"DÜŞÜB YOL GEDİRƏM TALE BOYUNCA..."
ƏDƏBİ HƏYAT
Hər dəfə
yeni bir kitabını açıb vərəqləyəndə
gözlərim min dəfə, milyon dəfə deyilib artıq
döyənək olmuş sözlərlə, ifadələrlə,
misralarla, bu misralarda ifadə olunan fikirlərlə
qarşılaşanda bir qorxu hissi bürüyür məni. Şairliyi şeir yazmaq,
qafiyələri yan-yana düzmək, məlum təsir vasitələrini
sıralamaq kimi anlayanlar get-gedə çoxalır və bu
kütləvilik doğrudan da poeziyamızın gələcəyi
üçün heç də az təhlükəli
deyil. Amma bunun əksinə, ara-sıra gözəl
şeirlərlə də qarşılaşırsan və həmin
o qorxu hissi ürəyindən çəkilib gedir.
Heç
üzünü görmədiyim, kimiliyini bilmədiyim, bir
şeirini belə oxumadığım Nəzakət adlı
bir müəllifin "Ömrüm" adlı şeirlər
kitabını oxudum və sevindim ki, içimdəki ədəbiyyat
təəssübkeşliyindən irəli gələn o qorxu
hissini unutmaq lazımdır.
Ən əvvəl, çox
sevdiyim şairlərdən biri - müasir poeziyamızın
solub-saralmayan bir yaşıl budağı - Musa Yaqubun
"Ömrüm" kitabına yazdığı ön
sözlə həmrəy olduğumu bildirirəm:
"Tanrı vergisi istedadın olması, şeirin ürəkdən
yaranması üçün ilkin şərtdir. Ancaq bununla da
iş bitmir, gərək hisslərin şeirə
çevrildiyi anda tutarına, ifadələrin səlisliyinə,
bədii hikmətin inandırıcı və təbii
olmasına çalışansan. Bunun
üçünsə ilkin şərt sözün məsuliyyətini
dərk etməkdir. Bu mənada Nəzakətin
şeirlərini həqiqi hisslərin, yaşanmış
duyğuların sözlə çəkilmiş ifadəsi
adlandırmaq olar".
Nəzakətin
bir çox şeirləri məhz yaşanılmış
hisslərin, duyğuların poetik ifadəsi kimi diqqəti cəlb
edir. Birinci olaraq, onun "Payız" şeirindən
söz açmaq istəyirəm. Məlumdur
ki, payız haqqında gözəl şeirlər
yazılıb və mənim fikrimcə Nəzakətin
"Payız"ı da bu şeirlər sırasına
qoşula bilər. Çünki o,
payıza öz hisslərin, duyğularının payız
cizgilərini qata bilib.
Əl çəkib hər yana
qızılı payız,
Ağaclar soyunub yaşıl
donunu.
Üzünə ölümün sarısı
çökən,
Yarpaqlar gözləyir
ömrün sonunu.
Bu bənddə
payızın hamıya məlum olan mənzərəsi rəsm
olunur. Amma "üzünə ölümün
sarısı çökən yarpaqlar" bu məlum mənzərəyə
yeni poetik ştrix əlavə edir.
Baş çəkir "evdar"
payız küləyi,
Hər yan-dərəni,
düzü dolandı.
Ərköyün uşağa dönübdü
göylər,
Bir kəlmə deməmiş
gözü dolandı.
Yenə də
məlum mənzərə, amma həmin məlum mənzərənin
təzə, təravətli ifadəsi. Niyə
payıza "evdar" külək deyilir? Çünki o, hər yanı gəzir, dolanır,
varlığını sübut edir. Payızın
bütün gözəliyi, ahəngi küləkdən
keçir.
Nəhayət,
üçüncü bənd:
Düşüb yol gedirəm
tale boyunca,
Hər yanda önümə çıxır
bu payız,
Bacımın ağaran
telindən düşür,
Anamın qəbrindən baxır
bu payız.
Əgər
şeirin ilk bəndi daha çox rəng, boya səciyəsi
daşıyırsa, bu misralara şairin duyğulara şair
duyğularının rəsmi kimi baxırıqsa,
üçüncü bənd sırf şairlik işidir. Öz taleyi
boyunca yol gedən insanın hər yanda payızla
qarşılaşması artıq başqa məna yaradır.
Çünki oxucu bilir ki, payız ilin fəsilləri içərində
ən təzadlısıdır, özündə bütün
fəsillərin əlamətlərini daşıyır,
yağışı, sel-suyunun bolluğu, daim əsən
küləyi, insana qəm-qüssə gətirən xəzan
yarpaqlarıyla, amma həm də baharı xatırladan gözəlliyiylə,
ruzi-bərəkətiylə, toylarıyla... Payızın rəngini
Nəzakət xanım belə səciyyələndirir: Hayana
çatırsa, Sarı qələmlə, özünün
adını yazır beləcə. Qayıdaq
üçüncü bəndə. Deməli,
payızla insan ömrü arasında bir bənzəyiş
var. İnsan da payız kimi "çoxfəsillidir", sonu
"sarı qələmlə" yazılır. Bacımın ağaran telindən düşür,
Anamın qəbrindən baxır bu payız. Bax, bu, artıq poeziyadır-sözlərin
yaratdığı poeziya. Ümumiyyətlə, Nəzakət
xanım təbiəti yaxşı duyur və anlayır ki, təbiətlə
insan ömrü arasında bir harmoniya var. Belə deyir:
Saralmış yarpağa
bənzəyir ömrüm,
Sanki payız gəlib,
xəzan düşübdür.
Durub əl açmışam
bahara sarı,
Sıxıb əllərimi
qış görüşübdür.
Sarı çiçəyimə qonmaz
sübh şehi,
Telimi oxşamaz bir də
yaz mehi,
Görəsən bəs qışa
çatarmı ömrüm?
Qışdır son mənzilim,
qışdır, ay gülüm.
Əlbəttə,
bir şairin nəyə qadir olduğunu sübut eləmək
üçün bir neçə şeir də kifayət edir
ki, onun haqqında söz açasan. Ədəbiyyat tarixində belə
şairlər az olmayıb. Ancaq
şairin poetik inkişafını izləmək
üçün onun bütün şeirlərinə (hətta
zəif və ortabab şeirlərinə də) diqqət yetirmək
daha faydalıdır. Çünki bu
prizmadan yanaşdıqda, şairin hər bir mövzuya
müraciətindəki özünəməxsusluğu hiss edə
bilərsən, ya da ki, heç nəyə nail
olmadığının şahidinə çevrilərsən.
Yaxud, şairi küllən oxumaq, onun bir şair
kimi gücünü ya da gücsüzlüyünü
görmək deməkdir. Güc ondadır
ki, şair fikrini ifadə etmək üçün dilin gizli
qalan potensialından istifadə edir, necə deyərlər, kəşfiyyatdan
uğurla qayıdır, şeirinə bir təzə deyim,
orjinal təşbeh gətirə bilir, min illərin sözünü
ehya edir. Gücsüzlük ondadır ki,
sözü urvatdan salır. Nəzakətin şeirlərində
sözü urvata mindirən nümunələr az
deyil.
Budur,
ahı-zarı ilə göyləri titrədən bir ana qəbir
daşına, soyuq məzara layla deyir. Sanki gəlib
keçir beşik başına, Həzin layla çalır qəbir
daşına. Burada bir-birilə təzad təşkil
edən Beşik və Qəbir obrazları
qarşılaşdırılır. Olsun
ki, bu şeiri oxuyanlar burada sərrast poetik deyimlə
qarşılaşmasınlar, amma həmin o, bədii təzad-qəbir
beşik təzadı şəhid anasının dərdini
bizimkiləşdirir. O, dərd bizim də ürəyimizdən
keçir.
Oğullar içində gəzir
oğlunu,
Güc verir gözünün
həsrət yaşına.
O, qədər sözü var,
kimə desin ki,
Dərdini söyləyir
məzar daşına.
Ana sığal çəkir
qəbir daşına.
Göylərə yalvarır,
məni də apar,
Sözümü deməyə çatım
taxtına.
Göylərdən səs gəlir:
- Sənin oğlunun
Şəhid ucalığı düşüb
baxtına.
Ana layla deyir
şəhid oğluna.
Musa Yaqub adını çəkdiyim
müqəddimədə yazır ki, Nəzakətin şeirləri
ola bilsin, kiməsə pərişanlıq,
kədər və ümidsizlik təsiri
bağışlasın. Unutmaq olmaz ki, həyat
təkcə ümidlərlə dolu sevincdən, qəhqəhə
dolu fərəhdən, səadətdən ibarət deyil.
Ayrılıq, həsrət, kədər də
eyni dərəcədə bizim yol yoldaşımızdır.
Və yazır ki, Nəzakətin şeirlərindəki
təəssüf, giley, peşimançılıq, kədər
adama çox doğma gəlir. Sanki öz
ömründən haçansa keçən bir hadisəni, bir
səhnəni görürsən həmin şeirlərdə.
Mən Musa müəllimin sözlərinə
haqq qazandırıram və əlavə edirəm ki, Nəzakətin
şeirlərindəki kədər öz rənginə, ahənginə
görə işıqlı kədərdir, yəni səni qətiyyən
bədbinliyə çəkib aparmır. Onun "Vətən,
bizi bağışlama" şeirində olduğu kimi:
Dağın-daşın
yağıların tapdağı,
Meşələrin yalquzaqlar
oylağı,
Yaman olduq
yad dillərin
qınağı,
Vətən, bizi bağışlama!
Baxışları gül-çiçək kəsirdi,
Gəzməyəndə daşı-dağı
küsürdü,
Yurd yerləri, Aman Allah,
əsirdi.
Vətən, bizi bağışlama!
Nəzakətin
sevgi şeirlərində də ayrılıq, həsrət
ümid və işıqla vəhdətdədir. Əlbəttə,
indi təzə, orjinal sevgi şeiri yazmaq çox çətindir,
elə şeirlər ki, həm hisslərin, duyğuların təzəliyi,
həm də orjinal deyim tərziylə seçiləsən.
Ancaq sevgi şeiri həm də səmimiliyi ilə
diqqəti cəlb etməlidir. Yəni bu səmimiyyət
o zaman real təsir bağışlayar ki, şair
yaşadığı hissləri qələmə ala. Başqalarının sevgi şeirlərini oxuyub təzə
söz demək olmaz. Yaxud, içindəki
sevgini bəsit bir şeirə də
sığışdırmaq olmaz. Nəzakət deyəndə
ki: Elə getdin-köç eləyən Durnalar da yalan oldu. Həsrətinlə elə yandım, Leylilər də
yalan oldu - biz bu ayrılığın şiddətinə,
ürəkdə göynəklər qoparmasına
inanırıq. Amma deyəndə ki: Sənə vəfasızsan
demərəm daha, Vəfa məhəbbətin qəlb
yoldaşıdır. Məhəbbət
sönübsə, qınama daha, Ayrılıq eşqlərin əlhəd
daşıdır - biz bu dörd misralıq şeirin yalnız
bir fikir söyləmək naminə
yazıldığını güman edirik. Üstəlik, bu şeirdə "ayrılıq
eşqlərin əlhəd daşıdır" kimi stilistika
baxmından zəif təsir bağışlayan bir misra ilə
qarşılaşırıq. Nəzakət deyəndə
ki: Ürəyin hökmündən hara qaçırsan? Sənin ürəyindən asılmışam mən
- biz bu sevginin varlığına inanırıq. Yaxud,
deyəndə ki: Dünyada çox şeydən keçsəm
də bir yol, Yolunun üstündən keçmədim sənin
- burada bədii təzadın yaratdığı
qarşılaşma poetikdir. Amma deyəndə ki:
Ömrümün sonuna yetərincə, zalım, Sevgiyə həmişə
ehtiyacım var - burada misraların yalnız ehtiyacdan yan-yana
düzüldüyünün şahidi olursan. Demək
istəyirəm ki, Nəzakət xanım sevgi şeirlərində
hisslərini ifadə edərkən, onları poetikləşdirə
bilsin, tələsməsin. Yaxşı mənada
gətirdiyim şeir parçalarında olduğu kimi
obrazlılığa meyl etsin. Nəzakətin
"Sevda" şeirinə gəlincə, bu şeir onun bundan
sonra yazacağı sevgi şeirləri üçün
örnək ola bilə
Sevda nədir?
Sevda-sehr, möcüzədir.
Sevda ki var, odu sönmüş
can evinə
İsti, ilıq nəfəs verər.
Sevda var ki, qəlb evini "uf"
demədən
yıxar, sökər.
Sevda da var
"gözün kökü
saralanda"
ömrün, günün lap sonunda
gəlib çıxar.
Mən istərəm buza dönmüş
Qar adam da
sevdalansın.
Qəlbi daşa dönənlər də
sevdalansın.
Daş ürəklər sevdalanıb,
Sevdasından
muma dönsün.
Əlbəttə,
tanımadığım, heç üzünü görmədiyim
bir şairin şeirləri barədə bu qısa yazımda mən
onun kitabına səpələnmiş bəzi nahamvar misralara,
ayrı-ayrı bəndlərə, stilistika baxımından
qüsurlu görünən bir necə şeirə irad tuta bilərdim. Ancaq
tutmadım. Çünki Nəzakətin
şeirlərində səmimiyyət gördüm, bir təbiilik
hiss etdim, inandım ki, öz taleyi boyunca yol gedən bu
xanım şairimiz o, yolun çətinliyinə sinə gərəcək,
bir ömrü yaşayacaq.
VAQİF YUSİFLİ
Ədalət.- 2010.-12 iyun.- S. 19.