistanın özündə sadə bir eksperiment-sorğu aparıla. Bu sorğunu da neytral ekspertlər keçirələr. Küçələrdə 100 nəfər erməni saxlayasan, 100 nəfər azərbaycanlı. Xahiş edəsən ki, "Sarı gəlin" mahnısından bir parça oxuyun. Sorğunun nəticəsi həqiqəti ortaya qoyacaq. Erməni gəncliyi, xaricdə yaşayan ermənilərin bir nəfəri də bu mahnıdan bir sətir deyə bilməz.

Qədim nağıllarımızdan birinin kiçik bir hissəsini söyləməklə növbəti aydınlıq yaradaq.

Osmanlı türklərinin bir hissəsi, ermənilər, Türkiyənin Şərqində yaşayan kürdlərin bəzi əşirətləri "Sarı gəlin"in onlara məxsusluğunu canfəşanlıqla sübut etməyə çalışırlar. "Sarı gəlin" hansı dildə oxunsa belə hər kəs qəlbən bilir ki, o mahnını azərbaycanlı yaradıb.

"Səni mənə verməzlər

Ay nənən ölsün, Sarı gəlin" misrasında Sarı gəlinin özgə millətdən və özgə dindən olduğunu sübut etməyə ehtiyac duyulurmu? Sözləri və musiqini yaradan oğlanın isə Sarı gəlinin millətindən və dinindən olmadığı açıqca görünmürmü?

Başqalarının istəkləri, musiqimizə sahiblənmək arzuları o qədər də qorxulu deyil. "Sarı gəlin"i mənşəyi məlum olmayan yad musiqilərə calamaq, əcaib səslər çıxarıb, əyilib-büzülməklə mahnıya guya ki yeni ruh gətirməyə çalışan bəzi musiqiçilərimiz əslində onun erməni variantını yaratmış kimi olurlar. Qorxulu budur...

Dəyməyin "Sarı gəlin"ə..

Qoy, oxunsun... Qoy oxusunlar olduğu kimi.

Sürüyə, çobana, sonu dağlara söykənən dərələrə dəyməyin!

Kökü minilliklərdən önə söykənən milli ruhu narahat etməyin!

Bizə məxsus olanın bizim olduğunu yadlara sübut etməyə də çox cəhd göstərməyin.

Ulu Tanrı bizi sarı yaratmasa da, "Sarı gəlin"ləri yaratmaq imkanından məhrum etməyib...

  

  

Akif Səlimov

 

Ədalət.- 2010.- 31 iyul.- S .10.