TARİXDƏN BİR YARPAQ
Sovet dönəmində xalqın ruhunu, nəbzini tutan, onu oxşayan və hər yerdə də dilə gətirilən, xatırladılan şüarlar
var idi. Düzdü, indi də şüarlar var, amma nədənsə
bu günün şüarları hələ
ki, bizə o qədər də doğma gəlmir. Görünür,
ya hələ onlara alışmamışıq,
ya da canımıza,
qanımıza hopmayıb.
Xatırlayaq. Sovet-alman müharibəsi dövründə
hər kəsin bildiyi məşhur şüar-çağırış bütün SSRİ ərazisini
bəzəyirdi. "Ana
Vətən Çağırır"
şüarı insanları
səfərbər etmişdi,
onları bir araya gətirmişdi. Müharibədən sonra isə tarixi hadisələrə qiymət
vermək baxımından
önəmli olan digər bir şüar hər kəsin dilinin əzbərinə çevrildi.
Şüar belə idi: "Heç kəs unudulmur, heç nə yaddan
çıxmır!"
Bəli, indi bu
şüarları xatırladıqca qarşımdakı
saralmış vərəqlərə və
şəkillərə baxıram. Bu
bir insanın tərcümeyi-halı və
şəklidi. O, 1907-ci ildə
Ağstafa rayonunun Könhəqışlaq kəndində
doğlumuşdu. İlk
gənclik illərindən
o vaxtın fəallarından olmuş
və yeddi illik təhsilini başa vurub NKVD-də işə qəbul olunmuşdu. Təbii ki, bir kəndçi balasının bu uğuru təsadüfi deyildi. Onun fəallığı,
eləcə də siyasi baxışları həmin orqanın diqqətini çəkmişdi
və təşkilat onu öz sıralarına
gənc "çekist"
kimi qəbul etmişdi. Artıq onu el arasında
"Bala Bayram" kimi tanıyırdılar.
Bayram Qəhrəman oğlu Əsgərova bu ad xidmətinə
ğörə, eləcə
də bundan əvvəl milis orqanlarında xidmət keçib yaxşı ad qoymuş "Böyük Bayram"dan fərqlənmək üçün camaat tərəfindən təqdim
edilmişdi. O da adına layiq
xidmətlər göstərməklə
təkcə Ağstafa,
Qazax ərazisində deyil, eləcə də respublikanın digər bölgələrində
cəsur, cəsarətli
və xalqına, torpağına bağlı
bir əməkdaş kimi seçilərək qısa müddətdən
sonra milis orqanlarında işə
göndərilmişdi. Elə
"Bala Bayram"ın
həyat yolunun maraqlı səhifələri
də onun o vaxtkı milis
orqanlarında xidməti
dövrünə düşür.
Məhz ağır cinayətlərin açılması,
şəxsi və dövlət əmlakının
dağıdılması hallarına
qarşı mübarizədə
Bayram Əsgərovun adı həmişə yaxşıların sırasında
çəkilibdi. Azərbaycan
milisinin həyat yolu barəsində olan kitablarda da onun haqqında
geniş bəhs edilibdi.
Təsadüfi deyil ki, ölkənin
bir çox yüksək orden və medallarına layiq
görülmüş Bayram Əsgərov alman
faşistlərinin Azərbaycan ərazisinə
göndərdiyi cəsusu qısa müddətdə
yaxalayıb dövlət orqanlarına təhvil verdiyi
üçün Mircəfər Bağırov tərəfindən
xüsusi olaraq mükafatlandırılmış və ona
"Mauzer" tapançası hədiyyə olunmuşdu. Həmin hadisənin detallarını araşdırarkən
öyrəndim ki, İsmayıllı rayonunun
İvanovka kəndində
qəribə bir hadisə baş verir. Günlərin birində kəndin kolxoz sədri yoxa çıxır. Bu hadisə bütün rayonu, bölgəni ayağa qaldırır. Məsələ
respublika səviyyəsində
nəzarətə götürülür.
Həmin vaxt, yəni 1941-ci ilin sonunda Bayram Əsgərov İsmayıllı
rayonunun milis idarəsinin rəsisi təyin edilir. O dərhal faktın araşdırılması üçün
əməliyyat qrupları
hazırlayır. Adamlar
ona inandığından
işə başladığı
gündən çox
az vaxt, yəni cəmi iki gün sonra
gecə onun qəbuluna yaşlı bir kişi gəlir.
Qonşu kənddən
olan bu şəxs
meşədə tanımadığı
naməlum bir insana rast gəldiyini
və onun özünü şübhəli
apardığını söyləyir.
Dərhal həmin ərazidə axtarış
işlərinə başlanılır
və qocanın dediyi həmin adam tutulur. O əslən İsmayıllının
İvanovka kəndindən
olan, müharibədə
əsir düşüb
sonradan almanlar tərəfindən hazırlanaraq
Azərbaycan ərazisinə
göndərilmiş Rasşupkin
idi. Təxribatçı
öz doğma qardaşını, yəni
kolxoz sədrini öldürüb öz həyətlərində basdırdığını
etiraf edir. Bununla da ağır
bir cinayətin üstü açılır
və adamların səksəkəsinə son
qoyulur.
Ümumiyyətlə,
uzun illər milis sistemində çalışmış
və öz xidmətini şərəflə başa
vurmuş "Bala Bayram" barəsində təkcə onun
doğmaları, paqon yoldaşları deyil, həm də
işlədiyi bölgələrin yaşlı sakinləri bir-birindən
maraqlı xatirələr söyləyir, onu xeyirxah, nəcib
bir insan kimi xatırlayırlar. Deməli, həqiqətən
də heç kim unudulmur, heç nə yaddan
çıxmır...
Bəli, illər
ötüb gedir, tarix öz səhifələrini yeni imzalarla,
yeni faktlarla, yeni hadisələrlə zənginləşdirir
və bu zənginliyin içərisində də bizlərin
hər birinin izləri görünür. Gərək
bu izlərin anılması, yaşadılması
üçün xalqına,
torpağına və
seçdiyin yola sədaqətli olasan. Onda anım haqqı sənin də payına düşəcək. Necə
ki, bu gün
biz "Bala Bayram"ı andıq.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 24 iyun.- S. 3.