MƏBƏD
ORTA ƏSRLƏRDƏN BAŞLAYAN
MÜASİRLİK
Bəşər
övladı bu günkü
inkişafına, tərəqqisinə görə ilk növbədə elmə minnətdar
olmalıdır. Elə mədəniyyətlərin, əxlaqi
dəyərlərin, ümumiyyətlə digər sahələrin...
sistemləşməsi, cilalanması,
çeşidli-nizamlı hala gəlməsi
də elmin təsiri ilə baş vermişdir. Hətta
insan övladının Tanrıya
inamının belə xaotik formadan nizamlı hala gəlməsi
də elmlə mümkün olmuşdur. Nahaqdan müqəddəs
peyğəmbərimiz, Həzrəti Məhəmməd
buyurmamışdır ki, insan
beşikdən qəbir evinədək elm
öyrənməlidir. Və ya müqəddəs
kəlamlarda şəhid qanı ilə alimin
mürəkkəbi bərabər tutulmuşdur.
Amma etiraf etmək
lazımdır ki, elmin
təşəkkül tapması, inkişaf
etməsi, yaşaması insanlığa asan
və ya rahat başa gəlməmişdir. Elmə yiyələnmək,
kəşflər etmək bir yana dursun, onların cəmiyyətə
təqdim olunması cəhalət tərəfindən böyük təpki ilə
qarşılanmış, yalnız saysız-hesabsız qurbanlar müqabilində duruş
gətirə bilmişdir.
Elm və mədəniyyətin
mərkəzi Şərq sayılsa da məsuliyyətlə
demək olar ki, bu gün Qərb həmin imkanları
özününküləşdirmişdir. Və tarixin son mərhələsində
dünyaya tərəqqinin daha çox Qərbdən gəldiyini
etiraf etmək bir şərqli üçün asan olmasa da
gerçəklik belədir. Şərqlilər
yaratdıqlarını, kəşf etdiklərini dünyaya təqdim
edə bilmədilər, həmin elmi mərkəzləri təkmilləşdirib
yaşada bilmədilər, Qərbsə bütün bunları
bacardı. Necə ki, özünün bir iynə zavodu belə
olmayan şərqli torpağının altından
çıxardığı "qara qızıl"ın
hesabına 100 mərtəbəli otel, ticarət mərkəzi
tikdirib şeşələnirsə, eləcə də
qarşı tərəf özünün 500-1000 il bundan qabaq
yaratdığı məktəbi instituta, akademiyaya çevirməsi
ilə fəxr edir. Məhz elə buna görədir ki, Qərbdə
elm mərkəzlərinin, Universitetlərin yaşı min
illiklərlə ölçülür. Onlar bu elmin
hesabına dünyaya, elə Şərqə də
ağalıq edə bilirlər. İndi dünyayla bir
nüfuza malik daha bir Universitet haqqında söz açmaq istəyirəm.
HARVARD UNİVERSİTETİ
Dünyanın ən məşhur,
ən qədim Universitetlərindən biri sayılır. Əsası
Amerikanın işıqlı adamları tərəfindən
1636-cı ildə ABŞ-ın Massaçusets
ştatının Kembric şəhərində bir kolleci
yaratmaqla qoyuldu. Bu kollec Harvard adını isə 1639-cu ildə
qazandı. Böyük xeyriyyəçiliyi ilə tanınan,
həm də nazir vəzifəsində
çalışmış Con Harvard özünün
var-dövlətinin tam yarısını və zəngin
kitabxanasını bu kollecə vəsiyyət etdiyi
üçün onun adı bu təhsil müəssisəsində
əbədiləşdirildi. Qeyd edim ki, bu kitabxana
böyüklüyünə görə kontinentdə ikinci
kütləvi kitabxana hesab olunur.
Bu gün böyük
şöhrətə sahib olan Harvard Universiteti illəri,
onillikləri... asan başa vurmamışdır. Zaman-zaman
çətinliklərlə üz-üzə qalan bu elm
ocağı bütün sınaqlardan çıxmağı
bacardı. Elə Harvard Universitetinin maliyyə, tələbə,
hətta müəllimlər sarıdan böyük əziyyət
çəkdiyini diqqətə çəkmək kifayətdir
ki, qarşısına çıxan sınaqlar aydın təsəvvür
edilsin. Harvardın ilk buraxılış ilində 9 nəfər
məzunu var idi. Burada ingilis universitetlərinin ənənəvi
proqramları üzrə tədris verən bir müəllimi
var idi. Amma illər keçdi, kollec inkişaf etdi,
böyüdü. Artıq 18-ci əsrin sonlarında puritan dini
təhsilindən başqa riyaziyyatın əsasları, klassik
filologiya, filosofiya, təbiət elmləri öyrədilməyə
başlandı. Və tədrisin burada belə sürətlə
inkişaf etməsi kollecin statusuna uyğun gəlmirdi. Və o
böyüdülməliydi. Məhz bu üzdən də 19-cu əsrin
birinci rübündə kollec Universitetə çevrildi.
Qısa müddətdən sonra 1810-cu ildə burada tibb, 1817-ci
ildə hüquq fakültəsi də açıldı və
yeni-yeni mütəxəssislər bura cəlb edildi. Və
bundan sonra Harvard Universiteti 19-cu əsrin ikinci yarısında
elmi, mədəni mərkəzə çevrildi.
ZƏNGİN KİTABXANA, ELMİ MƏRKƏZ VƏ...
Hazırda Universitetin
özünün bir neçə zəngin - botanika, müqayisəli
zoologiya, mineralogiya və geologiya, arxeologiya və etnologiya...
muzeyi vardır. Qeyd edim ki, müəyyən təcrübələrin
aparılması, tədqiqatların əyani şəkildə
öyrənilməsi üçün Universitet indi nəinki
özünün botanika bağına, hətta
özünün xüsusi meşəsinə malikdir.
Dünyanın ən böyük elmi kitabxanası da məhz
Harvard Universitetində yerləşir. Hətta bu
kitabxananın zənginliyi imkan verib ki, onun nəzdində
ayrı-ayrı sahələr üzrə kitabxanalar da
formalaşdırılsın.
Bütün bunlarla
yanaşı Harvard elmi nailiyyətləri, tədris
proqramları və xüsusi tibb tədrisinə malik olması
ilə fəxr edə bilər. Çox kiçik heyətlə
fəaliyyətə başlayan Universitetin hazırda çox
böyük tələbə heyəti, kadr potensialı
vardır. Elə onu demək kifayətdir ki, hazırda burada 18
min tələbə təhsil alır, 10 min nəfər isə
Harvard Universitetinin sisteminə daxil olan məktəblərin
dinləyicisidir. 2005-ci ildən Universitetdə 2,3 min professor
çalışıb. Və istənilən mütəxəssis
üçün Harvard Universitetində işləməsi
böyük imic hesab edilir.
Harvard Universitetində
12 kollec və fakültə fəaliyyət göstərir:
xüsusi mühəndis və elmi nəzəriyyələr,
bakalavr dərəcəsi verən kollec, -aspirantura, -tədrisin
davamiyyəti üzrə şöbəni özündə
birləşdirən Elm və incəsənət fakültəsi;
-Dişlərin müalicəsi və digər xüsusi sahələr
üzrə Tibb fakültəsi; -Harvard ilahiyyat institutu, -Harvard
hüquq elmləri institutu, -Harvard biznes institutu, -Dizayn
aspiranturası, -Pedoqoji elmlər aspiranturası, -Səhiyyə
İnstitutu, -Conn F. Keneddi adına Administrasiya institutu.
TƏLƏBƏLƏRİ,
MÜTƏXƏSSİSLƏRİ
Universitetin bütün
sahələr, ixtisaslar üzrə konkursu çox yüksək
həddədir. ABŞ-dan başqa dünyanın 100 ölkəsindən
burada təhsil alan tələbələr vardır. Harvarddakı
təhsilin hansı səviyyədə olduğunu aydın təsəvvür
etmək üçün elə Universitetin məzunları
sırasında 30 nəfərin Nobel mükafatı
almasını, yaxud ABŞ-ın yeddi prezidentinin - Con
Adamsın, Con Kinsi Adamsın, Teodor və Franklin Delano Ruzveltin,
Ruterford Heysin, Con Kennedinin və Corc (oğul) Buşun bu təhsil
ocağından gəlməsini yada salmaq kifayətdir. Amma onu
da qeyd edim ki, Harvard Universitetində təhsil elə də ucuz
başa gəlmir. Cünki burada illik təhsil 42 min dollar həcmindədir.
Bütün bunlardan
savayı Harvard Universitetində fəaliyyət göstərən
ən müxtəlif ixtisaslar üzrə elmi laboratoriyalar, təcrübə
mərkəzləri, muzeylər... tələbələrin və
elm adamlarının ixtiyarındadır. İtaliyan, fransız
və ingilis incəsənətinə aid zəngin Foqqa incəsənət
muzeyi, mərkəzi və şimali Avropa incəsəntinə
dair Adolf Buş muzeyi, antik və Şərq insənətinə
aid Sekler muzeyi, təbii tarix muzeyi, arxeologiya və etnologiya
muzeyi, Semit mədəniyyət muzeyi... uzun zamandır təkcə
Harvardın deyil, bütövlükdə dövlətin mənəvi
və elmi sərvəti sayılır.
Dünyada Harvard
Kitabxanası kimi məşhur olan Universitet kitabxanası
özündə ixtisaslaşmış 90 kitabxananı birləşdirir.
Kitabların sayı isə artıq 15 milyonu ötüb.
Harvardın bu nəhəng kitabxanası məhz belə keyfiyyətlərinə
görə, Amerikanın ikinci ən böyük kitabxanası
- Konqresin Kitabxanasından sonra - sayılır. Harvardın rəhbəri
onun prezidenti sayılır ki, o da seçkilər vasitəsi
ilə bu vəzifəyə gəlir. Maraqlıdır,
mövcud olduğu müddət ərzində Universitetə
kişilər rəhbərlik etsələr də bu hal 2007-ci
ildə dəyişdi. Universitetin həyatında ilk dəfə
rəhbərliyə qadın - ixtisasca tarixçi olan Dryu Faust
seçilib. Yeri gəlmişkən, Maykrsoft
kompaniyasının yaradıcısı, dünyanın ən
varlı şəxslərindən biri sayılan, məşhur
Bill Qeyts də Harvardın tələbələrindən biri
olmuşdur.
Bu gün də Harvard
Universiteti özünün yüzillər boyu mənsub
olduğu çox ciddi təhsil və tədris ənənələrini
qoruyub saxlayıb. İndi də yeni elmi nailiyyətlərin
öyrənilməsi, təcrübələrin və elmi təhqiqatların
aparılması, hər şeydən qabaq, Universitetin nüfuzunun
qorunması başlıca prinsip hesab olunmaqdadır. Və
kimliyindən asılı olmayaraq kimsə həmin prinsiplərə
bu və ya digər şəkildə xələl gətirə
bilməz. Bu mümkün deyil. Əgər belə neqativ hərəkətlər
baş verərsə, Universitetin dəmir kimi möhkəm
qaydaları, nizam-intizamı onları bu nəhəng təhsil
və elm ocağından kənara tullayacaq.
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 22 iyun.- S. 3.