İlqar Cahangirovla Ezop dilində
Əməkdar artist,
"Qızıl Dərviş" mükafatı laureatı
İlqar Cahangirov müsahibəyə türklər demiş,
ayağı tozlu gəlmişdi. Krımda keçirilən
"Bosporskie aqonı" XII Beynəlxalq Antik İncəsənət
Festivalından qayıdan aktyoru yol çantasını
boşaltmamış müsahibəyə dəvət etdik.
Dövlət Gənc
Tamaşaçılar Teatrı repertuarındakı
"Ezop" tamaşası ilə nüfuzlu festivala
qatılıb. İlqar Krıma Ezop rolunun ifaçısı
kimi gedib. Aktyorla söhbətə də elə "Ezop"un
Krım səfəri körpü saldı.
Krımdan başladıq...
- İlqar, Krımda keçirilən Beynəlxalq Antik
İncəsənət Festivalında artıq ilkinci dəfədi
iştirak edirdin. Yəqin ki, festival barədə
danışmaq sənin üçün çətin olmaz...
- Ənənəvi
festival Krım Muxtar Respublikasının Simferopol şəhərində
keçirilir. İki il bundan əvvəl Bakı Kamera
Teatrında çalışanda "Şah Edip"
tamaşası ilə həmin sənət
yarışmasında iştirak etmişdim. Bu dəfə də
təşkilatçılardan dəvət alan kimi Gənc
Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə
müraciət etdi, nazirlik də bu təşəbbüsü
bəyəndi və festivalda iştirakımız
üçün hər cür şərait yaratdı. Mədəniyyət
və Turizm Nazirliyinin maddi köməyi sayəsində
tamaşada oynayan akyorlar, texniki heyət Krıma təyyarə
ilə gedib-gəldi.
Repertuarımızdakı
Braziliya dramaturqu Qulyermo Fiqeyredonun "Ezop"
tamaşasını Krım Tatar Akademik Musiqili Dram
Teatrının səhnəsində oynadıq. Vaxtımız
az olsa da festivala qatılan müxtəlif ölkələrin
teatr kollektivlərinin hazırladıqları tamaşalara
baxdıq. Onu da deyim ki, ötən dəfə olduğu kimi bu
dəfə də festivala maraq böyük idi. Türkiyədən,
Rusiyadan, Belarusdan, Serbiyadan teatr kollektivləri gəlmişdi.
Ukrayna isə bir neçə teatrla təmsil olunurdu.
Festivalın bağlanışı möhtəşəm
hazırlanmışdı. Təsəvvür elə ki, mərasim
300 metr dərinlikdə qazılmış mağarada
keçirildi. Sanki nağıllar aləminə
düşmüşdük. Teatrımızın baş
rejissoru xalq artisti Cənnət Səlimovanın quruluş
verdiyi "Ezop"u nüfuzlu sənət adamlarından ibarət
münsiflər heyəti yüksək dəyərləndirdi.
Bizim "Ezop" ən yaxşı antik tamaşa
üçün ayrılan xüsusi mükafata layiq
görüldü.
- Göz dəyməsin, sənətə gələndən
baş rollar oynamaq problemin olmayıb. Samir Sədaqətoğlunun
"İtən vaxt" tamaşasındakı rolun sənə
daha çox populyarlıq gətirdi...
- Mən deməzdim ki,
bu roldan sonra tanınmağa başlıdım. "İtən
vaxt"dan əvvəl və sonra da çoxlu rollar
oynamışam. Şekspirin "Otello" əsərində
Otellonu, Cəlil Məmmədquluzadənin "Məkkə
yol" ("Danabaş kəndinin əhvalatları)
tamaşasında Xudayar bəyi oynayarkən necə deyərlər,
özümü sübut etməyi bacarmışam. Ezop barədə
bayaq ətraflı danışdıq. Bakı Kamera
Teatrında başqa rollarım da olub. Mədəniyyət və
Turizm Nazirliyi Kamera və Dövlət Gənclər
Teatrını Gənc Tamaşaçılar Teatrına birləşdirəndən
sonra artıq GTT-nın aktyoru sayılıram. Burda da yeni
hazırlanan bir neçə tamaşada rol almışam.
- Yeri gəlmişkən, təzə və birləşmiş
kollektivdə özünü necə hiss edirsən?
- Çox rahat.
- Kamera Teatrının kiçik,
uyğunlaşdırılmış səhnəsinə baxanda
Gənc Tamaşaçılar Teatrının geniş,
müasir tələblərə cavab verən səhnəsində
oynamaq təbii ki, rahatdı...
- Aktyor üçün
böyük və kiçik rollar olmadığı kimi, səhnənin
də darısqal və yaxud geniş olması önəmli
deyil. Əsas yaradıcı mühitdi. Həmin mühit də
bu gün var. Sadəcə, yeni binanın səhnəsinə
texniki cəhətdən yuğunlaşma prosesi keçdim.
Tutaq ki, Kamera Teatrının binasında Otello oynayarkən
ixtiyarımda kiçik bir məkan vardı. İndi bu
binadakı səhnədə Otellonun meydanı genişdi və
yaxud da "Şeyx Sənan"da Dərvişi oynayarkən səhnənin
genişliyindən istifadə edə bilirəm. Hər halda
uyğunlaşmaq üçün müəyyən zamana
ehtiyac duyulurdu.
Fuad Poladov örnəyi
- Yay bir göz qırpımında ötüb
keçəcək, bir də görəcəyik ki, yeni teatr
mövsümü başladı. Hansı yeni rollarla səhnəyə
çıxacaqsan?
- İki yeni tamaşada
rol almışam. Xalq artisti Vaqif Əsədov Dikkensin
"Oliver Stounun macəraları" tamaşasına
quruluş verir. Teatrımızın 50- yə yaxın aktyoru
bu tamaşada rol alıb, məşqlərimiz artıq
başlayıb. Ağalar İdrisoğlu son 20 ilin hadisələrini
səhnədə əks etdirən əsər hazırlamaq istəyir,
həmin tamaşada mənə də rol həvalə edəcək.
- Bu vaxta kimi Cənnət Səlimovanın və
İrina Perlovanın quruluşu ilə hazırlanan
tamaşalarda oynamısan. Bundan sonra isə müxtəlif
rejissorlarla işləməli olacaqsan. Buna hazırsan?
- Elə mənim də
istədiyim bu deyildi? Aktyor müxtəlif rejissorlarla işlədikcə
daha da püxtələşir. 18 il Cənnət
xanımın quruluş verdiyi tamaşalarda rol almışam.
Hər rol üzərində çalışanda böyük
məktəb keçmişəm. Təbii ki, yaradıcı
insan olaraq, digər rejissorlarla da işləmək ehtiyacı
hiss edirəm. Xalq artistləri Azər Paşa Nemətov və
Rafiq Əliyevlə "Afinalı Timon" əsərini
hazırlayarkən çox maraqlı işbirliyimiz oldu. Vaqif Əsədov
isə aktyorla tamam fərqli və maraqlı iş aparır.
- Cənnət xanım sənətdə
yetişdirdiyi aktyorları indiki şou-biznesin hay-küyündən
qorumağı bacarır. Hər halda onun tələbələri
efirə qayğanaq bişirmək, dedi-qoduya qoşulmaq
üçün çıxmırlar...
- Bəzi sənət
adamlarını, aktyorları başa düşürəm. Ehtiyac
üzündən kimlərsə toyda tamadalıq edir. Amma bəziləri
həmişə gündəmdə qalmaq istədiyindən
efirdə hay-küy yaradır. Şəxsən mən gedib
maşın yuyaram, amma belə işlərlə məşğul
olmaram, efirə çıxıb oxumaram. Cənnət
xanım bizi inandırdı ki, əsl sənətkar olmaq istəyən
üçün hər gün efirdə görünmək
şərt deyil. Bizim teatrın aktyorları Qurban
İsmayılov, Ayşad Məmmədov, Şövqi
Hüseynov istəsələr bu gün bəlkə də ən
populyar aktyor olarlar. Çünki Allah onlara çox
böyük istedad verib. Amma onlar asan yolu yox, ən çətin
olanı seçiblər. Əsl teatra, əsl sənətə
xidmət edirlər. Şəxsən mən Fuad Poladovu
özümə örnək götürmüşəm. Bu
insan heç nəyə fikir vermədən yalnız öz sənəti
ilə məşğul olur. Aktyor sənətini, bu sənətin
min bir əziyyətini, ağrı-acısını heç
nəyə dəyişmir.
Sabah məni nə
gözlədiyini bilmirəm, elə bir hadisə baş verə
bilər ki, sənətdən getməyə məcbur olaram.
Amma bu gün əgər sənətdəyəmsə mənim
bu sənətə xəyanət etməyə haqqım yoxdu.
- Müxtəlif beynəlxalq teatr festivallarında
iştirak etmisən. Kənarda teatrımızın mənzərəsi
necə görünür?
- Moskva da daxil olmaqla
Rusiyanın bir neçə şəhərində, Ukraynada,
İranda keçirilən festivallarda iştirak edəndə
necə deyərlər, kənar gözlə özümüzə
baxmaq imkanı yaranıb. Bu həm də ona görə
lazımdı ki, digər dövlətlərin teatrlarında
hazırlanan tamaşalara baxırsan, dünyada gedən prosesləri
izləmək imkanı qazanırsan. Məlum məsələdi
ki, festivalarda monumental tamaşalar oynanılmır. Hər halda
ölkənin teatrı barədə fikir yürütmək
olur. İştirak etdiyimiz festivalların əksəriyyətində
oynadığımız tamaşaları həm
tamaşaçılar, həm də sənətşünaslar
qəbul ediblər. Məsələn İlqar Fəhmi ilə
Oqtay Kazıminin yazdıqları və Cənnət
xanımın quruluş verdiyi "İtlər"
tamaşası maraqla qarşılanıb. Həmin tamaşada
mən Qara obrazını oynayıram. Əsərin mövzusu
da, tamaşanın quruluşu da müasir standartlarına cavab
verir. İrina xanımın Çexovun "Albalı
bağı" əsərinə verdiyi quruluş Moskvada bir
neçə dəfə oynanılıb və həmişə
də yüksək qiymət alıb. Gizlətmək
mümkün deyil ki, zəif əsərlərimiz də olub. Əgər
biz bu gün dünyaya çıxırıqsa təbii ki,
tamaşalarımız da dünya standartlarına cavab verməlidi,
gedən proseslərlə ayaqlaşmağı
bacarmalıyıq. Özü də bizim aktyorların
yaradıcılıq potensialı buna imkan verir.
Futbolçu Zidanın yazdığı əsər
- Bu gün hamı Cənubi Afrika Respublikasında
futbol üzrə Dünya Çempionatından
danışır. Bəlkə biz də mövzunu səhnədən
stadiona tərəf çevirək. Etiraz eləmirsən?
- Etiraz eləmirəm.
Amma bəri başdan deyim ki, çılğın futbol
azarkeşi də deyiləm. Vaxtı ilə futbol
oyunlarını daha maraqla izləyirdim. Maradonanın, Platininin
oyunlarına həvəslə baxırdım. Zidan
ayağına düşən topla əsər yazırdı.
Bu gün futbol oyunlarına baxanda həmin ləzzəti ala
bilmirəm. Dünya çempionatında hələ ki, məni
cəlb edən oyun olmayıb.
Pasportun yaddaşından diktafonun yaddaşına
İlqar Cahangirov 1967-ci
ildə Abşeronun Ceyranbatan qəsəbəsində anadan
olub. 1984-cü ildə ixtisas imtahanında SSRİ xalq artisti
Mehdi Məmmədovdan yaxşı qiymət alsa da
yazılı imtahandan "kəsilib". Bir neçə ildən
sonra aktyorluq bacarığına əmin olan müəllimləri
nöqtə-vergül səhvini ona bağışlayıblar.
Beləcə tələbə bileti alıb. 1991-ci ildə
yaranan Bakı Kamera Teatrının ilk aktyorlarından olub.
2002-ci ildə əməkdar artist fəxri adına, 2006-cı
ildə Ezop roluna görə "Qızıl Dərviş"
mükafatına layiq görülüb. 2007-ci ildə
Krımda keçirilən Antik Tamaşalar Festivalında
münsiflər heyəti "Ən yaxşı kişi roluna görə"
mükafatı ona verib.
Ailəlidir, bir qızı var. Ezopda bitirdik
- Səhnədə
Ezop obrazını yaradan İlqar Cahangirov həyatda Ezop dilində danışmağı xoşlayırmı?
- İndi elə dövrdü ki, insanlar daha açıq
danışa, daha kəskin ifadələr işlədə bilirlər. Ona görə
Ezop dilində danışmağa ehtiyac qalmır. Xarakterimə az-çox bələdsən,
bilirsən ki, qarşı tərəfin
nə düşünməsindən
asılı olmayaraq tənqidi fikirlərimi açıq deyən adamam. Düşüncəm
elədir ki, ağa ağ,
qaraya qara deməyi xoşlayıram.
Amma bəzən Ezop dilində də danışmaq lazım gəlir...
Etibar Cəbrayıloğlu
Ədalət.- 2010.- 26 iyun.- S. 13.