Viran olmuş əsir şəhər

 

Qarabağ dərdi bu gün Azərbaycan xalqının yaralı ürəyi, qan ağlayan gözləridir. Bu gözlərin giləsində laxtalanan qan düşmənə qarşı kükrəyən vulkana bənzəyir. Belə vulkan partlayışı qarşısı alınmaz, ucu-bucağı bilinməyən sərhədsiz alov kimidir. Çağdaş Azərbaycan ədəbiyyatında bu alovdan qidalananaraq müxtəlif səpkidə, müxtəlif janrda əsərlər yaradılır. Bu əsərləri bir qayə, bir ideya birləşdirir- Qarabağ dərdi! Həmin əsərlərdən birir də "Dolu" romanıdır. Aqil Abbasın 2008-ci ildə "Təhsil" nəşriyyatı tərəfindən işiq üzü görən"Dolu" romanı Qarabağ müharibəsinə, həsr edilmiş möhtəşəm bir abidədir. Romanın bütün damarlarında Qarabağ qanı axır və bu qan axını oxucunu riqqətə gətirir. Yazıçı əsərin adındakı "Dolu"sözünü həqiqi mənada yox, məcazi mənada işlətmişdir. Burada həqiqi "dolu"dan yox,"qrad" dolusundan söz açılır. Müəllif öz fikirlərini belə dəqiqləşdirir": İstəyirəm insanlar yağış dolusu ilə, qraq dolusunu səhv salmasınlar".

"Dolu" romanında hadisələr Dünyanın Ən Varlı Şəhərində cərəyan edir. Şəhər qrad mərmisinin "dolusu" altında 1988-ci ildən 1993-cü ilin iyulun 23-ə qədər fədəkarlıqla çarpışır və nəhayət erməni cəlladları və onların havadarlarının köməkliyi sayəsində işğal olunur. Yazıçı romanda cərəyan edən hadisələrə, iştirak edən obrazlara və yaranacaq müəyyən konfliktlərin şərhi ilə bağlı öncə deyir ": Xahiş edirəm, bu əsərdə kim isə nə isə axtarmasın, bu yazıcı təxəyyülündən başqa bir şey deyil"(səh. 25).

"Üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına!"(səh. 27)epiqrafı ilə başlayan "Dolu"romanı iki fəsildən ibarətdir. Bundan əlavə kitaba romanın motivinə uyğun məşhur alman rəssamı Yulius Şnorr fon Karolsfeldin (1794-1872) əsərlərindən otuz üç tablo daxil edilmişdir.

Birinci fəsil Dünyanın Ən Varlı Şəhərinə yağan təbii və "qrad" dolusu ilə başlayır və döyüşdə şəhid olmuş cəsur döyüşçülər Drakonla Pələngin ölümündən sonra "İmarət"də yerləşən batalyonun həyətində keçirilən yas mərasimi ilə bitir. Yas mərasimi keçirilən mağarın önündə Drakonun, Pələngin qanaboyanmış köynəyi bayraq kimi dalğalanırdı.

Yağış dolusu düşəndə uşaqlar sevinir, dolu dənələri onlara ləzzət verir, onu oyuncaq kimi oynadır və bəzən "konfet" kimi ağızlarına atıb sümürürlər."Uşaqlar bu Dolu ilə oynaya bilmirdilər, ağızlarına atıb konfet kimi sümürə bilmirdilər". Ancaq "Qrad Dolusu" Dünyanın Ən Varlı Şəhərinə faciə, ölüm və fəlakət gətirirdi. Müəllifin sözləri ilə desək":Əzrayıl yağırdı. Kimi harada yaxalayırdısa, elə orda da cənginə alıb çeynəyirdi.".

Qrad şəhəri döyərkən hərə başını götürüb şəhərdən uzaqlara qaçırdı ki, özünün və ailəsinin canını Əzrayılın əlindən qurtara bilsin. Yiyəsiz Dövlətin bu Yiyəsiz Övladlarını Tanrı unutmuşdu . "Yaratdığı dünyanı onun iradəsi əleyhinə məhvərindən çıxarmış insanlara qəzəblənmiş Tanrı yorulmuşdu. Müharibədə qırılan bu günahsız cavanlar kimi o da vaxtından əvvəl qocalmışdı".

Səngərdə "dolu"nun kəsməyini gözləyən Drakon, Pələng, Qeyrət Dağarcığı və başqaları bir sözlə Yiyəsiz Dövlətin və Yiyəsiz Övladları yalnız səhər açılandan sonra biləcəkdilər ki, Dolu onların hansının anasını döyüb, hansının balasını, hansının bütün ailəsini"

Səngərdə yatan bu Yiyəsiz Dövlətin Yiyəsiz Övladları artıq Tanrıdan da əllərini üzmüşdülər, heç kəs onların köməyinə gəlmirdi. Yazıçı onların harayına heç bir qüvvənin gəlmədiyini dəhşətli bir hayqırıqla söyləyir. İnsanın əli hər şeydən üzüləndə bədbinləşir, ümidsizləşərək əlini həm həyatdan, həm də yaradandan üzür. Müharibələr insan həyatına fəlakət və faciə gətirir. Yazıçı müharibəyə nifrət və lənət yağdırır. Dünayanın Ən Varlı Şəhərinin gəlirinin yarısı payına düşən At Belində Olan Adam "Atını sağa da səyritmişdi, sola da. Həmişə at belində olmuşdu. Indi də at belində idi, amma atını day əvvəlki kimi səyridə bilmirdi. Təkcə o yox, hətta onun quşunu götürdüyü katiblər də, rəislər də day atlarını istədikləri kimi səyridə bilmirdilər". Yazıçı həyatın bu acı dönəmində At Belində Olan Adamların vəziyyətinin də yaxşı olmadığını açıqlayır. Belə adamlar zamanın nəbzini hər vaxt tuta bilsələr də, indiki durumda heç şeyə nail ola bilmirlər. Əllərində olan kapitalın hesabına müəyyən burulğandan çıxmağa çalışır və əvvəlki iddialarından da əl çəkmirlər. Müəllif bu obrazların daxili aləmini açmaq üçün onların öz dili ilə iç üzlərini açır və onlara qarşı müəyyən mənfi fikirlər formalaşdırır.

"Dünya öz məhvərindən çıxmışdı, baş alıb gedirdi. Hara gedirdi, heç kim, hətta öz yaratdıqlarının da məhvərindən çıxartdıqları bu Dünayanın hara getdiyini Tanrının özü də bilmirdi. Və indi öz məhvərindən çıxaran insanlardan qurtulmaq üçün başını götürüb hara gəldi qaçan bu Dünyada insanlar elə bir duruma düşmüşdülər ki, içlərində nifrətdən başqa heç nə qalmamışdı. Bu nifrət vurub çıxmışdı sir-sifətlərinə və sir- sifətlərindən zəhər-zəhrimar yağırdı. Bu məhvərindən çıxmış və həm Tanrıdan, həm də özündən baş götürüb qaçan Dünyada həm bu şəhər, həm də bu şəhərin adamları qəflətən elə qocalmışdılar ki, elə bil vurğun vurmuşdu. bu vurğun da ən çox cavanları vurmuşdu".

Müharibə şəhəri və onun əhalisini fəlakətə salmışdı. Bu fəlakətin törətdiyi fəsadları yazıçı geniş planda göstərmiş, hətta Tanrının belə bir fəlakətin qarşısını almaqda aciz olduğu nəticəstnə gəlmişdir. Şəhər əhalisinin düşmənə qarşı nifrəti getdikcə kükrəyir və günbəgün artırdı. Insanalrın üzündəki qəm və kədər onları daxilən və mənən qocaldığından xəbər verir. Bu hal cavanlarda isə bu hal daha çox nəzərə çarpır. Əsərdə təqdim olunan Vurğun Vurmuş Cavanlar müharibədə daha fəal görünürlər. Kinolarda gördükləri müharibənin içində indi onların özləri də vardı. Bu dəhşətli Kinonun ssenarisi Böyük Dövlətlərin Böyük Saraylarında yazılmışdı. Hətta Böyük Dövlətlərin Böyük Saraylarında ssenarisi yazılan və çəkilən faciəvi bu Kinoya görkəmli rejissorlar- TarkovskininTofiq Tağızadənin də həsəd apardıqlarını müəllif dilə gətirir.

Döyüşlərdən birində bir erməni qızı əsir götürülmüşdü. Vurğun Vurmuş Cavanlar qızı zorlamaq istədikdə Drakon bu işin icrasını qoymamış və demişdi":- Biz erməni deyilik!". Qıza isə demişdi: paltarını gey, get burdan. Qız geriyə baxmadan qaçıb getmişdir. Komandir Drakonu erməni qızını azad etdiyi üçün danlayanda ona söyləmişdi":-Komandir, mən arvad davası elemirəm, torpaq davası eləyirəm ".

Bu hissədə müəllif Dünyanın Ən Varlı Şəhərinin kefini görənlərin müharibə zamanı tez aradan çıxdığını, düşmənlə döyüşüb onu qorumadıqlarını söyləyir. Ancaq şəhərin kriminal cavanları Dünyanın Ən Varlı Şəhəri uğrunda döyüşlərdə fədakarlıq göstərmiş və canlarından keçmişlər. "Onlar qorxularını analarının bətnində qoyub çıxmışdılar. Çoxunun da iki adı var idi: biri atalarının qoyduğu, sənəddə yazılan ad, birinin də Dədə Qorqudsuz -filansız özləri qazanmışdılar- xarakterləriylə, yumruqlarıyla, dünayaya baxışlarıyla, özlərini müharibəli kinolardakı qəhrəmanlara bənzətməklə.

At Belində Olan Adamı Vurğun Vurmuş Adamlar hərbi hissəyə gətirmişdilər. Drakon At Belində Olan Adama əmr etdi ki, şalvarını çıxartsın, batalyonun həyətindən şalvarsız getsin. Pələng Drakona yalvardı ki, fikrindən əl çəksin. O isə dediyindən geri çəkilmədi. Sonda mübahisə oldu. Drakonla Pələng əlbəyaxa oldular. Dava zamanı Komandir batalyonun həyətində UAZ-dan düşdü və tez dalaşanları aralaşdırmağa başladı. Əvvəlcə davaya müdaxilə etməyən Vurğun Vurmuş Cavanlar da Komandirə kömək etməyə başladılar. Komandir onun hər ikisinə təpindi. Drakon küsüb silahını da götürüb batalyonun həyətindən çıxıb getdi. Pələngin silahı isə Komandirin əmri ilə alındı.

Drakon At Belində Olan Adamın şalvarını ona görə çıxartdırırdı ki, Musanın Anasının qrad düşüb qılçalarının hər ikisini qırmış, həkimlər Bakıda qadını müalicə etmək üçün min manat pul istəmişdir. At Belində Olan Adamın yanına uşaqlar göndərsə də, həmin pulu verməkdən At Belində Olan Adam imtina etmişdir. O səbəbə görə də Drakon onu cəzalandırmaq istəyirdi. Cəzanın belə olmasına Komandir inanmırdı":Drakonun ilan kimi xəzinəsinin üstündə qıvrılıb yatan, ev-eşiyi dağılanlara əl uzatmayan vəzifəli adamlardan xoşlanmadığını, tez-tez onları sancdığını, hətta bəzilərinə lifçik də göndərdiyini bilirdi. Və onu da bilirdi ki, bu vəzifəli adamaların bəziləri batalyonlara könüllü kömək etsələr də, bəziləri bunu Drakonun qorxusundan edir. Amma Komandir onu da bilmirdi ki, mindiyi UAZ-ı kolxoz sədri ona öz xoşu ilə bağışlamayıb, Drakonun qorxusundan gətirib verib"

Gecələr şəhərə qrad Dolusu tökülən vaxt ev sakinləri evlərini qoyub qaçır və bu zaman pusquda durmuş oğrular sahibsiz evləri talan edirdilər. Ev sahibləri evlərindən oğurlanan mallar haqqında heç kəsə məlumat verə bilmirdilər. Şəhəri qoruyan milislər ermənilərlə üzbəüz səngərlərdə gecələyirdilər və şəhərə nəzarət edə bilmirdilər. Evləri talan edilənlər şikayət etməyə yer tapmırdılar: "Hökumət də şəhərdə nə oğurluq, nə quldurluq olurdu hamısını batalyonun uşaqlarının üstünə atırdı".

Şəhərdə olan oğurluqla bağlı Komandirlə Rəis arasında aşağıdakı dialoq olmuşdu:

"-Rəis, gəlmə oğrular bu şəhərdə ev qoymadı. Hökumət də bunu bizim üstümüzə atır. Bunların qabağını al, yoxsa axırı yaxşı olmayacaq!

-Komandir, vallah, gücüm çatmır. Bilmirəm erməni ilə vuruşam, yoxsa bu binamuslarla. Birdilər, ikidilər, böyük bir şaykadılar. Oturublar qonşu rayonlarda, gəlib buranı şimon eləyib aradan çıxırlar. Həmin rayonun rəislərinə deyirəm, deyirlər ki,oğurluq sənin ərazində olur, canın çıxsın özün tap. Indi mən erməniylə vuruşum, oğru axtarım, nə bilim nə qələt eləyim?!".

Oğrubaşıya Komandir xəbərdarlıq etsə də, o əhəmiyyət verməmiş və əməllərindən əl çəkməmişdir."Bu cavabdan on-on beş gün sonra ağzından vurulmuş oğrubaşının cəsədi Lenin meydanının ortasında atılmışdı, biləyini də kəsib qoymuşdular sinəsinə". Camaat oğrubaşının meydinə tamaşa edərək ona lənətlər yağdırmış və onu bu hala salanın ünvanına xoş sözlər söyləmişlər.

Komandir Vurğun Vurmuş Cavanları əsl əsgər kimi yetişdirmək üçün Müdafiə Nazirliyindən batalyona hərbiçi göndərməyi tələb etsə də, heç kim onun çağırışına cavab verməmişdir. Əlacsız qalan Komandir orta məktəblərdə dərs deyən hərbi müəllimləri batalyona cəlb etmiş və onların qüvvəsindən istifadə etməyə başlamışdır.

"İmarət"də batalyonun həyətində Komandir oturmuşdur. Xəbər gəldi ki, bir jurnalist onu görmək istəyir. Komandir jurnalisti görəndə bərk əsəbləşdi. Bunun səbəbi bir neçə gün bundan öncə televiziyada Ağdamdan çəkıliş təqdim edən jurnalistin ermənilərə qarşı döyüşlər göstərmək əvəzinə, şəhərdən qapısı kilitli bir neçə evi göstərib sübut etməyə çalışırdı ki, şəhərdən əhali qaçıb. Komandir gələn jurnalisti pis qarşılamaqla bərabər televiziyada Dünyanın Ən Varlı Şəhərindən veriliş aparan o jurnalist qadının ünvanına təhqiramiz sözlər işlətdi. Gələn jurnalist Komandirə televiziyadakı göstərilən verilişlə əlaqəsi olmadığını söylədi dedi ki, gəlmişəm sizdən müsahibə alam. Gecə şəhərə dolu yağarkən o jurnalistin başına olmazın müsibəti gəlmişdir. Dolu yağarkən həyəcandan başını itirmiş jurnalist yatdığı evin pəncərəsindən şalvarsız özünü çölə atmışdı. Ev yiyəsi uşaqlarını evin zirzəmisinə yendirmiş jurnalisti zirzəmiyə yendirərək şalvarını gətirib vermişdir ki, ayıbdır adam şalvarsız qaçmaz. Qorxudan tir-tir əsən jurnalist iki çappa stəkan araq içəndən sonra Dolunun qorxusunu unutmağa başlamışdı.

Komandirlə jurnalist çay içəndə on beş yaşlı boyu kiçik olan Qeyrət Dağarcığı adlı əsgər onlara yaxınlaşıb Komandirə onun çağırışına görə gəldiyini bildirdi. Komandir jurnalistə dedi ki, get bundan və Bakıda Musanın anasından min manat pul istəyən şərəfsiz həkimlərdən yaz. Yoxsa gedib bağlı qapılardan yazıb ermənilərin dəyirmanına su tökmə. Ermənilər Naçıvanikdə Zakir Fəxrinin qardaşı Kamili yandırmışdılar. Onun on səkkiz yaşlı bacısı ağlayanlara demişdi:

-Qardaşım millət, torpaq yolunda şəhid olub. Onu ağlamaq lazım deyil.

Komandir dedi: "Bilirsən dostum, müharibədə üç cür adam var. Döyüşənlər, tank belində şəkil çəkdirənlər, bir də müsahibə verənlər. Bu boyda rayonda iki tank var, birini camaat pul yığıb alıb, Qarağacı qəbiristanlığında ermənilərin qabağını kəsib. O birini də Mütəllibov göndərib özününkilərə, guya biz nemesik. Ağ evin qabağındadı, oradakıları qoruyur. Şəkil çəkdirənlər üçündü, istəyirsən get birini də sən çəkdir".

Dünyanın Ən Varlı Şəhərinin uşaqları müharibə başlayana qədərki dövrdə "Kiminin çayxanası vardı, kiminin mağazası, kiminin də restoran...

...Çoxu alver ilə məşğul idi. Moskvadan vurub Kiyevdən çıxırdılar, Kiyevdən vurub Riqadan. Son zamanlar əllərini Polşaya da uzatmışdılar. Dünyanın malını daşıyırdılar bu şəhərə. Hətta Moskvada tapılmayan şeylər bu şəhərin bazarında tapılardı. Söz gəzərdi ki, Dünyanın Bu Ən Varlı Şəhərinin bazarında atom bombası da satılır. Uşaqlar da zarafatla deyirdilər:

-Bombamız var ey, müştərisi olmadığından üzə çıxarmırıq."

 

 

(Ardı var)

 

Sabir Rüstəmoğlu (Məmmədov)

 

Ədalət.- 2010.- 4 mart.- S. 7.