GÜNƏBAXAN

 

zamansa ağgünlüydü bu qadın

İndi durub gün altında tum satır.

Ağ gününü büküb qara qabığa

Elə bil ki, qara-qara gün satır.

Bir cib ona-bir cib buna boşaldır

Günlərini alıb qaçır uşaqlar.

Çırtlayırlar orda-burda boş-bekar

Yağış kimi yerə yağır qabıqlar.

O qabıqlar qara-qara gündülər

Süpürəndə süpürgəçi deyinir.

O qabıqlar para-para gündülər

Həm satılır, həm alınır, yeyilir.

Gün altında günə baxır bu qadın

Günə baxıb günlərini artdayır.

Qara-qura quşlar uçub bir anda

Qara-qura günlərini çırtdayır.

Günlər dönür qara-qara qəpiyə

Bu qadının ciblərini doldurur.

Günlər dönüb hava-hava köpüyə

Bu qadının havasını dondurur.

Gözlərinnən nifrət axır, yaş axır

Gözlərinnən qarğış axır özünə.

Günəbaxan taleyinə daş yağır

Bir də görür yağış yağır üzünə.

Darda qalıb o həyəti, o evi

Həyətində günəbaxan olardı.

Günəbaxan tum tutanda gətirib

Hərəsini bir torbaya salardı.

Salardı ki, quşlar gəlib yeməsin

Bakıdakı balasının payıdır.

Tələbədir, çox oxuyur deyəsən

Ürəyində onun yeri ayrıdır.

Qəfil qalxdı tozanaqlar, küləklər

Günəbaxan bağçası da kül oldu

Sütüllər də davalara getdilər

Balası da sütüllərə qoşuldu.

Torpağı da günü kimi çırtdandı

Balalar da nişangahda dənləndi.

Bu qadının adı günəbaxandı

Günə bax ki, bir balası gəlmədi.

Torpaq gedib, oğul ölüb, ər itib

Ağ gününə qara günlər daş atır.

Nə zamansa ağ günlüydü bu qadın

İndi durub gün altında tum satır.

 

 

SÜPÜRGƏÇİ

 

Qovrula-qovrula ağrı içində

Hər gün üz-gözünə açılır səhər

Hər gün üz-gözünə bağlanır gecə

Qəfil boğazına tıxanır qəhər

Hər gün süpürdüyün o tin, o küçə

Yolları sürtməkdən yorğun süpürgə

Sınıq ürəyinin çatıdır bəlkə.

Qara taleyinin atıdır bəlkə--

Dərd çapır, qəm çapır yalınnan tutub,

Dərd tapır, qəm tapır qolunnan tutub.

Hər gün bu yollarda yol süpürürsən-

Yarpaq süpürürsən, kol süpürürsən.

Yaylıqla üzünü-gözünü büküb

Deyirsən qoy məni tanımasınlar.

Əvvəl səni görən qohumun, qonşun

Sonrakı halını qınamasınlar.

Hamıdan yan qaçıb uzaq gəzirsən,

Hamıdan şux idin, yazıq gəzirsən.

Bir adam görməyib üzünü sənin

Bir adam bilmir ki, ağsan, qarasan.

Get-gedə tükənir dözümün sənin

Özün öz gözündə qara yarasan.

Ər də atıb gedib ay süpürgəçi-

Ərini gəzirsən ərin nə gəzir,

Ərlilər içində yerin nə gəzir.

Bir yumub, beş töküb yol süpürürsən

Sağdan baş vurursan, sol süpürürsən.

Kədər süpürürsən, dərd süpürürsən,

Verib süpürgənin ağzına bəlkə

Fikirli-fikirli ər süpürürsən.

Gah yağış isladır, gah buz bağlayır

Sürüşkən yollarda sürüşür hamı.

Sürüşüb izinnən gen düşür hamı.

Sürüşən qəfildən yerlərə dəyir.

Sürüşə-sürüşə qalmayıb heyin

Süpürə-süpürə səni dərd yeyir.

Yaxşı ki, sürüşkən elə bu yoldur,

Yaxşı ki, ayağın sürüşkən deyil.

Süpürgən ağzına alıb hər səhər

Zibili kürüyür, qarı kürüyür

İçini dağlayan qoru kürüyür.

Sən yol süpürürsən hər gün birtəhər

Tale də yolunda səni kürüyür

Tale də yolunda səni süpürür.

 

 

ÖMRÜN YELLƏNCƏYİ

 

Ömrün yelləncəyi asılıb göydən

Tutub kəndirindən yellənirik biz.

İlahi, bilirəm doğulan günnən

Gecəyə-gündüzə hellənirik biz.

 

Bizi yağış döyür, bizi gün döyür,

Fələyin çarxında itilənirik.

Sonra korşalırıq, çarxımız dönür-

Sonra da əcəlin girinə keçib

Hamımız bir boyda ütülənirik.

 

İslanıb, quruyub bu yelləncəkdə

Gah göyə qalxırıq, göydən düşürük

Bir ilıq səhərdə, bir boz gecədə

Hellənə-hellənə heydən düşürük.

 

Bu növbə nə yaman uzun növbədi.

Demə yelləncəyin bəxti şeş vurur.

Minmək də, düşmək də bir bəhanədir,

Minən düşməlidir, elə iş budur.

 

Bizim işimiz də yellənmək olur,

Bizi kim yellədir, bilmirik axı.

Durub bu gərdişə söz demək olmur,

Bizi yelləyənə nə deyək axı.

 

Asıla qalmışıq göyün üzünnən

Gözümüz göylərin göyündə qalıb.

Görən nə tapmışıq göyün üzündə

Bizi yer üzünnən aralı salıb.

 

Yellənir yelləncək, dayanmır, durmur

Yarıxoş, yarızor hamı yellənir.

Necə asılıbsa saxlamaq olmur,

Yellənə-yellənə dünya ələnir.

 

Biz buyruq quluyuq, əzəlimiz bu

Torpaqdan gəlirik torpağa sarı.

Olumun ölümü, sonun olumu

Bir yoldur, bir qoldur naxışı ayrı.

 

Yellənən nə çoxdu, minən nə çoxdu,

Deyəsən bu kəndir süzülür artıq.

Bizi düşürtməyə ehtiyac yoxdu-

Onsuz da ipimiz üzülür artıq.

 

 

Esmira Məhiqızı

 

Ədalət.- 2010.- 9 iyun.- S. 7.