Mədəniyyətimizin
tarixi kökləri Şumerlərlə
bağlıdır
Tariximiz qədim,
köklü olsa da, Azərbaycanın qədim mədəniyyət tarixinin
çoxqatlı
dərinlikləri barədə danışanda əlimizdə kifayət qədər faktlar olmur. Məşhur məsəldir ki, babalarımız böyük
hünər göstərib
tarix yaratdıqları
dərəcədə kitab
yazmayıblar. Böyük tariximiz daha
çox dastanlarda, həmçinin şifahi xalq ədəbiyyatının
müxtəlif janrlarında,
aşıq yaradıcılığında,
muğamatda ifadəsini
tapıb. Azərbaycan-Türk mədəniyyətinin, yaradıcı,
özünəməxsus fikrinin
daha çox poeziyada və musiqidə ifadə olunması qədim mədəniyyətimizin halı
barədə müəyyən
təsəvvürə gəlməyə
imkan verir.
Professor Elməddin
Əlibəyzadə: "Azərbaycan
ədəbiyyatını ümumtürk
mədəniyyətindən ayrı təsəvvür
etmək olmaz"
İslamaqədərki Azərbaycan türk mədəniyyətini sistemli şəkildə araşdıran professor Elmədin Əlibəyzadə bu mənada mənəvi mədəniyyətimizin kökünün daha qədim dövrlərə gedib çıxdığını bildirir: "Azərbaycan ədəbiyyatını, ümumən mədəniyyətini ümumtürk mədəniyyətindən ayrı, təcrid edilmiş şəkildə təsəvvür etmək olmaz. Azərbaycan mədəniyyətinin tarixi kökləri çox qədimlərə, Şumer mədəniyyətinə gedib çıxır. Ötən yüzilin araşdırmaları göstərdi ki, dünya sivilizasiyasının əsasları Şumerdən başlanır. Şumerlər müasir türk xalqlarının əcdadlarıdır. Dünyanın məşhur alimləri bu barədə fikirlər söyləyiblər: Amerika alimi S.Kramerin "Tarix Şumerdən başlanır" adlı məşhur əsəri var. İnsanlıq məhz şumerlərlə başlayır. İnsanlıq - dili, mədəniyyəti, yüksək ali əxlaqı olan xalq, insan toplusu deməkdir. Dünyanın məşhur alimləri - fransız alimi E.Reklü, alman alimi Q.Vinkler, polyak alimi Z.Kasidoloki, ingilis alimi Vulli, türk alimi Əhmet Cavad, rus alimi Reder və başqaları bu fikirlə həmrəydirlər. Məlum olur ki, ilk dəfə din də qədim Şumerdə yaranıb. Maraqlıdır ki, qədim Şumerdə tapılan mixi oxşəkilli yazıların içərisində olan mətnlərdən biri "Kainatın və insanın yaranması haqqında mif"dir. Bu mövzu indi də bəşərin, elmin ən qlobal problemidir. Bütün dinlər mənbəyini buradan götürüb, yerini göstərməyiblər. Dinlər belə əsaslar üzərində meydana gəlib. "Kainatın və insanın yaranması" mifində tanrıçılıq ideyası var. Deyilir ki, bütün dünya əvvəlcə başdan-başa okeandan ibarət olub. Ata Göylərlə Ana Yer əvvəlcə bir yerdə ər-arvad şəklində olmuşlar, zamanlar keçdikcə Göy Yerdən ayrılıb və suyun üzərinə gəlib. Lakin Ata Göylər heç zaman öz sevimli "arvadını" nəzərindən qaçırmayıb, ondan öz məhəbbətini əsirgəməyib, günəşin şüasını, yağışı, qarı göndərib. Hava, od, yel torpaqla birləşərkən Yer "hamilə olub", nəticədə Yerdə - canlı həyat əmələ gəlib. Dünyanın ilk övladları Enlil və Enki qardaşları olub. Bunların biri Kainatı, digəri isə Yer üzünü idarə edib. Çox maraqlıdır ki, həmin ideya - ilk başlanğıc məsələsi "Bibliya"da da bu şəkildə qoyulub, amma Ata Göylər və Ana Yer Adəm ata, Həvva ana şəklində verilir. Enlil və Enki qardaşları Habil və Qabil kimi təqdim edilir. "Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi" adlı kitabımda "Bibliya" ilə qədim Şumer mifləri və dastanlarının arasında müqayisələr aparmışam: eynilə qədim Şərqdə dini məsələlər "Bibliya"ya köçürülüb, tərcümə olunub. Zərdüşt peyğəmbər dünya miqyasında elə iş görüb ki, ona bərabər heç kəs yoxdur. Bəşər üçün hələlik hər şey Şumerdən başlayır, çünki ondan o yana fakt, soraq yoxdur. "Kainatın və insanın yaranması" mifinin tarixi təxminən 45-50 min il göstərilir. Şumerlərin sivilizasiya mədəniyyətinin yüksəlməsi dövrü eramızdan əvvəl V-IV minilliklərə təsadüf edir. O dövrdən 9 poema qalıb ki, onlardan biri "Bilqamıs" dastanıdır. Dünyanın bütün tanınmış alimləri bu qənaətdədir ki, bu, türk mədəniyyətidir. Oljas Süleymenovdan başlamış türk alimlərinə qədər şumerlərin sözlərilə müasir türk xalqlarının sözləri müqayisə edilib, 300-dən artıq söz ortaya çıxarılıb".
Farslar özlərinə qədər olan ideyaları pəhləvi dilinə
çeviriblər
Zərdüşt haqqında danışan araşdırmaçı deyir ki, onun yaşı e.ə. VII-VIII, hətta IX minilliklərə gedib çıxır: "Bu fikri təkcə bir nəfər demir. Zərdüştçülük Midiya dövlətinin ideoloji-dini əsasları olub. Heç şübhəsiz ki, bundan əvvəl Turan, eləcə də başqa türk dövlətlərinin də ideologiyası bu olub. Midiya süquta uğrayandan sonra farslar Zərdüştçülüyü dövlətin ideoloji əsası kimi qəbul ediblər. Farslar Zərdüştün ardıcılları olan muğları öz tərəflərinə çəkiblər. Muğların razılaşmasının səbəbini belə izah etmək olar: hər şeydən əvvəl burada məcburiyyət olub. Heç olmasa dinləri yaşayacaqdı. Qaldı ki, farslaşdırma məsələsinə, farslar özlərinə qədər mövcud olan dini ideyaları, təsəvvürləri, rəvayətlərin hamısını götürüb qədim pəhləvi dilinə çeviriblər. Qədim "Avesta" dilində olan bütün sənədləri yandıraraq məhv ediblər, özlərindən yeni rəvayətlər uydurublar. Guya Zərdüşt filan hökmdarın vəziri olub və s. Onun yaşının azaldılması da buradan başlayıb. Mənim araşdırmalarımda Orxon-Yenisey yazılarının mənşəyilə bağlı bir bölmə var. Məşhur rus alimi Melioranski yazır: "İlahi, bu, necə bir əlifbadır ki, mən 300-400 illik yazıları oxudum, amma orada bir dənə də olsun orfoqrafik səhvə rast gəlmədim". Deməli, bu əlifba bizim eranın məhsulu deyil. Türklər bunun üzərində minillər məşq ediblər ki, bu əlifba belə bir kamil vəziyyətə gəlib çıxıb. Orxon-Yenisey əlifbasını aramilərin əlifbasına calamaq cəhdlərinin heç olduğunu tarix sübut etdi. 1972-ci ildə Alma-Atanın yaxınlığında bir kurqan tapıldı. Əvvəlcə küknar ağacından düzəldilmiş dördbucaqlı qəbrin içindən sümüklər, dəmir-dümür tapıldı. Mütəxəssislər müəyyən etdilər ki, burada basdırılan adam e.ə. V-IV əsrlərdən bu yana deyil. Qəbirdən tapılmış baş tacında bir-birinə qəzəblə baxan pələnglər, şahə qalxmış atlar, ağacın başında quş və başqa təsvirlər var. Ən maraqlısı odur ki, qəbirdən tapılmış çoxsaylı əşyalar sırasında cam üzərində yazılmış sözlər bizim üçün hər şeydən qiymətlidir. Bu yazı eynilə Orxon-Yenisey yazısıdır. Bu hadisədən sonra keçmiş SSRİ akademiyaları biri-birinə dəydi. Ata-oğul Amanjolov cam üzərindəki yazını dəqiq şəkildə oxuya bildilər: "Ağa, sana uçuk". Yəni "Ağa, sənə uçulmuş yer, qəbir". İkinci misra: "Bez, diz çök, bukun içrə azuq". Yəni ki, ey düşmən, qürrələnmə, xalqımın azuqəsi olacaq. İki misra 200 min kitabın mənasını verir. Əgər Makedoniyalı İsgəndər "Avesta"nı yandırmasaydı, eləcə də Midiya kimi böyük dövlətçiliyimizi əlimizdə saxlasaydıq, hər halda dünyanın durumu indikindən çox yaxşı olardı. İsgəndərin "Avesta"nı yandırması çoxdan tarixə çevrilib, amma bu gün də Qərbin Şərqə münasibəti mahiyyətcə əvvəlki kimidir. Qərb bütün tarix boyu Şərqə yuxarıdan aşağıya baxıb. Ağlına gəlməyib ki, bütün mədəniyyəti Şərqdən götürüb. Sanki özünə sığışdırmır ki, necə yəni mənim bütün mədəniyyətimi Şərq verib?
"Avesta"nı ərəb elə itirdi
ki, bu günə qədər
izinə düşə bilməmişik
İsgəndər "Avesta"dan yandırdığını yandırıb, saxladığı parçaları isə tərcümə edib, bununla da yunan mədəniyyətinin, fəlsəfəsinin inkişafına xidmət göstərib. Makedoniyalı İsgəndərin yandırdığı "Avesta" kitabı IX yüzildə artıq muğlar tərəfindən bərpa olunmuşdu. Muğlar İrana, Hindistana - görünməz yerlərə qaçmışdılar. "Avesta" 21 kitabda cəmləşmişdi. Bu kitabları ərəb elə itirdi ki, bu günə qədər də o kitabların izinə düşə bilməmişik. İndi əlimizdə "Avesta"nın çox az bir hissəsi qalıb. "Avesta" bütün tufanlardan üzüağ çıxdı, bu gün də yaşayır. Dünyanın müxtəlif yerlərindən tapılmış qədim soraqlar "Avesta"nın möhtəşəmliyini bir daha sübut etdi. 1924-cü ildə Fransanın Lazzel vilayətində yaşayan bir mülkədar öz torpağını becərərkən yerdən çoxlu kitabələr çıxır. Kitabələrdən birinin üzərində keyik şəkli (ceyran balası) və yazı tədqiqatçıların diqqətini özünə cəlb edir. 1993-cü ildə Fransanın universitetlərindən birində bu məsələ beynəlxalq səviyyədə müzakirəyə çıxarılır. Dünyanın hər yerindən ora türkoloqlar dəvət edilir. Sübut olunur ki, bu yazının dili qədim türkcədir. Yazılar Orxon-Yenisey, habelə latına keçiddir. Yazının tarixi 4500 ildir. Hələ bu fikrin əleyhinə çıxan olmayıb. Həmin o keyik üzərindəki yazı müasirləşdirilib: "Atəşə tapınaraq vahid tanrını qəbul etdilər". Deməli, 4500 il bundan əvvəl Zərdüştçülük nəinki Azərbaycanda və İran ərazisində, Fransa torpağında hökmran idi, xalqın dini görüşləri idi. Deməli, "Avesta"nın farslar tərəfindən uydurulmuş 2700 il yaşı məsələsi yalandır. Zərdüşt bizimdir, öz ruhumuzdur".
Professor Azad Nəbiyev:
"Tələbə vaxtında belə İqrar
Əliyevin konsepsiyasını qəbul etmirdim"
Professor Azad Nəbiyev isə deyir ki, Zərdüştçülərin qanun kitabı olan "Avesta"da Novruz bayramının bir
sıra etiqad və ayinləri, bayram süfrəsinin rəmzləri əks olunub. Bugünkü əski
qaynaqlardan biri, ən
qədimi Zərdüştlə bağlı olan
"Avesta"dır ki, orada
Novruzun izləri aydınca görünür:
"Zərdüşçülükdəki od
daha ali bir düşüncəyə malik
idi. Od insanın həyatı,
sağlamlığı idi. Odun üstündən atlanmaqla
insanın bütün
acı-ağrısı, xəstəliyi odda
yanıb, məhv olur. Bu,
əski dövrdən bəri davam edən
inancdır ki, hazırda da
yaşayır. Zərdüşt düşüncəsi Novruzu daha da
gözəlləşdirib, yeniləşdirib".
Professor Ağayar
Şükürov deyir ki, tariximizi yazanlar çox həqiqətləri
təhrif ediblər: "Mən tarixçi olmaq istəyirdim. Xüsusən
də Şərq tarixini araşdırmaq ən böyük
arzum idi. Biz oxuyan dövrdə Azərbaycanda Şərq tarixi
üzrə mütəxəssislər olan müəllimlərimiz
yox idi. Deyə bilərlər ki, həmin dövrdə
İqrar Əliyev və başqaları vardı. Tam səmimi
olaraq deyirəm ki, mən tələbə vaxtında belə
İqrar Əliyevin konsepsiyasını qəbul etmirdim.
Söhbət ondan getmir ki, türkçüyəm. Razılaşmadığım
başlıca məqam ondan ibarət idi ki, onun tədqiqatlarında
Azərbaycan türklərinin bu torpaqlara XI, XII, XIII əsrlərdə
gəldiyi iddia olunurdu. Herodotun məşhur "Tarix"
kitabında "Astiaq" əfsanəsi verilib. Həmin əfsanədə
Astiaq onun əmrini yerinə yetirməyən Qarpağa
oğlunun ətini yedizdirir. Sonradan Qarpaq Astiaqa xəyanət
edir, Kirlə əlaqəyə girir və Astiaqı devirir.
Astiaq ona deyir ki, bəli, mən sənə düşmənçilik
etmişdim. Sənin də mənə düşmənçilik
etməyə haqqın vardı. Amma bu, sənə haqq vermirdi
ki, farslara, iranlılara hakimiyyəti verəsən.
Olmazdımı ki, sən özün hakimiyyəti ələ
alaydın? Bu, əfsanə də olsa, bizə bir həqiqəti
deyir ki, Midiya fars olmayıb. Bunu Herodot yazıb. Fars
Midiyanın əyaləti idi. Amma midiyalı fars deyil.
Bu yöndə
araşdırmalar aparmaq, həqiqəti dərk etmək həvəsim
hələ o dövrdən yaranmışdı. Türk
xalqları ana yurddan hərəkət edərək biri gec,
biri tez olmaqla tarixin müxtəlif dönəmlərində
köç ediblər. Azərbaycan türkləri b.e.ə I
minillikdə bu ərazilərdə artıq
köklü-köməcli bir xalq kimi məskunlaşmışdılar".
Yol zamanın fövqündədir
Bəlkə son 10 ilin ən
qalmaqallı, dünyanın düzənini dəyişən
gözlənilməz hadisələrlə zəngin bir ilini
başa vururuq.
Yeni ili miladi tarixilə
qarşılayan dünya xalqlarından bizi fərqləndirən
bir cəhət də var. İlin son günü, 31 dekabr həm
də Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günüdür. Bu baxımdan, hər ilin sonuncu günü
biz il ərzində gördüyümüz işlər,
buraxdığımız səhvlər, məğlubiyyətlərimiz
və qələbələrimiz haqqında təkcə
ayrı-ayrı fərdlər kimi deyil, böyük imperiyaların
geosiyasi maraqları və zamanın haqsız düzəni nəticəsində
parçalanmış bir millətin təmsilçiləri
kimi düşünmək, ilk növbədə
özümüzə hesabat vermək məcburiyyətindəyik.
Elçin Qaliboğlu
Ədalət .- 2010.- 18 iyun.- S. 4.