Tunc dövründə

 

Metal alətlər. Eramızdan əvvəl IV minilliyin sonlarından başlayaraq Eneolit dövrü Tunc dövrü ilə əvəz olunmuşdur.Azərbaycanda bu dövr e.ə. II minilliyin sonlarına qədər davam etmişdir. Tuncun meydana gəlməsi ibtidai cəmiyyətin tələbatından doğmuşdu. Azərbaycanda mis yataqları olması Azərbaycanda metalişləmə və metallurgiyanın inkişafına şərait yaratmışdı. Təmiz misdən hazırlanan alətlər gövrək olduğu üçün davamsız iditez xarab olurdu. Onu görə də qədim sənətkarlar misin tərkibinə müxtəlif qatışıqlar, məsələn, mərgümüş, sürmə, nikel, daha sonralar qalay qataraq daha möhkəm metal-tunc əldə etdilər.

Əmək alətlərinin, silahların, məişət və bəzək əşyalarmm çoxu tuncdan hazırlandığından bu dövr Tunc dövrü adlanır.Tunc dövrü ibtidai icma quruluşunun inkişaf tarixində çox mühüm yer tutur. Cəmiyyətin həyatının bütün sahələrində böyük dəyişikliklər baş vermiş, ağır zəhmət tələb edən kişi əməyi(xış əkinçiliyi, maldarlıqla, metalişləmə ilə məşğul olmaq) irəli keçmiş, anaxaqanlığı ataxaqanlığı (patriarxat) ilə əvəz olunmuşdur. Təsərrüfatın yeni sahələri meydana gəlmiş, əmək bərabərsizliyi və sosial bərabərsizlik yaranmışdır. Tunc dövründə Azərbaycanda böyük mədəni-etnik birliklər - böyük tayfalar və tayfa birləşmələri meydana gəlmişdir.Azərbaycanda tunc dövrü bir neçə mərhələyə erkən, orta və tunc dövrü mərhələlərinə bölünür.

Erkən Tunc dövrü e.ə. 1Y minilliyin ikinci yarısıfndan III minilliyin sonuna qədər davam etmişdir. Bu dövr üçün Azərbaycanda Kür-Araz mədəniyyəti səciyəvidir. Çünki həmin mərhələyə aid olan abidələr ilk dəfə Kür-Araz ovalığında öyrənilmişdir.

Bu dövrdə Azərbaycanda əhalinin sayı artmışdır. Düzən ərazidə yaşayan əhali Erkən Tunc dövründə dağətəyi və dağlıq zonalarda da məskənlər salmışlar. Yaşayış məskənlərində bir neçə qəbilənin birləşdiyi tayfalar yaşayırdı. Yaşayış məskənlərinin sahəsi bəzən 3-5 hektara çatırdı. Yaşayış məskənləri həmişə suya yaxın yerlərdə, çox zaman çay kənarlarında, düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salınırdı. Bəzən yaşayış məskənlərinin ətrafına müdafiə divarı çəkilirdi. Belə abidələr Füzuli rayonunda, Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Erkən Tunc dövrü yaşayış evləri dairəvi planda olur, bünövrəsi daşdan, divarları çiy kərpicdən tikilirdi. Bəzi bölgələrdə çubuqdan hörülüb suvanmış daxmalarda və yarımqazma evlərdə də yaşamışlar.

Dini ayinlərin icrası üçün ibadətgahlar tikilmişdir. Xaçmaz rayonundakı Sərkərtərə yaşayış məskənində dairəvi planlı böyük ibadət evi aşkar edilmişdir. Bina səliqə ilə suvanaraq, əhənglə ağardılmışdır. Divarın qarşısında ibadət mehrabı qurulmuşdur. Belə ibadət evləri Qazax rayonunda Badadərviş və Naxçıvan yaxınlığında Kültəpə yaşayış yerlərində də vardır.

Xış əkinçiliyi. Tunc dövrünün ilk mərhələsindən başlayaraq əkinçilik və maldarlıq, habelə sənətkarlıq sahələrində xeyli inkişaf olmuşdur. Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz edilmişdir. Əkin sahələri daha da genişlənmiş, süni suvarma yaranmışdır. Torpağın xışla şumlanması məhsuldarlığı artırmışdır. Şumlama zamanı qoşqu heyvanlarından istifadə edilirdi. Taxılın biçilməsi, döyülməsi və üyüdülməsində daha mükəmməl alətlər tətbiq olunurdu. Taxılın biçilməsində daş lövləhərdən quraşdırılmış oraqlarla yanaşı, tuncdan hazırlanmış bütöv oraqlardan da istifadə edilirdi. Taxıl xüsusi quyularda və böyük təsərrüfat küplərində saxlanılır, həvəngdəstələr, dən daşları (kirkirə) və sürtkəclərin köməyi ilə üyüdülürdü.

Maldarlığın əkinçilikdən ayrılması. Maldarlığın inkişafında mühüm irəliləyiş var idi. Ev heyvanlarının növü və sayı qat-qat artmışdı. Davarların (qoyun, keçi) sayının artması, habelə atdan istifadə nəticəsində maldarlığın yeni sahəsi - köçmə (yaylaq) maldarlığı meydana gəlmişdi. Mal-qara yaz-yay aylarında dağ çəmənlərində otarılır, payızda soyuqlar düşəndə isə qışlaqlara qaytarılırdı. Əkinçilik və maldarlığın belə sürətli inkişafı nəticəsində təsərrüfatın bu sahələri bir-birindən ayrılmışdır. Tarixdə birinci böyük ictimai-əmək bölgüsü baş vermişdi. Maldar və əkinçi tayfalar daha çox öz sahələri ilə məşğul olmağa başlamışlar. Maldar tayfalar əkinçilərə nisbətən daha əlverişli şəraitə malik olduğundan tez varlanmışlar. Maldarlığın sürətlə inkişafı şəxsi tələbatdan artıq məhsul istehsal etməyə imkan vermişdir. Artıq qalan məhsul alış-verişin genişlənməsinə imkan yaratmışdır. Maldarlıqla məşğul olan tayfaların daxilində əmlak bərabərsizliyi meydana gəlmişdir.

Sənətkarlıq. Azərbaycanın Erkən tunc dövrü əhalisi sənətkarlığın dulusçuluq, metalişləmə, toxuculuq və s. sahələri ilə məşğul olmuşdur. Dulusçuluq daha çox inkişaf etmişdir. Müxtəlif saxsı qab nümunələri hazırlanmış, onların forma və bədii tərtibatına xüsusi diqqət verilmişdir. Onların bir qismi xörək və mətbəx qabları olmuşdur. Ərzaq ehtiyatı və ağartı xüsusi qablarda saxlanırdı. Tuncdan hazırlanan alətlərin, əşyaların keyfiyəti yaxşılaşmışdır. Arxeoloji qazıntılar zamanı Erkən tunc dövrünə aid abidələrdən metal ərintisini tökmək üçün qəliblər və metalişləmə sənətkarlığı ilə bağlı tunc əşyalar aşkar olunmuşdur. Tuncdan əmək alətləri, silahlar, habelə bəzək şeyləri (muncuq, qolbaq və s.) və məişət əşyaları (biz, iynə, bıçaq və s.) hazırlanmışdır. Bəzi sənətkarlar qızıl əşyalar da hazırlamışlar. Tuncun kəşfinə baxmayaraq, məişət və təsərrüfatda daş, sümük alətlərdən hələ də istifadə olunurdu. Qoyunçülüğün inkişafı toxuculuğu genişləndirmişdir.

  

  

Elvin Kərimov

 

Ədalət.- 2010.- 30 iyun.- S. 4.