"GÖYDƏN DÜŞƏNLƏR..."

 

Hər dəfə dostların təzə kitablarının yeni yazılarını mütaliyə edəndə istər-istəməz ürəyimdən həzin duyğular gəlib keçir. Və mən də həmin duyğuların qabağında dünənə, keçmişə, ötən illərə qayıdıb gedirəm. Bu getmək də elə-belə, səbəbsiz deyil. Gedirəm ki, hardan gəldiyimizi, necə gəldiyimizi, nələri qoyub, nələri gətirdiyimizi birgötür-qoy edim, bir də nəzərdən keçirim.

Bax elə bu günlərdə qələm dostum Saday Şəkərlinin "Ömrün yorğun kölgəsi" kitabını götürüb oxuyurdum. Və kitabın qarşımda olduğu anlarda ilk diqqətimi çəkən qələm dostumun kitab üzərindəki mənalı şəkli oldu. Söykənmişdi bir dağa. Və mən də o dağa baxıb ömrün 50 ilini arxada qoyan Saday Şəkərlinin nələr düşündüyünü anlamaq istədim. Çalışdım ki, o şəkildən, o mənzərədən fəhmlə nəyisə oxuyum. Amma gördüm ki, bu həmsöhbət olmaq imkanı şeirləri oxumasam, kitabı başa çıxmasam mümkün olmayacaq. Və elə həmin həvəslə, həmin maraqla da başladım şeirlərin qapısını döyməyə.

Oxuduqca hər bir misra, hər bir fikir məndə müxtəlif ovqatların yaranmasına, haldan-hala düşməyimə səbəb olurdu. Görürdüm ki, misralar gah əlimdən tutub uşaq kimi yanınca aparır, gah da nurani bir ağsaqqal kimi məni qarşısına qoyub öyüd-nəsiyyət verir, yol göstərir...

Heç təsadüfi deyil ki, bu şeirlərin məndə yaratdığı ovqatın mayası bizim ədəbi nəsildən gəlir. O nəsildən ki, sovet dönəmində qarşımıza kötük yumaladılar, yolumuzu bağlayıb, hərəmizi bir tərəfə səmtlədilər, sonra da cəmiyyət dəyişdi. Bulanlıq suların durulması ömrümüzü baltalaya-baltalaya bizləri bu günə gətirib çıxartdı. Bu gün isə təkcə sözlə, şeirlə, qələmnən yol getmir, danışmır. Onun arxasında iqtisadi durum elə boy göstərir ki, istər-istəməz yazdıqların üçün, qələmin üçün bir sızıltı keçirirsən ürəyindən. Bunun da səbəbi bəllidi. Yəni, indi yazdıqlarını oxucuya çatdırmaq, kitabını yaymaq, oxutmaq çox böyük hünər istəyir. Səbəb də cəmiyyətin iqtisadi durumudu və biz qələm adamları da o iqtisadi durumun burulğanındayıq. Nə isə...

Unutmaq lazım deyil ki, heç bir poetik fikir yerdən cücərmir, göydən düşmür. Onu şair təxəyyülü, şair ilhamı, Tanrı diqtəsi ilə araya-ərsəyə gətirir. Bu mənada:

 

Göydən düşdük...

Göyə sarı

Bir ayrı yolumuz yoxdu.

Qayıtmağa əməlimiz

Dinməyə dilimiz yoxdu.

 

Bu şeir parçasında olan fikirlər hər kəs üçün bir məna, bir yozum daşıya bilər. Bu fərqli düşüncələr elə şairin ən birinci uğurudu. Məhz bu misralarla Saday Şəkərli əvvəldə xatırlatdığı fikri sanki təsdiqləyir. İqtisadi burulğan nə qədər güclü olsa da, şair düşüncələri nə göydən düşmür, nə yerdən göyərmir. Onun bircə ünvanı, bircə yolu var. O da ilhamının qanadlarında göydən düşüb bir də göyə sarı qayıdan yoludu. Həmin yolun əzabı da şirindi, həmin yolun ağrısı da dadlıdır və biz bu yolu seçəndə nə həmin yolun əzabını düşünmüşük, nə də şirinliyini.

 

Nə mən sirri xudayam,

Nə sən zənən məkrisən

Mən uzun yuxudayam

Sən yuxumun şəklisən.

 

Və yaxud:

 

Şeir yazdım, İlahi

Keç günahımdan

Şeir yazanda görürəm

Səni yaxından...

 

Hər iki şeir parçasına diqqət yetirək. Şair bəyan edir ki, o sirri xuda deyil. onun sevdiyi, onun üz tutduğu qadın məkrin ünvanı deyil. Amma onları birləşdirən, onları qovuşduran bir ünvan var, bir nöqtə var. Bu da sevdiyinin öz sevəninin yuxusunun şəkli olmasıdır. Yəni şair sevdiyini öz yuxusunun şəkli kimi görür, təqdim edir. Məncə bu təkcə poetik tapıntı yox, həm çox duyğusal düşündürücü bir fikirdir. Hər adama qismət olmur. Sevdiyini öz yuxusunun şəkli kimi görmək.

İkinci nümunədə isə daha maraqlı bir ifadə var. Bəllidir ki, şairlər, söz adamları Tanrının sevimli bəndələridi və deyirlər ki, şairlər də göydən gəlibdi. Deməli, göydən gələnlər Tanrını görənlərdi, amma Tanrını görmək mümkün olmadığından şair şeir yazanda yalnız ona yaxınlaşa bilir, ona qovuşa bilir. Bax bu mənada Saday məhz şeir yazdığı anda Tanrını yaxından görür. Başqa bir şeirində Saday şəkərli vurğulayır:

 

Yorğanım dar gəldi

barı, sən indi

uzat ayağını kəfənə baxıb

 

Və yaxud:

 

Nə boyum çatır sənə

Nə əlim, dar ağacı

Göyçəyim, bircə dənəm,

Gözəlim dar ağacı.

 

Hər iki şeir parçasına diqqət yetirəndə şairin səmimiyyətinə, onun seçdiyi mövzunu ifadə etmək məharətinə təkcə vurulmursan, həm də ona qoşulub o mənzərəni seyr edirsən, görürsən. Məncə poetik fikrin bu qədər sadə və səmimi ifadəsi qələmin gucundən, sahibinin ustalığından xəbər verir.

Mən Saday Şəkərlinin "Ömrün yorğun kölgəsi" kitabındakı bütün şeirləri oxuyub başa çıxandan sonra xoş bir təəsüratın içərisində qeydlər etməyə çalışdım. Hansı şeirdən sitat gətirəcəyimi stolumun üstündəki ağ vərəqə köçürtdüm və bir də baxıb gördüm ki, az qala bütün şeirlərdən sitatlar seçmişəm. Təbii ki, ədəbiyyatşünas, tənqidçi olmadığımdan mənim oxucu fikirlərim sırf ürəyimin pıçıltılarıdı. Mən qələm dostumun, şair qardaşımın bu ədəbi uğuruna sevinir və həqiqətən də ona uğurlar arzulamaqla bir məqamı diqqətinə çatdırmaq istəyirəm:

- Əzizim, Saday Şəkərli. Kitabın adındakı "Yorğun" ifadəsiylə razılaşmıram. Hələ sənin yorulmağa haqqın yoxdu. Çünki qələminin gücü, şeirinin meydanı yetərincə böyükdü. Bu qələmlə bu meydanda yeni-yeni uğurlara imzalar atmalısan!

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 11 mart.- S. 7.