Tarixi şəxsiyyət I Şah
İsmayıl Xətai
Ya bir yol seç, ya bir yol tap, ya da yoldan çəkil!
Şah İsmayıl Xətai
1487-ci il iyun ayının 23-də Ərdəbil şəhərində
anadan olmuşdur. XIII-XIV əsrlərin qovşağında
yaşayan Şeyx Səfiəddin Ərdəbilinin
dövründən fəaliyyətə başlayan
Darül-irşadi bütün Yaxın Şərq aləmində
gedən elmi, fəlsəfi görüşlərin ən
güclü mərkəzlərindən birinə
çevrilmişdir. Qızılbaşlıq adı ilə
tanınan Səfəviyyə cərəyanı burada
formalaşmış, Şərqin bir -çox ölkələrinə
yayılmışdır. Buraya inamla gələn sufilər,
müridlər İsmayılın babası, Şeyx Cüneydə,
atası Şeyx Heydərə arxa olmuş, onlara yeni bir
dövlətin bünövrəsini qoymağa yaxından
kömək etmişlər. İsmayılın çox gənc
yaşlarında döyüşlərə atılması, gələcəkdə
qüdrətli bir Azərbaycan dövləti yaratması onun babalarının
çox əsrlik mübarizələrinin nəticələri
idi.
İsmayıl ana tərəfdən
də köklü bir ailəyə məxsus idi. Anası Aləmşah
bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin
qızı idi. Ağqoyunluların Səfəvilərlə
qohumluq əlaqələri yaratmaları bu sülalənin artan
nüfuzu ilə bağlı idi. Lakin Ağqoyunluların Səfəvilərlə
münasibəti sabit qalmır, Səfəvilərin
günü-gündən artan qüdrəti onları qorxuya
salırdı. Şeyx Heydər qəddarlıqla
öldürülür, arvadı Aləmşah bəyim isə
iki öğlu - İbrahim və balaca İsmayılla bərabər
İstəxrdəki həbsxanaya salınır. Ağqoyunlu
hökmdarı Sultan Yaqubun öldrülməsindən sonra
hakimiyyət uğrunda gedən mübarizədə Rüstəm
mirzə Səfəvilərdən istifadə etmək məqsədi
ilə Şeyx Heydərin övladlarını həbsdən
azad edir. Öz səhvlərini sonradan anlayan ağqoyunlular
İsmayıl və ailəsini bir daha ələ keçirə
bilmirlər. Şah İsmayıl Gilan hakimi Həsən
xanın himayəsi altında Lələ Hüseyn bəy tərəfində
tərbiyə edilir, bir dövlət xadimi kimiyetişdirilir.
Yeni qurulacaq dövlətin
adının Səfəvilər olması İsmayılın
ulu babalarından olan, el arasında Şeyx Səfi
adlandırılan Şeyx Səfiəddin Ərdəbilinin
(1252-1335) adından götürülmüşdür.
1499-cu ildə İsmayıl
və onun tərəfdarları hakimiyyəti ələ
almağa qərar verirlər. Ağqoyunlular arasında hakimiyyət
uğrunda gedən döyüşlər bunun
üçün ən yaxşı şərait idi.
İsmayıl və onun tərəfdarları bu əlverişli
şəraiti dəyərləndirərək 70 nəfərdən
ibarət bir dəstə ilə Ərdəbilə
döğru hərəkət edirlər. Yolboyu onlara
ustaclı, təkəli, varsaq, qacar, zülqədar, əfşar
tayfalarından olan çoxlu adam qatılır. Onlar Ərdəbilə
daxil olaraq, Şeyx Səfi məqbərəsini ziyarət edir,
gələcək planları haqqında söhbətlər
aparırlar. Digər ölkə və şəhərlərə
dağılmış Səfəviyyə təriqətinin
ardıcıllarını baş verəcək hadisələrlə
xəbərdar etmək üçün elçilər
göndərilir. İsmayılın başçılıq
etdiyi əsas dəstə Gəncə, Qarabağ və
Göyçə gölü istiqamətində hərəkət
edir, Çuxursəddən keçərək Sarıqaya
yaylağına gəlib çıxırlar.
Qızılbaş dəstələrinin Ərzincana
toplanması, İsmayılın tərəfdarlarının
onun yanına axışıb gəlməsinə səbəb
olur. Bu hadisə bir ilə qədər vaxt alır. Ərzincandakı
toplantıdan Şirvan üzərinə yürüş qərarı
çıxır.
1500-cü ildə
İsmayıl yeddi minlik ordu ilə Şirvanşah Fərrux
Yasarın iyirmi min atlı, altı min piyada ordusu ilə
Şamaxı yaxınlığında Cabanü düzündə
qarşılaşır. Fərrux Yasar məğlub olur və
Buğurd qalaçasına qaçmaq istəyir. O, yolda Lələ
Hüseyn bəyin yaxın adamları tərəfindən
tutulub öldürülür. Daha sonra Şirvanşahların
əsirləri tərəfindən həmin adamın Fərrux
Yasar olduğu öyrənilir. Bu qələbədən sonra
qızılbaş ordusu Bakı üzərinə yeriyir.
Şirvanşahların paytaxtı Bakı şəhəri
tutulmaqla yanaşı Şirvan xəzinəsi də ələ
keçirilir. İsmayıl bundan sonra ordusu ilə
Şamaxıya qayıdaraq Buğurd, Gülüstan və
Surxab qalalarını ələ keçirməyə
hazırlaşır. Gülüstan qalasının mühasirəsi
zamanı Ağqoyunlu Əlvənd Mirzənin Culfaya hücum
etmə xəbəri İsmayılı sərkərdələri
ilə geri qayıtmağa vadar edir. Ağqoyunluların
müxtəlif istiqamətlərdə hərəkət edən
dəstələri qızılbaşlar tərəfindən məğlub
edilir. Əlvənd Mirzə ilə İsmayıl arasında əsas
döyüş Naxçıvan yaxınlığındakı
Şərur düzündə baş verir. Əlvənd Mirzənin
ordusunda Venesiyalıların köməyi ilə top və
tüfənglərin olmasına baxmayaraq onlar məğlub
olurlar. Əlvənd Mirzə kiçik bir dəstə ilə
canını qurtarıb Ərzincana qaçır.
Ağqoyunluların birinci qolunun məğlub olduğu bu
şöhrətli qələbədən sonra İsmayıl Təbriz
istiqamətində yol alır. O, burada özünü şah
elan edirək Səfəvilər dövlətinin əsasını
qoyur, adına xütbə oxudur. Bir müddət sonra Şah
İsmayıl Səfəvilər dövlətinin sərhədlərini
genişləndirir. 1503-cü ildə Mazandaran, 1504-cü ildə
Yəzd, Kirman, Fars, Kaşan, 1506-cı ildə Mərəş,
Diyarbəkir, 1508-ci ildə Bağdad da daxil olmaqla bütün
İraq Səfəvilər xanədanlığına
qatılır. Şah İsmayılın ordusu hələ
Bağdada daxil olmazdan əvvəl onun adına xütbə
oxunur. O, Bağdadda olduğu müddətdə ziyarətgahlara
böyük qayğı göstərir, bir çox quldurluqla
məşğul olan dəstələri məhv edir.
Bilindiyi kimi, Teymurilər
dövründə Azərbaycanın bir çox elm və mədəniyyət
xadimləri, sənətkarları Səmərqənd, Herat və
Buxara şəhərlərinə sürgün edilmişdi. Səfəvilərin
Şeybanilər üzərində qələbəsi
onların övladlarının ata-baba yurdlarına
qayıtmasına şərait yaratdı.
XVI əsrin birinci
rübünün əvvəllərində Mərkəzi
Asiyada vəziyyət o qədər də yaxşı deyildi.
Sultan Hüseyn Bayqara bir tərəfdən yaxın əyanları
tərəfindən qızışdırılan
övladları, digər tərəfdən də Şeybani
xan tərəfindən
sızxışdırılırdı. Bunun üçün
o, düşmənlərindən yaxa qurtarmaq üçün
Şah İsmayılla elçiləri vasitəsi ilə
dostluq əlaqələri yaradırdı. 1505-ci ildə onun qəfil
ölümü ilə Şeybani xanın onun varisi üzərində
hiylə ilə qələbə qazanması vəziyyəti
xeyli dəyişdirdi. Şeybani xan Xorasan və Heratı
işğal etdikdən sonra Şah İsmayıla təhqir və
hədə-qorxularla dolu qərəzli məktublar göndərir.
İki dəfə Şeybani xanın sarayına elçilər
göndərərək münasibətləri qaydaya
salmağa çalışan Şah İsmayıl bu alicənablığı
qorxaqlıq kimi qiymətləndirən xanla dinc yolla əlaqələri
qaydaya salmağın mükün olmadığını
anlayır. Şah İsmayıl 1510-cu ildə Şeybani xana
bir məktub yazıb, Məşhədə ziyarətə gəlməyə
hazırlaşdığını bildirir və sürətlə
Xorasan istiqamətində irəliləyir.
Qızılbaşların bu ani yürüşünün xəbərini
alan Şeybani xan Mərv qalasına sığınır.
İsmayıl hərbi hiylə işlədərək geri
qayıtmaq üçün ordusuna əmr verdiyinə
Şeybaniləri inandırır. Qaladan çıxan
Şeybani xan qəfil hücum edən qızılbaşlara məğlub
olur və öldürülür. Xorasan və Heratdan
başlamış Bədəxşan, Kabil və Qəndəhara
qədər böyük bir ərazi Səfəvilərin
hakimiyyətinə qatılır. Herat Səfəvilərin
ikinci mühüm mərkəzinə çevrilir.
İsmayılın oğlu Təhmasib Herat mərkəz olmaqla
Mərkəzi Asiyaya vali təyin edilir. İsmayıl 1510-cu
ilin qışına qədər Heratda qalır.
Səfəvilərin sürətli
inkişafı, qısa bir müddətdə bölgənin ən
güclü dövlətinə çevrilməsi,
qızılbaş idealogiyasının qonşu dövlətlərin,
eləcə də osmanlıların idarəsində olan
ölkələrin əhalisi arasında geniş
yayılması həmin dövlətlərin Səfəvilərə
düşmən münasibəti yaratmasına səbəb
olur.
Şah İsmayıl hələ
Səfəvilərin ilk çağlarından
Çaldıran döyüşünün başlanmasına
qədər, Osmanlılarla ehtiyatla davranmışdır.
Osmanlı sultanı Bəyazidin ilk əvvəl səfəvilərə
düşmən münasibət bəsləməsinə
baxmayaraq sonralar İsmayılla aralarında xoş münasibətlər
yaranmışdır. Bu Osmanlıların 1504-cü ildə Səfəvilər
dövlətini tanıması ilə sübut olunur. Bu
dövrlərdə Trabzon hakimi olan Yavuz ləqəbli Səlim,
Sultan Bəyazidin Şah İsmayılla münasibətinə
xor baxırdı. O Türkiyədə gündən-günə
güclənən, ətrafına çoxlu tərəfdar
toplanan qızılbaşlıq hərəkatına imperiya
üçün təhlükəli bir qüvvə kimi
baxırdı. Məhz buna görə də o, qəti tədbirlərə
əl atmaq fikrində idi.
Sultan Səlim 1512-ci ildə
hakimiyyət başına keçən kimi ölkəsini
daxilən möhkəmləndirməyə başladı.
Yeniçərilərin və bir çox dövlət idarəçilərin
etirazlarına baxmayaraq, qızılbaşların
siyahısını tutdurub, qırx mindən çoxunu
Maku
yaxınlığında düşərgə salan Osmanlı
ordusu üzərinə gecənin qaranlıq
çağında qəfil hücum etmək təklifinə
Şah İsmayıl "mən karvan basan quldur deyiləm"
cavabı ilə etiraz edir. Nəhayət günün
aydınlanan vaxtında iki möhtəşəm türk ordusu
qarşılaşır. Döyüş üç gün
davam edir. Xüsusi rəşadət göstərən
İsmayılın və sərkərdələrinin cəsarətlə
vuruşmasına baxmayaraq döyüşdə osmanlılar
qalib gəlir. Ağır yaralanan İsmayıl
döyüş bölgəsindən
uzaqlaşdırılır.
Çaldıran məğlubiyyətinin
əsas səbəblərindən biri İsmayılın
öz gücünə hədsiz inanması, özünü məğlubedilməz
hesab etməsi, ağıllı məsləhətlərə
qulaq asmaması və bir sıra taktiki səhvlərə yol
verməsi ilə bağlıdır. Digər bir tərəfdən
İsmayılın bu döyüşə yaxşı
hazırlaşmaması və döyüş gününə
qədər osmanlılarla müharibənin olmasına
inanmaması onun uduzma səbəblərindən
sayılır.
Şah İsmayılın bu
ilk məğlubiyyətinin ağır nəticələri tədricən
özünü göstərir. Diyarbəkir, daha sonra Ərzincan
Osmanlı torpaqlarına qatılır. Çaldıran məğlubiyyəti
İsmayılı dərindən sarsır, bundan sonra o, bir
daha özünə gələ bilmir. Çünki, bu məğlubiyyət
adi bir məğlubiyyət deyildi. Bütün
arzularının məhv olması demək idi.
Çaldıran
döyüşündən sonra Şah İsmayıl
ömrünün sonuna kimi heç bir ciddi hərbi səfər
etmir. Şah İsmayıl ölümündən bir qədər
əvvəl yorğunluq hiss etdiyindən ova çıxmaq qərarına
gəlir. Şəki mahalına gələn Şah
İsmayıl Şahdağa ov etmək üçün
hazırlaşdığında yerli adamlardan birinin yüksəkliyin
onun sağlamlığına zərər gətirəcəyini
bildirsə də buna əhəmiyyət vermir. Nəhayət
ov zamanı onun səhhətində problemlər yaranır,
özünü yaxşı hiss etməyən Şah
İsmayıl dərhal Ərdəbilə qayıdır. Vəziyyətinin
burada da yaxşılaşmaması ucbatından təcili Təbrizə
yola düşürlər. Sərab yaxınlığında
halı o qədər pisləşir ki, Manqutayda düşərgə
salmalı olurlar. Bütün müdaxilələrə
baxmayaraq hökmdarın həyatını xilas etmək
mümkün olmur. Görkəmli dövlət xadimi 1524-cü
ilin iyun ayının 23-də əbədiyyətə
qovuşur. Sərkərdələri onun cəsədini Ərdəbilə
gətirərək, babalarının yanında Şeyx Səfi
məqbərəsində dəfn edirlər.
Ömrünün 38
yaşında vəfat edən Şah İsmayıl Azərbaycanla
bağlı arzularından və istəklərindən
ayrılmalı olur. Qısa müddətdə
gördüyü işlər onu daim könüllərdə
yaşadacaqdır. Şah İsmayılın bu mübarizəsi
vahid Azərbaycan dövləti yaratmaq istəyindən irəli
gəlirdi. O, Azərbaycan - türk dilini dövlət dilinə
çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni
inkişafında inanılmaz dərəcədə
böyük bir işlər görmüşdür.
Əntiqə Rəşidqızı
Ədalət.- 2010.- 8 iyun.- S. 5.