"QƏZƏL DE Kİ, MƏŞHURİ-DÖVRAN OLA"

 

ƏDƏBİ HƏYAT

 

...Bu gün klassik şeir forması olan, həm keçmişdə, həm də indi populyarlığını itirməyən qəzələ meyl getdikcə artır. "Keçmişdə" ona görə deyirəm ki, qəzəl klassik poeziyada hökmüran bir şeir forması idi. Şairlərin hünəri, istedadının dərəcəsi onların qəzəldə necə məharət göstərməsiylə ölçülürdü. Və Azərbaycan poeziyasında qəzəlin ən böyük ustadı Füzulidir-qeydsiz-şərtsiz bunu hamı təsdiq edir. Əlbəttə, Nəsiminin, Xətainin, Həbibinin, Saib Təbrizinin, Qövsi Təbrizinin, Seyid Əzim Şirvaninin, Natəvanın, Nəbatinin də gözəl qəzəlləri olmuşdur. XX əsrdə isə Vahid qəzələ ikinci bir nəfəs verdi. Azərbaycan qəzəlinin Füzulidən sonrakı inkişafının sonuncu poetik hadisəsi Vahid qəzəlidir-bu fikri bütün ədəbiyyatşünaslar təsdiq edə bilər.

XX əsrdə Süleyman Rüstəm, Mirmehdi Seyidzadə, Əliağa Bakir, Ələkbər Şahid, Seyidağa, Hacı Mail kimi şairlər də bu şeir formasını qürub etməyə qoymadılar, Füzuli ruhu yaşadı. İndi də istedadlı qəzəlxanlarımız az deyil, Hacı Ələmdar Mahir, Ənvər Nəzərli, Şahin Fazil, Müzəffər Şükür, Gülarə Munis, Arif Buzovnalı, İlqar Fəhmi, Səxavət Talıblı, Əli Aslanoğlu kimi müəlliflər qəzəldə hünər göstərməyə can atırlar.

Əlbəttə, indiki çağda nə ikinci Füzuli, nə ikinci Seyid Əzim, nə də ikinci Vahid gözə dəymir ki, ona "ustadi-qəzəlxan" deyək, bunu son illərin qəzəlxanlarının özləri də etiraf edə bilərlər. Amma çağdaş qəzəlxanlar bu klassik şeir formasına XX əsrin poetik təfəkkürü işığında yanaşırlar, onlar Vahiddən gələn bir ənənəni-qəzəldə sadəliyə, mümkün qədər ərəb və fars sözlərindən qaçmaqla dilimizin öz imkanlarından istifadə etməyə, yeni bədii təsvir vasitələrinə üz tutmağa cəhd edirlər. Bunun özü yaxşı əlamətdir. Gəlin, etiraf edək ki, Füzulini, Nəsimini, bir çox klassik şairlərimizi heç də hamısı başa düşmür.

Təbii ki, qəzəlin klassik forması, poetik strukturu dəyişməyib. Və qəzəl yazan hər hansı müəllif əruzu bilməlidir, ya da mükəmməl bilmirsə, o şairdə "əruz damarı" olmalıdır. Məsələn, rəhmətlik Hacı Mail əruzu yaxşı bilirdi və onun qəzəllərinə də əruz elmi baxımından qiymət verdikdə elə bir qüsur tapa bilmirdin. Bu sözləri bugünkü qəzəlxanlarımızın bir çoxu haqqında da söyləmək olar. Odur ki, qəzəl yazan müəllifin əruzu bilməsi ən vacib şərtdir.

Bu yazıda mən üç müəllifin qəzəl yaradıcılığı barədə qısaca söz açmaq istəyirəm.

Bakı-Abşeron ədəbi mühitinin yetirməsi olan Hacı Ələmdar Mahir, bu bölgədə poeziya və muğam məkanı kimi tanınan Nardaranda doğulub. Bu yaxınlarda onun iki kitabı işıq üzü görüb. Birinci kitabının adı "Mənim tanıdığım Füzuli"dir. Hacı bu kitabda Füzuliyə-o dahi şairə illər boyu içində bəslədiyi məhəbbəti ifadə edib. Bu, tədqiqat əsəridir və Hacı Ələmdar Füzuliyə islami-ürfani nöqteyi-nəzərincə yanaşır. O, Füzuli sənəti barədə fikir və mülahizələrini sırf Şərq poetikası kontekstində davam etdirir.

İkinci kitab isə Hacı Ələmdar Mahirin "Külliyyat"ıdır. O, buraya klassik şeir formalarında yazdığı poeziya nümunələrini daxil etmişdir.Arif oxucu dərhal hiss edir ki, Hacı Ələmdar klassikanı, qəzəli, əruzu yaxşı bilir. Onun əksər qəzəlləri mənaya xidmət edir, amma təbii ki, bu məna və məzmun emosional biçimdədir, qafiyə, rədif, təqt, daxili qafiyə ustalığındadır, hər beytin məzmunu ilə formanın vəhdət təşkil etməsi onun qəzəllərinin başlıca məziyyətinə çevrilir.

 

Gördüm gözəlim adını

çox ad arasında,

Yazdım onu, qoydum

dili-naşad arasında.

 

Dindir məni, gəl bari

bu axır nəfəsimdə,

Rəhm eylə, xəcil etmə

məni yad arasında.

Gəh tiğ vurar

qəmzeyi-çeşmin,

gəhi nazın,

Könlüm quşu qalmış

iki səyyad arasında.

 

Bülbül gülünə qoy yetə

ey xar, nə durubsan,

Xosrov kimi, Şirin ilə

Fərhad arasında.

 

Məndən gələcək nəslə

qalan şeirdir ancaq,

Yox dövləti-varım qala

övlad arasında.

 

Az olsa da Mahir

elə söz yaz, oxunanda,

Qiymət verilə şeirinə

ustad arasında.

 

Bu qəzəldə klassik qəzəl leksikonundan bir neçə sözə təsadüf etsək də, şeirin ümumi ruhüna heç bir xələl gətirmir. Qeyd edək ki, Hacı Ələmdarın qəzəllərində klassikadan gələn sözlərə, ifadələrə tez-tez rast gəlirik, bu da mütaliədən və təsirdən yaranır.

Hacının təxmisləri də onun klassikaya bələdliyini sübut edir. Təxmis yazmaq bədii ustalıq tələb edir. Hacı Füzulidən, Seyid Əzimdən və Vahiddən təxmislər edib. Beşlik formasında olan, hər bəndin üç misrası özündən, iki misrası başqa bir şairin qəzəlindən ibarət olan təxmisdə məna ardıcıllığına riayət etmək, eyni bəhri, ölçünü saxlamaq məharət tələb edir. Gəlin, Hacı Ələmdarın Füzulinin qəzəlinə təxmisindən iki bəndə diqqət yetirək:

 

Ey könül, eşq aləmin

səhra bilən arif deyil,

Yar kuyin cənnəti-məva

bilən arif deyil,

Dəhridə hər şeydə bir

məna bilən arif deyil,

"Hikməti-dünyavü

mafiha bilən arif deyil,

Arif oldur bilməyə

dünyavü-mafiha nədir.."

 

Oldu Adəm nəsli ey aşiq,

fərağın məhrəmi,

Saldı qəm girdabına,

Mahir kimi çox həmdəmi,

Tutdu bu dünyanı

yeksər ahü fəryadın qəmi,

"Ahü fəryadın Füzuli,

 incidibdir aləmi,

Gər bəlayi-eşq ilə

xoşnud isən qovğa

nədir.."

 

Hacının "Külliyyat"ında qəzəl və təxmislərlə yanaşı dini şeirlər, ibrətnamələr, müxəmməslər, mürəbbelər, ithaflar, fəxriyyələr, təkbeytlər, qoşabeytlər və müxtəlif şeirlər klassik "Divan"larda olduğu kimi düzülüb.

Bir sözlə, Hacı Ələmdar Mahirin "Külliyyat"ı klassikanın müasir dövrdə, yeni biçimdə təcəssüm etməsidir. Hacı qəzəli, əruzu sönməyə qoymayan şairlərimizin lideridir desək, səhv etmərik.

Qəzələ, klassik poeziyaya meyl və marağı cavan müəlliflər arasında da görə bilərik. Heç şübhəsiz, İlqar Fəhmi bu sırada birincidir. Oxucular onu əsasən bir sıra maraqlı nəsr əsərlərinin, publisistik məqalələrin müəllifi kimi tanıyırlar. Ancaq İlqar Fəhminin gözəl qəzəlləri də var, daha doğrusu, o, yaradıcılığa elə qəzəllə başlamışdır.

Onun qəzəllərini başqa müəlliflərin qəzəllərindən fərqləndirən maksimum dərəcədə ərəb və fars sözlərindən imtina etməsidir. Yəni İlqar Fəhminin qəzəllərində klassik poeziyada təsadüf etdiyimiz ərəbi, farsi sözlərə və ifadələrə cüzi rast gələ bilərik. Bu isə şairdən məharət tələb edir. Çünki qəzəl poetikasında ərəbcə,farsca ifadələr mühüm yer tutur, hətta Vahid kimi qəzəldə xəlqiliyə meydan açan qəzəlxanımız da bu təsirdən ayrıla bilməmişdi. İndi gəlin, İlqar Fəhminin bir qəzəlinə müraciət edək:

 

Mən ki öz şeirimə bükdüm

qəmi misra-misra,

Qəm də şeirimlə gəzir

aləmi misra-misra.

 

Dərdimi bildi təbibim, mənə

bir şeir oxudu,

Sanki çəkdi yarama

məlhəmi misra-misra.

 

Qələmimlə yığıram düzmək

üçün ağ kağıza,

Gül yanaqlarda donan

şəbnəmi misra-misra.

 

En səmadan, mələyim, ki

səni vəsf etmək ilə

Dağıdım qəlbə dolan

matəmi misra-misra.

 

Yazılır dəftəri-eşqə ürəyim

qanı ilə

Ömrümün sənsiz ötən hər

dəmi misra-misra.

 

Sevmişəm bir gülü ki varlığı

bir incə qəzəl,

Nazı beyt-beyt eliyir, çəm-

xəmi misra-misra.

 

Bəlkə Həvva da o vaxt

Fəhmi kimi şair olub,

Yəni yoldan çıxarıb

Adəmi misra-misra.

 

Təbii ki, bu qəzəldə əsas meyar mənadır. İlqar "misra-misra" rədifini qəzəldəki leytmotivə çevirə bilir, yəni demək istəyir ki,insan -aşiq sevgidə öz məqsədinə birdən-birə yetəmməz. O, "addım-addım" ifadəsini də işlədə bilərdi, lakin bu, ölçü vahidi kimi diqqəti cəlb edərdi. Amma "misra-misra" yerində tapılan ifadədir, həm də poetikdir. İlqar Fəhmi digər qəzəllərində də bax beləcə, dilimizin şirinliyini, cazibə qüvvəsini, şeiriyyətini saxlayır.

Bir neçə gün əvvəl "Ulduz" curnalının yeni nömrəsini əlimə aldım. Heç tanımadığım bir cavan müəllifin-Yasinin bir neçə qəzəli ilə tanış oldum. Və sevindim ki, İlqar Fəhmilərin sayı bir deyil. Təkcə buna görə yox, həm də ona görə sevindim ki, Füzuli, Seyid Əzim, Vahid ruhunu yaşadanların sayı artır. Mən meyxananın əleyhinə deyiləm, folklorun bu "qara canrı", yazılmaq üçün deyil, yalnız söylənilmək üçün yararlı olan bu formanın getdikcə kütləviləşdiyinin, az qala hamının meyxana meydanına biletsiz girməsinin şahidiyəm. Ustadlarla şagirdlərin fərqi heç bilinmir. Amma qəzələ meylin belə kütləviləşəcəyinə inanmıram. Çünki qəzəl məharət tələb edir, yaxşı ilə pisin fərqi dərhal bilinir. Və mən-bir oxucu və söz adamı kimi Yasin adlı bu cavan müəllifin gələcəkdə yaxşı bir qəzəlxan olacağına inanıram. İndi isə Yasindən bir qəzəl:.

 

Edirəm seyr o gülzarını

xəlvət-xəlvət,

Süzürəm ay kimi

rüxsarını xəlvət-xəlvət.

 

Görməsin kimsə gəlib,

sirrimizi faş eləyər,

Sən də süz sevgili dildarını

xəlvət-xəlvət.

 

Xərc edər varını gizlincə

o kəslər ki yığıb,

Hamıdan dövlətini-varını

xəlvət-xəlvət.

 

Hardadı məndə o bəxt seyr

eləyəm hərdənbir

Yarımın şiveyi-rəftarını

xəlvət-xəlvət.

 

Əsl aşiq odu ki, sirrini

pünhan saxlar,

Çəkər öz dərdini-azarını

xəlvət-xəlvət.

 

Çəkilib can evinin küncünə

Yasin də yazır,

Yarə həsr etdiyi əşarını

xəlvət-xəlvət.

 

Əlbəttə, bu gün çoxçalarlı, çoxşaxəli şeir axınları və meylləri sırasında qəzəlin önəmli bir yer tutacağına inam o qədər də böyük deyil. Çünki qəzəl müəyyən dərəcədə öz mövqeyini itirmişdi, heca şeiri və sərbəst şeir qəzəli arxa plana sıxışdırmışdı və bunun da öz ictimai səbəbləri var, Ancaq qəzəlin yenidən öz mövqeyini əldə etməsi üçün istedadlı qəzəlxanların yetişməsi zərurəti yaranır. Elə güman etmək olar ki, belə istedadlar yaranır. Mən bu yazıda qısaca da olsa, onların üçündən söz açdım, amma sayları üç deyil, yenə var. Yaxşı olar ki, bizim xanəndələr Füzulidən, Nəsimidən, Seyid Əzimdən,Vahiddən oxuduqları kimi müasir qəzəlxanlardan da oxusunlar.

 

 

Bu qədər...

 

 

VAQİF YUSİFLİ

 

Ədalət.- 2010.- 5 iyun.- S. 19.