HƏR KİM YÜZ İL
YAŞAMASA...
Sağlam qocalağın və
uzunömürlülüyün sirləri
Sağlam qocalma və
uzun ömür sürmək insanın özündən
asılıdır. İnsanlıq yaranandan hər bir şəxs
uzun, sağlam ömür sürmək arzusu ilə
yaşayıb, amma bu hamıya qismət olmayıb.
Nağıl və əfsanələrimizdə dirilik suyu,
insanı yenidən cavanlaşdıran alma, digər qidalar və
möcüzəli vasitələr qəbulunun insan
ömrünü uzatmasına aid kifayət qədər rəvayətlər
vardır.
Əfsanələrdə
Adəm və Nuh peyğəmbərlərin, Loğmanın
yaşının bir neçə yüz il olduğu göstərilir.
Şübhəsiz ki, əsrlərdə qoca yaşlı, uzun
ömürlü, fəal qocalıq həyatı keçirən,
yazıb yaradan insanlar çox olub. Şair Molla Vəli Vidadi
100 il ömür sürüb. 99 il yaşayan məşhur rəsam
Tissian ömrünün son günlərinə qədər rəssamlıq
fırçasını əlindən qoymamış, ən
gözəl əsərlərinin bir hissəsini 80 yaşdan
sonra yaratmışdır. Ömrü boyu məsul vəzifələrdə
çalışmış Uinston Çörçil 93
yaşında vəfat etmişdir.
Zəkası,
ağlı, işgüzarlığı ilə seçilən
türk dünyasının fəxri həkimi, professor
İhsan Doğramacı 95 yaşına qədər yaşamışdır.
Azərbaycanda da
üzünömürlülər diyarı hesab olunan
Qarabağ, Lənkəran, Şirvan, Quba, Naxçıvan
bölgələrində sağlam qocalar,
uzunömürlülər daha çox yaşamışlar.
Tam dəqiqləşmiş məlumatlar olmasa da, sənədlərə
görə Şirəli Müslümov və Mahmud Eyvazov 150
ildən çox ömür sürmüşlər.
Bugünkü insanın
ömrünün qənimi qeyri-infeksion xəstəliklər
epidemiyası, arterial hipertoniya, ürəyin işemik xəstəlikləri,
şəkərli diabet, xərçəng, avtomobil qəzaları
və s. hesab olunur. Baxmayaraq ki, bu xəstəliklərin
vaxtında diaqnoz qoyulması və müalicəsində
çox böyük nailiyyətlər əldə olunub, amma hələ
də gənc, orta yaşlarda onlardan ölüm yüksək
səviyyədədir.
İnsan
ömrünün uzunluğu orta göstəricilərinə təsir
edən amillərdən biri həmin ölkədə tibbi xidmətin
səviyyəsidir. Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına görə millətin
sağlamlığının 15-20 faizi tibbi xidmətin səviyyəsindən,
qalan isə irsiyyət, ekologiya və insanların sağlam həyat
tərzinə necə əməl etmələrindən
asılıdır. Uzun illər həkimlik fəaliyyətində
tibbi xidmət səviyyəsində baş verənlərin bir
neçəsi gözümüz önündə olmuşdur.
Bir vaxtlar şəkərli
diabetli xəstələri barmaqla saymaq olardı,
bütünlükdə rayonda qanda şəkəri təyin
etmək və müalicə aparmaq mümkün deyildi, insulindən
başqa demək olar ki, dərman yox idi. O cümlədən
miokard infarktı, arterial hipertoniyanın vaxtında diaqnozunu
qoymaq müşkül bir məsələ idi. Xəstələr
öləndən və ya insulti olandan sonra deyirdilər ki, yəqin
infarkt olub, ya qan təzyiqi yüksək imiş ki, beyninə
qan sızıb. İndi bu xəstəliklərə diaqnoz qoyulması,
dərman və cərrahi müalicələrin hansı səviyyədə
olması həkim olmayanlara da yaxşı bəllidir.
Bəs hər bir şəxsin
ömrünün uzun olmasına daha hansı əsas amillər
təsir edir?
Əvvəlcə
insanın ömür mərhələləri barədə
Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına
baxaq - 44 yaşa qədər gənclik, 45-59 orta yaş, 60-74
yaş ahıl, 75-89 yaş qoacalıq, 90-dan yuxarı isə
uzunömürlülük hesab edilir.
Bu şərti
ardıcılıq sağlam ömrün mərhələləridir
və elmi araşdırmalara görə proses normal gedərsə,
insan 150 il və daha çox yaşaya, sağlam qocala bilər.
Qocalmanın baş verməsinə
dair çoxsaylı hipotezlər mövcuddur. İnsanlarda
qocalma iki cür olur, təbii gedişli qocalma və
vaxtından qabaq, sürətlə baş verən patoloji
qocalma.
Təbii gedişli
qocalma tədricən həyat funkusiyasının harmonik zəifləməsi,
atrofiyası ilə gedir, amma hər yaşa uyğun xarici
görünüş, ağıl, əmək qabiliyyəti
saxlanılır. Vaxtından əvvəl patoloji qocalma isə
bir sıra xronik xəstəliklər, çətin sosial
şərait, ağır fiziki və əqli əmək, mənfi
psixoloji amil, ətraf mühit, qeyri- sağlam həyat tərzi
və s. təsirindən baş verir. Vaxtından tez qocalan insan
öz yaşından 10-15 il
qoca görünür.
Sağlam qocalma
üçün insanın sağlam genetik bünövrəsinin
olması əsasdır. Alimlər indi bu genlərin
sağlamlaşdırılmasına çalışırlar.
Uzunömürlülərin heç birində defektli gen
aşkar edilməmişdir. Uzunömürlülük irsi
olaraq gələcək nəsillərə
ötürülür. İnsan genlərində müəyyən
defektlər olur ki, o müxtəlif xəstəliklərin
meydana çıxmasına, həyati əhəmiyyətli
funkusiyaların tez sıradan çıxmasına səbəb
olur. Heç bir gen defekti olmayanlarda isə tez qocalmaya siqaret,
spirtli içki istifadəsi, az hərəkət etmək,
ağır fiziki, əqli əmək, sosial-psixoloji
sarsıntılar, sağlam həyat tərzinin gözlənilməməsi
səbəb olur. Deməli, sağlam
genlə doğulmaq azdır, onu qorumağı bacarmaq
lazımdır.
Uzunömürlülərin
əksəriyyəti dağ kəndlərində, meşə,
dəniz, çay kənarı, mülayim iqlimli bölgələrdə
yaşayanlar olmuşlar ki, bunun da nə demək olduğu
hamıya aydındır. Abxaziya, Gürcüstan, Azərbaycan,
Qara dəniz ətrafı ölkələrdə, Yaponiyada
uzunömürlülərin çox olması da bunu təsdiq
edir. Şəhər şəraitində havadakı zəhərli
qazlar, səs-küy, fiziki hərəkətin məhdudluğu,
əsasən nəqliyyatdan istifadə, zehni əməyin
üstünlük təşkil etməsi, qidaların tərkibi
orqanizmin həyat funkusiyalarının vaxtından qabaq zəifləməsinə
səbəb olur.
Qidalanma
uzunömürlülük üçün əsas amillərdəndir.
Sağlam qoca və uzunömürlülərin arasında piylənməsi
olanlara təsadüf etmək çətindir. Onların
heç birində yeməyə qarşı acgözlük
göstərənlər olmur, çoxu pəhrizkardır, qidalanmaları
ən azı gündə 3-4 dəfə olur, şam yeməyi
yuxudan 2-3 saat əvvəl başa çatır,
qidalarının əsasını təzə meyvə-tərəvəz,
süd-qatıq, balıq, quş və yağsız mal əti,
bal, qoz-fındıq məhsulları təşkil edir.
Şirin, yağlı qidalara az meyilli olurlar.
Bəzilərinin illərlə
eyni sevimli yeməkləri, qidaları olub, kimisi səhərlər
umac, kimisi süd-bal, vitaminlərlə zəngin qidalar, tərəvəz
və meyvədən istifadə edirlər.
Hələ qədimdən
bal və qoz-fındığın sağlamlıq
üçün əhəmiyyəti müşahidə
edilmişdir. İbn Sina yazırdı: "Çox
yaşamaq, cavan qalmaq istəyirsənsə, əzilmiş qozla
bal qarışığından istifadə et". Bal mədə-bağırsaq
və sinir sistemi üçün əhəmiyyətli maddələrlə
zəngindir.
Sağlamlıq
üçün qidanın müxtəlif tərkibli, vitaminlərlə
zəngin olması vacibdir. Əgər ürək-damar sistemində
çatışmazlıq, ayaqlarda şişkinliyə meyillik
yoxsa, maye qəbulunu (bulaq suyu, yaşıl çay, meyvə
şirəsi) məhdudlaşdırmaq məsləhət
görülmür.
Uzun ömürlülərin
sinir sistemində sanqvinliklər üstünlük təşkil
edirlər, xeyirxah, mehriban, təmkinlilik onların əsas
xüsusiyyətləridir. İşlədikləri kollektivdə,
yaşadıqları ərazidə, ən əsası ailədə
nizam-intizam, qarşılıqlı hörmət, intiriqadan və
stressdən uzaq ab-hava hökm sürür.
Uzunömürlülüyün
əsas şərtlərindən biri ailə, ər-arvad
münasibətlərinin normal olmasıdır. Subay və ya
erkən yaşlarda dul qalanlar arasında uzunömürlülərə
nadir təsadüf edilir. Ər-arvad üzün müddət
bir yerdə yaşadıqca, onlar arasında hörmət,
bir-birini başa düşmək, qayğı göstərmək,
səmimiyyət daha da artır.
Sinir sisteminin
yaxşı fəaliyyəti üçün normal yuxunun əhəmiyyəti
böyükdür. 6-7 saat gecə yuxusu, bir saata qədər
gündüz yuxusu fiziki, mənəvi rahatlığa səbəb
olur.
Uzunömürlülük
üçün ən əsas şərtlərdən biri də
müntəzəm fiziki işlərdir. Fiziki hərəkət
hormonit inkişaf, toxuma mübadiləsinin, bərpa proseslərinin
normal getməsinə səbəb olur. Kəndlərdə
ömürlərinin hamısını bağban, çoban, əkinçiliyə
sərf edənlərdə də bu amil əsas yer tutur.
Öz gücləri,
fiziki imkanlarına uyğun əməklə məşğul
olmaq bir tərəfdən onların ürək-damar, sinir tənəffüs
sistemlərinin normal fəaliyyətinə, məşqinə səbəb
olmaqla bərabər, digər tərəfdən həmin
qocaların həyata bağlılığı, ailəyə,
ev-eşiyə lazımlığı kimi mənəvi
stimuluna səbəb olur. Nəvələrlə gəzinti,
bağ-bağçada becərmə işləri, xırda ev
işlərindən onları kənarlaşdırmaq kimi
"qayğı göstərmək" qocalarda depressiv hal
yaradır, bəzi xəstəliklərin kəskinləşməsinə
səbəb ola bilər. Yəqin ki, gündəlik işlə
məşğul olan qocaların təqaüdə
çıxdıqdan sonra bekarçılıqdan əziyyət
çəkdiklərinin şahidi olmusunuz. Qocaların ailədə,
cəmiyyətdə, kollektivdə təcrübəli,
dünya görmüş ağsaqqal, ağbirçək kimi
sayılmasıdı. Onların həyata
bağlılığı, lazımlığının
sübutu kimi ömrünün uzanmasına təsir edən
amildir.
Müşahidə
edilmişdir ki, müsəlman aləmində gündə 5 dəfə
eyni vaxtda namaz qılan, ildə bir ay oruc tutan, özündə
səbir, hövsələlik tərbiyə edən, ruhanilər
arasında qocalar çoxluq təşkil edirlər.
Din xadimləri,
möminlərin uzun ömür sürmələrinin bir sirri
də onların həyatda baş verənlərə,
sarsıntılara qarşı səbirli olmaları, stressi yaxına
buraxmamalarıdır. Hər şeyin Allahın iradəsi, məsləhəti
ilə olmasına inam belə vəziyyətlərdə
onları ürək-damar sisteminin kəskin xəstəliklərindən
qoruyur.
Uzunömürlülüyün
səbəblərindən biri də həmin şəxslərin
zərərli vərdişlər - siqaret çəkmə və
spirtli içki qəbulundan uzaq olmalarıdır.
Sonda bir məsələni
də qeyd etməyi lazım bilirəm: - çox yaşamaq əsas
deyil. Əsas şərt sağlam qocalmaq, mənalı
ömür sürməkdir. Ömür təkcə yaşanan
günlərlə yox, yadda, yaddaşlarda qalan günlərlə
ölçülməlidir, mövcud olmaq və yaşamaq
sinonim deyildir.
Bir də unutmayaq ki,
alın yazısı deyilən bir şey də var.
Tapdıq Behbudov
Ədalət.- 2010.- 19 iyun.- S . 11.