Beşin sağ olsun, Vaqif
Bəhmənli
"Həyatımdan SÖZü çıxsalar,
yerdə çox az şey qalar. Bəlkə də
heç nə qalmaz..."
Yol xəritəsi yerinə...
"... Vaqif
Bəhmənli yol adamıdır-hardan gəldiyini də bilir,
hara getdiyini də.
Vaqif Bəhmənli
çöl adamıdır- doqquz mərtəbəli evin
balkonunda bitməyinə baxmayın!
Vaqif Bəhmənli yük
adamıdır- yoxsa dərdi, azarı olanlar məhz onu
qırağa çəkib ürəklərini
boşaltmazdılar ki!
Qələm adamıdır,
hal adamıdır, iç adamıdır, Allah adamıdır.
Mənə
belə gəlir ki, Vaqif müəllimin indiyəcən nə
xətrinə dəyən olub, nə də o bir kimsənin
ürəyini qırıb. O, bu dünyada bu dünyayla
hesabı açmadan yaşayır- 0:0. Amma şeirləri
elə deyil, ürəyi qırılanı da var, ürək
qıranı da, sənə toxunanı da tapa bilərsən,
sənin toxunduğunu da!.."
Şair Vaqif
Bəhmənlini tanıyanlara, tanımayanlara, tanımaq
fürsəti axtaranlara, hətta tanımaq
istəməyənlərə ünvanlanan bu sözlər
mənim deyil.
Bəxtəvər başıma, hardaydı məndə
belə bacarıq...
Şair dostum
Qulu Ağsəsin sözləridi. Hamının
ürəyindən xəbər verdiyindən qoy bu yazıma
bələdçilik eləsin.
Yazımız,
yolumuz açıq olsun!
Vaqif Bəhmənli çeşməsindən beş seçmə:
"Bəzən güclü yazıçıda da
həyat həqiqəti çatmır"
"İlham pərisini heç yerdə
görməmişəm"
"Azərbaycandakı inkişafı
görməmək
üçün gərək namərd olasan"
"Söz aləminə taxıl zəmisinə
düşən odla gəlmişəm"
"Jurnalistikanı poeziyanın
qapısında bir qul kimi saxladım"
- Vaqif bəy, beşləri qoşalayıb hara belə?
- Çətin sual olsa da,
deyim, mən öz yolumu gedirəm. Əslində
rəqəmlər şərtidi. Uzun
illər bundan qabaq yazdığım şeirlərin
birində deyirdim ki, ömrümü bütöv yaşamaq
istəyirəm. Əslində günü,
həftəni, ayı, ili,
şənbə-bazarı insan özü təqvim olaraq
uydurub. Onsuz da insan bütöv bir ömür
yaşayır. Şəxsən mənim
hara getməyimə gəlincə, hara gedirdimsə elə ora
da gedirəm. Yol birdi, o yoldan dönmək
fikrim yoxdu.
- Bu yolda SÖZün yol yoldaşlığı
necədi? SÖZlə yol getmək maraqlıdı, yoxsa
cansıxıcı?
- Bu yolda yol yoldaşı
olan insanlar, ağaclar mənim üçün qiymətlidi. SÖZlə
isə xüsusi bir yoldaşlığım var. Hərdən
elə fikirləşirəm ki, həyatımdan SÖZü
çıxsalar, yerdə çox az
şey qalar. Bəlkə də heç nə
qalmaz. Ona görə də SÖZü
özümə ən etibarlı yol yoldaşı sayıram.
Hələ ki, bir yerdə yol gedirik...
- Dostunuz Maarif Soltan sizin ədəbi nəsli
ədəbiyyatımızda ən abırlı nəsil
adlandırır...
-
Ədəbiyyatda abırlı insanlar həmişə olub, var
və olacaq da.
Ədəbiyyatda mənə həm bizdən
əvvəlki nəsil, həm də sonra gələn nəsil
və o cümlədən yaşıdlarım kömək
edib. Bu kömək təkcə
"Uğurlu yol" yazmaqla, şeirlərin, kitabların
çapına yardımçı olmaqla ölçülmür.
Məni əhatə edən bütün
ədəbi nəsillərin nümayəndələrindən
enerji almışam. Mən onlara nə
vermişəm, bunu deyə bilmərəm.
- Ədəbiyyatda nəsillər
arasındakı savaşa, gizli və açıq intriqalara
heç vaxt qoşulmayan Vaqif Bəhmənlinin fikrincə,
ədəbiyyat belə mübarizələrdən nə qazana
bilər?
-
Ədəbiyyat heç nə qazanmır. Düzdü,
ədəbiyyatətrafı söz-söhbət
həmişə olub, bəlkə lap Nizaminin, Füzulinin
zamanında da. Ədəbi cərəyanlar
bir-biri ilə mübahisə apara-apara, toqquşa-toqquşa
inkişaf ediblər. Amma bunun
özündə belə etik çərçivələri
qorumaq vacibdi. Ədəbiyyatın amalı
insana xidmət etməkdi. Belə olan halda
ədəbiyyat nümunələri yaradan insanların etik
çərçivələri, normaları pozması
heç cür müsbət qarşılana bilməz.
- Ustad jurnalistimiz Şakir Yaqubova illər öncə
verdiyiniz müsahibədə deyirsiz ki, əgər mənim
çox, lap çox pulum olsa, o pulun hamısını, sonuncu
qəpiyə qədər ortaya qoyub Qarabağın
işğal olunmuş torpaqlarını qan
tökülmədən alardım. Yenə o
fikirdə qalırsız?
- İndiyə
qədər nə demişəmsə, yenə həmin
fikirlərdə qalıram. Minnətdaram ki,
sən qardaşım Şakir Yaqubovun adını
xatırladın. Bu vaxta kimi mətbuat
üçün çoxlu müsahibələr
vermişəm. Amma Şakir
müəllimin hazırladığı müsahibənin
özünəməxsus yeri var. Təsadüfi deyil ki,
həmin müsahibəni "Sınıq güzgü"
kitabıma ön söz kimi daxil etmişəm. "Sınıq güzgü" nadir
kitablardandır ki, ön sözü müsahibə ilə
başlayır. Şakir Yaqubovun
yazdığı o müsahibə bu janrın bütün
tələblərinə cavab verir. Ona
görə də həmin müsahibəni Şakir Yaqubovun
əsəri kimi kitabıma daxil etmişəm.
Bayaq dediyim kim,
Qarabağın azad olunması ilə bağlı
səsləndirdiyim fikirdə qalıram. Azərbaycan
xalqı, cəmiyyətimiz bütün gücünü,
qüvvəsini toplayıb yeganə problemimizin həllinə
çalışmalıdı. Bu da
Qarabağın işğal altında qalan
torpaqlarımızın problemidi. Ən
ümdə vəzifəmiz həmin problemi həll etməkdi.
Hər şey göz qabağındadı.
Bu günki Azərbaycan 10 il əvvəlki
Azərbaycan deyil, inkişafın getdiyini görməmək
üçün gərək namərd olasan. Bu
dəyişikliklər bütün cəmiyyətdə, o
cümlədən, ədəbiyyatda və
mədəniyyətdə də gedir. Təəssüf
ki, bircə Qarabağ problemi həll olunmamış qalır.
Bu gün hər birimiz bu barədə
düşünməliyik, biz torpaqlarımızın
işğaldan azad olunması üçün nə
kömək edə bilərik. Təbii,
dövlətimiz böyük çabalar göstərir,
yüksək səviyyələrdə danışıqlar
aparır. Mənim fikrimcə, bu
məsələni xalq özü həll etməlidi. Xalq,
xalq, xalq... Xalq deyəndə başda prezident
olmaqla, hər birimizi -ziyalıdan,
yazıçı-şairdən tutmuş adi
vətəndaşa qədər hamımızı
nəzərdə tuturam. Biz bu yolda
çox qanlar görmüşük, itkilər vermişik.
İndi elə etməliyik ki, növbəti
dəfə itki vermədən, qan axıdılmadan bu
məsələ həll olunsun.
- "Bərəkət"
qəzetinə rəhbərlik etdiyiniz dövrdə dostunuz
Seyran Səxavət həmin nəşrdə
"Kasıb" səhifəsi açmışdı. "Bütün ölkələrin
kasıbları, birləşin!" şüarı ilə
çıxan o səhifəni bərpa etmək mümkün
olsa, ətrafına neçə milyon oxucu toplayar?
-
"Kasıb"ın indi neçə milyon oxucu toplaya
biləcəyini dəqiq deyə bilmərəm. Xasiyyətcə
yumoru sevən adamam. Məndən
əvvəl deyilən bir fikirlə tam şərikəm ki,
yumoru sevməyən insanın yetkinliyi bir qədər
şübhəlidi. Yumor insanı
yaşadan bir dəyərdi. Rəhmətlik
Məhəmməd Füzulinin "Salam verdim,
rüşvət deyildi, almadılar"- fikrinin
özündə böyük bir həqiqətlə
yanaşı yumor da var. Mən müxtəlif qəzetlərdə
yumorla bağlı rubrikalar aparmışam -
"Pürrəng çay içə-içə",
"Altı günün biri şənbə". "Ədalət" qəzetində
çalışanda "Ətalət", "525-ci
qəzet"də "Sarımsaq" səhifələrini
hazırlamışam. "Bərəkət"də
çalışanda Seyran müəllim indi sənin
xatırladığın "Kasıb" səhifəsi
yaratmaq təklif etdi və biz qəzetdə ona səhifə
ayırdıq.
Kasıblıq
insanın özündən çox asılıdı. Tutaq ki,
yaşadığım bu 55 ildə kimisə həmişə
kasıb görəndə birinci elə o insanın
özünü qınamışam. İnsanın bir az da olsa qolunun gücü varsa, o, kasıb
olmamalıdı. Kasıblıq psixologiyasına
köklənən insan çox asanlıqla kasıb ola bilər. Allahın adı haqqı,
tezdən iş ardınca, çörək dalınca
evdən çıxan adam heç vaxt
kasıb olmaz.
- Sizin də, mənim də gözəl
tanıdığımız bir insan var- əməkdar
inşaatçı İlyas Bədəlov. Mən İlyas
müəllimin yubileyində yazı yazmaq istəyirdim,
nəsə toparlanıb yaza bilmədim. Bəlkə siz
mənə məsləhət verəsiz, yazını necə
başlayım? Hər halda İlyas müəllimə iki
şeir həsr etmisiz...
- Şair
hər adama şeir həsr eləmir. Mən adbaad çox az
adama şeir həsr etmişəm. Şeir
həsr etdiklərim də mənim həyatımda yeri olan
insanlardı. İstəmişəm ki,
onlar qardaş deyilən həqiqətə bağlansınlar.
Belə deyək də, həmin şeirlər
bir növ böyük qardaş həqiqətinə
çağrışlardı. Elə
insanlar var ki, qanı sənin qanınıdan olmasa da, sən
cəmiyyət qarşısınıda onun mərdliyini,
kişiliyini görmüsən, həmin adamlar haqqında
hökmən nəsə yazmaq istəyirsən. Çünki
həmin insanlardan gələn müsbət enerjini
başqaları ilə paylaşmaq ehtiyacı hiss edirsən. Dostumuz İlyas Bədəlov da belə
insanlardandı. İlyas
müəllimdə o qədər həyat materialı var ki,
rahatca oturub nəsə yaza da bilərdi. Bəzən
görürsən ki, istedadlı bir yazıçıda
həyat materialı çatmadığından əsərini
oxumaq olmur.
- Həyat yoldaşınız Rəhilə xanım
əksər kitablarınızın redaktoru və
tərtibçisi olub. Rəhilə
xanımın bəyənmədiyi şeirlər varm? Bəlkə o şeirləri
"Ədalət"də çap edək.
- Bunu gərək
Rəhilə xanımın özündən soruşaq. Mən şeirlərimi həmişə ona oxuyuram,
bilirəm ki, hamısını da bəyənir. Bəyənmədiyi
yox, razı qalmadığı şeirlərim var.
Bəzən hansısa şeirimdə yalan uydururam,
Rəhilə xanım da bilmir, bu həqiqətdi, yoxsa yalan...
- Taleyinizdə rəsmi yerlərdə
çalışmaq qisməti də var. Məsələn, bu
gün Mədəniyyət və Turizm Nazirliyində məsul
bir sahədə çalışırsınız. Yuxarılarda
nə var, nə yox?
- Ömrüm boyu
dövlətimizin yanında olmuşam. Harda
işləməyimdən asılı olmayaraq,
həmişə mənə etibar edilən işi vicdanla
yerinə yetirməyə çalışmışam. Bu da bir zəhmətkeşlik, bu da bir tər
tökməkdi.
- İlham pərisinin
çalışdığınız Hökumət Evinə
gəldiyi məqamlar olur?
- İlham
pərisini ümumiyyətlə heç yerdə
görməmişəm. O nə mənim evimdə, nə küçədə,
nə də Hökumət Evində var. Mən şair kimi
içimdən, canımdan gələn hissləri
reallaşdırmağa çalışıram. Bəzən yaradıcı adamlar ilham pərisini
reallığa çevirirlər. Guya
qapını açıb gəlir, hətta onun
adı-familyası var. Bunlar hamısı boş-boş
şeylərdi. Şairlik Allahın insana
verdiyi ruhdu. Bu ruh hər bir insanda var, amma
hamıya şeir yazmaq gücündə verilməyib. Əslində ilham pərisi şairin
içindədi. Deməli, şeir yazanda o
gəlmir, bəlkə də bədəndən
çıxır. Bədəndən
çıxanda da onunla üzbəüz oturursan.
- Bayaq xatırlatdığınız "Sınıq
güzgü" kitabına sizin həm də
tanınmış sənət adamları ilə çox
maraqlı müsahibələriniz daxil edilib. Bu
gün kimlərdən müsahibə götürmək
istərdiz?
- Müsahib
seçməyə cəmiyyətdə son dərəcə
maraqlı insanlar var. Amma sən də bilirsən ki,
müsahibə mənim üçün jurnalistika
sahəsində əsas janr olmayıb. Əslində
müsahibə düşünüldüyü qədər
sadə və asan janr deyil. Jurnalist
maraqlı söhbət qurmaq üçün müsahibə
götürmək istədiyi insanı dərindən
tanımalıdı, müsahibinin verdiyi cavabı ondan
əvvəl bilməlidi. Bu
jurnalistikanın qızıl qanunudu. Ürəyinə,
ruhuna yaxın müsahib tapmaq da əsas şərtdi. Amma indi çox vaxt müsahibəni at kimi
belədən-belə çapırlar.
Mən yazı
aləminə sadə bir xəbərlə gəlmişəm. Doğulduğum
Bəhmənlidə
- Məşq edirdiz?
- Məşq deməzdim. Yazılarımın birində demişəm ki,
jurnalistikanı poeziyanın qapısında bir qul kimi
saxladım.
- Hər halda taxıl zəmisinin
söndürülən odu sizin qəlbinizdəki yazı-pozu
odunu alovlandırdı.
- Bu sənin
izahatındı. Mən onu bilirəm ki,
söndürülən odla gəlmişəm.
- Tərifdən xoşunuz gəlir?
- İnsan
zəhmətinə qiymət verildiyini görəndə
xoş hisslər keçirir, daha yaxşı
çalışmaq istəyir. Orta məktəbdə
Rza müəllim adlı müəllimimiz var idi. Onun şagirdlərini səliqəli xəttinə
görə tanıyırdılar. Məsələn,
yolda kiminsə dəftərindən bir varaq qopub
düşübsə üstündə Vaqifin, Eldarın,
Həsənin adı yazılmasa da bilirdilər ki, bu Rza
müəllimin şagirdlərindən birinin
dəftərindən düşüb. Hərdən
gedib Rza müəllimin həyətində odun
daşıyardıq. Rza müəllim
hər dəfə təriflədikcə elə bil mənə
əlavə güc-qüvvət gəlirdi. Tərif deyəndə ki, insanı
ruhlandırmağa sadə bir söz də yetir. Ona görə də mən dostlarımı,
çevrəmdəki insanları tərifləməyi
çox sevirəm. Ən yüksək
səviyyələrdə insanları xoş sözlər
idarə edir. Biz gündəlik
həyatımızda, evdə, işdə, insanlarla
söhbətdə bu cür davranmalı, xoş sözü
əsirgəməmliyik. Bizim xalq xoş
sözə layiqdi. Yağın aşa
nə ziyanı? Amma bunu yaltaqlığa
çevirməməliyik.
Yolun ortası, yazının sonu
Beşlərdən yoğrulub sümüyüm, mayam,
Beşlərə bağlıdı
həyəcanım da.
Sevginin dolaşıq yollarındayam,
Beş ildi bir qızın odu
canımda.
Beş günlük dünyaya cəhənnəm dedik,
Amma mən cənnətdə
yaşaram yəqin.
Beş il tələbəlik, beş il
işsizlik,
Beş il də türməyə
düşərəm yəqin...
Vaqif
Bəhmənli 1955-ci ilin beşinci ayında dünyaya
gəlib. Hesablamağa
nə var ki, düz 55 yaşı var. Bu illər ərzində
sürdüyü halal ömrə beş
nəvəsi şahidlik edir. Hər şeiri,
publisistik yazısı oxuculardan "5" alır. Yəqin elə bu müsahibəsi də
başını beşlərə qoşar. Beşin
sağ olsun, Vaqif Bəhmənli!
Etibar Cəbrayıloğlu
Ədalət.- 2010.- 5 iyun.- S. 12-13.