ONLARIN DÜNƏNİ: RƏŞİD
BEHBUDOV
SADƏCƏ RƏŞİD BEHBUDOV
Nə qədər
inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu
günümüz ONLARIN DÜNƏNİNdən
başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın
dünəni.
Dünən onlar kim
idi,hardaydılar və nələr yaşayırdılar?
Yeni ədəbi nəsl
üçün ibratamiz və bir qədər də kədərli
olan O DÜNƏN və O DÜNƏNİN insanlarının
keçdiyi yol, bu gün üçün son dərəcə
kərəkli və daha qabarıq görünməkdədi.Bu
rubrikamızda ilk yazımız şair Vaqif Səmədoğlu
ilə ötən həftə oldu.Bu gün isə...
Başlığa
baxın.
Bir neçə gün
öncə, yəni iyunun 9-da bu böyük sənətkarın
vəfat etdiyi gün idi.Həmin gün Mahnı Teatrında sənətkarın
anma günü oldu.
Eynən bu rubrikada daha
kimlər olacaq.İzləməyə dəyər.
Şayət
yazımızın başlığına diqqət etsəniz,
bir şey o saat diqqəti çəkir : mən Rəşid
Behbudovun adının qarşısında onun heç bir
titulunu yazmamışam. Sadəcə Rəşid Behbudov
yazmışam.
Məncə nədəni
bəlli və yazının sonunda bu nədən
açıqlanacaq.
Ümumiyyətlə, Rəşid
Behbudov haqqında yazanlar həmişə bir çətinliklə
üz-üzə qalırdı.Bu ona görə deyil ki,
jurnalistlərin, musiqişünasların və yazarların
yazmağa sözü yox idi, fikirləri tükənmişdi. Əksinə
Rəşid Behbudov haqqında deyiləcək, söyləniləcək,
yazılacaq sözün və fikrin bolluğundan çətinliklər
ortaya çıxırdı. Bu bəlkə də bir də
ona görə idi ki, onun sənəti artıq püxtələşmiş
bir yüksəkliyə çatmışdı, insanların
onun sənəti haqqında tutarlı söz, fikir tapmaq
imkanı azalmışdı.
Onun sənəti öyrədici
idi.
Onun oxuduğu
mahnılar, onun ifaçılığı
yaradıcılıqda mərhələ idi. Müqayisə obyekti
idi.
Mən dəfələrlə
onun konsertlərində olmuşdum, onun Mahnı
teatrının hazırladığı proqrama, o proqramda
göstərilən mahnılara baxmışdım.
Fikir verirsinizmi, MAHNILARA
QULAQ ASMIŞDIM DEMİRƏM, BAXMIŞDIM DEYİRƏM. Ona
görə ki, həqiqətən o mahnılar o zaman yalnız
dinləmək üçün deyildi və həm də
baxılmaq üçün idi. Baxın, burda O ZAMAN
deyilişinə ayrıca fikir vermək lazımdı. Bunu izah
etməyə çalışacağıq. Rəşid
Behbudovun o
mahnıları məhz oxumaq üçün deyildi və
həm də baxılmaq üçün idi. Görüm üçün idi. Məhz MAHNINI GÖRMƏK və GÖSTƏRMƏK
fikri o zaman
bəlkə də bir çoxlarına qəribə
gəlirdi, amma məhz bu
görüm məsələsi o zaman mənə son dərəcə maraqlı gəlməklə,
həm də OXUNAN bir mahnının
görümsəlliyi tamam başqa bir anı mənə
xatırlatdı.
Sovet dövründə
keçirilən bayramlardan biri də 8 mart bayramı idi və
həmin bayram günündə Rəşid Behbudov bir dəstə,
belə deyək, ahıl, gənc qadınların
qarşısında televiziyada göstərilən bir
verilişdə Cahangir Cahangirovun ANA mahnısını
oxuyurdu.
Rəşid
Behbudov oxuyurdu.
Ona qulaq asırdılar, onu dinləyirdilər.
Rəşid Behbudovun ANA
mahnısını dinləyən yaşlı, ağbirçək
anaların gözlərinin yaşını görəndə,
onun səsinin sehrində sanki bir yas yerində yanıqlı
bir səslə bir ağı eşidilərmiş kimi göz
yaşlarını saxlaya bilməyib ağlayanda artıq bu mahnı
belə mahnılıqdan çıxardı, onu yüksək
sənət əsəri səviyyəsinə
qaldırardı. Görsəllik məhz bu anda daha qabarıq
irəli çıxırdı.
Bu hər hansı film
üçün çəkiliş deyildi, burada rejissorun
"ağlayın" komandası yox idi, operatorun "çəkirəm"
əmri yox idi. Və ağlayanların da bəlkə o anda
ekranda göründüklərindən də xəbəri yox
idi. Bu sadəcə Rəşid sənətinin gücü və
sehrinin bir təntənəsi idi.
Bu danılmaz bir həqiqət
idi.
Sənətin, musiqinin,
səsin yaratdığı bir həqiqət.
Bu həqiqətin
carçısı isə Rəşid Behbudov idi.
Uzun lap, uzun illər
öncə bir ara Rəşid Behbudov sanki yoxa
çıxmışdı. Onun səsini belə eşitmək
olmurdu. Sanki radio işçilərinə belə
tapşırmışdı ki, mənim mahnılarımı
səsləndirməyin. Rəşid Behbudov əməlli-başlı
susmuşdu.
Onun nə elədiyindən
məncə heç kəsin xəbəri yox idi. Və
sonradan məlum olacaq ki, Rəşid Behbudov daha böyük
uğurlara imza atmaq üçün gecə-gündüz
çalışır və hətta özünə qəsd
edərək çalışır.
Qəribəsi bu idi ki,
o zaman qəzetlərdə onun haqqında heç bir şey
yazmırdılar. Yazmırdılar deyəndə ki, heç kəsin
sorğusuna cavab vermirdi. Sonradan müşahibələrin
birində deyəcəkdi ki, mən irəlicədən
danışmağı xoşlamıram.
Və bu susqunluğun
ardınca Bakının küçələrində
yaraşıqlı bir afişanın
asıldığını gördük və Bakının
reklam-afişa qıtlığının içində bu
yaraşıqlı və bu görümlü reklam-afişa həmən
diqqəti çəkirdi. Bu reklam-afişada Dağüstü
parkda Bakının fonunda çəkilmiş əlində təsbeh,
başında buxara papaq Rəşid Behbudov qollarını
geniş açaraq sanki Azərbaycanı qucaqlamaq istəyirdi.
Və təşbeh üçün deyək ki, sanki bütün
dünyanı Azərbaycana dəvət edərək, öz
konsertinə baxmağa çağırırdı.
Bu görümlü,
baxımlı reklam-afişa neçə illər susmuş Rəşid
Behbudovun əziyyətli saatlarının dəvətnaməsi
idi.
Təbii ki, hamı
maraqlandı, ilk öncə sənət adamları,
musiqişünaslar.
Gəldilər.
Gördülər.
Eşitdilər.
Və açığını deyək
ki, heyran oldular. Mətbuatda tərif dolu
yazılar görünməyə
başladı. Rəşid Behbudovun
təşəbbüsü bəyənildi. Hətta
qəzetlərdə belə
başlıqlara da rast gəlmək mümkün idi: "Rəşid Behbudov və onun MAHNI TEATRI".
Birinci, bu cür deyimləri
o zamanın mətbuatında görmək zor bir iş idi. İkincisi
bu sözlərin arxasında biz REJİSSOR, İFAÇI, TƏRTİBATÇI,
HARDASA BƏSTƏKAR Rəşid Behbudovu görürdük.
Bu ifadələrin hamısı sadə bir cümlədə
birləşirdi: OXUYUR RƏŞİD BEHBUDOV.
İndi baxın, o zaman
Sovet məkanında öz adına, ideya məzmununa və məqsədinə
görə nadir hadisə olan MAHNI TEATRI sonradan böyük bir
mübahisələrə səbəb olan ortam yaratdı. Onun
tərəfində duranların sayı çox olsa da, bəyənməyənlər,
dodaq büzənlər və qəbul etməyənlər də
oldu. Əsil musiqisevərlər, sənətə ciddi
münasibətdə olanların arzusunu Rəşid Behbudov həyata
keçirmişdi. Biz çoxdandı belə bir kollektivin
arzusunda idik.
MAHNI VƏ ONUN ÜZƏRİNDƏ
REJİSSOR İŞİ.
Bu indi bizə çox
asan gəlir və əlində bir kamera oranı çək,
buranı çək adını da qoy: "mən klip
çəkirəm". Bu yaradıcılıq deyil. Bizim
musiqi sənətimizdə indiki klip axınının ən
gözəllərini Rəşid Behbudov yaradırdı
Mahnı Teatrında. Və onlarda üstəlik də bir
TEATRALLIQ vardı. Bu gün sənətimizin nisbətən
cılızlığını görməsəydim, güman
ki, bu sətirləri yazmaq məsuliyyətli iş idi.
Bu təzə xəbər
deyil ki, hər bir mahnının öz ifadə tərzi var. Onu
oxumaqla bərabər, həm də göstərmək də
mümkündü. O zaman bu çox az sənətçiyə
nəsib olurdu və Rəşid Behbudovun Mahnı teatrına qədər
bu yox dərəcəsində idi. Rəşid Behbudov Mahnı
teatrını yaradarkən məhz oxuduqlarını göstərmək
niyyətində idi. Mahnını yaşamaq yollarını,
ifadə eləmək şərtlərini qarşısına
məqsəd qoymuşdu.
Mahnı oxunarkən onun
özündən doğan ideyanı göstərmək
Cahangir Cahangirovun başqa bir mahnısında ALAGÖZ və
çox cəsarətlə oxuduğu türk
mahnılarında öz ifadəsini tapmışdı.
Təbii ki, Rəşid
bir müğənni kimi bunun bir çox yolları olduğunu
bilirdi və mahnının ritminə, məzmununa uyğun
xeroqrafik ünsürlərdən, vokal-xeroqrafik səhnələrdən
istifadə edərək mahnını o qədər
görümlü edirdi ki, bəzən öz zamanının,
dövrünün içindən çıxırdın.
Rəşid Behbudov
Mahnı teatrının sənət üçün,
xalqımızın tanınması üçün, el
havalarımızın, xalq mahnılarımızın
tanınması üçün çox gərəkli
olduğunu bilirdi və zaman çərçivəsindən
çıxaraq daha irəlilərə
götürürdü. Burada bir təəssüf, bir mazi,
nostalji olduğunu kənara qoysaq, yenə də bizim dediyimiz
sözlərdə çox böyük bir həqiqətin
varlığı şəksizdir.
Əgər Avropa musiqi məktəbinin
çalarlarını görmək istəyirdinizsə, yenə
də Mahnı teatrına üz tutmaq lazım idi.
Əgər Şərqin
ulu zəngulələrini, boğazların necə cəh-cəh
vurduqlarını eşitmək istəyirdinizsə, yenə də
Mahnı teatrına getmək gərəkirdi.
Əgər opera sənətində
Şərq musiqisi ilə Qərb opera musiqisinin sintezini
eşitmək vacib idisə, yenə də Rəşid
Behbudovun teatrına getmək gərəkirdi.
Rəşid Behbudov
üçün heç nə köhnə deyildi. Öz
keçmişinə sadiqlik göstərmək
üçün bu ariyaya qəsdən müraciət etmiş
və böyük bir qələbə qazanmışdı.
Özünü ifadə eləmək kimi baxmışdı həmin
ariyaya. Keçmişlə bu günün
bağlılığı, sintezi bir simvolika idi, Əsgərin
ariyası bu simvolikanın başlanğıcı.
Rəşid Behbudovun
klassik operadakı işlərini xatırlasaq, bu o qədər
də çox deyil. Amma təkcə "Sevil"i yada salaq. Rəşid
Behbudov Balaşın ariyasını o zaman oxumağa
başladı ki, hələ bizim tamaşaçıların
ürəyi muğamat və xalq mahnıları üstündə
köklənmişdi, el havalarının sehri onları öz
təsirində saxlamaqdaydı. Muğam, xalq mahnıları,
klassik musiqi təmasında yaranan "SEVİL"i birdən-birə
dinləmək bir tərbiyə işi idi. "Sevil" kimi
Avropa və Şərq musiqi məktəbinin gözəl bəhrəsi
olan bir əsər meydana gəldi və Rəşid Behbudovun
Balaşını görənlər, onun ifasını
eşidənlər gördülər hər şey bu
torpağındı.
Nədənsə mənə
həmişə elə gəlir ki, Rəşid Behbudov dedikdə
yada bizim xalq mahnıları düşür, bayatılar
düşür. Qəribəsi budu ki, bu adda, bu soyadda bir qədimlik,
bir ululuq, köhnəlik olmasa da bu adın, bu soyadın
anımı mənə xalq oxumalarını xatırladır.
Rəşid Behbudovu bir ifaçı kimi xalq mahnılarsız
təsəvvür etmək çətindi. Müsahibələrinin
birində müğənni deyib: "Mən səhnəyə
el nəğmələri ilə gəlmişəm. Azərbaycan
xalqının toyunun, şənliyinin bəzəyi olan,
yorğunluğu çıxaran, işini avand eləyən
mahnılarla. Sonra həmin mahnılarla birgə dünyanı
dolaşmışam. Haralarda olmuşamsa, orda Azərbaycan
mahnılarının əks-sədasını qoyub gəlmişəm.
Göy qurşağı kimi rəngarəng xallara malik bu nəğmələrlə
dünyanı fəth etməyin mümkün olduğunu
bilmişəm".
Bu ifadə, bu deyim
artıq el sənətinin, el nəğmələrinin
gücünü duyan bir sənətkarın sözləridi.
Çox tutarlı,
yerində deyilmiş bir ifadədi.
Rəşid Behbudov xalq
nəğmələrini oxuyanda belə onlara yeni baxımdan
yanaşdı.
O tara güvəndi.Ancaq
ondan bərk-bərk yapışmadı.
O qavala güvəndi.Ancaq
onu qulağının dibinə tutmaqla, əlində oynatmaqla
kifayətlənmədi.
O sazı bəyəndi.Ancaq
onu çiyninə aşırıb obaları dolaşmadı.
Bunların
hamısında yeni bir məna gördü, yeni çalar
tapdı. Elə bir qənaətə gəldi ki, hər
kiçik el nəğməsi kiçik bir tamaşa ola bilər.
Həmin bu nəğmə-tamaşalar vahid süjet ətrafında
birləşib bir səhnə əsəri yaradar,
tamaşaçını arxasınca aparar.
Rəşid Behbudov elə
arxalandı.Ancaq onun ətəyindən tutmadı.
Hər şey göz
qabağındadı.
Rəşid Behbudov
haqqında yazanların hamısı onun dünya şöhrəti
qazandığını, səs çatmayan, ün yetməyən
ölkələrdə qastrol səfərində olduğunu,
oralarda Azərbaycan ölkəsini təmsil etdiyini qeyd ediblər.
Ancaq Rəşid Behbudov həmin ölkələrdə təkcə
Azərbaycan mahnılarını təmsil etməyib. Deyərdim
ki, o, Azərbaycanın sənət səfiri kimi həmin
torpaqların qonağı olub.
Onun sənət səfərlərinin
coğrafi böyüklüyünü sadalamaq çətindir.
"Azərbaycan" kəlməsi onun dilindən düşməyib.
Müğənni söyləyir ki, Çili xalqının
ağır günlərində öz mahnıları ilə
onlara necə əl tutub.
Çili
torpağının ən dəhşətli günlərində
Çilidə çevriliş vaxtı kommunist Rəşid
Behbudov qorxmadan, çəkinmədən konsertlər verib. Buna
ürək lazımdır. Sənətkar cəsarəti,
insanlıq dəyanəti lazımdır. Biz bunların
hamısını bu böyük el sənətkarının
yaradıcılığında, həyatında
görmüşük, görürük, görəcəyik.
Gəlin,
araşdırmağa çalışaq. Nə
üçün Rəşid Behbudov bu qədər sevilir:
Gözəl səsi
olduğuna görəmi?
Bu bir!
Orijinal, yeni ifa üslubu
olduğuna görəmi?
Bu iki!
Səhnə mədəniyyətinə
görəmi?
Bu üç!
Zəngin və rəngarəng
repertuarına görəmi?
Bu da dörd!
Bu sayı artırmaq da olar.
Nədi, axı nədi
Rəşidi sevdirən? Qocanı da, cavanı da sehirləyən,
ələ alan, vurğun eləyən nədi? Rəşid
sənətinin nəyidi?
Tofiq Abdin
Ədalət.- 2010.- 12 iyun.- S. 15.