Qışdan sonra yaz gəlməsin
Qışdan sonra yaz gəlməsin,
sular axıb
durulmasın,
fələyin üzü
gülməsin,
məni ümidimdən
asın.
Ay batsın
gecə yarı,
boz qurdlar ulamasın,
ərisin dağların
qarı,
məni bu sevdamdan asın.
Torpağa qara daş əkin,
üstünə adımı
yazın,
sonra bir salavat çəkin,
məni ruhumdan asın...
EŞQ DUALARI
Allahım, bir eşq göndər
diz çökübən
and içim.
Sən bir eşq göndər mənə
uğrunda candan keçim.
Allahım, tək-tənhayam
fələyi geri göndər.
Mən qullardan
bir qulam,
bir ilahi eşq göndər.
Söylə, nə var dünyada?
Allahım, səndən uca.
Bir eşq göndər bəndənə,
bəndən göylərə
uça.
Allahım, bir buta ver,
buta ver bir röyada.
Sənin eşqindən
uca,
söylə nə var dünyada?..
***
Ana, laylan
ovutmaz,
ovutmaz qərib
könlümü.
Fələk göydən
boylanıb,
baxıb, görüb
könlümü.
Ana, burda
qürbətdəyəm,
dərdlərimi oyatma.
Durnalarla göndərdiyim
məktubu cırıb
atma.
Ana, qara sevdalıyam,
qara misralar yazdım.
Qara yuxular gördüm-
Qara yuxular yozdum...
Ana, bir dua elə,
haqdan küləklər
əsir.
Fələk göylərdən
enib
mənim yolumu kəsir...
BƏDİRLƏNMİŞ AY EŞQİNƏ
Kölgəsi özündən
gözəl şah tutlar,
köpük-köpük,
pəmbə-pəmbə buludlar...
Durnalarla geri dönmür
umudlar-
sən dünya
dediyin burası
deyil...
Rüzgar alnımızdan
bir misra silməz,
sevdalı könüllər
bir daha gülməz,
ölüm bir namərddi,
dost-düşmən bilməz,
sən dünya
dediyin
burası deyil...
Bədirlənmiş Ay eşqinə
dua eylədim,
bəlkə heç
olmamış şeylər
dilədim,
bu dünyanın
hər üzünə
bələdəm-
sən dünya
dediyin
burası deyil...
PAYIZ AYRILIĞI
Göy üzü
qəfildən tutulur,
dolur,
yarpaqlar tökülür,
yarpaqlar solur,
ötən bir məhəbbət xatirə
olur.
unut məni,
unut məni, əlvida.
Sən yağışlı
gündə çıxma
qarşıma,
taleyə qarışma,
bəxtə qarışma,
daha bir kimsədən məni soruşma,
unut məni,
unut məni, əlvida.
Taleyə inandım,
baxta inandım,
inandım, aldandım,
yenə inandım,
haqqın qapısında
gəlib dayandım,
unut məni,
unut məni, əlvida.
BİR ÖMÜR YAŞADIM
Daha bu əzablar, ağrılar yetər,
bir ömür
yaşadım, o da ki,
hədər...
Yenə də ayrılıq, yenə də kədər,
taleyim tuş etdi daşa ömrümü.
Yaxşı günlərimi
yaman eylədim,
mən belə
yaxşıdır,
güman eylədim.
Kimsədə günah
yox,
qurban eylədim,
özüm öz əlimlə qışa ömrümü.
Özüm öz gücümlə qalxıb
ucaldım,
təklikdən, həsrətdən,
vallah qocaldım...
... Elgizim,
Nərgizim
çox balacadı-
ay Allah,
vuraydım başa
ömrümü.
Adiləm, qəm-qüssə
yaşar gözümdə...
Qalaram dünyada
şeirim,
sözümlə.
Bacara bilsəydim
özüm-özümlə,
Qoymazdım yolundan çaşa
ömrümü.
BÖYÜK SEVGİLƏRƏ ÜMİD BAĞLADIM
Kiçik qayğılardan,
kiçik hisslərdən,
çörəyi dizində
olan kəslərdən,
əl çəkib
üzümə gülən
kəslərdən
böyük sevgilərə
ümid bağladım.
Çəməndə alışan
laləni sevdim,
könlümə yaxşılıq
salanı sevdim,
Ayın üzündəki
haləni sevdim,
böyük sevgilərə
ümid bağladım.
Hər şeyin
yaxşısı, pisi
varıymış,
Dağların dumanı,
sisi varıymış,
Yolların uğuru,
nəhsi varıymış,
böyük sevgilərə
ümid bağladım.
Çiçəklər açılıb
solacaqdısa,
uğursuz sevdalar qalacaqdısa,
dünya baş açılmaz qalacaqdısa,-
böyük sevgilərə
ümid bağladım.
Şaxtanı, sazağı,
ayazı gördüm,
aradım dərini,
dayazı gördüm
qarşımda çağlayan
Arazı gördüm-
böyük sevgilərə
ümid bağladım.
GETDİYİN YOL GERİ DÖNSÜN
Getdiyin yol geri dönsün,
yolunu, izini öpüm.
Ana yurdun
buludunu,
dağını, düzünü
öpüm.
Qürbətdi burdan o yana,
içim göynədi,
ay ana ,
dodaqlarım yana-yana,
bir bulaq gözünü öpüm.
Fələyin ocağı
sönsün,
ayrılıqlar külə
dönsün,
bir söz söylə gülə dönsün,
ana, o sözünü
öpüm.
A DÜNYA
Cavanlıqda məclislərdə
tost dedim,
İnsanlara qardaş
dedim,
dost dedim.
Şeir yazdım,
dərd üyütdüm,
qəm yedim,
Gənclik bitdi, dostlar getdi,
a dünya.
Dünya dondu, mən çeşmətək
çağladım,
Cihad dedim misri qılınc
bağladım.
Ölən öldü,
qalan qaldı, ağladım,
Kim deyir ki, cihad bitdi,
a dünya.
Mənim qəlbim
uca dağ şəlaləsi,
Mənim ruhum göydə
Ayın haləsi.
Qeybdən gəlir
mələklərin
xoş səsi,
Fələk mənə zülm etdi, a dünya.
Dağ başında
o gördüyüm
daş qala,
Mən hördüyüm,
sən hördüyün
daş qala.
Biz atları
çapıb getdik dördnala,
Dağlarda izimiz itdi, a dünya.
ADİL ŞİRİN
Ədalət.- 2010.- 1 iyun.- S. 7.