ORDUMUZ ETİMADI DOĞRULDACAQ
26 iyun - Silahlı Qüvvələr Günü
Ali Baş Komandan İlham ƏLİYEV": Azərbaycan
ordusu bütün cəhətlərdən Ermənistan
ordusundan daha da güclüdür və daha da peşəkardır"
Ordu quruculuğu sahəsində
böyuk uğurlar əldə olunub Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Müdafiə Nazirliyində
keçirilən və ordu quruculuğu məsələlərinə
həsr olunmuş müşavirə Azərbaycanın
qarşısında dayanan taleyüklü məsələlərin
həlli baxımından xüsusi tarixi əhəmiyyət
daşıyır. Öz geniş və məzmunlu
çıxışına ilk növbədə, ordu
quruculuğu məsələlərinin həmişə
dövlətin diqqət mərkəzində dayanmasını
bildirməklə başlayan cənab Prezident bu sahənin
dövlət rəhbərliyi tərəfindən prioritet elan
olunmasını növbəti dəfə bəyan etdi və
bununla da, ölkənin suverenliyi və ərazi
bütövlüyü baxımdan ordu mənsublarının
üzərinə böyük vəzifələrin
düşdüyünü ön plana çəkmiş oldu.
Son illər ordu quruculuğu sahəsində həyata
keçirilən davamlı tədbirlər, aparılan
geniş islahatlar ölkənin müdafiə qüdrətini dəfələrlə
artırmış, əldə olunan uğurların
miqyasını daha da genişləndirmişdir. Müvafiq
yöndə son illərin təcrübəsini yüksək dəyərləndirən
Ali Baş Komandan İlham Əliyev hərbi
potensialımızın gücləndirilməsi məsələsini
gündəlik həyatımızın ən mühüm sahəsi
kimi xarakterizə etməklə, əslində, bütün
ölkə vətəndaşlarını respublikamız
üçün xüsusi əhəmiyyət daşıyan bu
tarixi dönəmdə daha diqqətli və həssas
olmağa, vahid komandanlıq altında bir güc kimi sıx
birləşməyə, eyni məqsəd uğrunda mübarizəyə
səslədi. Təsadüfi deyil ki, hər
çıxışında olduğu kimi, bu dəfəki
çıxışında da Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin tarixi köklərinə
toxunan və bu istiqamətdə üzləşdiyimiz çətinliklərin
əsas səbəblərini obyektiv şəkildə şərh
edən respublika Prezidenti torpaqlarımızın
işğalı faktını və bu işğal zamanı
təcavüzkar Ermənistan ordusunun dinc əhaliyə
qarşı törətdiyi vəhşilikləri, xüsusilə
də, 1992-ci ildə erməni vandalları tərəfindən
Xocalı soyqırımının törədilməsini, bu dəhşətli
genosid nəticəsində 600-dən çox günahsız
insanın həlak olmasını bir daha xatırlatmaqla,
ölkənin suverenliyi və ərazi bütövlüyü
istiqamətində vətəndaşlarımızın, o
cümlədən ordu mənsublarının
qarşısında dayanan əsas vəzifələrin ən
vacib istiqamətlərini müəyyənləşdirdi. Azərbaycan
dövlətinin regionda sülhü və əminamanlığı
dəstəkləməsini və buna rəğmən
yürüdülən dövlət siyasətinin əsasən
dinc xarakter daşımasını ön plana çəkən
ölkə başçısı Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurası
tərəfindən qəbul olunan qətnamələrin bu
günədək yerinə yetirilməməsindən
narahatlığını ifadə etdi və bunun əsas səbəbini
Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması,
işğalçılıq siyasətini davam etdirməsi ilə
əsaslandırdı. Bu müşavirədə ölkə
başçısı tərəfindən söylənilənlər
Azərbaycan xalqının fikir və iradəsini ifadə etmək
baxımından da xüsusi əhəmiyyət
daşıyır, xalqla dövlətin birliyini növbəti dəfə
əyani şəkildə nümayiş etdirir. Təsadüfi
deyil ki, müşavirədə Azərbaycanın ərazi
bütövlüyünün heç vaxt müzakirə
mövzusu olmayacağını bir daha dilə gətirən
Ali Baş Komandan İlham Əliyev ölkəmizin rəsmi
mövqeyini açıqlayaraq demişdir: " Bizim
mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm
də tarixi ədalətə və real məntiqə əsaslanır.
Azərbaycanın ərazi bütövlüyü bərpa
olunmalıdır. İşğal edilmiş bütün
torpaqlardan Ermənistanın işğalçı qüvvələri
çıxarılmalıdır. Ondan
sonra sülh yarana bilər, bütün
kommunikasiyalar açıla bilər. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər
və ora qayıdacaq, orada
yaşayacaq azərbaycanlılar yüksək
muxtariyyət statusu çərçivəsində
yaşayacaqlar. Onlar vahid Azərbaycan dövləti çərçivəsində
yaşamalıdırlar. Yəni ki,
nə bu gün, nə
gələcəkdə Dağlıq Qarabağı Azərbaycandan
ayıra biləcək mexanizmi yoxdur." Təbii ki, Ermənistan
tərəfinin qeyri konstruktiv
mövqedən əl çəkməsi,
işğalçılıq siyasətinə son
qoyması regionda sülhün
bərpasının Dağlıq Qarabağ
probleminin həlli ilə birbaşa
bağlılığı baxımından son
dərəcə vacib bir
amildir. Bu mühüm məsələyə
toxunan Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülhün bərpası naminə əlindən
gələni etdiyini və ölkəmizin
mövqeyinin bu məsələdə
həlledici rol oynadığını vurğulayaraq demişdir:
"... biz dəfələrlə bunu demişik, bu gün həyat bizim dediyimizi təsdiq edir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
həll olunmadan bu
bölgədə heç bir
başqa məsələ öz
həllini tapa bilməz. Ona görə yox ki, Azərbaycan buna etiraz edəcəkdir,
- biz öz milli maraqlarımızı bütün
vasitələrlə müdafiə edirik,
edəcəyik və bu sahədə uğurlara nail olmuşuq, sadəcə olaraq,
ona görə ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
bölgədə gedən proseslərə
ən ciddi mənfi təsir edən amildir." Daim sülhü, əmin-amanlığı dəstəkləməsinə
baxmayaraq, Azərbaycanın müharibə
şəraitində olması günümüzün
reallığıdır və bu
reallıq ölkənin öz müdafiə
qüdrətini daim artırmasını, ordu quruculuğu işinin həmişə diqqət mərkəzində
saxlanılmasını zəruri edir. BMT-nin ən ali orqanının qəbul etdiyi
qərarların icrasız qalması və dünya
ictimaiyyətinin bu qərarlara, o cümlədən Ermənistanın qeyri-konstruktiv mövqeyinə biganə
yanaşması Azərbaycanın regionda daha çevik siyasət
yürütməsini təxirəsalınmaz bir
vəzifəyə çevirir və bu vəzifə özündə ilk növbədə ordu quruculuğu işini ehtiva edir. Təsadüfi
deyil ki, ölkə
başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı öz çıxışında Azərbaycanda
hərbi xərclərin son 5-6 ildə 10 dəfədən
də çox
artırıldığını, hərbi
hazırlığın yüksək səviyyədə olduğunu, bütün
Silahlı Qüvvələrdə ruh
yüksəkliyinin hökm sürdüyünü
və nəhayət, orduya xeyli
sayda hərbi texnika, silah-sursat alındığını bildirdi. Bunu həm də Azərbaycanın iqtisadi
imkanlarının gündən-günə artması və
ölkəmizin bu sahədə son beş-altı il ərzində
dünyada birinci yeri tutması ilə əlaqələndirən
Ali Baş Komandan Ermənistanın Azərbaycandan
müqayisəyə gəlməyəcək dərəcədə
geridə qaldığını da
dilə gətirdi: " Əlbəttə, heç
kimə sirr deyil ki, bu gün
Ermənistanla Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm bütün
başqa sahələrdə fərq çox böyükdür.
Deyə bilərəm ki, bu fərq gündən-günə böyüyür və bu
uçurum gündən-günə
genişlənir." Yuxarıda deyilənlərin təbii nəticəsi
kimi, Azərbaycan Ordusu
da Ermənistan ordusundan
daha güclü, daha peşəkardır. Ermənistan
silahlı qüvvələrində xidmət edən əsgərlərin
kütləvi şəkildə Azərbaycan tərəfinə
keçməsi və öz orduları
haqqında dedikləri fikirlər Ermənistanda vəziyyətin
nə qədər acınacaqlı olduğunu
və erməni əsgərlərinin Azərbaycan tərəfinə
keçməsinin konkret səbəblərini
bir daha üzə
çıxarmışdır. Bu gün Ermənistan nəinki öz ordusunu komplektləşdirmək,
hətta təmas xəttinə belə əsgər göndərməkdə
kifayət qədər ciddi problemlərlə
üzləşib. Ölkədə demoqrafik
vəziyyət dözülməz həddə çatıb. İnsan resursları tükənmək üzrədir.
Ermənistanın müvafiq
yöndə üzləşdiyi problemi, səfərbərliyə
alınacaq şəxslərin yaş həddini
artırmaqla aradan qaldırmaq cəhdləri,
təbii ki, effektli nəticə
verməyəcək. Ən azı ona
görə ki, ölkə vətəndaşları
yerlərdəki mövcud dözülməz
vəziyyətə tab gətirməyərək
məcburiyyət qarşısında qalıb xarici
dövlətlərə üz tuturlar. Bunun
qarşılığında Azərbaycanda vəziyyət bir qayda olaraq
yüksələn xətlə inkişaf edir. Əhalinin sayı gündən-günə
artır. Gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsində əsaslı dönüş
yaradılıb. Ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialı artdıqca, strateji
əhəmiyyətli sahələrə dövlət rəhbərliyi
tərəfindən göstərilən diqqət və
qayğı da böyüyür.
Xüsusilə, ölkənin hərbi sənayesinə küllü miqdarda vəsaitin
ayrılması və bu vəsaitin ilbəil
artırılması müvafiq sahədə
də son illər müstəsna irəliləyişlərin
qeydə alınması ilə nəticələnmişdir. Belə
ki, Bakıda və regionlarda
son illər çoxsaylı hərbi
zavodların inşası ölkənin silah-sursat
baxımından idxaldan
asılılığını xeyli
azaltmışdır. Bununla belə, ölkə başçısı silah-sursat təminatı ilə bağlı Azərbaycanın
öz qarşısında heç
bir problem görmədiyini,
müvafiq prosesin bundan sonra da
yüksələn xətlə davam etdirələcəyini
xüsusi vurğulamışdır.
Ümumiyyətlə, müşavirədə ölkə rəhbəri
tərəfindən Silahlı Qüvvələrimizə
yüksək inam və etimad
göstərildiyini ifadə edən fikirlərə geniş yer
ayrılmışdır. Buna cavab olaraq,
Silahlı Qüvvələrin Ali Baş Komandanına raport
verən Müdafiə naziri general-polkovnik Səfər Əbiyev dövlət
başçısına ordudakı mövcud
vəziyyətlə bağlı ətraflı məlumat verərək
bildirmişdir ki,
dövlətimizin və hökumətimizin gündəlik
qayğısı nəticəsində Azərbaycanın
Silahlı Qüvvələri durmadan inkişaf edir, onun beynəlxalq əlaqələri genişlənir
və nüfuzu artır. Cari
ildə Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi
istiqamətində yeni keyfiyyət göstəricilərinə
nail olunmuşdur. Birinci əməliyyat eşalonu
birliklərində dayanıqlı müdafiənin təmin
olunması istiqamətində əməli tədbirlər görülmüş, müdafiə sistemi təkmilləşdirilmiş,
qoşunların döyüş qabiliyyəti
yüksək səviyyədə saxlanılmışdır. Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə,
bütün səviyyələrdə təkmilləşdirilməsi
məqsədilə vahid idarəetmə, nəzarət,
rabitə və avtomatlaşdırılmış idarəetmə
sisteminin tətbiqi üzrə işlər
artan sürətlə davam
etdirilir.
Daha sonra ayrı-ayrı
qoşun növləri üzrə ordumuzdakı vəziyyətlə
bağlı Ali Baş Komandana ətraflı məlumat verən
müdafiə naziri Silahlı Qüvvələrimizin müasir
standartlara uyğunlaşdırılması istiqamətində
həyata keçirilən mühüm tədbirlərdən və
aparılan islahatlardan danışdı. Qeyd etdi ki, dövlət
rəhbəri tərəfindən göstərilən etimada,
diqqət və qayğıya cavab olaraq bu gün Azərbaycan
ordusunun şəxsi heyəti öz üzərinə
düşən bütün vəzifələri yüksək
səviyyədə yerinə yetirir və döyüş
hazırlığını durmadan artırır. Ordu mənsubları
Vətənimizin ərazi bütölüyü və
suverenliyi naminə bundan sonra da əlindən gələni əsirgəməyəcək,
Ali Baş Komandanın bütün əmr və
tapşırıqlarını layiqincə yerinə yetirəcəklər.
İbrahim RÜSTƏMOV
Ədalət.- 2010.- 23 iyun.- S. 3.