Könüllərə düşən işıq

 

Laçın sevdalı Adil Şirinə

 

Gözümün qabağından başı dumanlı, zirvəsi buludları yaran silsilə bir dağ uzanıb gedir. O dağın hər daşının altında bir çeşmə qımıldanır... hər gülünün ləçəyində bir qurtum şeh ləpələnir... zümrüd kimi parıldayır... işıq saçır... hər cığırında bir turacın, bir qartalın, bir meşə göyərçininin lələyi, ləpiri görünür... Baxıram mənə elə gəlir ki, bu dağ silsiləsi təkcə ruhumu oxşamır, gözümün yaddaşını təzələmir... o həm sinəmi dağlayır, ürəyimin qabıq qoymuş yaralarını köz-köz edir. Çünki indi gözlərim önündən keçən həmin o mənzərəni mən xəyalən yaşayıram, ruhən gəzib dolanıram. Elə bil ki, yuxu görürəm... Amma...

Bir vaxtlar doğulduğum kəndin güneyindəki yamaca qalxıb üzü Kirs dağına tərəf boylanırdım. o dağdan üzü Şuşaya, üzü Quruçay vadisinə, üzü Müsürmanlar kəndinə, üzü mənim öz doğulduğum Tuğ kəndinə doğru axnaşıb gələn buluda, dumana baxanda hiss edirdim ki, bu gələnlər Laçının bizlərə göndərdiyi yaz sovqatıdı, bar-bərəkət payıdı. Çünki Kirsdən gələn duman, bulud həmişə özü ilə bərəkət yağışı gətirirdi, ruzi yağışı gətirirdi. mən özümdən yaşca çox-çox böyüklərdən eşitdiyim inanca söykənərək həmin o Laçından gələn ruzi, bərəkət yağışına xüsusi bir sevgi ilə, həvəslə qol açır, onun ovuclarım içərisinə yağmasını istəyirdim. beləcə zaman-zaman böyüyüb Laçının özünü , kəndlərini , obalarını da, bağlarını, düzlərini gəzdim, dolandım. Minkəndində, Qarakeşişdə, daha haralarda olmadım... lilparlarından, mineral sularından, müxtəlif giləmeyvələrindən, şirin nemətlərindən, göz-könül dolusu dadıb ləzzətini anladım. gördüm ki, Allahın min bir həvəslə, min bir sevgi ilə cənnət deyib yaratdığı Laçında elə insanlar da yerin özü kimi qürurlu, o yurudun özü kimi laçındılar. günlərin birində bu Laçın deyilən cənnəti mənə bir az da artıq sevdirəcək bir dostla qarşılaşdım. Özü öncə qəzet səhifəsində. Onun şeirləri mənim ruhumun qapısını, pəncərəsini döyüb birbaşa sorğusuz-sualsız həyatıma, ömrümə daxil oldu çevrildi onun daimi sakininə...

İllər sonra Adil Şirinlə keçmiş "Sovet kəndi" qəzetinin redaksiyasında görüşdük və başladı şəxsi tanışlığımız, dostluğumuz. Bu dostluğun sayəsində onun şeirlərini, kitablarını daha tez-tez oxumağa, daha yaxından öz ruhumun sakininə çevirməyə başladım. Görünür bu ruh doğmalığı bizim ailə müstəvisindəki dostluğumuza bir körpü oldu. Həmin körpüdən çox rahatlıqla, təmənnasız, bir-birimizin dünyasına gediş-gəlişə bir ip ucu verdik. Təbii ki, həimin ip ucu da Adil Şirinin şeirləri oldu...

Bilmirəm o vaxtdan nə qədər keçib və onu da bilmirəm ki, Adil Şirin hardasa, nə vaxtsa özünə ad günü keçirib və ya keçirməyib, amma onu bilirəm ki, bu söz adamı öz hərəkətləri ilə, öz davranışlarıyla, öz qələmiylə, öz şəxsiyyətiylə həmişə bütün tədbirlərin üst qatında dayanıb. Öz qürurunu hansısa bir məqam üçün ayağa salmayıb. Bax, elə buna görə onun şeirləri bəzən rəndəsiz, yonulmamış, bəzən ülgüc kimi sərt, bəzən gül ləçəyi kimi zərif olmaqla oxucunu haldan-hala salıb. O misralarını yaşaya-yaşaya, öz qanına, canına hopdura-hopdura dünyaya gətirib, kağıza köçürüb. Mən Adilin şeirlərini oxuyanda onun misralarının arxasında həmişə özümü görmüşəm. Necə varsa, o cür. Hətta bəzən söhbətlərimizdə ona təzə şeirləri ilə bağlı fikirlərimi söyləyəndə hansısa bir obrazlı ifadə axtarmaq istəsəm alınmayıb. Görmüşəm ki, bu obrazlı deyim, ifadə Adilin saf, səmimi şeirləri üçün bir yamaq təsiri bağışlayır. Ona görə birbaşa içimdə olanı, dilimin ucunda göyərəni söyləmişəm. Demişəm ki, bu şeirlərin eyni ilə sənin özündü, sənin bir hissəndi.

Kimlərsə başqa cür fikirləşə bilər, Adil Şirinin şeirəlrinə başqa bir prizmadan baxa bilər. Bu təbiidir belə olmalıdı. Çünki o şeirlərin hər biri Adilin yaşantılarıdı, ovqatıdı. Deməli, Adil istər Laçından yazsın, istər Laçın həsrətli valideynlərindən, istər özünün gəncliyindən, istər övladlarından, istər şəhid doğmalarından... bir sözlə, hansı mövzuda yazır yazsın, həmin şeir onun məhz həmin məqamdakı ovqatının pıçıltılarıdı. Könül pıçıltıları isə hər kəsə bir cür təsir bağışlayır. Kimsə duyğulanır, kimsə xəyala qapılır, kimsə özünü, dünənini görür həmin o misraların, pıçıltıların içərisində ola bilsin ki, kimlərsə özünə yer tapa bilmir, günahı misralarda axtarır.

Mən Adil Şirinin 55 yaşının tamamında bütün xatirələrimi vərəqlədim, bütün olanları göz önündən keçirdim. Amma onların heç birini bu mötəbər gündə kağıza köçürmək istəmədim. Çünki o duyğular, o məqamlar Adilə mənə aiddi. Sadəcə mən bu gün onun 55 yaşının tamamında eyni dərdin daşıyıcısı kimi, eyni ağrıları yaşayanlar kimi nəhayət, onun sevincinə cani-dildən qoşulan dost kimi bir anlıq Laçınlı günlərə qayıtdım. Ürəyimdən keçdi ki, kaş bu 55 yaşı biz Laçında qeyd edəydik. Amma neyləyək ki, bu bizim gücümüz daxilində deyil. İnşallah, Tanrı o gücü vaxtsa bizə bəxş edər. İndilikdə isə bütün səmimiyyətimlə deyirəm:

- 55 yaşın mübarək, Adil Şirin. Övladlarının xoş gününü, Laçının azadlıq bayramını yaşamaq sənə nəsib olsun! Qələmin yorulmasın!

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 1 iyun.- S. 7.