TOPQAPI SARAYININ QİYMƏTLİ
İNCİSİ...
(əvvəli
ötən sayımızda)
Taxta sahiblənən IV
Mustafa taxtdan salınan III Səlimi də, Nəxşi-dili -
Emeni də böyük bir həzz, vəhşi bir tac
ehtirasıyla "uf" demədən öldürməyə
hər an hazır idi. O, buna hazırlaşır və necə
deyərlər, fürsət gözləyirdi. Onun qan qoxulu
ordusunu reallaşdırmağa mane olan qüvvənin əks
gücü, göstərəcəyi müqavimət onun əl-qolunu
bağlayır, hələlik gözləməyə məcbur
edirdi: - bu qüvvə isə orduya rəhbərlik edən hərbçilər
idi. Əsas məsələ ondaydı ki, bu hərbi zabitlərin
çoxusu Fransadan göndərilmiş instruktorların - təlimatçıların
tədrisi vasitəsiylə hərb elminə yiyələnmişdilər.
Onlar isə Nəxşi-dili - Emeni və onun oğlu Mahmudu
sevir, onlara az qala bir büt qədər itaət edirdilər. Bu
rəhbər hərbçilərin içində isə
xüsusi nüfuz sahibi olan Mustafa Bayraqdar daha çox Nəxşi-dilin
təsiri altındaydı və o, bütövlükdə isə
avropalaşmağa meylli bir hərbçiydi.
Elə Mustafa Bayraqdar bu
qarışıqlığa son qoymaq, dövlətin gələcəyini
müəyyənləşdirmək üçün
İstambul üzərinə yürüşə
başlayır. Yeniçərlərlə döyüşə
atılan Mustafa Bayraqdarın döyüşçüləri
onları məğlub edir və Topqapı sarayı ələ
keçirilir. Qüvvələrin baş
qarışıqlığında bir dəstə yeniçər
III Səlimi öldürmək qərarına gəlirlər və
o əsir götürülür, ancaq III Səlim necəsə,
hansı yollasa, onların əlindən xilas ola bilir, daha
doğrusu, qaça bilir. Amma hara? Möcüzəvari bir
şəkildə ölümdən qaçan III Səlim illərdir
məhəl qoymadığı, 18 ildə yalnız daha
çox oğlan uşaqlarına meyl salan bu dəli hərəmxananın
dərinliklərinə sarı qaçır. Çoxdan bu
fürsəti gözləyən kənizlər, hərəmxana
xanımları III Səlimi demək olar ki,
parça-parça edirlər. Gürcü qızı Lunolika
- Mehri şah əgər bilsəydi ki, oğlu III Səlim
sultanlıq taxtına bu cür şərəfsiz şəkildə
əlvida deyəcək, yəqin ki, onu taxt-taca çıxarmaq
sevdasına düşməzdi...
Yeniçərlər Nəxşi-dilin
oğlu Mahmudu da qətlə yetirmək istəyinə
düşürlər, burada Nəxşi-dil cəld və
ağıllı bir hərəkət edir. Bu müdrik və
ağıllı qadın oğlu Mahmudu soyumuş saray
sobasının içində gizlənməyə məcbur
edir. Möhkəm bədənli, 23 yaşlı Mahmud
bükülü vəziyyətdə bu "daş yuvada"
qalır. Mustafa Bayraqdarın döyüşçülərinin
saraya daxil olmasıyla bu qarmaqarışıqlığa son
qoyulur, Mahmud gizləndiyi "yuvadan" çıxır və
saray sobasından çıxan Mahmud həmin dəqiqə yeni
sultan elan edilir...
Düzdür, artıq gələn
ilin iyul ayında yenidən yeniçərlərin qiyamı
baş verir, yenidən Topqapı sərt döyüşlərin
meydanına çevrilir. Mustafa Bayraqdar burada son anadək
döyüşür, qüllədə saxlanılan IV
Mustafanın başını kəsərək onların
üstünə tullayır. Bu igid sərkərdə son nəfəsində
barıt anbarını partladır. Əslində bu
döyüşün, bu qiyamın Mahmuda ziyandan çox xeyri
dəyir. Sultan olmaq iddiasında olan daha iki varis qətlə
yetirilir və artıq onun hakimiyyətinə göz dikən kəslər
demək olar ki, qalmır. Onu da qəti şəkildə iddia
etmək olar ki, Mahmudun bu uğurunun səbəbkarı
müdrik Nəxşi-dil - Eme de Riveri idi. Elə anası Emenin
tapşırığı ilə Mahmud bu qarışıq
dövrdə demək olar ki, heç nə eləmir,
seyrçi mövqedə duraraq hadisələrin sonluğunu
gözləyir. O, həm də qarşı-qarşıya duran
qüvvələrin heç birinin tərəfini saxlamır,
heç bir sifariş vermir, təhəddüd
götürmür, gizli danışıqlara getmir. Hiss
olunmayacaq tərzdə, çox sakit şəkildə hakimiyyət
gəmisinin sükanını ələ keçirən Mahmud
bu gəmini istədiyi səmtə yönəldir. Sultan Mahmud əvvəlcə
qeyzli yeniçərləri mükafat yağışına
tutur. Onların bundan həzz alaraq şadyanalıq məclislərinə
başı qarışanda isə hiss edilmədən bir-bir
onları rəhbər vəzifələrdən
uzaqlaşdırır. Elə nazirlər də bu aqibətlə
üzləşməli olurlar və Mahmudun əmriylə sakit,
hissedilməz şəkildə ona sadiq hərbi birləşmələr,
bir sözlə, yeni ordu yaradılır.
Yeniçərlər isə
tədricən hərbi mükəlləfiyyətdən azad
edilir, havayı yeməyi öyrənən, çoxdan xarici
düşmənlə vuruşmağı unudan bu qorxunclar dəstəsi
azaldılır. 1829-cu ildə Sultan Mahmudun əmriylə
yeniçərlər korpusu birdəfəlik ləğv edilir,
sultanın bu əmrinə qarşı çıxanların
hamısı son nəfərinədək qılıncdan
keçirilir.
Müsəlman imperatriçasının xristian sonluğu
Hadisələrin bu
cür inkişafı yəqin ki, gürcü qızı Lunolikanı
- Mehri şahı sevindirərdi, amma Nəxşi-dili - Emeni yəqin
ki, çox da yox...
Amma onların heç
biri bu qanlı hadisələrin şahidinə çevrilə
bilmirlər, III Səlimin tükürpədici, həm də
rüsvayçı ölümündən bir il sonra - 1808-ci
ildə Mehri şah - Lunolika böyük acılıqlar
içində həyatla vidalaşır. "Baş xanım əfəndi"
titulu Emeyə - Nəxşi-dilə keçir və bununla da
dominikalı baxıcı Kare qarının vaxtıyla Eme və
Jozefinaya dedikləri tamlığı ilə özünü
doğrultmuş olur. Bu iki əmiqızılarının biri
Qərbdə - Fransada, o biri isə Şərqdə -
Türkiyədə imperatriçəyə çevrilirlər.
Amma Fransada hadisələr
sürətlə dəyişməyə başlayır. Fikri
gecə-gündüz döyüşmək, müharibə etmək
və qalib gəlmək olan Napaleon Bonapartın qurduğu
imperiya çökür. Bu Emeni o qədər də kədərləndirmir
və Napaleonun bu aqibətini göylərin qisası kimi qiymətləndirir.
Axı Napaleon onun əmisi qızı Jozefinadan
ayrılmışdı. Özü də ona görə ki,
Jozefina onun üçün varis - oğlan uşağı
dünyaya gətirə bilməmişdi.
1815-ci ildə yay
günlərini Andrinapoldakı sarayında keçirən Baş
xanım əfəndiyə - Eme de Riveriyə məlumat verilir
ki, onunla səyahətə çıxmış bir
fransız xanımı görüşmək istəyir. İndi
Emenin heç nədən qorxusu, çəkinəcəyi
yoxuydu, ən azı ona görə ki, ən yüksək titul
sahibəsiydi və üstəlik hərəmxana da
bütünlüklə onun iradəsi altındaydı. O,
görüş arzusunda olan fransız xanımı qəbul
etmək qərarına gəlir. Bu xanım isə Qortenziya
Bonapart idi və Eme heyrət içərisində öz əmisi
nəvəsini - Jozefinanın birinci kəbindən - general
Boqarnedən doğulan qızını qarşılayır. Qortenziya
Bonapartın yanındakı yeniyetmə isə Lui Napaleon idi: -
Napaleonun doğma qardaşı Lyudviq Bonapartın oğlu!
Lui - bu oğlan
uşağı onun da nənəsi sayılacaq qədər
doğma olan Nəxşi-dilin - Eme de Riverinin ona
bağışladığı qılıncı sinəsinə
bərk-bərk sıxaraq heyrətlə "Şərqin
kraliçasına" baxır və bu hadisələrin necə
baş verdiyini heç cürə ağlına
sığışdıra bilmirdi...
Bəlkə də
heç siz də bütün bu olmuşlara inanmaq istəməyəcəksiniz,
amma kimin nəyə inanıb-inanmamasından asılı
olmayaraq tarixdə baş verənlər olduğu kimi vaxtın
və zamanın yaddaşına hopub qalır...
1817-ci ildə Eme de
Riveri xəstələnir və oğlu Mahmudu yanına
çağırtdırır. O, oğlundan yanına katolik
din xadiminin gətirilməsini xahiş edir. Sultan Mahmud
anasının sözündən çıxa bilərdimi?
Bax, elə həmin vaxt
ilk dəfə olaraq Topqapıdakı Səadət sarayına
katolik din xadiminin ayağı dəyir və Nəxşi-dil -
Eme de Riveri bir inanclı katolik kimi dünyasını dəyişir...
Sonluq
Bundan sonra 27 il keçəcək
və Krım müharibəsi zamanı Jozefina Boqarnenin
qızı Qortenziyanın oğlu III Napaleon İstambula gələcək.
Qortenziyanın Eme de Riveriylə necə
görüşdüyünü bir az əvvəl
yazmışdıq, yəqin ki, unutmamısınız...
III Napaleon isə nə
az-nə çox, indi Fransa imperatoruydu və o, İstambulda
Sultan Əbdül Məcidlə görüşür. Sultan Əbdül
Məcid isə Nəxşi-dilin - Eme de Riverinin nəvəsiydi... Onlar ikilikdə Eme de Riverinin mərmərlə örtülmüş
qəbrini ziyarət edirlər və III Napaleon bu qəbrin
önündə diz qatlayaraq baş əyir...
Bu qəbir
Topqapı sarayının
sonuncu və ən parlaq ulduzunun, Topqapı sarayının qiymətli
incisinin idi...
Bir az sonra isə
silahların, qatarların, inqilabların yeni əsri
başlayır və müsəlman adətləri Türkiyədə
hələ qalsa da, artıq tarixin üfüqündə Kamal
Atatürkün cizgiləri görünməyə
başlayır...
O, isə müsəlman
Türkiyəsində çox şeyi dəyişəcəkdi,
qadağan edəcəkdi: - fəs papaqlardan tutmuş hərəmxanalara
qədər çox şeyi...
Alim Məhərrəmli
Ədalət.- 2010.- 5 iyun.- S. 16.