Ramiz Əzizbəyli: "Afaq
Bəşirqızını kinoya mən
gətirmişəm"
Tanınmış aktyor və rejissor, professor Ramiz
Əzizbəylinin Milli.Az xəbər portalına
müsahibəsi
- Ramiz müəllim, səhhətiniz indi necədir?
- Hərdən
mənə sual verirlər ki, Ramiz müəllim 50 ildən
çoxdur sənətdəsiniz niyə sizə mükafat
verilməyib, amma sənətə dünən
gələnlərin hamısına prezident mükafatı
veriblər. Cavab verməyə xəcalət
çəkirəm, sözün düzü heç
bilmirəm necə deyim. Mən də sındırmıram
özümü, deyirəm, sağlıq olsun, verərlər.
Yəqin öləndən sonra. Amma səhhətimlə
maraqlanırlarsa, deməli, bizə də bir şey
verməlidilər ki, yaşayaq da. Səhhətimdə
hələ də problemlər var, hələ tam sağalmamışam.
Stasionar müalicə alıram, yenə də cərrahiyyə
əməliyyatı olunmalıyam. Heç əvvəlki
dəva-dərmanın pulunu ödəyib qurtarmamışam.
Maliyyə cəhətdən bir az çətinlik
çəkirəm. Yenə də ağlamıram, amma
ehtiyacım var, niyə gizlədim. Gərək, dərman atıb,
müalicə olunasan ki, səhhətin də qaydasına
düşsün. Xəstənin səhhəti başqa
necə yaxşılaşar?
- Bu gün səviyyəli filmlərin, ssenarilərin
olmaması kinonun qlobal dərdi kimi qeyd olunur. Problem nədədir
və necə həll olunmalıdır?
- Hesab edirəm ki, bu
məsələ peşəkar, dövlət
səviyyəsində həll edilməlidir.
Görürsünüz, su gəlib kəndləri basıb,
dövlət ayağa qalxıb, fövqaladə hallar nazirliyi
gedib bərpa işləri ilə məşğuldur. Bizim kinomuzu
da su, dərd aparıb gedir, kinoda da fövqəladə
vəziyyətdir. Hamı ayağa qalxmalıdır. Məni,
başqa 3-4 nəfər mütəxəssisi dəvət edib,
çıxış yolu tapmaq üçün
fikirlərimizi öyrənməlidilər. Amma nə
çağırmırlar, nə də vəziyyətin bu
həddə çıtmasının səbəblərini
öyrənmək istəmirlər. Deməli, kinomuz elə
ağır vəziyyətdə də qalacaq.
- Siz rejissor, aktyor, müğənni, pedaqoq,
Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı,
incəsənətin bir çox qolları ilə
məşğul olursunuz. Konkret olaraq Ramiz Əzizbəyli
kimdir?
- Birinci
növbədə mən Azərbaycanın qeyrətli bir
vətəndaşıyam. Özümü dahi Üzeyir
Hacıbəyovdan sonra hər tərəfli
incəsənətlə məşğul olan yeganə
sənətkar hesab edirəm. Mən Respublika Ağsaqqallar
Şurasının məclis üzvüyəm,
yazıçılar Birliyinin üzvüyəm. Rəssamlar
İttifaqının Karikatura Cəmiyyətinin
üzvüyəm, əl işlərim var. Hazırda Adəm
Beynəlxalq Xeyriyyəçilər Cəmiyyətinin
Azərbaycanda birinci vitse-prezidentiyəm. Yəni
xeyriyyəçiliklə məşğul olmuşam.
Jurnalistlər həmkarlarının fəxri
üzvüyəm, respublikada xeyriyyəçilik
işlərimə görə bir nömrəli Zeynalabdin
Tağıyev mükafatı laureyatıyam. Daha sonra,
idmançı kimi mükafatlarım var. Müğənnilik
də daxil olmaqla, sadaladığım bu sahələrin
həyatımla elə də əlaqəsi yoxdur.
Çünki bu sahələrlə tam olaraq, məşğul
olmuram. Konkret rejissor və pedaqoqam. Bir sözlə, uşaq
yaşlarımdan incəsəntin bir neçə qollarını
özümdə birləşdirmişəm. Mən
özümü kino işçisi hesab edirəm. Yerdə
qalanların hamısını ola bilər ki, çox
yaxşı peşəkarcasına bacarım amma. Onları
özümün xobbim bilirəm. Neçə olur, mən yox
canımla xeyriyyə işləri edirəm, amma neft
səltənətində Ramiz Əzizbəyliyə mükafat
verilmir. Müğənni olsaydım, Filormoniyada nə var ki,
konsert verməyə, 30 dənə işimi çıxardıb
sərgi düzəltməyə nə var. Mən
çəkdiyim kinolarda geyimlərin eskizlərni özüm
çəkirəm. Elə bir dənə o bəsdir də.
Mən yazılarımı çıxardıb kitab
buraxdıra bilərəm. Amma etmirəm. Sadəcə,
hamıya başa salmaq istəyirəm ki, əsl
yaradıcı adamın hər sahədən başı
çıxmalıdır, amma birini işləmələdir.
İndi kino yoxdur, pedaqoqam, professoram. Sabah kino verəndə
işləyəcəm.
- İndi çəkilən
filimlərə baxırsınız?
- Mən sizə bir sual
verim, 1991-ci ildə "Bəxt üzüyü" filmi
çəkilib, gələn il 20 ili olacaq. "Bəxt
üzüyü"ndən bu yana hansı filmin adını
çəkə bilərsiniz? Yoxdu da...
- Nəyə görə aktyorluqdan çəkilib,
rejissorluğa getdiniz?
- Mənə layiq
obrazı tapıb çəkmədilər, məni
işlətmədilər, minnətləri olsun. Mən
Azərbaycanda 3-5 nəfərdən başqa aktyor
tanımıram. Bunu bərkdən deyirəm. Adlarını
deməyəcəm. Məsələn, mən nəyə
görə aktyorluqdan çəkilib keçmişəm
rejissorluğa. Çünki rejissor mənə
tapşırıq verə bilməyib. "Gəl burda
otur", "burda gülərsən" demək, iş
deyil. Rejissorluq tamam başqa bir şeydir. Ona görə də
kinodan getdim. Əsəbləşdim getdim və "Bəxt
üzüyü"nü çəkdim.
- Deyəsən "Bəxt
üzüyü"nün ikinci hissəsini
çəkmək arzusundaydınız, davamı olacaq?
- Onu sponsor xətti ilə çəkmişdim.
Firkim var, amma pul lazımdır.
İndi dövlət kinoya pul ayırır, paylayanlar isə onu başqa filimlərə verirlər. Görünür, pul paylayanlar üçün
yaxşı kinonun ortalığa çıxması
maraqlı deyil. Onlar üçün
maraqlıdır ki, film alınmasın, onu atsınlar
sandığa. Kinonu sevənlər
kinoteatrları uçurdub, yerini bilyardxana, kazino
eləməzdi.
Aktyorlar da
istəyir ki, film çəkilsin. Seda roluna
çəkdiyim, hazırda Amerikada yaşayan Firəngiz
Rəhimbəyova mənə zəng edəndə deyir ki,
niyə bu filmin davamını çəkmirsən. Gedin görün "Bəxt
üzüyü"nün hesabına nələri var. Ona
deyirəm ikinci hissəsinin çəkilməsinə 5 milyon
pul lazımdır. Deyir, yarısnı
verirəm, başla. Amma burda guya kino biznesi
ilə məşğul olan ağıllı kişilərimiz
dərk eləmir ki, pul hardadır.
- Ramiz müəllim, əgər filmin ikinci hissəsi
çəkilsə, həmin aktyorları yenə də
çəkəcəksiniz?
- Yox, mən ölmək
istəmirəm. Bilirsiz mənim işlərim
niyə uğurlu alınır, çünki mən
aktyorları sevirəm. Çünki
mən özüm aktyorluqdan gəlmişəm. Rejissorların arasında mənim qədər
aktyorları müdafiə edən yoxdur. Mən
razı olmaram aktyor işi pis alınsın. Həmin flimdə müharibə veteranı var idi,
indi rəhmətə gedib, bizim böyük rejissorumuz
Nəsir Sadıxzadə. Onu birinci
dəfə kinoya mən gətirmişdim. Afaqı,
Valeh Kərimovu və digər aktyorları mən
gətirmişəm. Heç bilmirdilər
ekran nədir. Ekrana tərsinə
baxırdılar. İkinci seriya ilə
bağlı ideyalarımı açmaq istəmirəm, amma
bir neçə variantda başlamağa imkanım var. O
qədər ideyalar var ki, həyata keçirə bilmirəm.
"Bəxt üzüyü"nün ikinci
hissəsinin çəkilməsi ideyası hələ birinci
hissə çəkilən zaman ağlımda idi. Çaşıb bir-iki adama danışdım.
Onlar mənə dedilər ki, nəyinə
lazımdır, hələ bunu çək qurtar. Bir də gördüm, gedib xəlvətdə ssenari
yazıb özləri kino çəkiblər, mənim
dediklərimi də orda göstəriblər. Deməyəcəm onlar kimlərdir.
- Deyirsiniz ki, sizi gülə-gülə kinodan
uzaqlaşdırdılar?
- Hə, başıma
sığal çəkə-çəkə,
"səndən yoxdur" deyə-deyə kinodan
uzaqlaşdırırlar. Razıyam, kino
vermə, amma iki ildən bir kinoya ayrılacaq
maaşımın 30-40 minini ver, gedim yaşıyım, kino
çəkməyim. Siz başa
düşün ki, pullar qayçılanır da. Elə aktyorlar var ki, onlar çox
bişərəfdilər. Ramiz onlara
baxıb çərriyir. Ona görə
ki, onlar əl-ələ tutub həmrəy olmurlar. Sürücü
qədər həmrəy ola bilmirlər,
hərəsinə bir tulapayı veriblər, sakit oturub dururlar.
Müəllimlərin çoxu pul dalınca
qaçırlar. Onun nəyinə
lazımdır sənətkar yetişdirsin. Fikirləşirlər ki, qoy sənət
mənimlə də ölsün qalsın. Amma belə şey olmaz, gənclik var və həyat
inkişaf etməlidir.
Elə bilirlər ki,
kino meydanına gəlib "mator", "stop"
deməklə kino ərsəyə gəlir.
- Sizə səlahiyyət verilsəydi birinci
növbədə nə edərdiniz?
- Onu demərəm. Desəm
oğurlayacaqlar. Mən Ağsaqqallar
Şurasının Mədəniyyət,
İncəsənət Turizm Komissiyasının
sədriyəm. Milli
özünütəmizləmə mexanizmində sayılan
kişilərdən biriyəm, mən başqa cür
hərəkət edə bilmərəm. Mən
necə öz qızımdan, oğlumdan namus tələb
edirəmsə, qonşunun qızından da onu tələb
edəcəm. Əxlaqsızı
demirəm, onun üçün də bir dənə yer
ayrın, gedib adını yazdırsın, bilək ki,
filankəs fahişəxanadadır, o biri də
"qoluboy"xanada. Daha bunu televiziyada
reklam edib, mənim gül kimi qızlarımın adını
niyə biabır edirsiniz. Baxan da deyir ki,
Azərbaycan qızları belədir.
- İndiki rejissorların işi sizi
nə dərəcədə qane edir? Sənətdə işin
gənclərə həvalə ediliməsinə necə
baxırsınız?
-
Əksəriyyət antiazərbaycan kinolları çəkir. İndi biz
dünyaya inteqrasiya
etmişik, inkişaf var. Əsrin əvvəlləri deyil ki,
Cəlil Məmmədquluzadənin "Poçt qutusu"nu
çəkib, yazıq novruzəlilərin faciəsini
göstərəsən. Bəli, o vaxt
xalqı o günə qoymuşdular. İndi rejissorlar bizi
novruzəlilərin gününə qaytarmaq istəyirlər.
Ona görə də deyirəm ki, gənclərə iş
verməzlər, onun işi tərbiyə əxlaq
toplamaqdır. O, vaxtı gələndə
işləyəcək.
Ədalət.- 2010.- 5 iyun.- S. 17.