Viran olmuş əsir şəhər
(Əvvəli ötən
sayımızda)
Müəllif burada
Dünyanın Ən Varlı Şəhərinin daxili mənzərəsini
açmaq istəmiş və hər bir hadisəni olduğu
kimi, canlı həyati müşahidələr əsasında
verməyə çalışmışdır. Səngərdə
yatan bu uşaqların artıq xeyli müddət idi ki,
heç bir yerdən gəlirləri yox idi. Hər şey
tükənməyə doğru gedirdi. "...Moskvadan vurub
Kiyevdən, Kiyevdən vurub Riqadan çıxan uşaqlar əllərindəkini-ovuclarındakını
silah-sursata verib iki il idi oturmuşdular səngərlərdə.
Kisədən yeyirdilər. Bu kisə də dibsiz deyildi."
"Hökumətin
bütün hədələrinə baxmayaraq, şəhərin
imkanlı adamları bu könüllü batalyonlara kömək
edirdilər".
A.Abbas əsərin bu
hissəsində tarixi yaşantıları olduğu kimi qələmə
almış, hadisələrin daxilində iştirak edən
şəxs kimi bütün anları göz önündə
canlandıraraq öz biçimində göstərməyə
çalışmış və ölkənin vahid şəkildə
müharibə aparmaq amilini ön plana çəkmişdir. Döyüş
altında olan torpağa və şəhərə xalqın
bütün milli ruhlu vətəndaşları eyni şəkildə
yanaşmalıdır. Milli birlik olmasa, düşmənə
qarşı müharibədə heç vaxt qalib gəlmək
olmaz. Bu tarixin sınağından çıxan danılmaz
faktlarla həmişə sübut olunmuş və bu gündə
öz dəyərini saxlamaqdadır.
Drakon Pələng onu
vurduğu üçün pərt olmuşdu və
özünə söz vemişdir ki, mütləq Pələngi
öldürsün. "Dünaynın Ən Varlı Şəhərində
hərəni bir şeyə görə tanıyırdılar-
kimini vazifəsinə, kimini puluna, kimini nəslinə-nəcavətinə-
bunu da sözünə görə. Hərə bir şeyin
ağasıydı, o da Sözünün. Kim nəyin
ağasıydı, xeyirin görmüşdü. Amma o,
ağası olduğu Sözə görə gedib Maqadanda
ağ ayıları görüb gəlmişdi. Və o
Maqadanda da söz sahibilərinin içində söz sahibi
olmuşdu."
Dünyanın Ən
Varlı Şəhərinə hələ Sovet vaxtında da gələn
vəzifə sahibləri bu şəhərin qanunları ilə
hesablaşmışlar. Hesablaşmayanlar isə ya
öldürülmüş, ya döyülmüş, ya da evi
yandırılmışdır. "Ümumiyyətlə, bu
şəhərdə Sovet hökuməti yox idi və
yetmiş il idi ki qura da bilmədilər."(səh.81). Burada
Sovet hökumətini qurmaq istəyən bir
inqilabçını kabinetində öldürmüşlər
və ondan "otuz il"sonra atasının vəzifəsinə
gəlmiş və atasının qanını almaq istəyən
oğlun meyidini isə Qarqar çayından
tapmışdılar.
"Bu şəhərin
öz Fantaması vardı, Zorrosu, Şakası, Caqası,
Ştirlisi də, hələ də dağlarda yaşayan
qaçaq nəbiləri də."
Təyinatla rayona gəlmiş
Katib iclasda tanınmış ağsaqqallardan birini təhqir
etdiyi üçün "Təyinatsız Katibin" göstərişi
ilə "Fazil Müəllimin
Kinoteatrının"qarşısında kolustokunu
"qayçı ilə kəsib döş cibinə
qoymuşdular." Həmin gün o Katib də şəhərdən
çıxıb getmişdir. "Təyinatsızların təyinatlılara
bir sözü vardır: "Ya bu şəhərin
qanunlarıyla yaşayacaqsınız, ya da bu şəhərdə
yaşayamayacaqsınız!"
"Drakon da Maqadandan
dönəndən bu şəhərin Təyinatsız Rəisi
idi." Drakondan bütün oğrular çəkinirdi. Onun
qorxusundan heç kəs şəhərdə oğurluq edə
bilməzdi. Hətta Rəşid Behbudov şəhərə
konsert verməyə gələndə onun papağını və
xəncərini Qonaq evində yatdığı yerdə Pələng
yanından götürmüşdü. Həmin gün şəhər
bir-birinə dəyir. Rəis və prokror nə qədər
çalışırsa heç bir nəticə əldə
edə bilmirlər. Onların hər ikisi Drakona yalvarırlar
ki, bizi bu xəcalətdən qurtar. Drakon tez bulvarda
uşaqların yanına gedir və öyrənir ki, papaq və
xəncər Pələng adlı bir uşaqdadır. Drakon Pələngdən
papağı və xəncəri alıb onlara, verir. Rəşid
Behbudov tələb etdi ki, papağı və xəncəri
götürəni gərək mənə göstərəsiniz.
Pələngi Drakon onun yanına apardı. Rəşid Behbudov
papağı və xəncəri Pələngə
bağışlayır və konsertdə onunla birlikdə
"Lalələr" mahnısını oxuyur.
Əsərdə bu əhvalatı
müəllif olduqca maraqlı şəkildə oxucuya
çatdırır. A.Abbas hər bir obrazın şəxsi
keyfiyyətlərini açmaq üçün onun
keçdiyi həyat yolunu çözələyir və
çalışır ki, onların həyatının oxucu
üçün qaranlıq məqamlarını
açsın.
Komandir
postları bir-bir gəzərək gəlib çıxdı
Abdal postuna. Postda uşaqların ac olduğunu gördü.
Geri qayıdan vaxt Qarqarın üstündə
Şellı Eldara rast gəldi. Eldar vəziyyətin
ağırlığından, silahın olmamasından gileyləndi.
Eldar Komandirdən soruşdu ki, bəs Ağ evdə
bu işlərə necə baxırlar (Bu Şəhərdə
Qonaq evinə Ağ Ev deyirdilər). Onlar camaatın
başını aldadır və heç bir iş
görmürdülər. Viktor Polyaniçko da
Ağ Evə tez-tez gəlir, amma lazımlı işlə məşğul
olmur. Şelli Eldarla Komandir xeyli söhbət
etdilər. Söhbətin əsas məğzi
şəhərdəki vəziyyət, Katibin yardım gətirən
və araqatan adamlara acığı tutması oldu.
Lənkəranlı bir əsgərin
ölməsindən, atasının oğlunun meydini
aparmayıb burada dəfn etməsindən və oğlunun yerinə
səngərdə olmasından Eldar Komandirə
danışdı.
At Belində Olan Adam Rəisə
telefon açıb dedi ki, gərək mənim qanımı
Drakondan alasan. Bunun üçün sənə Bakıda
üçotaqlı ev, Gəncəyə rəis və bir
çamadan da pul verəcəyəm. Onun bu təklifi Rəisə
çox ağır gəldi. Rəis ona dedi:
"-Oğraş
özünsən! Bütün nəslindi! Binamus oğlu
binamus!-dedi və telefonun dəstəyini necə yerinə
çırpdısa, dəstək ortadan qırıldı, əlini
də yaraladı;-Köpəgoğlu! Ona görə erməni
anamızı..."
Romanın
ikincı fəslində ermənilərin sərhəd boyunca
böyük masştabla hücuma keçməsi təsvir
olunur. Komandir özü Qarqar çayının
üstündə vurulub yanan iki tankdan birini vurmuşdu. Vurğun Vurmuş Cavanlar nə qədər cəsurluq
göstərsələr də ermənilər böyük
qüvvə ilə irəliləyirdilər. Qarağacıya xəbər dalınca gedən Qeyrət
Dağarcığı da Komandirə bir məlumat gətirməmişdi.
Məlumata görə düşmən
üç istiqamətdə Dünayanın Ən Varlı
Şəhərinin üstünə hücuma keçmiş və
şəhəri işğal etmə ərəfəsində
idilər. Onlar bu məqsədlərini həyata
keçirmək üçün var qüvvələri ilə
irəliləyirdi.
Bu döyüş
Dünyanın Ən Varlı Şəhəri
üçün sonuncu oldu. Son döyüşü təsvir
edən müəllif Vurğun Vurmuş Cavanların
döyüşdən sağ çıxmadıqlarını
və son ana qədər mərdliklə
döyüşdükərini göstərir. Bu qeyri-bərabər
döyüşdə böyük qüvvə ilə
hücuma keçən düşmən Şəhəri
işğal etdi. Yazıçı şəhərin
işğal olunmasını təəssüf hissi ilə qeyd
etmiş və sanki için-için ağlamışdı.
A.Abbas Dünyanın Ən
Varlı Şəhəri işğal olduqdan sonra onun sakinlərinin
didərgin həyatını romanda geniş və həm də
inkarolunmaz sübutlarla qələmə almış,
Çadır Şəhərciyindəki miskin həyat salnaməsindən
də söz açmışdı.
Çadır Şəhərciyində
yayın istisində insanlar olmazın azabın çəkirlər.
"Qaçqın malı yeməkdən Bordağa
Bağlanmış Buğaya Dönən Məmurlar"
onları nə qədər növbəyə öyrətməyə
çalışsalar da, qaçqınlar onların sözlərinə
məhəl qoymurdular. Müharibə veteranları "Qələbə
medalları"nı pencəklərinin sinəsinə
taxıb yardım almağa gəlirdilər. Bordağa
Bağlanmıs Buğaya Dönən Məmurlar onlar
arasında nə qədər təbliğat apardılar ki,
almanlar gəlib bizə yardım paylayırlar, siz də
"Almaiyanı darmadağın edən o Qələbə
medalları"nı taxıb gəlirsiniz onlardan yardım
almağa. Xahiş edirik bir də medalları taxıb gəlməyin.
Bundan sonra heç kim medal taxıb gəlməmişdi. "Hətta
bir dəfə Kefli Çapay bir almanı qucaqlayıb
küçük sahibini yalayan kimi yalamışdı:
-Sənə də qurban olum,
Hitlerə də!
Yaxşı ki, tərcüməçilər
onun sözünü başqa cür tərcümə
etmişdilər.
Bu basabasda birinci
qoluzorlular, ikinci qolu bir az zorlular, sonra qolu zorlular, lap
axırıncıda isə əldə-ayaqda qalanlar yardım
payını alıb dönürdülər göydən
tökülən odun qarsdığı
alaçıqlarına: iki kilo qənd, iki kilo şəkər,
on litr neft, beş sabun, on beş kilo un və bir də bambalaca
kağız üzərində beş ədəd
gül-çiçək toxumu.
Pələngin Anası
da aldığı gül-çiçəyi gətirib
Ağcabədidə Şəhidlər xiyabanında əkirdi.
Ağcabədi rayon Başçısı bunu bilmiş və
məmurlara tapşırıq vermişdi ki, o arvada maaş, ya
da cibinizdən pul verin. Pələngin Anası isə bu təklifi
qəbul etməmişdi. Aldığı yardımı isə
Musanın Anası ilə yarı bölürdü. Dəllallar
Pələngin Anasına təklif etmişdilər ki, Rəşid
Behbudovun xəncərini baha qiymətə onlara satsın. Arvad
bu təklifi qəbul etməmişdi.
Müstəntiq polislərə
göstəriş verdi ki, Komandirin qoluna qandal vursunlar.
Heç kəs onun dediyini icra etmədi. Axırda əlacsız
qalan Müstəntiq məcbur olub Komandirin qoluna özü
qandal vurdu. Həkim tələb etdi ki, Komandirin qoluna vurulan
qandal açılsın, camaat çöldə onu həsrətlə
gözləyir. Mən demişəm ki, Komandiri Bakıya
müalicəyə aparırlar. Əlacsız qalan Müstəntiq
onun qolundakı qandalı açdı. Camaat çöldə
Komandiri sevinclə qarşıladı. Komandir adamların
arasında Vurğun Vurmuş Cavanlardan heç birini görmədiyi
üçün məyus oldu. Sonra yolda gedən zaman polislərdən
öyrəndi ki, döyüş zamanı Vurğun Vurmuş
Cavanların hamısı şəhid olub.
Əsərdə
verilmiş həm Pələngin Anası, həm də
Musanın Anası yazıçı tərəfindən
maraqlı bir obraz kimi qələmə alınmış, əsl
vətənpərvər, xalqını və
övladını sevən analar kimi tərənnüm
edilmişdi. Övladı üçün həmişə
düşünən, onun yolunu gözləyən,
arzularını yaşadan bir insan kimi A.Abbas tərəfindən
hərtərəfli şəkildə seçilmiş və
gözümüz önündə
canlandırılmışdır. Heç bir bəzək-düzəksiz,
əsl analara məxsus bütün keyfiyyətləri
onların üzərində cəmləmişdi.
Komandirin məhkəməsində":...Hakim
danışırdı, prokror danışırdı,
şahidlər danışırdı, dövlətin onun
üçün tutduğu vəkil
danışırdı." Ancaq onların
danışığından əvvəl, yəni məhkəmə
başlamamışdan əvvəl hökm
çıxarılmışdı. "Onu Cinayət Məcəlləsinin
zorlamadan və Vətənə xəyanətdən başqa
az qala bütün maddələriylə ittiham edirdilər, hətta
dövət əmlakını mənimsəməkdə də."
Müstəntiq
demişdi ki, Komandir mən yazmasam da, başqa müstəntiqə
sənin əleyhinə hər şeyi
yazdıracaqlar":İndi rəva bilərsən ki, bir
sürü uşağımı qoyub gəlim bura?"
Komandir gördü ki,
Müstəntiq özünü xilas etmək üçün
əlindən gələni etməyə hazır idi. Odur ki, üz tutub Müstəntiqə
dedi:
"- Yaz rəis, yaz! Nə
yazsan qol çəkəcəm. Kişi adamsan ki,
nakişiliyini boynuna aldın".
Onun üzünə duran
şahidlərin yalançı ifadələrini eşidən
Komandir istəmişdi ki, onların "üzlərinə
tüpürsün", ancaq düşünmüşdü
ki": Üzlərinə Allahın tüpürdüyü bu
adamlara bəndənin tüpürməsinin nə mənası?".
Şahidlərdən
biri durub Komandirin onun oğlunu göyərək batalyona apardığını
dedi. Oğlu isə
atasının əksinə olaraq söyləmişdi:
"- Komandir,
atamı bağışla! Bağışla atamı! Komandir, niyə məni ölümdən xilas etdin?!
Kaş onda öləydim, amma səni bu qəfəsdə
görməyəydim. Komandir
damarımdakı qan sənin üzünə duran atamın
qanı deyil, yaralananda sənin mənə verdiyin
qandır". Zaldan çıxarkən
"ayaqlarını cütləyib ona hərbi salam
verdi" və zalı tərk etdi. Bu zaman zalda oturan
cavanların hamısı ayağa durub Komandirə hərbi salam verdilər. Hakim vəziyyəti
belə görüb məhkəməni bağlı elan etdi.
Komandirin məhkəmədəki
çıxışı ilə müəllif əsl vətənpərvər
bir insanın obrazını yaratmışdır. Xalq belə
övladlarını heç vaxt yaddan çıxartmamalı
və unutmamalıdı. Mənəvi paklıq, Vətən,
torpaq və el qədri bilən insanlar xalqın əsirlər
boyu döyünən ürəyi, vuran qəlbi- əbədiyaşar
insanlar A.Abbas tərəfindən ölməzlik simvolu kimi
göstərilrmişdi.
Yazıçı burada
Şeytan Övladlarının Tanrı Övladlarının
başına açdığı müsibətdən
danışır. İsa peyğəmbərin carmıxa
çəkilməsində, Məhəmməd peyğəmbərin
Şeytan Övladları tərəfindən
daşlanmasında və peygəmbərlərin Şeytan
Övladlarının Tanrı tərəfindən
bağışlanmasını istəyirlər. Nəsimini
diri-diri Şeytan Övladları soymasından, Bayıl həbsxanasında
yatan Ayna və Həmid Sulatnovlardan, Müşviqdən, M.Ə.Rəsulzadədən,
Çingiz İldırımdan və sairələrin
başına Şeytan Övladlarının
açdığı min bir oyundan danışır.
İbrahim peyğəmbərin Tanrıya qurban dediyi oğlu
İsmayılı bağışlanması xatırlanır.
Şuşada olan on beş saylı kameradan, Şuşa
işğal olunmağa az qalarkən məhbuslar buraxılaraq
silahlanıb ermənilərə qarşı döyüşməsi
göstərilir. Ümumiyyətlə, müəllif burada Qədir
Rüstəmovun məlahətli səsindən, səsinin
sehrindən danışmaqla bərabər bütün
yaradılış haqqında öz polomik fikirlərini
açıqlayır.
Həbsdən
azad olmuş Komandir hara gedəcəyini bilmirdi. O Bakıda
tanıdığı bir evdə bir necə gün qalmalı
oldu. Həmin evə polislər nəzarət
etməyə başladılar. Ev yiyəsi
qadın utana-utana Komandirə söylədi ki, ay bala, sənə
görə polislər bizi gözümçıxdıya
salıblar. Balaca bir butkamız var onun gəliri
ilə dolanırıq, onu bağlamaq istəyirlər. Komandirin tanıdığı keçmiş
döyüşçülərdən biri böyüklərdən
birinin cangüdəni idi. O, Komandirin yanına gəlib
onu da həmin işə cəlb etmək istədi. Ancaq Komandir onun təklifini qəbul etmədi. Həbsdə yatan zaman Rəis onu
tanıdığı üçün həmişə ona
xüsusi köməklik edirdi. Hətta ona
siyasi dustaq adı vermək üçün xariciləri həbsxanaya
da gətirmişdi. Komandir yaxşı
şahmat oynayırdı, elə rəis də şahmat
azarkeşi idi. Həbsxanaya Avropadan gələn
hüquq müdafiəçilərinin biri ilə Komandir
şahmat oynadı və onu apardı. Xarici çempion
kimi komandirin əlini sıxdı və vizit kartını ona verdi ki, onun ölkəsinə gələrkən
onunla görüşsün. Komandir bəzəkli
və yaraşıqlı şahmat taxtasını qonağa
bağışladı.
Evdən
çıxan Komandir Dünyanın Ən Varlı Şəhərinə
getmək üçün avtovağzala getdi. Bir Əsgər Köynəkli
Sürücü ona dedi ki, əmi, çay iç bu saat iki nəfər
də tapım gedək. Çayxanada iki nəfər
şahmat oyanyırdı. Komandir də
onların oyununa tamaşa edirdi. Birdən
qonşu stolda Dünyanın Ən Varlı Şəhərinin
adını çəkən üç nəfəri gördü.
Onlar jurnalist idi və biri də vaxtı ilə
Komandirdən müsahibə götürmək istəyən
idi. O yoldaşlarına Qukasyanla
görüşdüyündən, Şuşaya, Cıdır
düzünə və İsa bulağına getməsindən
danışırdı. Qukasyanın İsa
bulağında ona qonaqlıq verməsini söhbət edirdi.
Bu söhbəti eşidən Komandir ayağa
durub onlara yaxınlaşdı. Hər
üçün vurub yerə sərdi və kameralarını
da vurub yerə qırdı. Əsgər
Köynəkli Sürücü gəlib istədi ki, polislər
gələnə qədər Komandiri aradan
çıxartsın. Ancaq Komandir
çayxanada çay içməyə başladı. Sürücü nə qədər yalvardısa da
sözünə baxmadı.
Komandiri polislər
Rəisin yanına gətirdilər. Rəis At Belində
Olan Adamın oğlu idi. O, Komandiri tanıdı və
qucaqlayıb öpdü. Jurnalistlərə
işçilərindən on min dollar pul göndərib
Komandiri azad etdi və çalışdı ki, onu evlərinə
aparsın. Komandir getmədi, söylədi
ki, sonra gedərəm. Rəis onu öz
maşını ilə yola salmaq istədi, ancaq Komandir
razı olmadı. Əsgər Köynəkli
Sürücü ilə rayona yola düşdü. Komandir maşına minən kimi yatdı və mənzil
başında sürücü onu yuxudan oyatdı. Komandir maşında düşdü və
sürücünün pulunu vermək istədikdə
sürücü pulu almadı. Əsgər
Köynəkli Sürücü çayxanada onun cəsur
döyüşçu olduğunu öyrənmişdi.
Komandirə dedi ki, əmi, mənim atam Cəmil də
döyüşdə həlak olub. Deyirlər
ki, o özünü tankın altına atıb. Komandir Cəmili tanımasa da sürücünün
ürəyini qırmayıb sözlərini təsdiq etdi.
Sürücü ona söylədi ki, əmi, mən
Çadır Şəhərində oluram, gedək bizdə
qal. Komandir razı olmadı. Düşüb piyada axırıncı səngərə
qədər getdi. Quzu otaran bir uşaq onu səsləyib dedi
ki, əmi, o tərəfə keçmə, ora "ermənilərindi!". Bu söz Komandirə
güllə kimi dəydi. Komandir xeyli geri
qayıdıb Azər Hüseynin kababxanasına gəldi.
Burada aşıqların oxuması, kefli adamların şit
sağlıq söyləmələri onu əsəbləşdirdi.
Durub kəhrizin üstünə getdi. Soyunub suya girdi və orada üzən balıqlara
tamaşa edərək xəyala daldı. Uzaqda
quzu otaran bir uşaq Qədir Rüstəmovu yamsılayaraq
"Neçün gəlməz" mahnısını
oxuyurdu. Uşağın səsi aləmə
düşmüşdü. Suda kiçik
balıqlar üzür, sanki Drakon, Pələng və başqa
döyüşçülərin hər biri balıq tutub
onların dallarınca üzürdülər.
Yazıçı əsəri
belə bir sonluqla bitirir":...Qəflətən minlərlə
at ağız-ağıza verib necə kişnədisə və
göylər necə çaqqıldadısa çöllər
diksindi, ağaclar diksindi, çaylar diksindi, dağlar diksindi. Şimşəklər
göy yüzünü parça-parça elədilər. Və
göy üzündən də yuxarıdan necə bir Dolu
başladısa... camaat dik atıldı və sevinclə
özünü atdı bayıra...".
Romanın sonunu at
kişnəməsi, göy gurultusu, ağac oyanışı,
çayların daşması, dağların lərzəyə
gəlməsi, şimşəyin çaxaraq göy
üzündə qara buludları dağıtması yeni həyatın
başlamasından müjdəli xəbər verir. Müharibə
bizim qələbəmizlə başa çatır. Əsərin
belə bir nikbinliklə, xoş arzularla bitməsi müəllifin
gələcəyə olan böyük inamının nəticəsi
kimi göstərilir. A.Abbas inanır ki, biz öz
torpaqlarımıza qayıdacağıq və Dünyanın Ən
Varlı Şəhərində həyat öz axarı ilə
əvvəlki kimi davam edəcəkdi.
Əsərdəki
obrazlar silsiləsinə nəzər saldıqda iki cəbhənin
adamlarına rast gəlirik. Bunlar əsasən Dünyanın Ən
varlı Şəhərində real yaşamış
insanların prototipləridi. Ancaq bəzən
yazıçı bu obrazları həqiqi adları ilə
çağırsa da, bəzilərinə xarakterinə,
tutduğu vəzifəyə və şəxsi keyfiyyətlərinə
görə ad vermişdi. Bu da A.Abbasın adseçmə və
özünəməxsus yaradıcılıq üslubudur.
Birincilər Tanrı, Tanrı Övladları, Komandir, Drakon, Pələng,
Vurğun Vurmuş Cavanlar, Qeyrət Dağarcığı, Pələngin
Anası, Şelli Eldar, Rəis, kolxoz sədri və bunarla bərabər
Rəşid Behbudov, Qədir Rüstəmov, Musanın
Anası, Musa, Musanın Qardaşı, şəhid olmuş
oğlunun yerinə səngərdə döyüşən
ata, Əsgər Köynəkli Sürücü, Fazil Müəllim,
Polis, Rəşid paşa, Qatır Məmməd, Elçibəy,
Sambist Eldar, Xanəndə Baratın xanımı,
atasının əksinə danışan Keçmiş Əsgər,
Zakir Fəxrinin şəhid qardaşı Kamil və on səkkiz
yaşlı bacısı, Yiyəsiz Ölkənin Yiyəsiz
Övladları, At Belində olan Adamın Oğlu və
başqaları.
Romanda ikinci grupun
nümayəndələri də var ki, bunlar öz mənafeylərinə
görə hər şərəfsizliyi etməyə
hazırdılar. Onlardan At Belində Olan Adam, Müstəntiq,
Hakim, Üzünə Allahın Tüpürdüyü Adam,
Şeytan Övladları, Bordağa Bağlanmış
Buğaya Dönən Məmurlar, Səhiyyə Nazirinin
Müavini, Katib, Baş Mühasib, Polyoniçko, Şerbak,
Polkovnik, Qorbaçov, Poqasyan, Zori Balayan, Aqambekiyan və sairələrinin
adını çəkmək olar. Bu tiplərin hər birini
yazıçı maraqlı şəkildə dindirir və
öz sözləri ilə iç üzünü
açır.
At Belində Olan Adam,
Müstəntiq və Hakim kimi obrazlar öz mənafeyləri
üçün hər şeyi qurban verməyə
hazırdırlar. A.Abbas bu mənfi tiplərin iç üzlərini
açarkən hər birinin şəxsi keyfiyyətlərini
nəzərə almış, əsasən bir-birinə bənzəməyən
obrazlar qaleriyası yaratmışdı.
Romanın dili çox
maraqlı, rəvan, yığcam, xalq danışıq dilinin
motivləri əsasında təbii dağ bulağının
büllur suyuna bənzəyir. Oxucu əsəri oxuyarkən
yorulmur, sanki dincəlir, dağ zirvəsindən başlayan
şəffaf bulaq suyu kimi ruhunu təzələyir.
"Dolu" romanı A.Abbasın
yaradıcılığının demək olar ki şah əsəridir.
O Qarbağ harayını- viran olmuş Dünyanın Ən
Varlı Şəhərinin əsirlik faciəsini zaman-zaman
insanlara xatırladacaq, onun taleyinin acı məqamlarını
əsirlər boyu vərəqləyərək unutmağa
qoymayacaqdı.
Sabir Rüstəmoğlu
Ədalət.- 2010.- 5 mart.- S. 7.