ÖLÜMÜN
"SEVDİYİ" AİLƏ
N. Muravyovanın məhşur fransız
yazıçısı Viktor Hüqonun həyat və
yaradıcılığından bəhs edən
kitabını - "Hüqo" bioqrafik əsərini oxuyanda
ilk dəfə şahidi oldum ki, dünyada öz şəxsi
həyatları, əl-əl gəzən məşhur
əsərlərindən də maraqlı olan
müəlliflər varmış. Sonralar bunun
təkrar-təkrar şahidi oldum. Bu müəllifləri
sadalamaq fikrində deyiləm, amma indi bəhs edəcəyim
istedadlı ingilis yazıçısı Şarlotta Bronte
də bu sırada olan yazarlardan biridir. Həqiqətən
də bu gənc qadın yazarın həyatını,
hətta yalnız faktları belə həyəcansız,
kədərsiz, heyrətsiz... oxumaq mümkün deyil.
Düşünürəm ki, N. Muravyova kimi istedadlı
qələm sahiblərindən biri, yaxud yazıçılardan
kimsə bir əsr yarım bundan əvvəl
yaşayıb-yaratmış Brontenin həyatını
qələmə alsa, əvəzsiz bir əsərin doğuşuna
imza atmış olar. Bəlkə də yazılıb kim
bilir...
Həyatı
itkilərlə, mənəvi və psixoloji, hətta
deyərdim ki, fiziki sarsıntılarla keçən bu
zərif qadın hər şeyə rəğmən
istedadına layiq bir ömür sürüb. Əsərlərində həyatda
gördüklərini, yaşadıqlarını,
təsəvvüründə yaşatdıqlarını,
yazıçı təxəyyülünü ustalıqla
qələmə almağı bacarıb. Məhz
elə buna görə də dünya ədəbiyyatı
müəlliflərinin sırasında adı var.
İstedadlı yazıçının
yaradıcılığında möhtəşəm yer tutan
məşhur "Ceyn Eyr" romanı dünyanın demək
olar ki, əksər dillərinə tərcümə olunub
və bu gün də maraqla oxunur.
MƏŞƏQQƏTLİ UŞAQLIQ
Şarlotta Bronte 1816-cı il aprelin 21-də Yorkşirdə kənd
keşişinin ailəsində anadan olub. Onun
özündən başqa beş bacısı və bir
qardaşı vardı. Uşaqlıqdan özünə
qapılan bu balaca qızcığazın beş yaşı
olar-olmaz anası Meri xəstələnərək vəfat
elədi və bundan sonra bu kasıb ailənin güzəranı
daha da ağırlaşdı. Uşaqlarının
qayğıları, tərbiyəsi ilə onsuz da yaxından
maraqlana bilməyən söhbətcil atası Patrik Bronte
tezliklə tərk-dünyalığa düçar oldu. O
tez-tez qəbiristanlıqdakı hücrəsinə
çəkilərək özünü hər kəsdən
təcrid edirdi. Uşaqların və təxminən
başsız qalan kasıb ailənin bütün
qayğıları böyük bacı olan Mariyanın
üzərinə düşdü. Və bu onun üçün
cox çətin idi. Uşaqların heç biri demək olar
ki, özlərinin uşaqlıq həyatını yaşaya
bilmədilər. Onların hər biri cansıxıcı,
kədərli, yeknəsək ətraf mühitin
təsirindən qaradinməz uşaqlara çevrilmiş,
hər birinin qəlbində kölgələrlə
əhatələnmiş həyat özünə yer
etmişdi.
Erkən uşaqlıq
vaxtlarından balaca Şarlottanın ən sevimli
məşğuliyyətlərindən biri özündən
əfsanəvi nağıllar düzəltmək, hansısa
real fikirləri nağılvari formada quraşdırmaq idi. Əslində bu prosesdə ailənin digər
uşaqları da iştirak edərdi. Atası 1824-cü
ildə həm kasıblıq, həm də
qızlarının təhsil alması ehtiyacından onları
Koun-Bricdə yetimlər üçün ponsionata verdi. Amma
bunun nəticəsi faciə ilə sonuclandı. Böyük
bacıları Mari (Mariya) və Elizabet məktəbdə uzun
müddət təhsil ala bilmədilər. Bütövlükdə
ailənin acı taleyi sanki ananın ölümü ilə
başladı və uzun müddət beləcə davam etdi.
Mariyanın zəif orqanizmi onun xəstələnməsinə
səbəb oldu, təxminən bir ildən sonra
qızcığaz dünyasını dəyişdi. Analıq etmək qayğıları
üzərinə düşmüş Mariya vəfat
etdikdən bir neçə ay keçəndən sonra Elizabet
xəstələndi və çox çəkmədi ki, o da
öldü. Qorxuya düşən atası Şarlotta ilə
Emiliyanı ponsionatdan çıxartdı. Amma
sıxıntılar bitmədi. Belə
demək mümkündürsə, böyük
bacılarının bir-birinin ardınca vəfat etməsi bu
dəfə balaca Şarlottanın çiyinlərinə
böyük yük qoydu. Çünki indi hamıdan yaşca
böyük olduğu üçün hər bir işin
öhdəsindən o gəlməliydi.
Şarlotta
inadkarcasına bütün ağırlıqları
çəkərək elə yaşadığı
yerdəcə təhsil almağa başladı. Amma ailə üçün pul da qazanmaq lazım
idi. Şarlotta 19 yaşında artıq mürəbiyyə
işləməyə başladı. Lakin çox
çəkmədi ki, işdən onu uzaqlaşdırdılar.
Bundan sonra kiçik bacısı Emili ilə məktəb
açmaq fikrinə düşdülər və bunun
üçün fransız ədəbiyyatı ilə
məşğul oldular. Bir müddət sonra isə xalasının
maddi köməyi ilə onlar Brüsselə getdilər və
iki il orada qaldılar. Bu uzun müddətli
səyahətdən sonra bacıların
dünyagörüşündə böyük
dəyişikliklər yarandı. Vətənə
qayıtdıqdan sonra bacılar öz ədəbi
düşüncələrini oxucularla
bölüşməyə qərar verdilər. Onların ilk
kiçik həcmli kitabı 1846-cı ildə çap olundu. Onda
Şarlottanın təxəllüsü Korrer, Emilininki Ellis
Bell, Annanınsa Akton Bell oldu. Amma bu kitab geniş
oxucu auditoriyasının diqqətini özünə cəlb
edə bilmədi.
YAZIÇI BACILAR
İlk kitabda
şeirləri çap olunan bacılar bu dəfə
özlərini prozada sınamaq qərına gəldilər. Şarlotta
"Professor", Emiliya "İldırımlı
uçrum", Anna isə "Aqnes Qrey" povestlərini
naşirlərə təqdim etdilər. Amma
maraqlıdır ki, "Professor"dan başqa digər iki
povestin nəşri üçün naşir tapıldı.
İlk sarsıdıcı uğursuzluqdan sonra
qəti ruhdan düşməyən gənc Şarlotta öz
bədii yaradıcılığını durdurmadı.
Və çox çəkmədi ki,
Şarlottanın zəhməti nəticəsiz qalmadı.
1849-cu ildə onun məşhur "Ceyn Eyr"
romanı işıq üzü gördü. Və əsər heç kimin, heç
Şarlottanın özünün də gözləmədiyi
bir müvəffəqiyyət qazandı. Çapından
qısa müddət sonra roman Avropanın müxtəlif
dillərinə tərcümə olunaraq nəşr edildi.
Şübhəsiz ki, müəllifinə
böyük şöhrət qazandıran bu əsər
həm də ailəyə maddi dəstək də gətirdi.
Şarlotta Bronte əsərlərini
təxəllüslə yazıb çap etdirdiyi
üçün həmin imzanın arxasında kimin
dayandığını bilməmək də insanlarda daha böyük
marağın yaranmasına səbəb oldu. Amma həm kitab həvəskarları, həm də
ədəbi mühit artıq hiss edirdi ki, ədəbi
üfüqdə yeni bir istedad doğulmaqdadır. İndi ona rədd cavabı verən naşirlər
belə ondan yeni əsərlər gözləyirdilər.
İKİNCİ ROMAN
Bölgənin
fəhlələrinin həyatından bəhs edən ikinci
roman - "Şerli" çap olunandan sonra oxucular artıq
məlum təxəllüsün arxasında özünü
saxlayan müəllifin ədəbi talantını bir daha
təsdiqlədilər. Onun maraqlı,
özünəməxsus üslubu çoxlarının
ürəyinə yatırdı. Əslində
Şarlotta Bronte "Ceyn Eyr"lə sözün əsl
mənasında yazıçı karyerasına başlamışdı.
Ədəbi mühit, oxucular hər yerdə bu
sirli, gənc müəllif haqqında danışırdı.
Ailənin kədərli həyatısa davam
edirdi. Növbəti faciə
"özünü yetirdi". Qardaşı
Brenuell 1848-ci ilin sentyabrında vəfat elədi. İki gəncəcik bacısını erkən
yaşlarında itirən Şarlotta bu itkidən dərin
sarsıntı keçirdi. Təhqiqatçıların
yazdıqlarından məlum olur ki, gənc yazıçı
tez-tez qardaşının qəbri üstünə gedər,
uzun müddət oradan ayrılmazdı. Amma
heç bu da son deyildi. Ailəni yeni
itkilər gözləyirdi. Qardaşının
ölümündən dörd ay ötməmiş
bacısı Emiliya lap cavan yaşında dünyasını
dəyişdi. Sevimli bacısının
itkisindən özünə gəlməyə macal
tapmamış yazıçı növbəti zərbəni
aldı. O, bir qədər sonra - 1849-cu ildə kiçik
bacısı Annanı da torpağa tapşırdı. Sanki həyat eyni acıları ona yaşatmaq
üçün inad edirdi. Onunsa itirməyə kimisə
qalmışdımı?..
Bu solğun bənizli,
zəif qızın bu qədər itkilərdən sonra
həyatda dura biləcəyinə o vaxt çoxları
inanmırdı. Amma
Şarlotta Bronte hərtərəfli sarsılsa da bütün
olanlara tab gətirdi. Bəlkə də yazıb-yaratmasaydı,
özünü əsərlərinə həsr
etməsəydi, bu onun üçün mümkün
olmayacaqdı. Şarlotta özünü
bütünlüklə yazı-pozunun içərisində
qərq etmək istəyirdi və bunu edirdi. Bronte növbəti əsərini tamamladı. Bu arada Şarlotta Brontenin təxəllüsü
də müəllif tərəfindən aşkarlıq
qazanmışdı və bu onun ətrafında
yaranmış söhbətlərə yeni stimul vermiş oldu.
Artıq onun naşir problemi yox idi. O
dövrün ən imkanlı naşirləri Şarlotta
Brontenin əsərlərini çap etməyə hazır idi.
Bu arada aldığı qonorarlarla maddi durumu da
xeyli yaxşılaşmışdı. O isə
təəssüf ki, bütünlüklə tənha idi. Tənhalığının ən son
nöqtəsini ən kiçik bacısı qoymuşdu.
Bronte bacı-qardaşlarından həyatda
kimsə qalmamışdı. Onların
hamısı gənc yaşlarında bu dünya ilə
vidalaşmışdılar. Yalnız
xəstə və qoca atası Patrik qalmışdı, o da
demək olar ki, çox pis vəziyyətdə idi.
HƏR KƏSİNİ İTİRMİŞ
YAZIÇI
Digər
tərəfdən Şarlotta Brontenin öz şəxsi
həyatında da problemlər baş alıb gedirdi. Yaşadığı
köhnə və yeni stresslər onu həyatdan küsdürmüşdü. Əvvəlki
illərdəki sevgisindən ayrılan Şarlotta
ürəyini verdiyi naşir Smitlə xeyli müddət
birlikdə olsa da bu yaxınlıq daimi ola
bilmədi. Hətta onlar nigahlanmağa
qədər gəlib çatmışdılar. Son
dövrlər Şarlotta Bronte özü də
gücünün bitib-tükəndiyini hiss edirdi. O
vaxtının çox hissəsini Havortdakı evində
tənhalıqda keçirirdi. Mənəvi
əzablardan əziyyət çəkən
yazıçı bütün acı
sıxıntılarına baxmayaraq 1853-cü ildə
özünün yeni romanını - "Vilett"i
üzə çıxardı. Bu romanı
da oxucular tərəfindən maraqla qarşılandı.
O isə özünü kimsəsiz və lazımsız hiss
edirdi. Bütün varlığı ilə
bağlı olduğu sevdiyi insanların çoxu ondan
uzaqlarda, əlçatmaz yerdə idilər. Smitlə də yolları ayrılmışdı.
Belə deyirlər ki, Şarlotta sonuncu
əsərindən sonra itirdiyi qardaş və bacılarının
qəbrini daha tez-tez, daha uzun-uzadı ziyarət etməyə
başlamışdı.
Yazıçı
1854-cü ildə keşiş Nikolass Bellə ərə getdi. Amma bu izdivac,
ailə həyatı da onun həyat tərzində ciddi
dəyişikliyə səbəb olmadı. Şarlotta Bronte həm də fiziki
cəhətdən çox zəifləmişdi. Tez-tez xəstələnir, halı pisləşirdi.
Nigahdan heç bir il ötməmişdi
ki, istedadlı yazıçı, əsərləri qısa
zaman içərisində dünyanın bir çox
dillərinə tərcümə olunmuş, lakin
təsvirəgəlməz kədərli bir həyat
keçirmiş Şarlotta Bronte 1855-ci il mart ayının
31-də 39 yaşında öldü. Onun parlaq
istedadı, inanılmaz təsvir qabiliyyəti, duyğuları
gözə çarpdırmaq xüsusiyyəti bu gün də
oxucuların, elə naşirlərin də diqqətindədi.
Vaxtıyla onun rədd edilmiş ilk əsəri
"Professor" da Brontenin ölümündən sonra cap
edildi. Qısa ömür yaşamış
Şarlotta Bronte Avropanın ən tanınmış
müəlliflərindən olmaqla yanaşı,
özündən sonrakı nəhənglərin də diqqətini
özünə cəlb eləmişdi. Onun
haqqında yazan İ.V. Höte Şarlotta Brontenin
özünəməxsus xarakterini onun məhz
yaradıcılıq sirri adlandırmış,
yazıçının əsərlərini yüksək
dəyərləndirmişdir.
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 1 iyun.- S. 6.