Vaqif Mustafazadənin yubileyi dövlət səviyyəsində qeyd olunub

 

Martın 16-da Heydər Əliyev Sarayında Azərbaycanın dünya şöhrətli musiqiçisi, bəstəkar və cazmen mərhum Vaqif Mustafazadənin 70 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

APA-nın məlumatına görə, yubiley mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilk əvvəl ilaxır çərşənbə münasibəti ilə Azərbaycan xalqını və zaldakı tamaşaçıları təbrik edib. Tədbiri Azərbaycan cazının bayramı adlandıran nazir, 39 il yaşamış Vaqif Mustafazadənin artıq 31 ildir aramızda olmadığını vurğulayıb. Lakin onun az və şərəfli ömür yoluna nəzər salaraq cazmenin Azərbaycan incəsənətindəki yerini xüsusi qeyd edib.

Yubiley mərasiminin bədii hissəsi bəstəkarın "Düşüncələr" kompozisiyası ilə başlayıb. Konsert proqramında Emin Əfrasiyaboğlu Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri improvizələrlə ifa etməsi, həmçinin gənc musiqiçi İsfar Sarabskinin çıxışı sürəkli alqışlarla qarşılanıb. Proqramda saksofon ifaçısı Rain Sultanov, "Qaya" vokal ansamblı, Əfqan Rəsulov, bəstəkar Faiq Sücəddinov, Salman Qənbərov və onun rəhbərlik etdiyi "Bakustik caz" qrupu, Sevda Ələkbərzadə, "Arena" caz ansamblı çıxış ediblər. Musiqiçilərin ifaları əsasən Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifası ilə müşayiət olunub. Yubiley tədbirində Rusiyanın xalq artistləri Mixail Okun və Arzu Hüseynov da xüsusi musiqi nömrəsi ilə Vaqif Mustafazadəni anıblar. Gecənin kulminasiya məqamı Vaqif Mustafazadənin yeganə yadigarı, sənətkarın adını yaşadan qızı Əzizə Mustafazadənin səhnəyə çıxışı olub. Digər musiqiçilərdən fərqli olaraq səhnənin yuxarı hissəsində xüsusi tərtibatla yerləşdirilmiş qara royalda Əzizə atasına həsr etdiyi kompozisiyanı təqdim edib. Vaqif Mustafazadənin də əsərlərinin daxil edildiyi kompozisiyanı da T.Göyçayevin dirijorluğu ilə Dövlət Kamera Orkestri müşayiət edib. Onu da vurğulamaq yerinə düşər ki, Almaniyadan Vətənə, məhz atasının yubiley mərasimində iştirak etmək məqsədi ilə təşrif buyuran Əzizə Mustafazadənin səhnədə çıxışı zaldakı tamaşaçıların marağına səbəb olub.

Qeyd edək ki, bu Əzizə Mustafazadənin uzun illərdən sonra Dövlət Kamera Orkestri ilə ilk işbirliyidir.

Onu da bildirək ki, Heydər Əliyev Sarayının səhnəsində sənətkarın büstü yerləşdirilib. Musiqiçilərin çıxışı zamanı səhnədə quraşdırılmış ekranda Vaqif Mustafazadənin fotoları nümayiş olunub. Səhnənin aşağı hissəsinin pianonun dilləri formasında hazırlanması xüsusi diqqət çəkib. Heydər Əliyev Sarayının foyesində ölməz sənətkarın fotolarından ibarət xüsusi sərgi nümayiş etdirilib. Eləcə də cazmenin Moskvada buraxılmış diski satışa çıxarılıb.

Yubiley mərasimində bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən baş nazirin müavini Elçin Əfəndiyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər dövlət rəsmiləri də iştirak edib.

 

 

Ədalət.- 2010.- 18 mart.- S. 7.