ZAKİR FƏXRİ: "YAZA VƏ
YOZA BİLMƏDİYİM YUXU""
Ömrü dağ
aşırımlarından süzülüb, durula-durula
gözlədiyim görüşünə tələsən
bir bulaq həsrətli ömür yaşayan Zakir Fəxridən
danışıram
Gözlərində dərd gizlənər, qəm itər
Hər zaman dərdi təzə, dərdi tər –
- olan, özü də
dediyi kimi ikili olan və yalnız təkliyi uca Tanrıda
görən Zakir Fəxridən danışacağam. Birinci
Zakir 1948-ci ildə aprelin 3-də Ağdamda doğulan
Mirsadıq oğlu Sabitov Zakirdir. Yevlax 1 saylı şəhər
orta məktəbinin 8-ci sinifini, 2 saylı şəhər orta
məktəbinin axşam fəhlə-gənclər şöbəsini
gümüş medalla bitirib, əmək fəaliyyətinə
başlamışdır. İkinci Zakir isə ruhla bədənin
vəhdətindən yaranan, ilahi qüdrətinə tapınan
şair Zakir Fəxridir.
Göz görənlər bir tamaşa,
Gəl ay yetim, di gəl yaşa.
Deyilənlər gəldi başa
Şikəst bədən, kəsik qolam.
Salağ Zakir Fəxri salam.
Salam Zakir
Fəxri! Tanrı dərgahında kamilləşən,
kamilləşdikcə də
saflaşan, durulan, dəcəl uşaqlığından
ahıllığına boylanan,
şerə olan həvəsi "keçib
getməyən rüzgar"
sayan ikiləşmiş
Zakir Fəxri! Füzuli sevgisindən "Artıran
söz qəlbin sidq ilə qədrin
artırar" misralarına
üz sürtərək
həm öz qədrini, həm də söz qədrini artırmağın
böyük Füzuliyə
sevgin oldu. Nə vaxtsa söylədin ki, qəzəl poeziyanın şah damarıdır. "Füzulinin sevgi qəzəlləri dünyanın
bütün sirlərini
açır" deyimi
də sənindir.
Zakir Fəxri! Bunu da səndən öyrəndik. Bölünən,
paralanan, zərrəli
Zakir Fəxri! Səni dostun Aqil Abbas
"öz içindən
mühacir olan şair" adlandırmışdır.
Niyə?
Bu niyələrə bütün yaradıcılığında
cavab verirsən?
Günahsız tutulub
beş il məhbus həyatı keçirən, lakin bircə
dəqiqə də ruhdan düşməyib həyata, insanlara
dostluğu, sevgini, inamı itirməyən şairin
"Dustaqxanadan dustaqxanaya" romanı onun sağlam həyat
düşüncəsidir. Yaşadığı
reallığın özüdür.
Ağır məhbus həyatından
sonra Qarabağ dərdi, şəhid verdiyi qardaş dərdi,
17 yaşında - mələk yaşında itirdiyi oğul dərdinin
ağırlığından əyilməyən şair dərdi
də özünəməxsus təmtəraqla
qarşılayır:
Göylərin yeddi qatından
Qəriblərin ovqatından,
Qəmlərimin çatından
Keçib sinəmə tuş gəldin
Xoş gəldin dərdim, xoş gəldin
Dərdə meydan oxuyan
bir kinayədirmi, bir rişxəndirmi bu, ya dərdi təmtəraqla
qarşılayıb etdiklərinə onu peşiman etməkdirmi
bu!
Yelkən oldu üzdü gəmim,
Çiçəklədi qüssəm qəmim
Tumurcuqladı qələmim,
Qaşsız baxtıma qaş gəldin
Xoş gəldin dərdim, xoş gəldin
Allah-Allah! Təzada bax, tumurcuqlayan
qələm dərdə
xoş gəldin deyir. Bu da
şairin poetik tapıntısıdır. Dərd qarşısında sınmayan,
əyilməyən ucalıq
etalonudurmu bu?
Dəryalar mürəkkəb olsa meşələr qələm
Mirzələr yazdıqca dərdim var
- deyən Kərəmdən
fərqli olaraq Zakir Fəxri tumurcuqlayan qələmi ilə dərdi
utandırır, xəcil edir.
Əzizinəm dərdə Kərəm,
Qəm şumlayıb, dərd əkərəm
Elə ki, mən dözürəm
Necə dözüb dərdə Kərəm?
Dözümünə Kərəmin
də həsəd apardığı Zakir Fəxri dərdi
başqa tərzdə qarşılayıb, başqa tərzdə
salamlayır.
Zakir Fəxri oxucunu
düşündürən şairdir. Yuxarıda qeyd etdiyim
kimi Zakir qəlb şairi, Füzulidən qaynaqlanan sənətkardır.
Füzulidə isə şerin meydanı genişdir. Zakir də
poeziya köhlənini sağa-sola çapan sənətkardır.
Bu mənada onu ünlü şair adlandırsaq heç də
səhv etmərik. Bu ünlü şairin son əsərlərindən
biri də - "Yaza və yoza bilmədiyim yuxu"
kitabıdır. Kitabı şair qəlbinin
çırpıntılarından ucaldılmış, dosta sədaqət
abidəsi də adlandırmaq olar. Azərbaycanın Milli Qəhrəmanı
Şahlar Şükürovun bədii obrazını
canlandıran bu əsər minlərlə şəhid ruhuna ən
gözəl töhfədir.
Nəsrlə nəzmin vəhdətindən
yaranan bu kitabın Zakir Fəxriyə məxsus maraqlı
üslubu var. Sadəcə bir yuxu üzərində qurulan əsərdə
şair insanı duyğulandırır. Onu yuxu aləmindən
real dünyaya qaytarır. Bu zaman dostluq etdiyi, bu gün maddi
dünyada olmayan, mənəvi dünyamızda əbədi qərar
tutan Milli Qəhrəman Şahlar Şükürovun
haqqında bir bulaq suyuna həsrət yanğı ilə
danışır. İllərdir ki, gediş-gəliş
olmayan Kəlbəcər yolundan hər dağa, döşdə
boynubükük bənövşə kimi gözləri yol
çəkən Şahlar ruhunu bircə yuxuya
sığışdırmaq çox çətindir.
Adətən yuxunu
sübh çağı suya danışırlar. Şair isə
bu yuxunu Azərbaycana - bütün dünyaya
danışır. Şair yazır: "Şahlardan
yazmağıma səbəb o qəribə, qeyri-adi yuxu oldu (bu
yuxumu idi). Bu dunyada görə bilmədiyimiz,
görüb-anlaya bilmədiyimiz sirlərin mövcudluğuna
bir daha əminlik yaradır məndə".
Adi bir yuxu ilə
şairin görüşünə gələn
Şahların bədii obrazını gözlərimiz
qarşısında pərdə-pərdə yüksəldir, ədəbiyyət
zirvəsində qərarlaşdırır. Qoşqar, Murov
ucalığından fərqli olaraq Şahlar
ucalığından dağlar daha gözəl
görünür. Şahlarla
tanışlığının bir gününü - "fələkdən
oğurladığı" o biri günü xatirələrində
isti bir yuva adlandıran şair yavaş-yavaş səbrlə
Şahlar dünyasını oxucunun gözlərindədə
kəşf edir, açır. Ucaboy, enli kürək, nurlu sifət,
əyilməzlik, sevgi dolu ürək, hədsiz səxavət
bu qəhrəmanın fiziki və mənəvi keyfiyyətləridir.
Sözünün yiyəsi, sözü bütöv olduğu
üçün də inamı güclü olan bulaq
saflığından durulaşan Şahları şair bizə
öz tamı olan bulaq kimi təqdim edir: "Şair, bulaqdan
suyu dolçaynan doldurub içəndə bir cür,
ovuclayıb içəndə başqa cür olur, dadı dəyişir
suyun. Di gəl ki, dodağını dirəyib içəndə
suyun öz tamı olur, bulaq tamı".
Şahları
gördüyü o qəribə yuxunun təsirindən
çıxa bilməyən şair yoza bilmədiyi yuxunu elə
özünəməxsus tərzdə də yozmağa
çalışır. Bəlkə də bütün
bulaqların ümumiləşdirilmiş obrazına
çevrilən "Soyuq bulaq", dağlardan üzü
aşağı yerin altı ilə axıb aşağılarda
ona görə üzə çıxır ki, insanları silkələyib
unutqanlıqdan xilas etsin. Bulaq saflığında Şahlar,
şahlar ucalığında bulaq! Şairin yozmağına
baş sındırdığı yuxunun ən düzgün
yozumu elə budur.
Başı kəsik gözəl kötük,
Bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu?
Bıçağı sənə kim çəkdi?
Başı kəsik, gözəl kötük,
Qəm yemə,
Sən yıxılsan da,
Sən yıxılan ucalıqlar qalacaq.
Uca boylu Şahlar yenə
də öz ucalığındadır. Şair haqlı olaraq
ölümsüzlüyə qovuşan ölümü
ucalıq adlandırır.
Ölüm var yada düşəndə
Adamı işığı tutur
-xatırlayıb ucalırsan
Dağlar da bu ucalığı qəbul edib
qarşısında əyilməyə hazırdır.
Geyəsən çəməni güllü don kimi
Qızarar lalələr döşdə don kimi
Şahların qəlbini medalyon kimi
Əyil qoy sinənə taxım o dağlar!
"Əsərdə
"Şahların dilindən", "Şahların
söylədiklərindən", "Qardaş
ağrısı", "Ata ruhu", "Küskün qəlbin
nəğmələri", "Xatirə çiçəyi"
başlığı ilə verilən hissləri həyəcansız
oxumaq mümkün deyil. Zülfüqarlıda, Tutqun
çayının sahilində qarğı atını minib
çapan Şahların uşaqlıq dünyasına
nüfuz edib onun saf təbiətə qarşı min bir
sevgisindən "Şahların dilindən" fəslində
danışan şair yazır".
Körpə-körpə umuddarım
Bu yolda əldən salıb
Məni tamam yorublar
Ömrün cırhacırında
Qaldım üşüyə-üşüyə
Qaytar ana, qaytar məni beşiyə.
Bu da isti ana
qucağından, beşikdən başlanan bir Şahlar
ömrüdür. Şahlar hər gün yuxularında
Şahları bir mələk donunda görən anaya müraciətində
Balış ana, Balış
ana
Layla de, oğlun dönəcək
Şəkərin, noğulun dönəcək
Laylalı ev-eşiyi
Çəkəcək onu beşiyə
Göylərdən yerə enəcək
-deyərək ana ilə
bala arasında bir ruhi əlaqə yaradır. Balış ana
ruhi qovuşmadan nurlanaraq minlərlə şəhid
analarının ümumiləşmiş obrazına
çevrilir.
And verirəm susqun
dağlarına
O dağlar ki,
sahib durdu,
Sinəmdəki oğul dağlarına
Güc ver, güc ver dağlara
Qıyma oğul dağını
Analar ağlar çəksin
Güc ver oğul dağını
Dağlar çəksin
"Qardaş ağrısı"
fəslində isə bədii boyalar bambaşqa çalarda
verilir. Bizi Şahlar
aləminə daha da yaxınlaşdırır. Adil Əvəzoğlunun
iki damla göz yaşı hər dəfə içdiyi badəyə düşür. Şair bu
damcını Şahlar
gözündə qalmış,
soyuq məzarda buz bağlamış, qəmə-qüssəyə bir
nur damcısı hesab edir. Qardaşı Adilin gözündə
əriyib badəyə
süzülən bu isti damla göz
yaşından qopub səslənən ağıya
çevrilir, ana ruhundakı sızıltı
olur.
Anam bu
ağını oxuma,
anam,
Hələ qurumayıb gözümün
yaşı
Gözümün yaşına düşüb
islanıb
Hələ qurumayıb körpə,
başdaşı
Bu kövrək
misralarda, kövrək
insan duyğuları necə də gözəl verilib.
"Ata ruhu" fəsli əsərin ümumi ruhu ilə qaynayıb,
qarışaraq onu daha da təsirli
edir. Oğlu Sənanın
nişan toyunda iştirak edə bəlməyən Şahlar ruhu oğluna xeyir-dua verməyə gəlir. Şairə görə ən gözəl xeyir-dua ruhların verdiyi - Tanrının verdiyi xeyir duadır.
Sənin toyuna oğul,
Şəhidlərlə gələcəm
Dağlarla gələcəm
Dağların gül-çiçəyi,
Çəməniylə gələcəm
- Şahidlərlə
gələcəm.
Əsərin digər fəsilləri də Şahlar dünyasını gözlərimiz
önündə kamilləşdirir,
bizi ona qvouşdurur, qəlbimizi duruldur, saflaşdırır. Adətən başdaşı üzərində
kiçik məzmunlu yazılar - epitafiyalar yazılır. Məncə bu
kitab milli qəhrəmanın ruhuna yazılmış ən böyük epitafiyadır.
Dağların gözlədiyi,
şairin ağ
vərəqlərə köçürdüyü
bu nəğməli nağıl, epitafiya romandır.
Zakir Fəxri yaza və yoza bilmədiyi
yuxusunu əksinə çox gözəl yozur. Təhkiyə və poeziyanın
qovuşuğundan yaranan
bu əsərdə Milli Qəhrəmanın obrazı açılır,
ölməzliyi, əbədiliyi
sanlandırılır. Şair məntiqin diqtə etdiyi bir qənaətə gəlir: "Hikmətdən
doğan məntiq ona deyir ki,
şəhidlər ölmür
həmişə diridir.
Yaşadığımız günlərin - sevinclərimizin,
ağrı-acılarımızın şahidi olur şəhidlərimiz". Bax bu da şair
düşüncələrinin son nöqtəsi.
Ziyəddin Qayıqoca
Ədalət.- 2010.- 26 iyun.- S. 7.