Tofiq Abdin: "Düşüncə
tərzimizdə çevrilişə ehtiyac var"
Tanınmış şair, publisist Tofiq Abdinin
bugünlərdə "Dövlət çevrilişi"
adlı kitabı işıq üzü görüb. Müəlliflə
müsahibəmizdə o, əsərlə bağlı oxucular
üçün də maraqlı olan nüanslara toxunub,
düşüncələrini bölüşüb.
-Bəlkə əvvəlcə "Dövlət
çevrilişi"nin adının tarixçəsindən
başlayasınız...
-Mən bu əsəri
1993-cü ildə Türkiyə mətbuatı
üçün işləmişdim. Əsərlə
tanış olanlar da bilir ki, yazı tərzi, üslub olaraq
oranı ağlımda tutmuşam. O zaman "Orta Doğu",
"Yeni Asiya" qəzetlərinə yazılar
yazırdım. "Orta Doğu"nun baş redaktor
müavini İrfan Ülkü mənə dedi ki, gəl bu
yazını ver, çap eləyək. İstəmədim,
çünki onda Heydər Əliyev hələ sağ idi, bilən-bilməyən,
əsəri oxuyan-oxumayan yarınmaq məsələsini ortaya
atacaqdı. İrfan bəy isə doğrudan da Heydər Əliyevin
vurğunu idi. Məni indi də ən çox incidən odur
ki, bəziləri bu fikirdədi, yəni yarınmaq fikrində.Özünüz
də görürsünüz ki, bu əsərdə
yarınmaqdan-filandan söhbət gedə bilməz. Amma
sidq-ürəklə deyirəm, fakt odur ki, o zaman mən DTK sədrinin
müavini olan Heydər Əliyevin yox, başqa bir adamın əlinə
düşsəydim, şəxsən özümü deyirəm,
taleyim tamam başqa cür olardı. Mən bir kənd
uşağı, necə deyərlər bir zəhmətkeş
balası gəlmişdim Bakıya oxuyub ali təhsil alım,
sonra da gedib ailəmin işinə yarıyım. Amma paytaxta gəldim,
ürəyimdə böyük ideallar, arzular doğuldu. Sonra
da ki, DTK-dakı məlum dindirmə. Heç o zaman həmin
şəxsin Heydər Əliyev olduğunu da bilmirdim. Əsərin
adına gəlincə, bu, ən son məqamda ağlıma gəldi.
Əsərin ilkin adı "Ocaq-90" idi. Burada 20 Yanvar hadisələrini
nəzərdə tuturdum. Lakin sonra DTK-nın arxivində
"dövlət çevrilişinə cəhd"də
suçlandığımıza dair sənədin olduğunu
biləndə, əsərin adını dəyişmək qərarına
gəldim. Zənnimcə, bu addımı atmaqla səhv eləməmişəm,
həm poetik səslənməsi, həm də oxucunun diqqətini
cəlb eləməsi üçün "Dövlət
çevrilişi" daha münasibdi. Hərçənd indiyədək
belə "reklam" məni maraqlandırmayıb. Bugünədək
çap olunan kitablarımın adı da çox sadədir-
"Poeziya", "Proza" və sair...
- Həmin vaxt dediyiniz kimi, kənddən gələn o
sadədil gəncləri millətçiyə çevirən
hansı amillər idi?
- Şablon olsa da təkrar
edim ki, öz millətini sevməyən başqa milləti də
sevməz. Şəxsən məni, sovet təbirincə desək,
millətçiyə çevirən çox amillər
vardı. Mən o vaxt Bakıya gələndə kimsəsiz
idim. APİ-yə imtahan verəndə bütün qiymətlərim
yaxşı oldu, amma rus dilindən kəsildim. Kənd
uşağı idim, rus dilini bilmirdim. O vaxt ali məktəblərə
qəbul imtahanında rus dili fənni də
salınmışdı. Onda Ermənistandan bir dəstə erməni
uşağı gəlib qəbul olundu, mən qaldım
qıraqda. Onda məndə belə bir fikir formalaşdı ki,
bunlar gəlib bizim yerimizi tuturlar. Qayıtdım kəndə.
Sonra yenə gələndə mən bir erməninin evində
kirayənişin qalmalı oldum. Yaşadıqca gördüm
ki, ən yaxşı vəzifədə ermənilər,
ruslar, ən strateji postlarda bunlar... İşlədiyim zavodun
erməni rəhbəri də bir tərəfdən məni
burunlayırdı. Bir yandan atasızlıq, bir yandan kimsəsizlik.
Fikirləşirdim ki, respublika sənin olsa da burada bir
haqqımız yox, hər tərəfdə ermənilər,
ruslar. Hələ yerinə sahibləndikləri azmış
kimi sənə də xor baxırlar. Həmin vaxt böyük
arzularla yaşayan, amma zəmanə qanunlarının diqtəsi
ilə arzusu gözündə qalan bir çox gənci millətçiyə
çevirməyə elə bu kimi səbəblər də yetərli
idi.
- Əsərinizdə xeyli sənədlər, faktlar
yer alıb. Bəs niyə təşkilatınızı
"satan" adları gizli saxlamısınız?
- Vallah, şübhələrim
vardı, amma yüz faiz bilmirdim ki, konkret olaraq bizi kim
satıb. Əgər buna tamamilə əmin olsaydım,
onların adını açıqlayardım. Həm də o
vaxt o qədər insanla ünsiyyətdə olurduq ki, heç
vaxt onlardan məhz hansının bizim haqqımızda DTK-ya məlumat
verdiyini bilə bilməzdik. Əksəriyyətimiz kənddən
gələn uşaqlar idik, içimizdə bir saflıq, təmizlik
vardı, heç kimdən, heç nədən şübhələnmirdik.
Haradan ağlımıza gələrdi ki, bir yerdə
çörək kəsdiyimiz, bir yerdə oturub-durduğumuz
hansısa gənc, yaxud gənclər haqqımızda danos verər?
Bilsəm, adlarını birbaşa deyərdim, amma şübhələrim
var deyə, vicdan yükünün altına girə bilmərəm.
Ancaq o vaxt vətənpərvərlik mövzusunda
yazdığım şeirlərimi Tofiq Mütəllimovun rəhbərlik
etdiyi dərnəkdə oxuyurdum. Bəzi şeirlərin əlyazması
qalırdı onda. Sonra həmin o şeirləri KQB-də mənim
üzümə oxudular. Bəlkə də Tofiq müəllim
də o şeirləri əliylə aparıb verməyib, ondan
onu zorla alıblar, yaxud onun yanında olanlar bu barədə məlumat
verirmişlər? Nə bilmək olar? Mübahisəli məsələdir.
-Onda həqiqətənmi inanırdınız ki, irəli
sürdüyünüz böyük amalları həyata
keçirə bilərsiniz?
- Bizim təşkilatımızın,
dərnəyimizin məqsədi o deyildi ki, hökuməti
yıxaq, quruluşu dəyişək. Bizim yeganə istəyimiz
Şimali və Cənubi Azərbaycanın birləşməsi
idi. Fikirləşirdik ki, dünyadakı xalqlar birləşirsə,
niyə biz birləşməyək?
-Bu qədər asanmı görünürdü bu
ideyanın gerçəkləşməsi?
-Mənə elə indi
də asan gəlir. Heç olmasa, insani surətdə, mənəvi
baxımdan niyə birləşməyək? O zaman mən durub
Bolqarıstana turist səfərinə gedirdim, burdan bura
İrana -Cənubi Azərbaycana keçə bilmirdim. Qonşu
Cəlilabada getmək üçün pasportstolda möhür
vurdurmalıydın. Kanalın üstündə iki milis durub
sorğu-sual edirdilər ki, bu kənddə yaşayırsan,
yaşamırsan? Yaşamırsansa, səni
buraxmırdılar. Mənim içimdə onda böyük
iddialar vardı. Nemət Veysəlli bir dəfə mənim
haqqımda yazdığı yazıda yaxşı bir cümlə
işlətmişdi: "Məhərrəm kişinin oğlu
maşınların onu vurmasından qorxmayaraq küçənin
ortası ilə yeriyir ki, qoy adamlar onu görsün". Onda
fikirləşirdim ki, əgər məni görmürlərsə,
iddialarımı qiymətləndirmirlərsə,
yaşamağım kimə lazımdır? Gəncliyimdəki
inqilabçı iddiası başqa, ədəbi iddia
başqaydı. Amma mənim birinci iddiama KQB-dəki o dindirmədən
sonra son qoyuldu. Mən son dərəcə qorxdum. Düzdü,
məni orada döymədilər, söymədilər, işgəncə
vermədilər, heç bir gecə də saxlamadılar. Yalnız
qorxudurdular,
çığırıb-bağırırdılar, vəssalam.
Ancaq o dindirmədən sonra başa düşdüm ki, bu
işin ardınca gedən adama oxşamıram, məndən
inqilabçı çıxmaz. Gördüm ki, bir az da
çətinə düşsəm, mən elə özüm
də yoldaşlarımı sataram. Doğrudur, belə bir
şey olmadı, amma ağlıma gəldi. Açıq deyirəm,
tutalım, mən Sabir Rüstəmxanlı kimi meydanlarda
çıxış eləyib evimə rahat gedə bilmərəm.
Sonra gərək səhərə qədər yatmayam ki, məni
öldürərlər. Mənim qorxularımın
arxasında ailəm, uşaqlarım, doğmalarım,
qohumlarım, dostlarım dururdu. Mənim kimi insanların
ortalıqda olması üçün son dərəcə
demokratik bir ortam olmalıdı, qorxu hissi keçirməməlisən.
Şükürlər olsun ki, sonralar "Qobustan" dərgisi
fəaliyyətə başladı. Və mən başa
düşdüm ki, inqilabçı olub meydanlara
çıxmaq yolu ilə deyil, yazmaqla da millətimə,
dostlarıma, yoldaşlarıma xidmət edə bilərəm.
Mən demokratik Anar məktəbindən-"Qobustan"dan
çıxmışam, Anar deyərdi ki, demokratiya olsun, amma
qan tökülməsin. Qan tökülmədən demokratiya
olmaz ki... O zamanlar bir dostumuz da məni açıq şəkildə
qınayırdı ki, niyə Meydan Hərəkatına
qoşulmuram. Bir dəfə meydana getdim, gördüm ki, Nemət
Pənahov deyir-"oturun, qalxın, oturun, qalxın". Gördüm
ki, bu oturub qalxmaqla, bu millətlə heç hara getmək
olmaz. Mən başqa yol seçmişdim. Ondansa
"Qobustan"da tanınmayan bir müğənni haqqında
yazmaq mənim üçün daha vacib idi. Mən
inqilabçı, partiyaçı, lider kimi
doğulmamışdım, şair və yazıçı
kimi daha faydalı ola bilərdim bu millət üçün. Seçdiyim
yola görə qətiyyən peşman da deyiləm.
-Əsərdə kinematoqrafik ovqat da duyulur...
-Mən özüm
teatrşünaslıq fakültəsini bitirmişəm. Bəlkə
də buna görə təkcə "Dövlət
çevrilişi"ndə deyil, bütün əsərlərimdə
kinematoqrafik çalar, səhnə ovqatı, ekran əhval-ruhiyyəsi
var. Ancaq artıq bu mənim işim deyil, əlbəttə, əsərin
ekranlaşdırılmasını, yaxud səhnələşdirilməsini
çox istərdim. Bəlkə gələcəkdə kimlərsə
bu barədə düşünəcək.
- "Dövlət çevrilişi"nin janr
seçimi fərqlidir, maraqlıdır...
- Əlbəttə, əsəri
qələmə alanda konkret olaraq hansısa janrı nəzərdə
tutub yazmamışam. Yazandan sonra belə alındı. Fərqli
janrdır, müxtəlif üslublar bir-birinə qarışıb.
Ancaq orada göydəndüşmə, rabitəsiz heç nə
yoxdu. Hamısı bir-biri ilə əlaqəlidi. Bu, tamamilə
başqa bir janrdı. Buna tam sənədli demək olmur, bədiiyyat
var, bədii demək olmur, faktlar var. Lakin sonra qərara aldım
ki, əsəri məhz publisistik povest adlandırım. Sənədli
yox, məhz publisistik povest.
- Əsərdə çox mətləblər
aydınlaşıb. Amma yenə də
elə məqamlar olubmu ki, hansısa səbəbdən
onları əsərə gətirə bilməmisiz?
-Var elə məqamlar. Səhər
9-dan axşam 6-ya kimi DTK-nın binasında
saxlandığım vaxtda danışdıqlarım
yadımda dumanlı şəkildə qalıb. İstəyərdim
ki, orada danışdıqlarımın stenoqramı ilə tam
şəkildə tanış olum. Mənə dedilər ki, bu
mümkündü, oraya ərizə ilə müraciət
edirsən, həmin danışıqların stenoqramı təqdim
olunur. Lakin bu işin ardınca düşmədim. Həmin
stenoqramı görmək arzum onunla bağlı idi ki, bilim,
görüm kimləri satmışam. Düzdü, dəqiq
yadımdadı ki, mən orada ad verməmişəm.
Dumanlı da olsa şairlər, rus qızı haqqında
soruşduqları xatirimdədi. Amma yenə də özüm
üçün maraqlıydı ki, təfərrüatı ilə
nə danışmışam. Heydər Əliyevin
qarşısına qoyulan o böyük qovluğu çox
görmək istərdim. Yəqin ki, orada povestimə daxil
olası çox maraqlı məqamlar olardı. Mənimlə
bərabər orada dindirilən digər adamların da
stenoqramını görmək istərdim. Onda "Dövlət
çevrilişi" indikindən iki dəfə həcmli
olardı. Bilmək istərdim ki, mənimlə bağlı
onlardan nə soruşublar, cavablar nə olub...
- Sizin dərnəyinizin o vaxtkı əsas ideyası -
Güney və Quzey Azərbaycanın birləşdirilməsi
problemi indi də qalır...Üstəgəl Qarabağ dərdi
də problemlərimizin üstünə əlavə olunub.
Amma bu gün bir qrup aktiv gənc istisna olmaqla, təəssüf
ki, Azərbaycan gəncliyini hansısa pop musiqi
yarışmalarından, meyxana müsabiqələrindən və
bu kimi bayağı şou layihələrindən başqa
heç nə maraqlandırmır...
- O vaxtkı
sıxıntılar indi daha da artıqlaması ilədir. Ancaq
bütün hallarda həyat indiki gənclər
üçün o qədər yaxşılaşıb,
gözəlləşib ki... Biz onda müstəqillik, birləşmək
arzusu ilə yaşayırdıq. Gənclərimiz artıq bu
kimi böyük amallarla yaşamırlar. İndi suverenlik əldə
olunub. Ancaq bu müstəqillik də nisbi bir şeydi. Mənim
fikrimcə, dünyada mütləq müstəqil dövlət
yoxdu. Bütün ölkələr bir-birinə
bağlıdı. Ancaq gənclərin indi
saydığınız o bayağı marağı da 3-5 il
davam edib sona çatacaq. Əminliklə deyirəm ki, ölkədə
bu gün də düşüncəli, səviyyəli,
böyük məqsədlərə, amallara tapınan gənclər
var. Yəqin ki, mənim kimi qorxanlar da var, amma prinsipcə, gəncliyimizə
güvənmək olar. Ancaq əsas bəlamız odu ki, indi
bizdə təkcə gənclərin yox, bütövlükdə
cəmiyyətin dünyagörüşü dəyişib. Bizim
insanlarımızın düşüncə tərzi
qüsurludu. Əksəriyyətimiz "yalnız qapımdan
içəri" fəlsəfəsi ilə
yaşayırıq. Lap xırdalıqlara varaq. Bəyəm bizə
kimsə əmr edir ki, lifti zibilləyin, çirkabı hara gəldi
atın, yolda tıxac yaradın, sayğac qoşulmayıbsa,
işığı, suyu, qazı lazım olmadan
boş-boşuna işlədin və sairə? Adam gedir
Almaniyaya, gəlib burada alman xasiyyətindən, xarakterindən
sitatlar gətirir, amma zibili öz binasının
qabağına atır. Bizim ölkədə heç kəs
öz öhdəsinə düşən adi işi
görmür. Hamı deyir ki, xata-bəla məndən uzaq
olsun, kiməsə nəsə oldu, mənə nə? Biz
heç cür demokratik təfəkkürə sahib ola
bilmirik. Bizim milləti başa salmaq müşkül məsələdir,
hamımızın təfəkkürümüzdə,
düşüncə tərzimizdə çevrilişə
ehtiyac var.
Sevinc MÜRVƏTQIZI
Ədalət.- 2010.- 3 iyun.- S. 7.