"ZABUL" AĞABALANIN KEÇDİYİ YOL

 

Xanəndə Ağabala Abdullayevin 100 illiyinə tövhə

 

Deyirlər ki, dünya gəlimli-gedimli, ölümlü-itimlidi. Onu da deyirlər ki, dünya bir pəncərədi, hər gələn baxıb gedər. Və onu da deyirlər ki, dünya fani olsa da, onun əbədi yaşatdıqları da var. Bax, elə bu əbədi yaşamaq, xatırlanmaq, anılmaq xoşbəxtliyi nəsib olan insanlardan biri də hər kəsin "Zabul" un ustadı kimi tanıdığı və adı ilə qoşa çəkildiyi Ağabala Abdullayevdi. O Ağabala Abdullayev ki, Azərbaycanın bir bölgəsində doğuldu, başqa bir bölgəsində yaşadı və bütövlükdə səsi ilə, nəfəsi ilə bütün Azərbaycanın sakininə, vətəndaşına, xanəndəsinə çevrildi. Xanəndə Ağabala Abdullayev 100 il bundan öncə respublikamızın işğal altında olan Qubadlı rayonunda dünyaya gəlib. Amma yetkinlik yaşına çatar-çatmaz oradan bu gün həsrətini çəkdiyimiz Füzuli rayonuna valideynləri ilə birlikdə köçüb gəlib. Və bu gəlişi ilə Qubadlı rayonunun Çərəli kəndinin canında-qanında olan istisini, hərarətini, saflığını Füzulidə içdiyi bulaq sularına, mehrbançılığa, ünsiyyətə, qayğıya, səmimiyyətə, bütövlükdə yeni bir auraya qatmaqla musiqi dünyamıza, nəfəslər aləminə bir təravət gətirdi.

Bu günlərdə Sumqayıtdakı "28 May" mədəniyyət evində böyük bir qaynaşma, qələbəlik var idi. Oraya axışan insanların çöhrələrindən bir rahatlıq, bir duyğusallıq tökülürdü. Hiss olunurdu ki, onları mədəniyyət evinə daxili bir təlabat çəkib gətirir. Təbii ki, bu belə olmalı idi. çünki həmin gün mədəniyyət evində Qubadlı Füzuli rayonlarının icra hakimiyyətlərinin, eləcə Mədəniyyət Turizm Nazirliyinin xüsusi planı əsasında xanəndə Ağabala Abdullayevin 100 illik yubileyi keçirilirdi. Tədbirin hazırlanması üçün yaradılmış komissiyanın üzvlərinin, Qubadlı Füzuli Mədəniyyət turizm idarələrinin, eləcə digər ictimai təşkilatların səyi ilə xanəndənin adına layiq ədəbi-bədii gecə hazırlamışdılar. Tədbirə qatılanlar mədəniyyət evinin foyesində böyük xanəndə ilə bağlı xüsusi sərginin qarşısında ayaq saxlayıb ötən keçmişi xatırladan fotoşəkillərə, stendlərə baxır hər kəs öz xatirələrinin qoynunda Ağabala Abdullayevin səsinin izinə düşüb gedirdi. Tədbiri Mədəniyyət Turizm Nazirliyinin şöbə mudiri şair Vaqif Bəhmənli açaraq böyük xanəndə barəsində ətraflı məlumat vermiş, ürək sözlərini söyləmişdi. Onun fikirlərini davam etdirən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov xanəndənin sənəti, şəxsiyyəti barəsində ətraflı danışmaqla müəyyən xatirələri dilə gətirmişdi. ədəbi-bədii gecədə çıxış edən Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsakov, eləcə xanəndə barəsində təhqiqatlar aparmış, sanballı kitab yazmış tanınmış yazıçı Seyran Səxavət tədbir iştirakçılarının ürək sözləri ilə yanaşı Ağabala Abdullayevin Azərbaycan musiqi tarixindəki yeri barəsində fikirlərini çatdırmışlar. Çıxışların hamısında xüsusi olaraq vurğulanmışdı ki, bu gün əsasən yaşlı nəslin nümayəndələri milli müsiqimizin, muğamlarımızın mahir bilicisi, ustad xanəndə Ağabala Abdullayev özünün ifaçılıq məktəbini yarada bilmişdi. Məhz onun ifasında "Zabul" "Rast" kimi muğamlarımız böyük dinləyici auditoriyası qazanmışdı. Ustad xanəndənin oxuduğu "Boz at" mahnısı isə demək olar ki, bütün musiqi aləminin, toyların, şadlıqların ən populyar ifasına çevrilmişdi. Hər kəs Ağabala Abdullayevdən daha çox "Zabul" "Boz at" ifalarını istəyirdi.

Böyük maraqla keçən əbədi-bədii gecədə respublikamızın tanınmış ziyalıları, musiqi təmsilçiləri, o cümlədən də xalq artistləri Qəndab Quliyeva, Teymur Mustafayev, respublika muğam müsabiqəsinin laureatı Qoçaq Əsgərov öz çıxışları və ifaları ilə məclisi daha rəngarəng etmişdilər. Bu tədbirdə Dədə Süleyman, yəni xanəndə Süleyman Abdullayevin söhbətləri və ifası isə xüsusi bir şövq bəxş etmişdi. Ümumiyyətlə, tədbirdə çıxış edən müğənnilər, Eldar Novruzov, Təşkilat Nəsirov Ağabala Abdullayevin xatirəsinə həsr olunmuş mərasimi daha yadda qalan etmişdilər.

Bu möhtəşəm mərasimə görə, təşiklatçılara və iştirakçılara təşəkkürünü bildirən Ağabala Abdullayevin oğlu xanəndə Nizami Abdullayev atasının xatirəsinə göstərilən bu qayğını, bu diqqəti Azərbaycanda muğama, musiqiyə olan sayğının və sevginin nümunəsi kimi diqqətə çatdırmışdı.

Xanındə Ağabala Abdullayevin 100 illik yubileyi ilə bağlı hazırlanmış bu yubileyin keçirilməsində təşkilat komitəsinin üzvü kimi yaxından iştirak edən Füzuli rayon Mədəniyyət və Turizm idarəsinin rəhbəri Elman Məmmədov bizimlə söhbətdə bildirdi ki, "Ağabala Abdullayev təkcə Qubadlının, Füzulinin deyil, bütövlükdə Azərbaycanın fəxridir. Onun ifası hər birimizin duyğularımızın, istəklərimizin tərənnümüdür. Biz çox şadıq ki, Heydər Əliyev Fondununprezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın qayğısı ilə Azərbaycan muğamları, o cümlədən də Ağabala Abdullayevin ifası indi geniş təbliğ edilir, öyrənilir. Bu tədbirin keçirilməsi muğama olan sevginin, diqqətin nəticəsidir. Tədbirin möhtəşəm alınmasında rayon icra hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi xüsusi rol oynamışdı. Hər kəsə bu sayğıya görə təşəkkür edirik".

Bəli, Sumqayıtdakı "28 May" mədəniyyət evində həmin gün hər kəs Ağabala Abdullayevdən danışırdı, onu xatırlayırdı və onun ifası üzərində köklənirdi...

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 5 iyun.- S. 21.