Fənd
Hekayə
Sifəti xoruz pipiyinin rəngini almış Kərim Kərimli yumşaq kreslosunda oturub dərin fikrə dalmışdı. Düz
iki həftəydi o, rahatlıq nə olduğunu bilmirdi. Elə gün olurdu
ki saatlarla kabinetinə çəkilir,
götür-qoy edir, vəziyyətdən çıxmaq
üçün müxtəlif
yollar axtarırdı.
Amma qəti bir qərara gələ bilmədiyindən
əsəbiləşir, yeri
gəldi-gəlmədi işçilərini
əqrəb kimi sancırdı. Bir saat bundan öncə
olduğu qonaqlıqda
yüz-yüz aşırdığı fransız
konyakı da onun eynini aça
bilməmişdi. Kabinetinə
keçərkən katibə
qıza tapşırmışdı
ki, heç kimi yanına buraxmasın.
Kərim Kərimli
ayağa durub qollarını sinəsində
çarpazladı, ağır addımlarla kabinetdə bir
neçə dəfə var-gəl etdi. Nə fikirləşdisə
yenidən oturdu. Eynəyini səliqəylə silib gözlərinə
taxdı və əl atdı " Azərbaycan " qəzetinə.
Amma oxumağa səbri çatmadı. Stolun böyründəki
düyməni basdı. Katibə qız içəri daxil
oldu.
- Eşidirəm, Kərim
dayı.
- Zəhrimar dayı,
çor dayı! - deyə Kərim Kərimli əsəbi halda
ayağa durdu. - Yüz dəfə tapşırmışam
ki... Vallah, adam həsəd aparır rusların uzaq görənliyinə.
Köpəyuşaqları saqqal tərpədib nahaq yerə deməyiblər
ki, slujba slujba, drujba drujba!
Qəfil hücumdan katibə
qızın sifəti allandı. Başını
aşağı dikib yazıq- yazıq dilləndi:
- And olsun
Allaha, kabinetə keçənə kimi deyirəm " dayı
"
deməyəcəyəm.
Elə ki...
- Yaxşı,
yaxşı! - Kərim Kərimli katibə qızın
sözlərini yarımçıq saxladı. - Əşrəfə
de ki, bu dəqiqə yanıma gəlsin.
- Baş üstə.
Heç üç dəqiqə
keçməmişdi zavodun baş mühasibi Əşrəf
hövlnak özünü kabinetə saldı. Elə ilk
baxışdan vəziyyətin heç də yaxşı
olmadığını direktorun pörtmüş sifətindən
oxudu.
- Xeyir ola? - deyə o,
maraq dolu nəzərlərini direktora dikdi.
Kərim Kərimli
qarşısındakı sənədləri kənara qoyub
acıqlı-acıqlı dilləndi:
- Ə, heç cür
anlaya bilmirəm, siz nə vaxt adam olub adamlara
qoşulacaqsınız?!
Əşrəfin
qalın qaşları çatıldı, alnındakı
qırışlar düyünləndi.
- Bu nə sözdür əmioğlu,
başa düşmədim?
Kərim Kərimli
istehza ilə dedi:
- Ay yazıq, haradan
başa düşəcəksən. Evdə bişməyib,
qonşudan da gəlməyib ! Gərək baş baş ola ki,
bir şey də qavraya bilsin. Bu boyda yekəpər bədəninizdə
baş əvəzinə daş gəzdirirsiniz
Əşrəf zarafata
saldı:
- Keçmə sənin
atkeçməz yollarından əmioğlu. Açıq
danış, görək nə olub.
- Ə, bu qədər də
maymaqlıq olar?! Rayonda baş verən hadisələrdən xəbərin
yoxdur?
- Nə hadisələrdir
ki?
- Gündə
iki-üç müdirin qoltuğuna verilən xoruzların səsini
eşitməmisən?
- Tutaq ki, eşitməmişəm,
hə, nə olsun?
- Necə yəni nə
olsun?! Geci-tezi var, gün gələr həmin xoruzlardan biri də
mənim qoltuğuma veriləcək. Və elə ki, bu dilsiz
heyvan başladı banlamağa, onda ayılıb görəcəksiniz
iş-işdən keçib. Vuracaqsınız
başınıza, amma əlinizdən heç bir şey gəlməyəcək.
Əşrəf
direktorun sözlərinə elə bir şaqqanaq çəkdi,
az qala kabinetin tavanı uçulub başlarına töküləcəkdi.
Haçandan-haçana o, yaşarmış gözlərini
silib soruşdu:
Elə bu?
- Hə.
- Mən hələ
ölməmişəm səni direktorluqdan kənar etsinlər,
deyə Əşrəf özündən razı halda əlini
sinəsində şappıldatdı. Və Kərim Kərimlinin
stoluna yaxın stulda oturdu. Başladı sorğu-suala:
- De görüm, mən
sənin nəyinəm?
- Doğmaca əmioğlu.
- Katibə qız nəyindir?
- Bacım qızı.
- Meskom?
- Dayım oğlu.
- Kollektiv
şurasının sədri?
- Qaynım.
- Bir nömrəli sexin
rəisi?
- Bibim qızı.
- Atamız oldu
behiştlik! Şükürlər olsun Allaha yerdə qalan vəzifələrin
də yetmiş faizi elə öz qohumlarımızdadır.
Belə olduğu halda narahat olmağa dəyərmi?
- Elə Qəribi burada
ağlamaq tutur da - deyə Kərim Kərimli başını
yırğalaya-yırğalaya kreslosundan qalxdı. -
Yapışacaqlar boğazımdan dirəyəcəklər
divara. Soruşacaqlar ay qurumsaq, zavodda qohumbazlıqdan savayı
bir iş görmüsən, ya yox!
- Boş söz-söhbətlərdi,
əmioğlu, boş söz-söhbətlə! - Əşrəf
yoğun barmaqları ilə qalın bığına
sığal çəkib sözünə davam etdi: - İndi
dövran dəyişilib, aşkarlıqdır. Hər yerdə
camaat özü-özünə başçı seçir.
İntəhası, bir az ayıq olmaq, fənd işlətmək
lazımdır. Elə ki rayon rəhbərləri ayaq
basdılar zavoda əlüstü onları alacağıq
kruqa. O ki var tərifləyəcəyik səni. Hə, həriflər
baxıb görəcəklər camaat indiki rəhbərliyi
sevir, onu əllərindən buraxmaq istəmirlər, məcburdurlar
gətirdikləri xoruzu öz qoltuqlarına alıb getsinlər.
Kərim Kərimli
sevincdən əvvəlcə heç bilmədi nə eləsin.
Özünü ələ alandan sonra Əşrəfin
üstünə şığımaqla dodaqlarından
götürdüyü öpüş bir oldu.
- Əhsən əmioğlu,
əhsən! - dedi - bax, aşkarlığın bu fəndi mənim
başıma girmirdi. Yaşasın aşkarlıq,
yaşasın demokratiya, yaşasın Əşrəf bəy!
- deyə o, yenidən keçib kreslosunda oturdu. Və dərindən nəfəs aldı.
Qardaşxan Fərzi
Ədalət.- 2010.- 9 iyun.- S. 7.