Görüşək tanış kimi

 

(Fəxrəddin Meydanlı "Sevənlər qocalmır")

 

İmzasını çoxdan tanısam da onu ədəbi məclislərdə tez-tez görürəm. Ən çox ünsiyyətcil olmağı xoşuma gəlir. İstəyir ki, hamı ilə qaynayıb qarışsın. Əlbəttə ki özü kimi səmimi adamlarla. Haqqında deyilən dəyərli qələm adamlarının maraqlı fikirləri ilə də tanışam. Görkəmli şairimiz İlyas Tapdıq yazır: "Şairin qələmindən çıxmış bir çox cizgilər, onun portret cizgiləridir. Bu şeirləri yazmaq üçün Fəxrəddin əsas bədii vasitəsi hər birinin özünə məxsus gözəllik atributlarını hiss etdirməkdir". Tanınmış tənqidçi Vaqif Yusifli isə "Neçə gün onun şeirləri ilə üzbəüz qaldım, bu şeirlərlə dostluq etdim, bu şeirlərdə çırpınan bir ürəyin odunu, yanğısını, gözəllik duyğusunu hiss etdim" kəlamları ilə oxucuları Fəxrəddin Meydanlı poeziyasına yaxınlaşdırır.

O, mənim üçün yaxşı dost, səmimi insandır. "Sevdalı könüllər", "Azərbaycan gözəlliklər diyarıdır" kitablarını oxumuşdum. "Sevənlər qocalmır" kitabını isə hələ də oxuyuram. İlləri bala-bala yola salsa da, ürəyində böyük məhəbbət daşıyan şair yazır:

 

Yamacda yağışdan sonra cücərən

Çəmənin şehi var ayaqlarında.

Sən bir gül ağacı, mən də becərən

Qanımın rəngi var yanaqlarında.

 

Fəxrəddin Meydanlının maraqlı,özünəməxsus şairlik təcrübəsi var. Ən ali duyğular onun qələmində çiçək açır.O, daşı da oxşayır, əzizləyir. Xalqımızın tarixi, həyat tərzi onun poeziyasında mənəvi səciyyəsindən inkişafa doğru istiqamət götürür:

 

Daş var, cilalanıb heykələ dönər,

Əl var başdan uca yol göstərəndi.

Daş var, yerə düşsə bu həyat sönər.

Əl var işıqkəsən, közsöndürəndi.

Daş-daşa söykənsə dağ da yaradar,

Əl-ələ söykənsə gücü tükənməz.

Hər daş ayrılıqda gözü qaraldar,

Əl üstə əl olsa, bir ocaq sönməz.

 

Fəxrəddin Meydanlı hamının ürəyindən keçəni yazır.

 

İşıq var nur saçar cığıra, izə

İşıq var azdırar səni yolundan

Göz var yaraşıqdır camala, üzə

Göz də var bəd yağar baxışlarından.

 

Od da var isidər evi-eşiyi,

Od da var yandırıb külə döndərər.

Torpaqdır insanın ana beşiyi,

Vətən hərarəti can isindirər.

 

Fəxrəddin səliqə-səhmanlı şairdir, sözün nazını çəkir:

 

Ürəyimdə yerin var,

Xalıda naxış kimi.

Gözüm yol çəkər, axar

Həsrətli baxış kimi.

 

Dünya ki var - bizimki,

Ondan niyə bezim ki?!

Başqa söz yox, yozum ki

Görüşək tanış kimi.

 

Fəxrəddin Meydanlının şeirləri müxtəlif fikirlər üstə boy atır. Amma bu fikirlər heç vaxt kitablardan dərsliklərdən gəlmir. Bu fikirlər onun hər gün, hər an qarşılaşdığı həyat müşahidələrinin məhsuludur. Gərək qəlbin açıq, əməlin təmiz, üzün ağ ola ki Tanrıdan iki beş (55) alasan. Şairin yaşı 55-i keçmək üzrədir. Amma mənə elə gəlir ki, şairin yaşı olmur. Fəxrəddin də saf qəlbi,xeyirxah əməlləri ilə uşaq yaşındadır.

Hər halda oxuculara bir ünvan verdim. İnanıran ki bu ünvanı tez tapıb onunla dərdləşəcək, "Sevənlər qocalmır" kitabını sevə-sevə oxuyacaq və qocalmamağın sirrini öyrənəcəklər.

  

  

Fərqanə Mehdiyeva

 

Ədalət.- 2010.- 24 iyun.- S. 4.