MƏZAHİR ƏHMƏDOĞLU
- JURNALİST, ŞƏXSİYYƏT...
Cəmiyyətin
inkişafı bütün tarixi dövrlərdə mətbuatın
da inkişafına zəmin yaradır. Eyni
zamanda mətbuat da öz növbəsində cəmiyyətin
inkişafında müəyyən rol
oynayır, ona təkan verir.
Bu iki proses
bir-birini tamamlayır. Hazırda demokratik inkişaf yolu ilə irəliləyən müstəqil
Azərbaycan Respublikasında mətbuat, söz
azadlığının yaratdığı böyük
imkanlar jurnalistikanın inkişafına təkan
vermişdir. Həsənbəy
Zərdabinin ənənələrini yaşadan
Azərbaycan jurnalistləri əsasən bu
sahənin inkişafı üçün
yaradılmış əlverişli imkanlardan
istifadə edərək, dünyanın qabaqcıl mətbuat
orqanlarının da təcrübəsindən
bəhrələnməklə cəmiyyətimizin
uğurlarını, mövcud problemləri ayrı-ayrı fərdlərin
qurumların fəaliyyətini, ölkədə baş verən ictimai-siyasi
hadisələri obyektiv şəkildə,
yaradıcılıqla işıqlandırır, bir qrup jurnalistlər isə
yaradılmış əlverişli şəraitdən istifadə
edərək müəyyən siyasi,
qruplaşmaların, imkanlı şəxslərin mənafelərinə
xidmət edərək bundan bəhrələnir.
Həqiqət naminə
demək lazımdır ki, hazırda respublikamızda yüksək
peşə hazırlıığna, yaradıcılıq
qabiliyyətinə, mənəvi keyfiyyətlərə malik
dövlətçiliyimizə sədaqətli, öz dəsti-xətti
olan jurnalistlər ordusu yaranmaqdadır.
..."Ədalət"
qəzeti redaksiyasının əməkdaşları kimi. Təsadüfi
deyildir ki, bu qəzet bir çox digər qəzetlər kimi
daha böyük oxucu kütləsi tərəfindən maraqla
izlənilir. Respublikamızda nəşr edilən bir çox
mətbuat orqanları ilə bərabər "Ədalət"
qəzetində də Həsənbəy Zərdabi tərəfindən
təməli qoyulmuş milli mətbuatımızın zəngin
ənənələrinə sadiq, dünyanın mütərəqqi
mətbuat orqanlarının təcrübəsindən bəhrələnən,
demokratik ruhlu, yüksək mənəvi və peşə
ketfiyyətinə malik jurnalistlər çoxdur. Onlardan biri də
Məzahir Əhmədoğludur.
"Ədalət" qəzetinin
25 may 2010-cu il tarixli sayında publisist Əbülfət Mədətoğlunun
hörmətli jurnalistimiz Məzahir Əhmədoğlu barədəki
"...Hə, Məzahir müəllim" sərlövhəli
məqaləsini böyük maraqla, istəklə oxudum. Oxuduqca
da düşünürdüm ki, nə yaxşı Məzahir
müəllim kimi qələm sahiblərinə, olduqca
geniş, zəngin daxili dünyası olan və öz daxili aləmindəki
mənəvi zənginlikləri, tükənməz həyat
eşqini məharətlə, yaradıcılıqla
oxucularına çatdırmağı bacaran, insanları
başa düşən, qələmə alan jurnalistlər
var. Elə Əbülfət müəllim kimi. Mən
inanıram ki, "Ədalət" qəzetinin
çoxsaylı oxucularının əksəriyyəti də
bu fikirlə şərikdir.
Məzahir müəllimi
şəxsən yaxından tanımayanlar da onun bir neçə
yazısını oxumaqla bu maraqlı insanın daxili aləminə,
geniş yaradıcılıq dünyasına bələd ola
bilər.
Əbülfət müəllimin
dediyi kimi onun yaradıcılığı ilə az-çox
tanış olan hər bir kəs Məzahir müəllimə
100 və bəlkə də daha çox yaş verər. Onun
özünəməxsus yüksək mənəvi keyfiyyətləri
çoxdur. Ən başlıcası isə odur ki, Məzahir
müəllim bütün yazılarında sanki, istər-istəməz
öz daxili dünyasını oxucularına olduğu kimi təqdim
edə bilir. Bütün yazıları səmimiyyətə,
reallığa söykənir bu gözəl insanın. Məzahir
müəllim hər hansı bir mövzunu oxucularına
çatdırarkən sadəcə bu mövzunu şərh
etməklə kifayətlənmir, öz məharətli, cəsarətli
qələmi ilə sanki oxucuya elə bir eynək verir ki, bu
eynək onun mövzu ilə bağlı daxilindəkiləri
güzgü kimi göstərir, heç bir təhrifə yol
vermədən əks etdirir.
Mən onun
yazılarında dosta, yoldaşa, ətrafındakılara
qarşı bizim hamımızda olmayan böyük, şirin
bir istiqanlılıq da müşahidə etmişəm. Eyni
zamanda çox kövrək incə hisslərə malikdir, Məzahir
müəllim. Özü ətrafındakılara qarşı
necə diqqətlidirsə, qayğıkeşdirsə
özünə qarşı da həmişə bu münasibəti
gözləyir. Xüsusilə yaxınları ilə onu
çox incə, kövrək, zərif hisslər
bağlayır. Bəzən adi bir diqqətsizlikdən, zahirən
biruzə verməsə də, daxilən kövrəlir. Lakin
tez də barışır. Yazılarındakı fəlsəfəyə,
daxili aləminin zənginliyinə bələd olanda onun
müdriklik çağında olduğu qənaətinə gəliriksə,
ürəyinin bu kövrək, incə, zərif telləri bu
insanın hələ yetkinlik yaşında olduğu qənaətinə
gətirir.
Bir məsələni
xüsusilə vurğulamaq istəyirəm. Məzahir müəllim
bir sıra dövlət məmurlarını haqlı olaraq bəzən
çox cəsarətlə, səmimiyyətlə tənqid
etməklə bərabər dövlətçiliyimizə hədsiz
dərəcədə sədaqətli bir qələm sahibi
olduğunu sübut etmişdir. Öz yazılarında həmişə
reallıqlara söykənən fikirləri ilə
oxucularında vətənimizə məhəbbət, dövlətçiliyimizə
sədaqət, milli-mənəvi dəyərlərimizə
hörmət hisslərini aşılamağa
çalışıb.
Özü biruzə verməsə
də eşitdiyimə görə, Məzahir müəllim
hazırda müəyyən qayğıları olan
böyük bir ailənin, nəslin yükünü
daşıyır çiynində. Doğrudur, o, heç vaxt
öz qayğıları ilə dost-tanışı,
yaxınlarını qayğılandırmır.
Məzahir müəllimin
yüksək mənəvi keyfiyyətlərindən çox
danışmaq olar. Lakin Əbülfət müəllim
demişkən yazdıqları elə onun özünün təqdimatçısıdır.
Onu yaxşı tanımaq üçün bir neçə
yazılarını oxumaq kifayətdir.
Əbülfət müəllimin
dediyi kimi mən də bilmirəm onun neçə yaşı
var, neçə illik yubileyi yaxınlaşır. Bir onu bilirəm
ki, Məzahir müəllim yazdıqca, yazdıqlarına
qarşı səmimi münasibəti hiss etdikcə, ətrafındakılardan
haqlı olaraq umduğu azca da olsun diqqət və
qayğını gördükcə sanki gəncləşir,
həyat eşqi, yazıb-yaratmaq ehtirası güclənir bu
insanda.
Bütün bunları qələmə
aldıqca özümdə bir rahatlıq hiss edirəm. Elə
bil ki, Məzahir müəllimin yaradıcılığı
ilə, onun daxili aləmi ilə tanış olduqdan sonra ona
olan mənəvi borcumu müəyyən qədər yerinə
yetirdim sanki. Gərək hər bir oxucu qələm sahiblərinə
qarşı diqqətli olsun, axı onların bizdən
umduqları nədir, adi səmimiyyət, obyektiv qiymət.
Novruz ŞABANOV
Ədalət.- 2010.- 19 iyun.- S. 13.