QAXDA TEATR FESTİVALI

 

Yarandığı dövrdən bu günə qədər müəyyən inkişaf yolu keçmiş Qax Dövlət Kukla Teatrının özünəməxsus ənənələri vardır. 1973-cü ildən rayon mədəniyyət evində dərnək, 1976-cı ildən xalq teatrı kimi fəaliyyət göstərən teatr kollektivinin yaradıcı fəaliyyəti nəzərə alınaraq 1992-ci ildə onun bazasında yaradılan Qax Dövlət Kukla Teatrı respublikamızın sayılıb-seçilən mədəniyyət ocaqlarından birinə çevrilmişdir.

Teatr fəaliyyətə başladığı dövrdən 47 əsər səhnələşdirərək rayonda, respublikamızın digər bölgələrində, hətta Türkiyədə, Gürcüstanda, Estoniyada tamaşaya qoymuşdur. Təkcə son bir ildə 4 əsər səhnələşdirilmişdir. Axırıncı dəfə teatr Həmdiyyə və Süleyman Lapupovların "Kral və əks səda" əsərini səhnələşdirərək tamaşaçılara təqdim etmişdir.

Əvvəllər həvəskar artistlərlə fəaliyyətə başlayan teatr gərgin əməyi, yaradıcı axatrışları nəticəsində respublikamızda fəaliyyət göstərən Dövlət Kukla Teatrları arasında ön sırada dayanan mədəniyyət ocağına çevrilmişdir. Kollektivin səhnələşdirdiyi əsərlərdə həmişə uşaqlarda milli-mənəvi dəyərlərimizə hörmət ruhunun aşılanması, onlarda sağlam dünyagörüşün formalaşması ön plana çəkilmişdir.

Teatr 2005-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən 7-ci uluslararası "Kukla və kölgə oyunları" festivalında respublikamızı ləyaqətlə təmsil edərək bir sıra mükafatlara layiq görülmüşdür. Kollektiv 2009-cu ildə Estoniyada keçirilən "Vilyam teatrı çamadanda" beynəlxalq teatr festivalında da yüksək mükafatlara layiq görülmüşdür.

Kollektiv 2000-2005-ci illərdəki fəaliyyətinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.

Teatrın repertuarlarında Əli Səmədlinin, Abdulla Şaiqin, Rəhman Əlizadənin əsərlərinə, Azərbaycan və dünya xalqları nağıllarına geniş yer verilir. Uşaqlarda müasir dünyagörüşün formalaşmasında, onlarda vətənə, torpağa məhəbbət, milli dəyərlərimizə hörmət ruhunun aşılanmasında böyük rolu olan tamaşaların hazırlanmasında bu mədəniyyət ocağının direktoru Nazim Mahmudovun, baş rejissor Nazim Abdurahmanovun, quruluşçu rejissor İsako Zeynalaşvilinin, bədii rəhbər Osman Abdullayevin, rəssam Mais Abdullayevin, aktyorlardan Araz Mehrablının böyük əməyi olmuşdur.

Hazırda dövlətimiz və rayon ictimaiyyətinin diqqət və qayğısı ilə əhatə olunan Qax Dövlət Kukla Teatrının kollektivi daim öz peşəkarlığını artırmaqla dinamik inkişaf yolunda olan respublikamızda mədəniyyətin inkişafına öz layiqli töhfəsini verməkdədir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Teatrı 2009-2019-cu illərdə Dövlət proqramı" çərçivəsində Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin əmri ilə "II Respublika Kukla Teatrları" festivalının Qaxda keçirilməsi də təsadüfi deyildir.

İyunun 17-də başlayan festivalın iştirakçıları - Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrlarının, Qax, Naxçıvan, Gəncə, Salyan Dövlət Kukla Teatrlarının kollektivləri, rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fərəh xanım Əliyeva, sənətşünaslıq elmləri doktoru, professor, Məryəm Əlizadə əvvəlcə Azərbaycan teatrının inkişafında misilsiz xidmətləri olmuş Ulu Öndərimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər gül-çiçək düzərək hörmət və ehtiramlarını bildirdilər.

Sonra bayramsayağı bəzədilmiş Qax Dövlət Kukla Teatrının qarşısında rəsmi açılış mərasimi keçirildi. Giriş sözü ilə festivalı açıq elan edən RİH başçısı Musa Şəkiliyev Şərqdə ilk dəfə Azərbaycanda yaradılan teatrın inkişaf yolundan, Ulu Öndərimizin Azərbaycan teatrının inkişafına göstərdiyi diqqət və qayğıdan, Respublika Prezidenti İlham Əliyev tərəfindən teatrın maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının yüksəldilməsi istiqamətindəki məqsədyönlü fəaliyyətindən bəhs edərək qeyd etdi ki:

- Son dövrlər cəmiyyətimizin digər sahələri kimi teatr da böyük inkişaf yolundadır. Müstəqillik illərində teatrın inkişafı ilə bağlı imzalanmış 20-dək hüquqi sənəd bu sahəyə dövlət qayğısının parlaq təzahürüdür. Respublikamızın qabaqcıl teatr kollektivlərindən olan Qax Dövlət Kukla Teatrı da yarandığı dövrdən müəyyən inkişaf yolu keçmişdir. II Respublika Kukla Teatrları həftəsinin məhz Qaxda keçirilməsi də təsadüfi deyil. Əminəm ki, bu ümumrespublika tədbiri kollektivin yaradıcı potensialının daha da inkişafına təkan verəcəkdir. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosialyönümlü siyasətə uyğun olaraq rayon rəhbərliyi teatrın inkişafı üçün lazımi əməli köməklik göstərəcəkdir.

Musa Şəkiliyev tədbiri açıq elan edərək teatr kollektivlərinə festivalda müvəffəqiyyətlər arzuladı.

Açılış mərasimində çıxış edən respublika Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fərəh xanım Əliyeva da Azərbaycan teatrının, o cümlədən Kukla teatrının keçdiyi inkişaf yolundan, bu gün Qaxda başlanan II Respublika Kukla Teatrları həftəsinin məqsəd və əhəmiyyətindən danışdı. O, çıxışında Qax Dövlət Kukla Teatrının fəaliyyətini yüksək qiymətləndirərək əmin olduğunu bildirdi ki, kollektiv bundan sonra da yaradıcılıqla çalışaraq üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, gənc nəslin bədii-estetik zövqünün formalaşması, onlarda milli mədəniyyətimizə hörmət ruhunun aşılanması üçün yaradılmış imkanlardan səmərəli istifadə edəcəklər.

Sənətşünaslıq elmləri doktoru, professor Məryəm xanım Əlizadə respublikamızda teatr bayramı səviyyəsində keçirilən bu festivalların əhəmiyyətindən söz açdı, iştirakçılara uğurlar dilədi.

Açılış mərasimində Qax Rayon Mədəniyyət şöbəsinin kollektivinin üzvlərinin ifasında musiqi nömrələri səsləndirildi.

Açılış mərasimlərindən sonra Qax Dövlət Kukla Teatrı iştirakçılar və rayonun balaca sakinləri qarşısında Yusif Abdurahmanovun səhnələşdirdiyi "Turp" pantomim tamaşasını nümayiş etdirdi. Böyük aktyor peşəkarlığı, yüksək səhnə tərtibatı, rejissor yaradıcılığı ilə təqdim olunan bu tamaşanın ideyasını sülhün, əmin-amanlığın bərqərar olmasına, müharibələrin dayandırılmasına çağırış təşkil edirdi. Aktyorlardan Afaq Yaqubovanın, Araz Mehrablının, Azər Kərimovun, Nərmin Hüseynovanın, Leyla Cəlilovanın, Zaur Paşayevin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Festival iştirakçıları olan teatr kollektivləri tərəfindən hər gün 2 tamaşa nümayiş etdirilmişdir. İyunun 18-də Gəncə Dövlət Kukla Teatrının nümayiş etdirdiyi "Şəngülüm, Şüngülüm, Məngülüm", 19-da Naxçıvan Dövlət Kukla Teatrının "Cik-cik xanım", 21-də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının "Zınqrovlu pişik" tamaşaları iştirakçılar tərəfindən daha böyük maraqla qarşılanmışdır.

Festival davam edir.

  

     

NOVRUZ ŞABANOV

 

Ədalət.- 2010.- 22 iyun.- S. 4.