Sadə və aydın - Qəyyur Yunus
Tanınmış rəssamın
fərdi sərgisindən
görünənlər və
yazılanlar
Rəssamlar İttifaqının Səttar
Bəhlulzadə adına
Mərkəzi Sərgi
Salonuna dəvətlilər
orada olduqları qısa müddətdə
xoş anlar yaşadılar. Əməkdar
rəssam, "Humay"
mükafatı laureatı
Qəyyur Yunusun sayca 10-cu fərdi sərgisində iştirak
etdilər, istedadlı
fırça ustasının yeni işləri
ilə tanış oldular, klassik musiqi dinlədilər, dostlarla ünsiyyət qurdular, ağızlarını
şirin elədilər.
Bütün bunlar barədə bir qədər sonra...
Bəxtinə yazılanlar
Yazının əvvəlində
dahi rəssam Səttar Bəhlulzadənin adını artıq
bir dəfə qeyd eləmişəm. Sözsüz ki,
yazıda bu sonuncu olmayacaq. Səbəbi məlumdu- Qəyyur
Yunus bu böyük sənətkarın dünyaya gəldiyi Əmircanda
doğulub. Bu olub ötən əsrdə- 1948-ci il martın26-
da. Təkcə Əmircanın deyil, bütün məmləkətin
fəxr etdiyi Səttar Bəhlulzadə ilə qohumluq isə Qəyyurun
bəxtinə yazılıb. Məşhur fırça
ustasından çox məsləhətlər alıb. Sonra da
fırçasını götürüb Əzim Əzimzadə
adına Rəssamlıq Məktəbinə daxil olub. Səttarın
ustad dərslərini, rəssamlıq məktəbində
öyrəndiklərini toplayıb düzəlib yola. Düz gəlib
çıxıb Tiflis Rəssamlıq Akademiyasına.
Yaxın-uzaq səfərlərə
çox çıxıb, daha doğrusu, fırçası
Qəyyur Yunusu müxtəlif ölkələrə,
tanıdığı- tanımadığı şəhərlərə
aparıb.
Yol vərəqəsinə yazılanlar
Qəyyur Yunus Amerikada,
Fransada, İngiltərədə, Almaniyada, Rusiyada, Türkiyədə,
Suriyada, İranda və daha neçə-neçə ölkədə
təşkil olunan sərgilərə qatılıb. Londonda,
Alma-Atada fərdi sərgiləri açılıb.
Əsərləri
"ayaq tutub" muzeylər, şəxsi kolleksiyalar gəzib.
Moskvadakı Dövlət Tretyakov Qalereyasında və Şərq
Xalqlarının Dövlət İncəsənət Muzeyində,
Berlin Etnoqrafiya Muzeyində, D.Rokfellerin Nyu-Yorkdakı şəxsi
kolleksiyasında bu istedadlı Azərbaycan rəssamının
əsərlərinə rast gəlmək olar.
Haqqında yazılanlar
Bu yerdə səhifədəki
meydanı tanınmış sənətşünas, əməkdar
incəsənət xadimi Ziyadxan Əliyevə verirəm. Ziyadxan
bəyin Qəyyur Yunus yaradıcılığına dərindən
bələdçiliyi var: "Qəyyur Yunusun qəhrəmanları
kimlərdir? Bu ağlı-qaralı, daha çox da
günahlı dünyamızda rəssam özünə kimləri
həmdəm-yaxın hesab edir? Əgər onları
sıralamalı olsaq, onda bu mənəviyyat
daşıyıcıları ensiklopediyasında Heyran
xanımla yanaşı, Adəm və Həvvanın, Nəsrəddin
Tusinin, Ağabəyim Ağa Ağabacının, Cahan şahın,
Mümtaz Mahalın, Səttar Bəhlulzadənin və digər
neçə-neçə işıqlı əməlləri
ilə tarixləşən şəxsiyyətlərin
adlarına rast gəlirik.
... İncə müşahidə
istedadına malik olanlar təbiətdə adi görünəni qeyri-adiyə çevirə
bildikləri kimi, o da çox vaxt
müvəqqəti "həyat
qatarı"nın sərnişinləri olduqlarını
unudan insan selinin arasından öz əxlaqına yaxın olanları tapıb təsvirə çevirməyi bacarır,
desək, yanılmarıq.
Əslində bu gün həyat tərzində imanlı olduğunu sərgiləyən rəssamın
təqdimatında çöhrələri
Allahın nuruna bələnmiş real obrazlarının
ancaq xeyirxah əməl sahibi olduqlarına heç kəsdə şübhə
yeri qalmır. O,
bizi inandırır ki, uzaq keçmişdə
tariximizin parlaq səhifələrini rövnəqləndirənlərin
də, elə bizim zəmanənin çeşidli insanları
arasında cənnətliklər
az deyil.
Sadəcə, başqa bir
şairin təbirincə
desək, onlara bütün mənalarda həm də vaxtında, sağlığında
qiymət vermək lazımdır. Onun bir çox əsərlərinə ("Həqiqət
yolu"), ("Bismillah"),
("Zikr"), (Qədr
gecəsi"), (Çərşənbə
axşamı" və
s.) hakim kəsilən
ilahi ruhun həm də mövzudan qaynaqlandığı
birmənalı olsa da, eyni zamanda
müəllifin yaradıcılıq
təxəyyülünü tamamlayan Tanrıya sonsuz məhəbbət və inamdan qaynaqlandığı danılmazdır...
Onun mövzu baxımından kasad görünməyən
yaradıcılığında yaşadığımız gerçəkliyin
problemlərinə, tuş
gəldiyimiz ağrılı
hadisələrə münasibətinə
rast gəlinməsini də ilk növbAədə
vətən daşı
olmağının ifadəsi
hesab etmək olar. Rəssamın 20 Yanvar
fasiəsinə həsr
olunmuş "Bakı"
tablosunu, Qarabağ dərdinə işıq salan "Şuşa qalası haqqında əfsanə", "Qarabağın
ümid yeri" və "Qarabağ göyərçinləri" lövhələrini əski
və yeni psixoloji yaşantılara obrazlı münasibət hesab etmək olar..."
Haqqında deyilənlər
Qayıdaq Səttar Bəhlulzadə
adına Mərkəzi Sərgi Salonunun girişnə. Daha
doğrusu yazının əvvəlinə.
Mədəniyyət və
Turizm Nazirliyi Rəssamlar İttifaqının bu gözəl məkanında
sənətsevərləri Qəyyur Yunusun özü və əsərləri
ilə yenidən görüşdürdü. Sayca 10-cu sərgi
də əvvəlkilər kimi qonaq-qaralı idi. Ev sahibi
missiyasını mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev həyata keçirdi. Qəyyur
Yunusun yaradıcılığını 20 ildən çox
bir müddətdə izlədiyini deyən nazir müavini həmişə
olduğu kimi yenə də heyrətləndiyini dilə gətirdi,
rəssama arzularını yetirdi: "Arzum budur ki, Səttar Bəhlulzadə
bulağından su içən Qəyyur sənətsevərləri
bundan sonra da heyrətləndirsin. Ən yaxşı qiyməti
zaman özü verir. Qəyyur Yunus ən halal qiymətini
alıb, bundan sonra da alacaq".
Qəyyur Yunusun
fırça yoldaşı, Rəssamlar İttifaqının
sədr müavini Ağaəli İbrahimov, Suraxanı Rayon
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov
da səbəbkar barədə səmimi sözlər dedilər.
Növbə Qəyyur
Yunusun özünə çatanda... Dedi ki, rəssamlar
çox danışmırlar. Və çox da
danışmadı. Sərgilədiyi əsərləri
göstərdi.
Qəyyur Yunusun ürəyi və əli
"Bismillah", "Məscidə
gedən yol", "Zikr", "Həqiqət
düşüncələri", "Təbrizlilər",
"Qurban bayramı", "Muradına çatanlar",
"Leyli və Məcnun", "Şərq
qadınları", "Qəbul olunmamış
çiçəklər" müəllifin əvəzinə
danışdı. Özü də çox maraqla,
hamının başa düşəcəyi dildə.
Sadə və aydın...
Etibar Cəbrayıloğlu
Ədalət.- 2010.- 9 iyun.- S. 8.