Şanlı keçmişimiz
Bir hakimiyyət altında birlik
Şimaldan - Baş Qafqaz dağları,
qərbdən - Göyçə gölü hövzəsi
də daxil olmaqla Alagöz dağ silsiləsi və
Şərqi Anadolu, şərqdən - Xəzər dənizi,
cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan
hüdudları ilə əhatə olunan tarixi Azərbaycan
torpaqları müasir sivilizasiyanın inkişafına
başladığı ən qədim
məəniyyət mərkəzlərindən biridir.
Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan
torpaqlarında zəngin və özünəməxsus bir
mədəniyyət, o cümlədən
dövlətçilik ənənələri
yaratmışdır. Azərbaycan adının tarixi
tələffüzü cürbəcür olmuşdur.
Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena,
Adirbican, Azirbican və nəhayət, Azərbaycan
şəklində işlənmişdir. Azərbaycan qədim
tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar
əsasında yazılır. Arxeoloji qazıntılar
zamanı aşkar edilmiş əşyalar Azərbaycanın
maddi-mədəniyyət tarixini öyrənməyə imkan
vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan
etnoqrafik materiallar əsasında
adət-ənənələr, maddi-mənəvi
mədəniyyət, keçmiş idarə formaları,
ailə münasibətləri və s. öyrənilir. Azərbaycan Respublikası ərazisində
aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin
məskunlaşmasına aid zəngin maddi mədəniyyət
nümunələri aşkar olunmuş və bunun
nəticəsində respublikamızın ərazisinin
insanın formalaşdığı məskənlər
siyahısına daxil olunmasına zəmin
yaratmışdır. Azərbaycan ərazisində
hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan
əvvəldən yaşamağa başlamasına aid ən
qədim arxeoloji və paleontoloji materiallar
tapılmışdır. Azərbaycan ərazisi bu diyarın
dünyanın ən qədim insan məskənlərindən
biri olduğunu sübut edən arxeoloji abidələrlə son
dərəcə zəngindir. Azıx, Tağlar,
Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan)
mağaralarında, habelə başqa abidələrdə
aşkar olunan arxeoloji tapıntılar, o cümlədən
300-400 min il bundan əvvəl yaşamış Aşöl
dövrünə aid qədim insanın - Azıx
adamının (Azıxantrop) çənə sümüyü
Azərbaycanın ibtidai insanların formalaşdıqları
əraziyə daxil olduğunu sübut edir. Bu nadir
tapıntıya görə Azərbaycan ərazisi
"Avropanın ən qədim sakinləri"
xəritəsinə daxil edilmişdir. Azərbaycan xalqı,
eyni zamanda dünyanın ən qədim dövlətçilik
ənənələrinə malik olan xalqlarındandır.
Azərbaycan xalqı təqribən 5 min illik
dövlətçilik tarixinə malikdir. Azərbaycan
ərazisində ilk dövlət qurumları və ya
etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV
minilliyin sonu - III minilliyin əvvəllərindən
başlayaraq Urmiya hövzəsində yaranmışdı.
Burada meydana gəlmiş ən qədim Azərbaycan
dövlətləri bütün regionun hərbi-siyasi
tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə
və Fərat vadilərində yerləşən və
dünya tarixində dərin iz qoymuş qədim Şumer,
Akkard və Aşşur (Assuriya) dövlətləri,
habelə Kiçik Asiyadakı Het dövləti arasında
sıx qarşılıqlı əlaqələr vardı.
Eramızdan əvvəl I minillikdə - bizim eranın I
minilliyinin əvvəllərində Azərbaycan
torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı,
Atropatena və Albaniya kimi qüvvətli dövlətlər
mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda
dövlət idarəçiliyi mədəniyyətinin daha da
yüksəldilməsində, ölkənin
iqtisadi-mədəni tarixində, eləcə də vahid
xalqın təşəkkülü prosesində mühüm
rol oynamışlar. Eramızın əvvəllərində
ölkəmiz öz tarixinin ən ağır sınaq
dövrlərindən biri ilə qarşılaşdı: III
əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII
əsrdə isə Ərəb xilafəti işğal etdi.
İşğalçılar ölkəyə İranın
və Ərəbistanın içərilərindən
çoxlu İran və ərəb mənşəli əhali
köçürüb gətirdilər. Eramızın ilk
yüzilliklərində ölkə əhalisinin əksəriyyətini
təşkil edən və hərbi-siyasi cəhətdən
daha mütəşəkkil və daha qüvvətli olan
türk etnosları vahid xalqın təşəkülü
prosesində mühüm rol oynayırdılar. Türk
etnosları içərisində oğuz türkləri
üstünlük təşkil edirdilər. Eramızın ilk
yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan
ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar
arasında da başlıca ünsiyyət vasitəsinə
çevrilməkdə idi. Türk dili, həm
də şimalla cənub arasında birləşdirici,
əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid
xalqın təşəkkülü prosesində çox
mühüm rolu vardı. Çünki bəhs olunan
dövrdə bütün Azərbaycan ərazisini əhatə
edən vahid dini görüş - təkallahlı din yox idi.
Qədim türklərin baş Allahı olan Tanrıya
sitayiş - tanrıçılıq hələ başqa dini
görüşləri sıxışdırıb tamamilə
aradan qaldıra bilməmişdi. Zərdüştlük,
atəşpərəstlik, Günəşə, Aya,
Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam
etməkdə idi. Ölkənin şimalında - Albaniya
ərazisinin bəzi yerlərində, əsasən
dağlıq qərb bölgələrində, xristianlıq
yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu
erməni və gürcü kilsələrinin kəskin
rəqabəti şəraitində fəaliyyət
göstərirdi. VII əsrdə islam dininin
qəbul olunması ilə Azərbaycanın tarixi
müqəddəratında əsaslı dönüş
yarandı. İslam dini vahid xalqın və dilin
təşəkkülünə güclü təkan verdi, bu prosesin
sürətlənməsinə həlledici təsir
göstərdi. Türk və qeyri-türk
etnosları arasında dini birliyin yaranması onların
yayıldığı bütün Azərbaycan
ərazisində vahid adət-ənənələrin
təşəkkülünə, qohumluq əlaqələrinin
genişlənməsinə, qaynayıb-qarışma prosesinin
daha da dərinləşməsinə səbəb oldu.
İslam dini onu qəbul etmiş bütün türk
və qeyri-türk etnoslarını Cənubi Qafqazı
bütöv halda xristianlığın təsir
dairəsinə salmağa çalışan Bizans
imperiyasına və onun himayə etdiyi erməni və
gürcü feodallarına qarşı vahid türk-islam
bayrağı altında birləşdirdi. IX əsrin
ortalarından Azərbaycanın qədim
dövlətçilik ənənələri yenidən
dirçəldi. Azərbaycanda yeni siyasi
dirçəliş başlandı: islam dininin
yayılmış olduğu Azərbaycan torpaqlarında
Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər,
Şəddadilər dövlətləri yarandı.
Müstəqil dövlətlərin yaranması
nəticəsində siyasi, iqtisadi və mədəni
həyatın bütün sahələrində
oyanış baş verməkdə idi. Azərbaycan
tarixinin İntibah dövrü başlanırdı. 600 ilə
qədər davam edən Sasani və ərəb əsarətindən
sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar,
Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki
hakimliyi) yaranması, islam dininin bütün ölkə
ərazisində əsas təkallahlı dinə
çevrilməsi Azərbaycan xalqının
etnik təkamülündə, vahid dilin və
mədəniyyətin təşəkkülündə
mühüm rol oynadı. İslam dini, eyni zamanda,
Azərbaycanı idarə edən ayrı-ayrı feodal
sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir
tarixi şəraitdə bütün Azərbaycan əhalisinin
- həm xalqımızın təşəkkülündə başlıca rol oynayan
müxtəlif türk tayfalarının, həm də onlarla
qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının
yadelli qəsbkarlara qarşı vahid qüvvə halında
birləşməsində də mütərəqqi rol
oynadı. Ərəb xilafətinin
tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə
bütün Yaxın və Orta Şərqdə türk-islam
imperiyalarının rolu artdı. Sacilər,
Şirvanşahlar, Salarilər, Rəvvadilər,
Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər,
Monqollar, Elxanilər-Hülakular, Çobanilər,
Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular,
Ağqoyunlular, Səfəvilər,
Əfşarlar, Qacarlar və başqa türk-islam
sülalələrinin idarə etdikləri dövlətlər
təkcə Azərbaycanın, həmçinin
bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda,
bütün Yaxın və Orta Şərqin
dövlətçilik tarixində dərin iz qoydular.
XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə
Azərbaycanın dövlətçilik mədəniyyəti
daha da zənginləşdi. Bu dövrdə Şərqin
geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi,
Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan
sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və
beynəlxalq əlaqələrinə müsbət təsir
göstərir, ölkəmizin və xalqımızın
hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət
meydanını genişləndirir, Azərbaycan xalqının
maddi və mənəvi mədəniyyətinin daha da
inkişaf etməsinə əlverişli şərait
yaradırdı.
Bəhs olunan
dövrdə Azərbaycan dövlətləri Yaxın və
Orta Şərqin beynəlxalq münasibətlərində,
hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı,
Avropa-Şərq münasibətlərində də çox
fəal iştirak edirdilər. Azərbaycanın
böyük dövlət xadimi Uzun Həsənin (1468-1478)
hakimiyyəti illərində Ağqoyunlu imperiyası
bütün Yaxın və Orta Şərqdə
qüdrətli hərbi-siyasi amilə çevrildi.
Azərbaycanın dövlətçilik mədəniyyəti
daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan
torpaqlarını əhatə edən güclü
mərkəzləşdirilmiş dövlət yaratmaq
siyasəti yeridirdi. O, bu məqsədlə
xüsusi "Qanunnamə" hazırlatmışdı.
Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya
çevirtmiş, dövrün görkəmli elm adamı
Əbu Bəkr əl-Tehraniyə
"Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə
yazdırmışdı. XV əsrin sonu - XVI əsrin
əvvəllərində Azərbaycan dövlətçiliyi
özünün tarixi təkamülündə yeni
mərhələyə qədəm qoydu. Uzun Həsənin
nəvəsi görkəmli dövlət xadimi Şah
İsmayıl Xətai (1501-1524) babasının başladığı
işi başa çatdırdı, şimallı-cənublu
bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti
altında birləşdirə bildi.
(Ardı var)
Elnarə Musayeva
Ədalət.- 2010.- 23 iyun.- S. 4.