Şəhid Mübariz

 

Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə

 

Qeyrətin dözmədi bu haqsızlığa,

Düşmən yuvasına alov ələdin.

Qırdın düşmənləri öz səngərində,

Azğın dığaları qana bələdin.

 

Səni kim səslədi söylə, Mübariz,

Şəhidlərin ruhu, yoxsa ki, torpaq?

Vətəndaş yanğısı coşdu qanında,

Qalxdı tufanlar tək haray salaraq?

 

Babək hünərindən əzəmət aldın,

Cavanşir ürəyi yatıb köksündə.

Cavadxan vüqarın zirvələr aşdı,

Dayandı əbədi tarix önündə.

 

Ana öyüdünə baş əydin, oğul,

Bu gün qan-qan deyir ağrı-acılar.

Ata nəsihəti cəsurluq yolun,

Beləcə adına dastan yazılır.

 

Sənin ürəklərdə əziz xatirən,

Üstünə səpilər güllər təzə-tər.

Nə qədər sənin tək oğullarım var,

Bu torpaq çalacaq həmişə zəfər.

 

Ulu millətimin fəxarətisən,

El-oba sevgisi coşğun bir dəniz.

Sən vətən andısan, sədaqətisən,

Müqəddəs ruhların adı Mübariz!

  

  

Ədalət Eşqin

 

Ədalət.- 2010.- 31 iyul.- S. 11.