Yanında dilbərimin etibarım
olmasa da
Yanında dilbərimin
etibarım olmasa da,
Yenə qəmin
çəkərəm, qəmküsarım
olmasa da,
Bədəndə yarı
canım qalmayıb, gedib yarım,
Gərək dözəm qəmi-hicranə,
yarım olmasa da.
Günüm ki, tar olub o zülf əlindən, ey tari,
Tərənnüm eylə, səni tari, tarım olmasa da.
Üzüm xəyali
bəsimdir behişti-kuyində,
Yüz il xəyalimə gəlməz, baharım olmasa da.
Ləbinlə məst
gözün hər düşəndə xatirimə,
Şərabə rəğbətim artır,
xumarım olmasa da.
Mənim bir ahim ilə şəmlər
yanır gecələr,
Toxunma, şöleyi-eşqəm, şərarım
olmasa da.
Kəməndi-zülfilə, Vahid, özüm şikar oldum,
Mənim o ahu baxışlı şikarım olmasa da.
***
Dindir məni
hərdən, gözəlim,
fürsət olanda,
Vəslin bizə bir an, nə olar, qismət
olanda?
Bax, gör,
məni zülfün nə pərişanlığa
saldı,
Bir gün açaram dərdimi, cəmiyyət olanda.
Yüzlərcə cəfa
etsən, unutmaz səni könlüm,
Fikrimdəsən, ey gül, yenə
hər söhbət olanda.
Biganə əgər
olmasa, tez vəslə yetərdik,
Kim xeyr görüb düşməni kəmfürsət
olanda?
Zülfün ki, tutub ruyini, çox
qorxuram ondan,
Aləm toxunar bir-birinə zülmət olanda.
Könlüm necə
sənsiz, gözəlim,
naləsiz olsun,
Bülbül dayanarmı gülünə
həsrət olanda?
Vahid, hələ
qarşında böyük
bir gələcək var,
Dünya bizə
ləzzət verəcək
cənnət olanda!
***
Nə qədər eşqimiz ey gül, belə
pünhan olacaq?
Aşikar eyləməyincə ürəyim
qan olacaq.
Nə qədər
gül üzünün
həsrətin aşiq
çəksin,
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?
Bəs haçan
rəhm edəcək bülbüli-biçarəyə gül,
Nə qədər bəs o fəqirin işi əfğan olacaq?
Eşqdən başqa
nə dərd olsa, yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm, necə dərman olacaq?!
Öz xoşumla
o qara zülfə Əsir oldum özüm,
Bilmədim xatirim eşqində pərişan olacaq.
Sən götür
məscidi, zahid, bizə meyxanəni ver,
Kim bu işdə görək axırda peşiman olacaq?!
Hələ, Vahid, meyə meyl eyləmə, qoy gəlsin o gül,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.
***
Narazıyam, ey gül, mənə imdad eləsən də,
Naşad eləyən könlümü
dilşad eləsən
də.
Öz səhvinə
bir vaxt peşiman olacaqsan,
Olmaz yetişən dadına,
min dad eləsən də.
Sındırmısan, əl vurma sınıq könlümə, zalim,
Viranə düzəlməz, necə
abad eləsən də.
Vəslin həvəsi
indi başımdan necə çıxsın,
Zülfündə əsirəm, əgər azad eləsən də.
Öz yarına
bax, başqa gözəllər məni
sevməz,
Bülbül kimi yüz naləvü
fəryad eləsən
də.
Sən bir mələk olsan da, inanmaz sənə
könlüm,
Şəxsən özünü huri, pərizad eləsən də.
Əğyarə uyub, Vahidə yadlar kimi baxma,
Yaddan o çıxarmaz, sən onu yad eləsən
də.
***
Minlərcə gözəl
olsa da hər
millət içində,
Olmaz sənə bənzər, gözəlim, xilqət içində.
Hicrində nələr
çəkdiyimi, vəslinə
yetsəm,
Bir-bir sənə ərz eyləyərəm söhbət
içində.
Ol zülfi-pərişanə
o gündən ki, əsirəm,
Məcnun deyilir adıma cəmiyyət içində.
Kuyində səfa
çəkməyə yol
vermə rəqibə,
Yoxdur yeri Xain adamın
cənnət içində.
Biganə açma
mənə, qüssədən
ölləm,
Bimarə içirtmə zəhəri
şərbət içində.
Min cazibə
vardır, gözəlim,
məst gözündə,
İnsan sənə baxdıqca qalır heyrət içində.
Vahid, məni
hərdəm ki, görüb dindirir ol şux,
Könlüm açılır, ruhum uçur ləzzət içində.
***
Səbr eylə,
könül, möhnəti-hicranə,
tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə,
tələsmə.
Kim almayacaq
ayrılığa bais
olanlar,
Aşiq yetəcək sevgili cananə, tələsmə.
Yusif də Züleyxanı məhəbbətlə
sevirdi,
Saldırdı Züleyxa onu zindanə, tələsmə.
Dünyayə vəfa
eyləmə, çox
ağlama, könlüm,
Dünya nə vəfa qıldı Süleymanə,
tələsmə.
Pərvanə əgər
yansa da şəmin sitəmindən,
Şəmin də yaxar ömrünü pərvanə, tələsmə,
Zahid çalışır
yıxmağa meyxanə
binasın,
Məscid qalacaq əksinə viranə, tələsmə.
Gül zövqünü
çəkmək əbədi
xarə də qalmaz,
Bülbül gələr əlbəttə
gülüstanə, tələsmə.
Gündən-günə artır
bu gözəl huriliqalər,
Dünya dönəcək cənnətü
rizvanə, tələsmə.
Vahid, içəcəksən,
demə ki, tövbələr olsun,
Cəlb eyləyər axır səni meyxanə, tələsmə.
***
Ey könül,
var bu ziyafətdə
şərafət bu gecə,
Bir gecə növrəs üçündür bu ziyafət bu gecə.
Xəlqimiz qüsseyi-qəmdən
uzaq olsun, ya rəb,
Bu səfa məclisinə yetməsin afət bu gecə.
Toplaşıb bir yerə dost aşna, hamı xatiri şad,
Gül, danış sübhə kimi, eylə zərafət bu gecə.
Musiqi zövq
verir ruhinə pəjmürdələrin,
Tapacaq dərdinə hər şəxs şəfaət
bu gecə.
Yusifi-Misr, sanırsan
ki, Züleyxayə görə
Qurdurub izzət ilə təxti-xilafət bu gecə.
Olmamış bir kəsə dünyada müyəssər belə
toy,
Hamı şadlıqla olur məclisə dəvət
bu gecə.
Bu gözəl
məclisə bir şer yazarsan, Vahid,
Sən də göstərməlisən
xəlqə nəzakət
bu gecə.
***
İcazə ver, baxım, ey gül, o qara gözlərinə,
Vurulmuşam, nə edim, aşikarə
gözlərinə.
Qəm etmərəm,
məni yüz dəfə gündə öldürəsən,
Baxanda bir dirilləm, dübarə gözlərinə.
Camalın açma,
gülüm, qorxuram görüb üzünü
Gün olsun hüsnünə aşiq, sitarə-gözlərinə.
Olaydı qismət,
öpəydim o nazik əllərini,
Ürəkdən eyləmişəm istixarə
gözlərinə.
Gözüm götürməyir
əğyarlar baxanda sənə,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə.
Şikəstə Vahidə
olmaz təbiblərdən
əlac,
Qalıbdır indi sənin bircə çarə gözlərinə.
***
Hər kim məhəbbət
əhlini salmış
əziyyətə,
Yox özgə
qarğışım ona,
düşsün məhəbbətə!
Məndən nə bir kənarə qaçır, nə yaxın gəlir,
Kim öyrədib bu qəmzəvü nazi ol afətə?
And içdim,
ağladım, dedim: ey gül, əsirinəm!
Nə andıma inandı, nə gəldi mürüvvətə.
Aşiq gərəkdir
istədiyi yarə yalvara
Cananı salsa da onu yüzlərcə
zillətə.
Yarımla xoş keçəydi həyatım,
bu əhdəyəm,
Tanrım da razıdır, gözəlim, beylə niyyətə.
Məcnun vəfasız
olduğunu gördü
Leylinin,
Tərk etdi öz diyarını,
üz tutdu qürbətə.
Sağlıqda çox
dedim sənə: incitmə Vahidi,
Biçarə həsrətinlə sənin
getdi rəhmətə.
Əliağa Vahid
Ədalət.- 2010.- 12 iyun.- S. 20.