ŞƏKİ SƏHİYYƏSİ YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ

 

3000 ilə yaxın tarixə malik qədim Şəki respublikamızın ən böyük kənd rayonu olmaqla 2 xarici dövlətlə də həmsərhəddir. Şimaldan Rusiya Federasiyası, şimal-qərbdən isə Gürcüstan Respublikası ilə. Şəkidə qədimliklə müasirliyin vəhdəti onun əzəmətini daha qabarıq göstərir. Azərbaycan ərazisində İpək Yolunun bir zamanlar mövcud olmasını Şəkidəki qədər heç yerdə hiss edə bilmirsən. Bir çox atributların qorunub saxlanması, ənənələrin davam etdirilməsi... Bu gözəl və koloritli şəhərdə, onun bəzi kəndlərində davam edən özünəməxsus yaşam tərzi, qədim binaların yan-yörəsindəki təbii görüntülər və uyğun əhval-ruhiyyə naşı adamlara qısa müddət üçün teatrlaşdırılmış dekorasiya təsiri bağışlayır. Əslində isə belə deyil. Şəki özünəməxsus həyatını yaşayır.

Aid olduqları nazirliklərin çoxistiqamətli fəaliyyət şəbəkəsinin mövcudluğu baxımından Şəkidəki kimi özünü doğruldan ikinci bir kənd rayonu hələ ki formalaşmayıb. Mədəniyyət və turizmə aid bütün sektorlara malik müvafiq şöbə, kiçik bir rayonun əhalisinə bərabər müəllim və şagird kollektivinə malik 101 məktəbi olan təhsil şöbəsi...

... Və nəinki regionun, hətta respublikanın bir çox ucqar yerlərindən də üz tutulan inanılmış səhiyyə ocaqları, nümunəvi tibbi xidmət göstərilən müxtəlif adlı xəstəxana və dispanserlər...

Buradaca, bəzi diqqətçəkən faktlar müqayisə üçün qeyd olunsa yaxşıdır. Məsələn, oxuculara bildirmək istəyirəm ki, Şəkidə mərkəzi rayon xəstəxanası bu yaxınlaradək ayrıca tibb müəssisəsi kimi fəaliyyət göstərən Göz Xəstəxanasını, Endokrinoloji, Onkoloji, Dəri-zöhrəvi və Narkoloji Dispanserləri özündə şöbə kimi birləşdirməklə daha böyük funksiya və iş həcminə malik olmuşdur. Yəni tabeçilik və nəzarət gündəlik və daha operativ xarakter almışdır.

Şəkidə eyni zamanda müasir Doğum evi, Birləşmiş Uşaq Xəstəxanası, Rayonlararası Psixiatriya Xəstəxanası, Ağciyər Xəstəlikləri Xəstəxanası, Təcili Tibbi Yardım Stansiyası, 5 kənd xəstəxanası, 15 həkim məntəqəsi, 41 tibb məntəqəsi və s. səhiyyə müəssisələri fəaliyyət göstərir. Bütün bunların fəaliyyətinə mərkəzləşdirilmiş qaydada nəzarət etmək, əhaliyə tibbi xidməti tələblər səviyyəsində qurmaq, asan məsələ görünməsin. Bunları öhd etmək mərkəzi aparatın, baş həkimin məsələyə gündəlik ciddi və məsuliyyətli yanaşması sayəsində mümkünləşir. Başqa cür mümkün də deyil. Tanıdığımız Məcid Əliyevin başçılığı ilə qazanılan uğurlar ilk öncə elə onun idarəetmə bacarığı və peşəkarlıq göstəricisinin nəticələridir. Özü də hamı tərəfindən razılıqla qarşılanan fəaliyyətin nəticələri.

Baş həkimin rayon rəhbərliyi, Səhiyyə Nazirliyi və rayon camaatı tərəfindən həmişə yüksək səviyyəli peşəkar və səmimi insan kimi tanınması ona ümumi işlərdə uğurlar qazandırır. Kollektiv üzvləri Məcid Əliyevin timsalında həm də dinləmək, araşdırmaq mədəniyyətini kollegial iş prinsipilə birləşdirməyi bacaran müasir baxışlı rəhbər məmurla bir yerdə çalışdıqlarının da fərqindədirlər. Onun kabinetinin qapısı rayonda hamının üzünə açıqdır. Baxmayaraq, bəzən baş həkimin səmimiyyətindən və mədəniyyətindən şəxsi məqsədlər üçün istifadəyə cəhd göstərənlər də olur. Başa düşülmür ki, gülərüz və sadə görünmək hər bir rəhbər işçi üçün vacib şərtlərdəndir. Onda qala həmin şəxs həkim ola...

Mənim əsas mövzuya əlavə müdaxilələrim getdikcə artır. Şəki səhiyyəsi barədə bəzi faktları diqqətə çatdırsam da bunlar azdır. Əlimdə olan məlumatlardansa baş həkimin özünü dinləsək yaxşıdır. Görülmüş işlər barədə onun söylədikləri təbii ki, daha böyük maraq doğurur. Bu mənada elə bütün suallarımızı ümumiləşdirərək Məcid Əliyevin Şəki səhiyyəsi barədə söhbətini qələmə alıram:

- Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan 2009-cu ilin yekunlarına görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması üçün respublikamızda son illərdə həyata keçirilən mühüm tədbirlər - yeni səhiyyə müəssisələrinin tikintisi, təmiri, bu müəssisələrin müasir avadanlıqlarla təchiz olunması, kadrların peşəkarlığının artırılması tədbirləri cənab prezidentimizin daxili siyasətinin prioritetlərindən birini təşkil edir.

   Bu gün Azərbaycan səhiyyəsinin yenidən qurulması məqsədilə Dünya Bankının və Azərbaycan hökumətinin birgə layihəsi əsasında "Əhaliyə göstərilən ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması" layihəsi çərçivəsində əsaslı işlərə başlanılmışdır. Səhiyyə sahəsində həyata keçirilən struktur islahatlar əsasında uzun illər praktiki fəaliyyət göstərməyən tibb müəssisələrinin bir hissəsi ixtisar olunmuş, mövcud çarpayı fondları azalmışdır. Bu islahatların aparılması üçün seçilən beş pilot rayonundan biri də Şəkidir. Qeyd etmək istəyirəm ki, təməli Prezidentimiz İlham Əliyev tərəfindən qoyulmuş və tikintisi davam edən 100 çarpayılıq yeni müalicə korpusu da məhz bu istiqamət çərçivəsində inşa olunur. Bundan başqa, Baş Göynük və Bideyiz kəndlərində də yeni həkim məntəqəsinin tikilməsi, doğum evinin əsaslı təmiri, Perinatal Mərkəzin tikilməsi planlaşdırılmışdır. Şəki səhiyyəsində həm tibb müəssisələrinin maddi-texniki vəziyyətinin, həm də əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində xeyli işlər görülmüşdür. Səhiyyənin kadr potensialı, tibbi avadanlıqlarla təminatı yaxşılaşdırılmışdr. Yeni, müasir aparatlar gətirilmiş və xəstələrin istifadəsinə verilmişdir.

Biz səhiyyə işçiləri öz fəaliyyət sahələrimizdə daim Şəki şəhər İcra Hakimiyyəti Aparatının, Səhiyyə Nazirliyinin, rayon ictimaiyyətinin diqqət və qayğısını hiss edirik. Elə bu günlərdə "Talassemiyalı və hemofiliyalı xəstələrin qan və qan preparatları ilə təmin edilməsi Dövlət Proqramına" uyğun olaraq səhiyyə işçiləri ilə bərabər Aparatın işçiləri, rayon ictimaiyyəti könüllü surətdə qan vermə aksiyasında iştirak etmişlər.

2009-cu ilin yekunlarına həsr olunmuş rayon tədbirində Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən 3 nəfər tibb işçisi "İlin həkimi" və "İlin tibb işçisi" fəxri adlarına layiq görülmüşdür.

May ayının son günlərində Z.Əliyeva adına Milli Oftolmalogiya Mərkəzinin əməkdaşları Şəkidə xeyriyyə aksiyası keçirmişlər, 200 xəstə müayinə olunmuş, 40 nəfərin gözlərində cərrahi əməliyyat aparılmışdır.

Səhiyyədə aparılan reforma və struktur islahatlarından sonrakı mərhələdə yeni tibbi xidmət sahəsi -"Ailə həkimi" yaranmışdır. "Ailə həkimi" mühüm tibbi xidmət göstərən bir sənət sahəsi olub, hətta Azərbaycan Respublikasının Milli Məclisində keçirilən müzakirələr zamanı bu sahəyə böyük önəm verilmişdir. "Ailə həkimi" başqa həkimlərdən fərqli olaraq əhaliyə ilkin tibbi xidmət göstərən və ən yaxın olan bir xidmət növüdür. Hal-hazırda MRX-da "Ailə həkimi" ixtisası üzrə 2 aylıq təkmilləşmə kursu keçirilir.

Şəki səhiyyəsində 370 nəfər həkim, 1290 orta tibb işçisi əhaliyə tibbi xidmət göstərir. 10000 nəfərə 22 həkim, 76 orta tibb işçisi düşür.

Daxili imkanlar hesabına Doğum Evində yenidoğulmuşlar və zahılar üçün yeni şöbə yaradılmış, xəstələri fasiləsiz su ilə təmin etmək üçün saatda 100 ton su vuran su-nasos qurğusu quraşdırılmışdır. Xəstəxananın mətbəxi təmir olunmuş, yeni konfrans zalı istifadəyə verilmişdir. Xəstəxananın giriş hissəsi və foyesi əsaslı şəkildə yenidən qurulmuş, foyedə "Heydər Əliyev guşəsi" yaradılmışdır.

Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin sərəncamı ilə 2009-cu ilin iyul-oktyabr aylarında həkim yardımından uzaq olan kəndlərdə əhaliyə ixtisaslaşmış tibbi yardım göstərilməsi məqsədilə kəndlərə həkim briqadaları göndərilmişdir. Bu gedişlər zamanı yüzlərlə xəstələr müayinə və müalicə olunmuş, hospitalizasiyaya cəlb edilmişdir. Hamilə qadınlar başdan-başa dispanserizasiyaya cəlb olunmuşdur. Bu tədbirlər indi də davam etdirilir.

Rayonumuzda yaşayan Böyük Vətən Müharibəsi əlil və iştirakçıları, Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının ləğvində iştirak edənlər də tibbi xidmət sferası ilə əhatə olunmuşdur. 2009-cu ildə 3 nəfər yenidən Qarabağ əlili statusu almışdır. İndi rayonda onların sayı 171 nəfərdir. Bunlar, habelə 300 nəfər şəhid ailəsi, 67 nəfər Çernobıl qəzasının iştirakçıları MRX-nın poliklinika şöbəsinə təhkim olunmuş və müayinədən keçirilmiş, hərtərəfli tibbi xidmətlə təmin olunmuşlar.

  

  

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2010.- 30 iyun.- S. 3.