"Şeyxin səbrinin bir həddi var..."

 

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova: "Şeyxülislam həzrətləri jurnalistlərlə görüşə həmişə "And olsun qələmə! Qələm müqəddəsdir" sözləri ilə başlayır"

 

"Amma heç kim bu xarakterdən sui-istifadə barədə düşünməməlidir"

 

- Rəhimə xanım, Qafqaz Müsəlmanları İdarəsində vacib bir sahəyə rəhbərlik edirsiz. Maraqlıdı, idarənin mətbuatla əlaqələri necə tənzimlənir?

- Məlum oldugu kimi, Qafqaz Müsəlmanları İdarəsi regionun tarixi dini mərkəzidir. Bir əsr yarımdan çox yaşı olan bu idarənin şanlı tarixi var. Bu gün belə bir mühüm idarənin fəaliyyətinin mətbuatda doğru-düzgün əks olunması işi vəzifə borcu olaraq mənim üzərimə düşür və mən bu işdən qürur duyuram. Media nümayəndələri yaxşı bilir ki, Qafqaz Müsəlmanları İdarəsi mətbuata həmişə açıq bir təşkilat olub. İdarənin təşkil etdiyi bütün tədbirlərdə - istər beynəlxalq xarakterli, istərsə də idarədaxili toplantılarda jurnalistlərin iştirak etməsi üçün lazımi şərait yaradılır. Onlar üçün mətbuat konfransları, brifinqlər keçirilir. Telekanallarda, qəzet və informasiya agentliklərində çalışan jurnalistlər onları maraqlandıran hər hansı bir məsələ ilə bağlı müraciət etdikdə sorğuları operativ cavablandırılır. Mətbuat xidməti olaraq, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin keçirdiyi görüşlər, qəbullar, çoxsaylı xarici səfərləri, mötəbər beynəlxalq tədbirlərdə iştirakı barədə, o cümlədən, idarənin həyatında baş verən yeniliklərlə bağlı istər yerli, istərsə də xarici ölkə jurnalistlərini kifayət qədər dolğun məlumatlandırırıq. Yeri gəlmişkən onu da deyim ki, Şeyxülislam həzrətləri dünya çapında tanınan, nüfuz sahibi olan şəxsiyyət olduğundan onun çoxşaxəli fəaliyyəti və ümumilikdə idarəmizin fəaliyyəti, bir qayda olaraq, beynəlxalq mətbuatın diqqət mərkəzindədir. Bunu mətbuat xidmətinə daxil olan telefon zəngləri, elektron ünvanımıza gələn məktublardan da aydın görmək olur. Sadə vətəndaşlardan, yüksək səviyyəli ictimai xadimlərdən və hörmətli ziyalılarımızdan müraciətlər, təkliflər alırıq. Belə müracətləri imkan daxilində operativ şəkildə cavablandırmaqla ictimaiyyətlə əlaqələrimizi daha keyfiyyətli qurmağa çalışırıq. Mətbuat xidməti olaraq, fəaliyyətimizin əsas prioritetlərindən biri də təbii ki, mətbuat nümayəndələri ilə bilavasitə münasibətlərin qurulmasıdı. Həm yazılı, həm də elektron KİV-lərlə, qəzet, televiziya, radio və internet portallarında çalışan jurnalistlərlə sıx və işgüzar əlaqələrimiz var.

Qafqaz Müsəlmanları İdarəsi, adından da bəlli olduğu kimi, Qafqaz regionunu əhatə edən, bölgə müsəlmanlarını ehtiva edən bir qurumdu. Bu üzdən də Qafqazdakı müxtəlif Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları, sadə insanlar da tez-tez bizim mətbuat xidməti ilə əlaqə saxlayırlar. Biz də vəzifə borcumuza uyğun olaraq onlara doğru-düzgün informasiya çatdırırıq. Çalışırıq ki, mətbuat nümayəndələrinin heç bir müracəti cavabsız qalmasın. Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb-saytı fəaliyət göstərir. Keçirilən tədbirlər, görülən işlər, idarənin fəaliyyətində baş verən mühüm yeniliklər barədə bu saytda ətraflı məlumat yerləşdiririk.

- Sadaladığınız işlərdən belə başa düşülür ki, mətbuat nümayəndələrinin rəhbərlik etdiyiniz şöbədən gileylənməyə haqqı yoxdu. Bəs qarşı tərəfin QMİ-yə yönəli fəaliyyəti necə, sizi qane edirmi?

- Mətbuat nümayəndələri ilə gündəlik təmasda olan bir insan kimi onu deyə bilərəm ki, peşəkar, öz işinə məsuliyyətlə yanaşan, daşıdığı ada ehtiram qazandıran jurnalistlərimiz çoxdu. Lakin bəzən bu peşəyə dəyər verməyən, onu nüfuzdan salanlara da rast gəlmək məcburiyyətində qalıram. Bayram günü olduğu üçün belələrindən yox, əsl jurnalistlərdən danışsaq, məncə, daha yaxşı olar.

İdarənin mətbuatla əlaqələrinə məsul şəxs kimi mənim üçün önəm kəsb edən məsələlərdən biri də keçirdiyimiz çoxsaylı mətbuat konfranslarında medianın müxtəlif spektrlərinin təmsil olunmasıdı. Bizim mətbuat konfranslarımızı digər qurumlarda təşkil olunan anoloji tədbirlərdən fəqrləndirən bir cəhət var. Jurnalistlərlə görüşlərə həvəslə qatılan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri belə görüşləri hər dəfə müqəddəs kitabımız olan Quranı- Kərimin "Nun" (Qələm) surəsinin ilk ayəsi ilə başlayır: "And olsun qələmə!". Şeyx həzrətləri həmişə jurnalistlərə əllərindəki qələmin müqəddəs olduğunu xatırladır və jurnalistləri bu qələmin dəyərini bilməyə çağırır. Bu xitab jurnalistləri daha məsuliyyətli olmağa çağırır. Təbii ki, bu sözlər həm də Şeyx həzrətlərinin - dini rəhbərin mətbuat nümayəndələrinə dərin ehtiramını təcəssüm etdirir.

Mətbuat Xidməti olaraq Şeyxülislamın Azərbaycan xalqı qarşısındakı xidmətlərini oxuculara yüksək səviyyədə təqdim edən, idarəmizin fəaliyyətini obyektiv işıqlandıran jurnalistlərimizə təşəkkür edirik. Lakin bəzi hallarda bizi qayğılandıran, narahat edən məqamlara da rast gəlirik. Beynəlxalq miqyasda qəbul olunan, hər yerdə Azərbaycan dövlətinin mənafeyini, xalqımızın milli-mənəvi dəyərlərini yüksək səviyyədə qoruyan Şeyxülislam həzrətləri haqqında həqiqətə uyğun olmayan, qərəzli yazılar da mətbuat səhifələrinə yol tapır.

- Şeyxülislam həzrətlərinin belə yazılara münasibəti necə olur?

- Şeyx həzrətləri təbiət etibarilə demokratik insan olduğundan bu məsələlərə də demokratik yanaşır. Demokratiklik bizim müqəddəs dinimiz İslamın mahiyyətindədi. Şeyxülislam həzrətləri oldugu ali dini məqama uygun tərzdə hərəkət edən müdrik şəxsiyyətdir. İnsanları çaşdıran, heç bir real fakta söykənməyən, etik normalara sığmayan yazılara imza atanların da hərəkətlərinə səbrlə, normal yanaşır. Amma heç kim bu xarakterdən sui-istifadə barədə düşünməməlidir. Səbrin də bir həddi var. Digər tərəfdən, ağsaqqala münasibətdə hörmət, ehtiram nümayişi hər bir fərdin şəxsi səviyyəsinin göstəricisidir. Burada isə söhbət dini liderdən, bölgə müsəlmanlarının mənəvi rəhbərindən, MDB Dinlərarası Şurasının həmsədrindən, postsovetməkanı müsəlmanlarının Məşvərət Şurasının sədri məqamında olan dünyaca tanınmış şəxsiyyətdən gedir.

- Bu il Qafqaz Müsəlmanları İdarəsi öz mətbuat orqanları ilə bağlı maraqlı layihələr həyata keçirməyə başlayıb. Həmin layihələr barədə ətraflı məlumat verməniz yerinə düşərdi...

- Ümumiyyətlə, 2010-cu il Qafqaz Müsəlmanları İdarəsinin həyatında bir neçə önəmli hadisə ilə əlamətdar oldu. Onlardan birincisi "Qloballaşma, din, ənənəvi dəyərlər" mövzusunda Dini Liderlərin Ümumdünya Bakı Sammiti idi. Bakının ev sahibliyi etdiyi bu mötəbər tədbirə mətbuat kifayət qədər diqqət ayırdı, ictimaiyyəti ətraflı məlumatlandırdı. Digər önəmli hadisə isə idarənin mətbu orqanlarının çapa başlaması oldu. Dəyərli oxucularımız bilir ki, əvvəllər Qafqaz Müsəlmanları İdarəsinin rəsmi orqanı olan "İslam" qəzeti nəşr edilib. Lakin idarənin əvvəllər yerləşdiyi köhnə binada şəraitin olmaması üzündən bu qəzet fəaliyyətinə uzun müddət fasilə verməli oldu. Dövlətimizin qayğısı nəticəsində ötən il idarənin yeni inzibati binası istifadəyə verilib. Burada bütün əməkdaşlar, o cümlədən nəşr orqanımızın redaksiyası üçün hər cür şərait yaradılıb. Yeni, müasir tələblərə tam cavab verən binaya köçəndən sonra qarşıya qoyulan ilk məqsədlərdən biri də idarənin mətbu orqanlarının işıq üzü görməsi oldu. Artıq "İslam" qəzeti fəaliyyətini bərpa edib. "İslam" qəzeti idarənin ilk orqanı olduğundan və böyük hörmət qazandığından qəzetin özü və adı bizim üçün müqəddəsdir. İnanıram ki, nəşrini bərpa edən "İslam" ölkə mətbuatında öz layiqli yerini ala biləcək. Bu ilin mart ayından "Haqqın nuru" adlı həftəlik dini- ictimai qəzetimiz də nəşrə başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyət dairəsini nəzərə alaraq "Haqqın nuru" qəzetinin iki dildə - Azərbaycan və rus dillərində oxuculara çatdırılması, hesab edirəm ki, mühüm və zəruridir. Qəzetin iki dildə nəşr olunması və Qafqaz regionunda yayılması məsuliyyətimizi də artırır. "Haqqın nuru" dini-ictimai qəzet olduğundan məramına uyğun olaraq geniş oxucu kütləsinin maraqlarını nəzərə almağa, dini maarifçiliyi önə çəkməyə çalışır. Çünki Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətindəki əsas prioritetlərdən biri də məhz dini maarifçilikdir.

- Milli Mətbuat Günü yüksək səviyyədə qeyd olundu. 135 illiyini bayram edən mətbuatımıza nə arzulardınız?

- "Ədalət" qəzetinin yaratdığı imkandan istifadə edib mətbuatımız barədə bəzi fikirləri dəyərli oxucularımızla bölüşmək istərdim. Milli mətbuatımız 1875-ci ildən bugünədək ötən dövr ərzində çox uzun, məşəqqətli və həm də şərəfli bir inkişaf yolu keçib. İlk dəfə doğma dilimizdə işıq üzü görən nəşrin "Əkinçi" adlandırılmasının özündə bir simvoliklik var idi: əkinçinin işi halal zəhmətdir -halal toxumdan isə halal məhsul yetişər. Bu bir daha sübut edir ki, mətbuatımız hallalıqdan yoğrulub. Milli mətbuatımız bu baxımdan möhkəm dayaqlar üzərində təşəkkül tapıb. 135 il tarix üçün o qədər də böyük vaxt deyil. Lakin Azərbaycanın keçdiyi yola nəzər salanda ötən bu illər ərzində yaşanan təbəddülatlar fonunda milli mətbuatımızın özündə güc tapıb inkişaf etməsi təqdirəlayiq haldir. Unudulmamalıdır ki, böyük mütəfəkkir Həsən bəy Zərdabi ilk milli qəzetimizi yaradarkən məhz maarifçilik xəttini önə çəkmişdi. Arzum budur ki, jurnalistlərimiz bu böyuk azərbaycanlının yoluna daima sədaqət nümayiş etdirsinlər. Çünki insanların maariflənməyə həmişə, bütün dövrlərdə ehtiyacı var. Xüsusən, dünyanın üzərini qloballaşma təhdidi aldığı bir zamanda milli mətbuatın ən ümdə vəzifələrindən biri xalqımızın milli-mənəvi, dini-əxlaqi dəyərlərinin təbliğ və təşviqi olmalıdır.

Milli mətbuat nümayəndələrimizi şanlı yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, onların hamısına möhkəm can sağlığı, ailə səadəti, peşə fəaliyyətlərində yeni zirvələr fəth etməyi arzulayır, mənəviyyatın bel sütunu olan dini-mənəvi dəyərləri daima uca tutmağı tövsiyə edirəm.

Xoş fürsətdən yararlanıb "Ədalət" qəzetinin bu günlərdə tamam olan 20 illiyini təbrik edir, qəzetinizin bütün əməkdaşlarına yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, milli mətbuatımızda öz yeri olan "Ədalət" bundan sonra da maraqlı və obyektiv yazılarla çoxsaylı oxucularını sevindirəcək.

Milli mətbuatımızın şərəfli keçmişi, uğurlu bu günü olduğu kimi parlaq gələcəyinin olacağına da inanıram. Bu yaxınlarda iş qrafikinin gərgin olmasına baxmayaraq Şeyxülislam həzrətləri Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan bir qrup tələbə ilə olduqca səmimi bir görüş keçirdi, onların suallarını ətraflı cavablandırdı, fikir və düşüncələrini dinlədi və öz tövsiyələrini verdi. Gələcəyin jurnalistləri dini rəhbərlə görüşdən olduqca məmnun halda ayrıldılar. Əminəm ki, onlar Şeyxülislam həzrətlərilə ünsiyyətdən çox mühüm mətləblər əxz etdilər və uzun illər boyunca bu unudulmaz görüşü xatırlayacaq, jurnalist fəaliyyətlərində dəyərli tövsiyələrə əməl edəcəklər .

 

 

ETİBAR

 

Ədalət.- 2010.- 31 iyul.- S. 16.