MİLLƏT UĞRUNDA
ÖMRÜNÜ SƏRF EDƏNLƏRİ MİLLƏT
UNUTMUR
Sənət və siyasət bahadırı Nəriman
Nərimanovla maarifpərvər xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin tarixi dostluğu
Doğrudur, bu iki parlaq
şəxsiyyət arasındakı böyük ülfət
sovet illəri dönəmində bolşevik inqilab rəhbərinin
müsbət obrazını formalaşdırmaq və
kapitalist-burjuy simasını nüfuzdan salmaq üçün
dönə-dönə təhrif olunmuşdur. Lakin gerçəklikdə
bu şəxsiyyətlər arasında bir ata-oğul
münasibətləri olmuşdur. Şişirdilərək təhrif
olunan söhbətin kökündə əslində
dünyagörmüş müdrik ağsaqqalın inqilab ruhlu
gəncə tövsiyəsi dayanır.1906-cı ildə
müsəlman müəllimlərinin I qurultayında Nəriman
Nərimanov Azərbaycanda maarifin ağır vəziyyətinə
və müəllimlərin acınacaqlı, dözülməz
halına görə çar üsul-idarəsini ittiham edərək
islahatlar keçirməyi hökumətdən tələb etmək
təklifini irəli sürürdü. Maarifpərvər
xeyriyyəçi Tağıyev də qurultayda iştirak
edirdi. Hacı Nərimanova təklif edir ki, çar hökumətindən
"tələb edirik" yox, "rica edirik" müraciəti
yazılsa, daha düzgün olar. "Əgər tələb
edirik" yazsaq, çar hökuməti inqilab ruhundan təşvişə
düşər və bunun da bizim maarifimizə bir faydası
olmaz, ziyanı dəyər. Tələb xitabı hökumət
yanında millətimizə ayıb gətirər".
Novorossiysk Tibb Universitetində Tağıyevin sərmayəsi
hesabına ali təhsil alan Nərimanov bəlkə də gəncliyin,
yaxud inqilab əhval-ruhiyyəsinin təsirindən Hacıya sərt
cavab qaytararaq onun üzünə ağ olur. Əslində
Tağıyev Nərimanovu istedadalı bir dramaturq, millətini
sevən və onun tərəqqisinə böyük səylər
edən ictimai bir xadim kimi çox sevirdi
Görkəmli
ictimai-siyasi və dövlət xadimi, yazıçı,
publisist, həkim Nəriman Nəcəf oğlu Nərimanov
1870-ci il aprelin 14-də Tiflisdə anadan olmuşdur. İlk təhsilini
Tiflis müsəlman ruhani məktəbində alan Nərimanov
1890-cı ildə Qori seminariyasını bitirmiş və
Borçalı qəzasının Qızılhacılı kəndinə
müəllim təyin olunmuşdur. Bir il müəllim işlədikdən
sonra Bakıya gələrək maarifçi kimi ictimai fəaliyyətə
başlamışdır. 1894-cü ildə Bakıda ilk xalq
qiraətxanası təşkil edərək , bir sıra Şərq
ölkələri ilə mütərəqqi əlaqələr
yaratmış, Rusiyanın müxtəlif şəhərlərindən
qiraətxana üçün qəzetlər və ədəbiyyat
almışdır. 1895-ci ilin yanvarın 15-də
Qızılhacılıda yazdığı
"Nadanlıq" pyesi Bakı teatrı səhnəsində
tamaşaya qoyulmuş, tamaşadan əldə olunan gəlir isə
qiraətxananın inkişafına yönəldilmişdir. Bu
dövrdə Nərimanov ictimai-siyasi problemlərə
toxunduğu "Dilin bəlası" yaxud "Şamdan bəy"(1895),
"Bahadır və Sona"(1896-1908), "Nadr şah"
(1899) kimi ədəbi əsərlər, sosial-mədəni məsələlərə
dair publisistik məqalələr yazmış Azərbaycan və
rus dilini öyrənənlər üçün dərsliklər
tərtib etmişdir. Nərimanovun ədəbi publisistik fəaliyyəti
siyasi maarifçi məzmun daşımış, ictimai
problemləri diqqətdə saxlamaqla, cəmiyyəti ətalətdən
qurtarmaq, geridə qalmış müsəlmanların
düşüncə tərzini irəlilətmək məqsədinə
xidmət etmişdir.
Ədəbiyyat və
ictimai fikir tariximizdə də dövrünün nüfuzlu
şəxsiyyəti olan millət atasını, millətinin
savadlanması, istedadlı gənclərin təhsil alması
üçün sərmayəsini əsirgəməyən
böyük mesenat H.Z.Tağıyevi öz
sağlığında Nəriman Nərimanov qədər
yüksək qiymətləndirən ikinci bir şəxsiyyət
bəlkə də yoxdur. Tağıyevlə Nərimanovun 57 il
yaş fərqi və siyasi əqidəsi, məsləki, sosial
durumu fərqli olmasına baxmayaraq, hər ikisini mənəvi
cəhətdən bir amal birləşdirirdi: millətin maariflənməsi,
xalqın savadlanması və irəli getməsi, Azərbaycanın
inkişaf və tərəqqi edərək müstəqil
dövlət olması. Hələ XIX əsrin sonlarından və
XX əsrin əvvəllərində öz dərrakəsi, zəhməti
və Allahın izni ilə milyonlar sahibi olmuş, elm və təhsili
dəstəklədiyinə görə beynəlxalq mesenat
titulu qazanmış Tağıyev onlarca gəncin Avropada təhsil
almasında himayəçi olmuşdu. Azərbaycanda
Cümhuriyyət qurulanda və Azərbaycan qoca Şərqin
ilk müstəqil məmləkəti olanda bəlkə də
H.Z.Tağıyev qədər qəlbən sevinən
olmamışdı.Təsadüfi deyildi ki, Cümhuriyyət
dövründə 100 nəfər gəncin xaricdə təhsil
almasının da xərcini böyük mesenat öz üzərinə
götürmüşdü. Hələ biz onun ibtidai məktəblər,
sənət məktəbi, Bakıda ilk Qızlar
Seminariyası açdırmasını, 24 adda qəzet və
jurnala himayədarlıq etməsini demirik. Elə maarifpərvər,
millətsevər şəxsiyyət olduğu
üçün Tağıyevin ətrafına
dövrünün ən nüfuzlu ziyalıları- Həsən
bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Əli
bəy Hüsenzadə, M.Ə.Rəsulzadə, Əhməd
Ağaoğlu və Nərimanovun özü də tez-tez
toplaşar, milli məsələləri müzakirə edərdilər.
Azərbaycan ziyalılarına doğulduğu bölgədən,
siyasi əqidəsindən asılı olmayaraq atalıq
qayğısı göstərən, təmənnasız
yardımlar edən Tağıyev N. Nərimanova da eyni
qayğını göstərmişdi. Tağıyev bilirdi
ki, Nərimanov özündən kiçik 11
bacı-qardaşın və onların uşaqlarının
möhlətini çəkir, onların gün-güzəranı
onun öhdəsindədir. Odur ki,yazıçı,dramaturq,
publisist Nərimanovun ali təhsilli həkim olmaq istəyi
Tağıyevi çox sevindirmişdi. Üç il əvvəl
Nərimanovun "Nadir şah" faciəsinin çap
olunmasına yardım etmiş Tağıyev 1902-ci ildə gələcək
doktor Nərimanın təhsili üçün 2280 manat (205
qızıl onluq) ayırmışdı. Xatırladaq ki, bu məbləğ
o dövr üçün çox böyük pul idi. Hərçənd
Nərimanovun qürurundan irəli gələn təkidə
görə, aralarında olan yazılı razılaşma ilə
o, bu məbləği həkim işləyəndə
qaytarmağı vəd etmişdi və 1924-cü ildə
sonuncu borcunu (25manatı) Hacıya qaytarmışdı. N.Nərimanov
ömrü boyu Tağıyevin
yaxşılığının əvəzini ləyaqətlə
çıxmışdır. Elə bu faktın özü də
onun necə ləyaqətli şəxsiyyət olduğunu bir
daha təsdiq edir.
Taleyin çox sərt
dönəmlərində, bolşevik-daşnak rejimi neft
milyonçusunun var-dövlətini qamarlayanda onu güllələnməkdən
və ya sürgün olunmaqdan, ailəsinin didərgin olunmaqdan
da Nərimanovun şəxsi himayəsi xilas etmiş, bununla da
tarixi borcunu mənən ödəmiş olmuşdu. Məhz
Hacı 1924-cü ildə Nərimanovun onu yerləşdirdiyi Mərdəkandakı
bağ evində öz əcəli ilə 101 yaşında
dünyasınıdəyişmişdir.
Hələ 1900-cü
ildə "H. Z.Tağıyevin məişətə və cəmaətə
xidmətləri" monoqrafiyası ilə N.Nərimanov
geniş və əhatəli, məzmunlu bir şəkildə
Tağıyevi ictimaiyyətə təqdim etmişdi. 30
yaşlı N.Nərimanov monoqrafiyanı böyük
müdrikliklə qələmə alaraq yazırdı: "
İnsanın xoşbəxtliyi onun həyatından sonra ismi
hörmətlə dillərdə zikr olunmaqdadır. Bu mərtəbəyə
çatmaqdan ötrü fədakarlıq lazımdır, yəni
tək məxsus nəfsinə zindəganlıq etməyib bədəndən
və ruhdan zəif həmmillətə gərək kömək
edəsən... Müsəlmanlardan bu qeyrətdə
olanları görməmişiksə də ancaq adlarını
tarixlərdə oxuyuruq və düşünürük ki,
millət yolunda can qoyanlar bizlərdə də varmış.
Bu zati-möhtərəmlər hər əsrdə olublar,
vardırlar və olacaqlar. Ümumxeyirdən ötəri bu əsri
hazırda insafımız rəva görmür ki, cənab
Zeynalabdin Tağıyevi nəzərimizdən keçirtmiyək,
ta gələcəkdə millətin balaları bu cənabın
millətə qeyrətini, vətənə məhəbbətini,
insana himmətini və həmiyyətini tarixdə oxuyub
gözləri rövşən və qəlbləri şad
olsun. Həqiqət hal,bu zati-möhtərəm bir qeyri
zatdır, rüzgar bizlərə bəxş edibdir! Bu zat millət
bəzəyi, ruzigarın nadidə əsəri
olub,adını tarixə salmıya bilərikmi?"
Nəriman Nərimanov
dövrünün bir çox ziyalıları kimi
qadınların təhsili, mədəniyyəti, elmi məsələsinə
ürək yanğısı ilə yanaşırdı. Onun
da qəlbi ağrıyırdı ki, xaricdə təhsil
alıb geri qayıdan cavanlarımız evlənərkən səviyyələri
uyğun olmadığından müsəlman qızları ilə
məcazları tutmur, qeyri-millətlərlə evlənirlər.
Bununla bağlı Nərimanov həmin monoqrafiyada
yazırdı":Pəs mədəniyyətli, mərifətli
cavanlarımıza mərifətli, mədəniyyətli
övrətlər lazım gəlmiyirmi?...Məgər övrətin
xoşbəxtliyi yemək-içməkdə, zər-ziba
içində olmaqdadır?... Qızlarımız təhsilli,
tərbiyəli, mərifətli olsaydılar
oğlanlarımız bəhər hal ağla gəlməyən
işləri etməzdilər,çünki əqilli övrət
pis kişini həmişə yaman yoldan saxlar...Cənab Hacının
açdığı məktəbdə qızlarımız
dörd il dərs oxuyacaqlar. Buradakı yetim qızlar
Hacının xərcinə tərbiyə alacaqlar. Bu məktəbi
Hacı çox böyük pula (300 min qızıl onluğa)
xərc edibdir... 1896-cı ildə Hacı əlindəki 20
milyona dəyən zavodu beş milyon yarıma satıb bez
fabrikası açdı. Cənab Hacının bu hərəkəti
puldan-dövlətdən gözləri doymayanları təəccübə
gətirdi. Asan dövlət qazananlar,dövləti ilə kor
olanlar Hacının əməlinə gülürlər.Həqiqət
bir fikir etməli: zavodda yüz adamın çörək
tapmağı fabrikada min adamın çörək
tapmağına bərabərdirmi? Qafqazda bezin qiyməti birə
on ucuzlanmağı vətənə azmı xidmətdir...
Yaxud 1896-cı ildə Peterburqda qeyrətli müsəlmanlar cəmiyyəti-xeyriyyənin
binasını qoyblar. Peterburq din qardaşlarımızın
müsəlman cəmiyyəti-xeyriyyə açmaqdan məqsudları
elm-təhsil edən müsəlmanlara və qeyri şəhərlərdə
məktəbxanalar, qiraətxanalar və azarxanalar
açmağa kömək etməkdir. Burda da qeyrətli,himmətli
Hacı cəmaətə böyük xidmət göstəribdir:
11 min manat Peterburq müsəlman cəmiyyəti-xeyriyyəsinə
bəxşiş edibdir. Bunun əvəzində onlar hörmətli
Hacını ömürlük çlen seçib təşəkkür
ediblər. Qeyrətli Hacı bunlara bəs etməyib türk və
fars ədəbiyyatına xidmətlər göstəribdir,
millətə nəf gətirən kitabları öz xərcinə
çap etdiribdir: Tarixi-müqəddəs. Əsəri-Molla Əbdül-səlam
Axundzadə_- 500 manat xərc olunubdur, "Şərabçı","Allah
divanı" Asari-Sultan Məcid Qəniyev-300 manata xərc
olunubdur, "Əşari-Seyid Əzim Şirvani"-500 manat xərc
olunubdur, "Nadir şah" Əsəri-Nərimanov-350 manat
xərc olunubdur. Bu əsər cənabi Hacının
xahişinə görə fars dilinə tərcümə
olunur və çap olunacaqdır.1895-ci ildə Badkubədə
rus dilində verilən "Kaspi"qəzetəsini 57 min
manata alıbdır."
Xalqın savadlanması
yolunda gənclərin təhsilindən tutmuş əhalinin
maarifləndirilməsinədək H.Z.Tağıyevin gördüyü
böyük işləri birər-birər sadalayıb yüksək
dəyərləndirən N.Nərimanov dərgilərin bu
yöndə əhəmiyyətini xüsusi qeyd edirdi. "Bu
zati-möhtərəmin qeyrəti insanı həqiqətdə
heyran edir! Təəccüb budur ki, 18 il bundan müqəddəm
Badkubədə Hacıdan dövlətli və mədəniyyətli
şəxslər olubsa da və hal-hazırda varsa da, ancaq
teatrın əvvəlinci binasını qoyan hörmətli
Hacı olubdur,"-deyə, Nərimanov mədəniyyət
sahəsində də xeyriyyəçi kimi Hacının
birinci olduğunu deyirdi. 1872-ci ildən Bakı Dumasının
qlasnısı olan Hacının maarif və mədəniyyət
sahəsindən başqa iqtisadiyyata, siyasətə verdiyi
töhfələrlə həm şəhərə, həm də
camaata olan köməkliklərini böyük məhəbbətlə
qələmə alırdı. N.Nərimanov monaqrafiyasında
H. Z.Tağıyevi möhtəşəm bir şəxsiyyət
kimi səciyyələndirir, hətta onun ciddi iş rejimini
bütün incə məqamları ilə diqqətə
çəkir. "Cənab Hacı hazırda 63 sinnində
varsa da, ancaq çox diribaş görünür. Özü
orta boy, tökmə şəxsdir. Hər bir əzası
dürüst üzündən əqlü kəmalı məlum
olunur. Səhər saat10-dan 2-dək qeyrətli Hacı kontorunda
olub və arada məişət işlərinə diqqət
edir. Hər gün rus mirzəsi rus lisanında məşhur qəzetləri
oxuyub və arada sual-cavab olur. Sonra müsəlman mirzəsi
İranda, Osmanlıda, Hindistanda, və Misirdə verilən
türk,fars və ərəb qəzetlərini oxuyur. Hacı
çox diqqət ilə qulaq asıb öz təsəvvürünü
söyləyir. Hacı politika, yəni siyasi məsələlərə
artıq diqqət edir: hörmətli Hacının bu sinnində
qüvveyi hafizəsinin itiliyinə məəttəl
qalmalıdır. Gündə on qəzetəyə qədər
oxuyur, sabahı hamısından xəbər verməyə
hazırdır: hansı əhvalat hansı qəzetdə
olmağını səhvsiz söylər. Bu səbəbə
görə cənab Hacı zəmani hazırda siyasiən mədəniyyətdən
və mərifətdən söhbət etməyə qadirdir. Mədəniyyətli
şəxslər Hacının elmlərdən və tarixdən
xəbərdar olmağına təəccüb edirlər.
Xülqü xasiyyəti çox mülayim, özündən
kiçiklərə həmişə hörmət edən,
haqq sözdən qaçmayan, günahkarın təqsirindən
keçən, öz səhvini gizlətməyən, qeybətdən
ictinab edən, ürəyi saf hissli bir zatdır. Hörmətli
Hacı teatrı nəhayətdə sevir; hər axşam
öz lojasında əyləşib artistlərin oyunlarına
çox diqqətlə baxır."
Hələ Odessada
Novorossiysk Tibb Universitetinin tələbəsi ikən
Baxçasaraya (Krım) gedərək orada öz əsərlərindən
ibarət teatr tamaşaları vermiş N.Nərimanov
böyük türk ictimai-siyasi və maarif xadimi
İsmayıl bəy Qaspralı ilə olan
görüşü haqqında xoş təəssüratlarını
da Tağıyevə məktub şəklində göndərmiş
və 1914-cü ildə "Bəsirət" qəzetində
dərc etdirmişdir. Millətin həyatına dair
mühüm məsələlərdə doğru yol göstərənləri
"kahramanlar" adlandıran Nərimanov həmin məqalədə
və məktubda xüsusi olaraq qeyd edirdi ki, "Millət
uğrunda bütün ömrünü sərf edən şəxsi
millət unutmamalıdır".
Sonrakı illərdə
inqilab əhval-ruhiyyəsi ilə bolşevik təşkilatlarına
üzv olan daha sonra isə rəhbərlik edən N.Nərimanov
Azərbaycanı qızıl ordunun istilasından sonra da
xalqımızın maarifləndirilməsi sahəsində
mübarizəsini davam etdirmişdir. Sosializm ideyalarına səmimi
qəlbdən inanan N.Nərimanov sonralar Bakıda sovet hakimiyyətinin
yeritdiyi siyasəti və bu siyasətin törətdiyi fəsadları
rəsmi şəkildə ifşa edirdi. 1920-ci il mayın 16-da
Rusiyadan Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin
rəhbəri kimi geri dönən Nərimanov təntənə
ilə qarşılansa da, onun gəlişi ərəfəsində
Q.Orconikidze və S.Kirovun V.Leninə teleqram göndərərək
"bütün Qafqaz və daha geniş ərazi üçün
səlahiyyət" istəmiş bu "millətçi"yə
səlahiyyət verməməyi tövsiyə etmişdilər.
Nərimanovun gəlişi ərəfəsində
Naxçıvan qəzasından başqa, demək olar
bütün Azərbaycanda sovet hakimiyyəti qurulmuşdu. Onun
daşnak-bolşevik birləşmələrinin törətdiyi
haqsızlıqlara, qətl və qarətlərə
qarşı mübarizəsinə sonralar "milli təmayülçülük"-"Nərimanovçuluq"
damğası vuruldu 1925-ci il martın 19-da öz partiya cəbhədaşları
tərəfindən çox müəmmalı şəkildə
aradan götürüldü.
Bütün
şüurlu həyatını Azərbaycan xalqının
milli mədəni tərəqqisinə həsr etmiş Nərimanov
din problemlərinə, Azərbaycan dilinə dövlət
statusu verilməsinə, milli ziyalılara və təhsilə
milli dövlət quruculuğunun tərkib hissəsi kimi
xüsusi diqqət yetirmiş, milli adət ənənələri
qorumuş, maarif və mədəniyyətin inkişafının
qayğıkeşi olmuşdur.
XX əsrin bütöv
bir epoxası bu millət fədaisinin adı çəkiləndə
bəzən yüksək təntənə, bəzənsə
susqunluqla qarşılansa da, həqiqət budur ki, Nərimanov
öz xalqını ürəkdən sevmiş, onun müstəqilliyi
və tərəqqisi üçün daim mübarizə aparmışdır.Bir
zamanlar H.Z.Tağıyevə İsmayıl bəy Qaspralı
haqqında yazdığı fikirləri elə əslində
Nəriman Nərimanovun özünə şamil edilə bilər.
Öz milləti uğrunda ömrünü sərf edən Nərimanovun
parlaq xatirəsi xalqımız tərəfindən daim
anılacaqdır.
Mirvari Rəhimzadə
Ədalət.- 2010.- 10 iyun.- S. 7.