ONLARIN DÜNƏNİ: ŞAHMAR
HÜSEYNOV
"HƏR ŞEY
ÖZÜMÜZDƏN ASILIDIR"
Nə qədər
inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu
günümüz ONLARIN DÜNƏNİNdən
başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın
dünəni.
Dünən onlar kim
idi,hardaydılar və nələr yaşayırdılar?
Yeni ədəbi nəsl
üçün ibratamiz və bir qədər də kədərli
olan O DÜNƏN və O DÜNƏNİN insanlarının
keçdiyi yol, bu gün üçün son dərəcə
kərəkli və daha qabarıq görünməkdədi.
Bu gün proektimizin
davamı olaraq unudulmaz aktyorumuz və yazarımız Şahmar
Hüseynovun DÜNƏNKİ KİMLİYİNDƏN söz
açmaq istərdik.
Eynən bu rubrikada daha
kimlər olacaq. İzləməyə dəyər.
"Biləndə ki,
bizim ölkəmizdə hər üç ailədən biri
az müddət keçməmiş dağılır,
boşanırlar, çox vaxt unuduruq ki, qalan üç ailədən
ikisi mehriban yaşayırlar, bəlkə də lap xoşbəxt
yaşayırlar".
"Komsomolskaya
pravda" qəzetindən
***
Belə mehriban incəsənət
ailələrindən biri:
Ailənin
başçısı: aktyor, yazıçı Şahmar
Hüseynov.
Həyat yoldaşı:
aktrisa Elmira Hüseynova.
Ailədə iki uşaq
var: oğlan uşağıdı ikisi də. Böyük
oğlanları Ayxan artıq səkkizinci sinifdə oxuyur.
Kiçik oğlanlarının altı yaşı var,
bağçaya gedir.
Şahmar da, Elmira da eyni
teatrda, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla
Teatrında işləyirlər. Artıq iyirmi ilə
yaxındı ki, Şahmar hər gün bu teatrın
qapısını açır. Öz doğma evinin
qapısı kimi. İyirmi ildi ki, Şahmar balacalara sevinc bəxş
eləyir. Ancaq balaca dinləyicilər onu tanımırlar. Ona
görə ki, Kukla Teatrının xüsusiyyətinə
görə aktyorlar həmişə arxa planda qalırlar.
Şahmar Hüseynov bu iyirmi il müddətində əllidən
çox tamaşada oynamış və hər tamaşada fərqli
obrazlar yaratmışdır. O, "Məşədi
İbad" tamaşasında Qoçu Əsgər, "Zəncirlənmiş
pəri" əsərində Rəhman rolunun, Eldar
Baxışın "Məlikməmməd" pyesində
Aşıq və sairə obrazların
ifaçısıdır.
Həyat yoldaşı
Elmira Hüseynova demək olar ki, Şahmarın
oynadığı bütün tamaşalarda iştirak eləyir
və teatrın ən qabaqcıl aktyorlarından biri hesab
olunur.
Şahmar həm də
gözəl yazıçıdı. O, maraqla oxunan neçə-neçə
hekayənin müəllifidi. Keçən il Şahmarın
ilk hekayələr toplusu olan "Elçilik" kitabı
çapdan çıxıb. Kukla teatrında Şahmarın
"Sehrli güllər" tamaşası göstərilir.
Şahmarla çoxdan tanışam və hərdən
zarafatla ona sataşıram, deyirəm: "Şahmar, təzə
nə var teatrda? İnkişaf duyulurmu?"
O həmişə də
eyni gümrah səslə, eyni əhval-ruhiyyəylə, ovqatla
gülə-gülə deyir: böyük inkişaf var.
Artıq Çaqqal rolundan Qurd roluna keçmişəm.
Sual: - İlk dəfə harada və nə vaxt
tanış olmusunuz?
Ş.H.: - Elə teatrda.
Bax, elə həmin bu teatrda. O zaman mən artıq bir neçə
il idi ki, işləyirdim. Və bir gün necə oldusa, bu
Elmira gəlib çıxdı teatra işləməyə.
Deyim ki, bu günün özünə qədər onun
heç bir professional təhsili olmayıb. Mənə elə
gəlir ki, bu bir o qədər də vacib deyil. Nə isə...
Baxdım gördüm ki, çox sakit,
başıaşağı bir qızdır. Orta məktəbi
təzə bitirmişdi. Çox qəribə, bir qədər
də, necə deyərlər, mülayim görkəmi
vardı.Bax elə bu mülayimlik məni aludə elədi və
mən Elmira ilə evlənməyi qət elədim.
E.H.: - Düzü, ilk
vaxtlar Şahmar mənə çox acıqlı, hirsli və əsəbi
bir adam təsiri bağışladı. Tez özündən
çıxan idi. Elə indinin özündə də o
xüsusiyyətlən başında qalıb və buna görə
də mən bir qədər çəkinirdim. Ancaq
görünür, taleyin işi beləymiş.
Sual: - Ailə quranda sizə mane olan vardımı?
Ş.H.: - Şəxsən
kiminsə bizə maneçiliyi olmayıb. Ancaq elə bu
gün gördüyünüz kimi o vaxt da evimiz yox idi.
Maaşımız az idi. Çətinliyimiz indikindən daha
artıq idi. Heç dəbdəbəli toy da eləmədik.
Beş-on tanış yığıldı. Vəssalam.
E.H.: - Mən sarıdan
heç kəs mane olmadı.
Sual: - Hər halda siz indiki həyat
yoldaşınızla evlənəndə bilirdiniz ki, o,
aktrisadır və açığını deyək ki, bizdə
də bu aktrisalara birtəhər baxırlar. Bu barədə fikriniz?
Ş.H.: - Bir şeyi
deyim ki, hər şey insanın özündən
asılıdı. Bir-birini başa düşməyindən,
bir-birinə hörmət eləməyindən
asılıdır. Bizim ailədə elədir ki, hər kəs
öz işini bilir və ona vicdanla, əlbəttə, mən
buna insafı da əlavə eləyərdim, yanaşır. Biz
bir həqiqəti başa düşmüşük ki,
bir-birimizə lazımıq və bu heç də beş
günlük, bir aylıq və bir neçə illik məsafə
üçün deyil, əgər heç bir təsadüfi
hadisə olmasa, ömrümüzün axırına kimi olan
bir münasibətdi.
E.H.: - Təsəvvür
eləyin ki, biz ömrümüzün çox az, lap az hissəsini
ayrı oluruq. Tamaşalarda bir yerdəyik. Qastrollara bir yerdə
gedirik. İşdən sonra təbii ki, yenə ailədə bir
yerdəyik. Bütün bunlar bizi bir-birimizdən heç də bezikdirmir, nəinki
bezikdirmir və hətta daha
da mehribanlaşdırır. Əlbəttə,
mən təsəvvür eləyə bilmirəm ki, əgər bizim birimiz başqa sənət
sahibi olsaydıq, necə yaşayardıq,
necə dolanardıq və bir-birimizi necə
başa düşərdik? Mənə elə
gəlir ki, hətta
oynadığımız tamaşalar belə
bizim münasibətimizi tamamlayır.
Sual: - İlk uşağınız olana qədərki
dövrlə, uşaq doğulandan sonrakı vaxt nə ilə
fərqlənir?
Ş.H.: - Mənə elə
gəlir ki, uşaq qəribə bir möcüzədi. Açığını
deyim ki, hələ lap ilk günlər, hələ ikimiz olanda
ən adi şeydən ötrü bəzən əsəbiləşirdik
və hətta elə anlarımız olurdu ki, az
qalırdıq ayrılaq. Ancaq elə ki, olduq üç nəfər,
vəziyyət tamamilə dəyişdi, artıq məsuliyyət
artdı və mən hər dəfə Ayxanın sifətinə
baxanda içimi qəribə bir ağrı
doğrayırdı. Lap deyək ki, ayrıldıq, bəs onda
bu uşağın günahı nədir? İş var ki, onu
bağışlamaş da olar, böyüdüb
ayrılıq anına çatdırmaq da olar. Əlbəttə,
uşaq çox şeylərə mane olur. Hələ
aktyorluğu demirəm. Aktyorluq belədi ki, teatrda
oynayırıq. Ancaq təsəvvür edin, balaca bir
otaqdı, mən də ki, hərdənbir yazıram. Hərdənbir
deyəndə ki, məni bunu xobbi hesab eləmirəm,
yazıçılıq mənim ciddi işimdir və
uşaq, bax belə şeylərə çox mane olur
Sual: - Çox vaxt siz ikiniz də
teatrda, tamaşada, qastrollarda olursunuz. Belə vaxtlarda uşaqlarınıza kim baxır və vaxtı necə bölürsünüz?
Ş.H.: - Birinci uşaq
olanda olmazın əziyyətlər çəkdik. Bəzən
elə olurdu ki, uşağı birbaşa teatra
aparırdıq. Bu adətən məşq günlərində
daha çox olurdu. Tamaşada oynayanda isə elə olurdu ki, bəzən
mən baxırdım, bəzən Elmira. Qastrola gedəndə
uşağı aparırdım. Gəncəyə, anamın
yanına. Ona görə ki, qastrollarımız bildiyin kimi
çox çəkir, bəzən aylarla evdə olmuruq. Xarici
səfərlərimiz olub. Belə vaxtlarda da anamın
yanına aparırdıq. Ancaq ikinci uşaq olandan sonra
artıq böyük oğlum yekəlmişdi, bizə bəzi
şeylərdə kömək eləyirdi, o sıradan
uşağa da baxırdı. Bəzən qonşuların
ümidinə qalardı. Bəzən allaha təvəkkül,
deyib gedərdik teatra, qalardı evdə.
E.H.: - Şahmarı bilmirəm,
şəxsən belə vaxtlarda mənim ürəyim
ağrıyırdı. Yarı canım qalırdı
uşağın yanında və bu da tamaşada öz əksini
tapırdı. Bəzən tamamilə çaşırdım
və belə vaxtlarda da Şahmar çox amansız olurdu, əsəbiləşirdi,
məni danlayırdı. Mən də əsl səbəbini
gizlədirdim ondan. Axı, deməyin nə xeyri ola bilərdi?
Sual: - Ən çox incik gününüz nə vaxt
olub? Nə üstündə? Küsəndə necə
barışırsınız?
Ş.H.: - Hacıkəndə
qastrola getmişdim. Bir qədər gecikdim. İş çox oldu. Qayıdıb gələndə gördüm ki, Elmira evdə yoxdu. Uşağı da götürüb
gedib anasıgilə.
Dedim: Vəssalam. Mən onun dalınca gedən deyiləm. Gəlsə özü gələcək.
Yəni mən gedən deyiləm deyəndə bunu inad kimi
başa düşməyin.
Bilirdim ki, faydasızdı. Ona görə ki, onsuz da Elmiranın
qohumları məni çətin başa düşəydilər. Bildim
ki, gedən kimi yenə də başlayacaqlar: filan şey yoxdu, filan şeyi
almaq lazımdı və sairə... və sairə... Əlbəttə, bütün bunlar
məişət şeyləridi.
Ancaq mənə elə gəlir ki, bəzən bax, bu məişət şeyləri, həm də heç bir mənası olmayan söhbətlər iki gənc ailənin
dağılmasına, münasibətlərin
pozulmasına səbəb
olur.
E.H.: - Siz deyən uzun
bir müddət birlikdə yaşamasaq da mənə aydın
oldu ki, Şahmar gələn deyil və hardasa mən bunu
heç istəmirdim də. Əlbəttə, mənim
üçün də çətin idi. Çətin idi ona
görə ki, bayaq dediyimiz kimi biz ayrı-ayrı sənət
sahibləri deyilik və güman ki, yenə də hardasa biz
üz-üzə gələcəkdik, rastlaşacaqdıq.
Çətin o idi ki, biz bir teatrda
çalışırdıq və istəsək də
bir-birimizdən qaça bilməyəcəkdim. Bir şeyi də
etiraf edim ki, mənə bəlkə də ikiqat ağır
idi. Ağır idi ona görə ki, mənim aktrisa kimi
yetişməyimdə Şahmarın minnətsiz köməyi
olmuşdu və mən hardasa buna da xəyanət eləməli
olurdum. Uşağı da götürüb qayıtdım.
Sual: - Yaradıcılıq və uşaqların tərbiyə
məsələsini necə qurmusunuz? Uşaqlarınızla
çoxmu vaxt keçirirsiniz?
Ş.H.: - Dediyim kimi, biz
hər ikimiz tərbiyə məsələsinə diqqət eləmişik.
Hansımızın vaxtı olubsa, uşaqla o məşğul
olub. Mən bir şeyi etiraf edə bilərəm ki,
böyük oğluma qarşı daha ciddi və sərt
olmuşam. Və indi hiss eləyirəm ki, bu da onun xasiyyətində
görünür. Bir qədər sıxılır, qorxur,
çəkinir və bu da uşağın xasiyyətində
zəif nöqtələrdir. Açığını deyək
ki, bura şəhərdir və uşaq görək şəhər
həyatına alışıb böyüsün.
E.H.: - Böyük
oğlumuzun tərbiyəsi demək olar ki, teatrla bağlı
aparılıb. Dediyimiz kimi o çox vaxt bizimlə birgə
teatrda olardı və tamaşalarımızın demək olar
ki, hamısına baxıb. Bu baxımdan uşağın tərbiyəsində
teatr da böyük rol oynayıb. Bunu onda hiss edirəm ki, o,
öz yaşından ağır tərpənir, dəcəl
deyil.
Sual: - Həyat yoldaşınızdan bir ana və bir
aktrisa kimi razısınızmı?
Ş.H.: (Gülür).
- Razı olmayıb neyləyə bilərəm,
uşaqlarımın anasıdı. Aktrisa kimi də mənim
şagirdimdi. "Pis aktrisadı" deyə bilmərəm.
Onda deməli, mən pis müəllim olmuşam.
Sual: - Siz necə?
E.H.: (Gülür)..
Sual: - Ailə qayğılarınızı necə
bölürsünüz?
Ş.H.: - Bu
asılıdır kimin daha çox imkanı olmağından.
Çox vaxt bazarlığı özüm eləyirəm. Bir
sirri açım ki, yaxşı aşbazlığım var.
Dadlı xörəklər bişirə bilirəm. Çox
vaxt qastrollarda da özüm yemək hazırlayıram. Buna
görə də ailə qayğılarının müəyyən
çətin hissəsi mənim üzərimə
düşür. Ancaq Elmira, əlbəttə, ana olduğunu,
bu evin xanımı olduğunu unutmur. Bir ayağı teatrda
olsa da, evin bütün qayğısı onun üstündədi
Sual: - Hansı tamaşalarda birgə
oynamısınız və bu sizə necə təsir eləyib?
Ş.H.: - Demək olar
ki, tamaşaların çoxunda birgə oynayırıq. Bu bir
qədər bizim işimizi asanlaşdırır. Ona görə
ki, lap elə vaxt olanda evdə də məşq eləyə
bilərik.
EH.: - Bir-birimizin
səhvini asan görə bilirik. Ən çox da Şahmar
mənim səhvlərimi
görə bilir.
Sual: - Ailəvi bayramlarınız
hansılardı və
onu kimlərlə keçirirsiniz?
Ş.H.: -
Uşaqlarımızın ad günləri ən birinci
bayramlarımızdı. Onu çox vaxt elə dördlükdə
keçiririk. Ən gözəl bayramımız isə Novruz
bayramıdı. Bu, əlbəttə, bütün ailələr
kimi bizə də aid olan bayramdı.
Sual: - Elmira xanım, Şahmardan nə soruşmaq istərdin
Sual: - Şahmar, sən
nə soruşmaq istərdin?
Şahmar: - Heç nə...
1987
Şahmar Həsən
oğlu Hüseynov. 1939-cu ildə doğulub. Xanlar rayonunun Nərimanov
kəndində. Vəfat edib 1988-ci ildə Bakı şəhərində.
Məzarı Gəncədədi.Azərbaycan aktyoru və
yazıçısı. M.A.Əliyev adına Dövlət
İncəsənət İnstitutunun aktyorluq fakültəsini
bitirib. SSRİ xalq artisti Adil İsgəndərovun sinfində.İnstitutu
bitirəndən sonra birbaşa A.Şaiq adına Dövlət
Kukla Teatrına dəvət olunub və ömrünün
sonuna kimi orada çalışıb.Şahmar Hüseynov bu
teatrın səhnəsində uşaqların sevimlisinə
çevrilən neçə-neçə rolun
ifaçısı olmuş və o, həmin teatrın səhnəsinə
tamaşaya qoyulan bir neçə əsərin müəllifidir.
Şahmar bir
yazıçı kimi daha ciddi olmuş və ilk çap əsəri
"Bir balaca səhv" hekayəsindən başlayaraq daha
ciddi problemlərdən bəhs eləyən hekayələr
yazmışdır.
O, respublikanın
M.F.Axundov adına mükafatın laureatı olmuşdur (1988).
Ölümündən sonra.
Tofiq Abdin
Ədalət.- 2010.- 31 iyul.- S. 15.