SEVGİDƏN YUXARI NƏ VAR?..
Yeni ilin ilk
günlərində bir törənə
qatılmışdım. Tədbir "Vektor"
Nəşrlər evinin təşəbbüsü
ilə keçirilirdi. Professor,
şair Elçin
İsgəndərzadənin rəhbərlik etdiyi
qurum ötən ilə yekun
vurur və qaydaya müvafiq olaraq "Vektor"un təsis etdiyi mükafatların qaliblərini elan edirdi. Qaliblər
sırasında 2008-ci ildə "Şahmar
Əkbərzadə" adına beynləxalq ədəbiyyat
mükafatına layiq görülmüş
Sevinc Mürvətqızının da adı var idi.
Öncə onu
xatrladım ki, mən Sevinc xanımın imzasını
"525-ci qəzet"in səhifələrindən
tanımışam. Ədəbi-bədii məqalələr,
reportajlar, publisist yazılar müəllifi kimi yadımda
qalıb. Sonra onun "Ulduz" jurnalında, eləcə də
"525-ci qəzet"in əlavəsi olan xanım yazarlara həsr
edilmiş kitabçada şeirlərini oxudum və bu şeirlər
məni öz aurasına aldı. Eləcə də
mükafatlandırma mərasimində əldə etdiyim "Sən
sevgidən yuxarısan" kitabına qədər Sevinc
Mürvətqızını toplum halında yazıları ilə
qarşılaşmamışdım. Mən bu kitabla
baş-başa qalandan sonra şeirimizin, ədəbiyyatımızın
bugünkü imzaları arasında onun da yerini gördüm.
Sevinc Mürvətqızının
şeirləri mənimlə rahatca danışa bilir. Yəni
mən bu şeirlərin dilini çox asanca anlayıram.
Oxuduqca elə bilirəm ki, bu şeirlər hardasa ən
azı iki gün öncə mənimlə bir süfrə ətrafında,
bir məclisdə olubdu. Bu da şeirlərin səmimiyyətdən,
müəllifin qələminin kövrəkliyindən və ən
vacibi isə mövzuların mənə
doğmalığından irəli gəlir. Bilmirəm, Sevil
xanım mənimlə razılaşar, yoxsa yox, amma
sözün həqiqi mənasında onun lirik qəhrəmanı
müasir olduğu qədər də klassikdir.
"Sən sevgidən
yuxarısan" kitabı bir neçə bölümdən
ibarətdir. Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcidin "Mən Sevincə
inanıram" ön sözü ilə oxucuya təqdim olunan
kitab müəllifn şeirləri ilə başlayır.
Şeirlər özü də iki bölümə
ayrılıb. Birinci bölümdə daha çox siyasi
motivli, günün reallığını, problemlərini əks
etdirən, həyat gerçəkliyinə söykənmiş
şeirlər toplanıbdır. Həmin şeirlərin birində
Sevinc xanım yazır:
Bir olan-qalan qeyrəti satır,
Biri qazandığı hörməti satır,
Bir "kişi" elindən sərvəti satır,
Bir kişi sazını satırdı yolda.
Və yaxud
Mən xoşbəxt
doğulmadım,
Ona görə
də dünyanın ən asan cığırı,
ən böyük uğuru
məni bəxtəvər
eləmədi...
İnsanla birgə doğulur,
Doğuluşdan olur xoşbəxtlik...
Hər iki şeir parçasında
obrazlar bu günün gerçəkliyini
yaşayan insanlardı. Onlardan biri
yaşamaq üçün
sazını satır,
o biri isə xoşbəxtliyini axtara-axtara
dünyanın bütün
cığırlarını ələk-vələk etməyə
hazırdı. Amma
bilir ki, onu tapmayacaq. Çünki xoşbəxtlik doğuluşdan
olmalıdır.
Sevinc Mürvətqızının
sevgi şeirlərində də özünəməxsusluq
diqqəti çəkir. Əvvəldə
xatırlatdığım kimi, onun lirik qəhrəmanı bəlkə
də elə özüdür. Çünki bu şeirlər
yaşamın, duyğuların bəhrəsidir, adicə misra
düzümü deyil.
Nə olsun göydə deyilsən,
Mələksən, bəndə deyilsən,
Sən mənsən, məndə deyilsən,
Mən səni sevə bilmərəm.
Və yaxud
Sən məni yeddinci qatına
qaldırdığın göylərdən endirdin.
Dilimin hiddət,
könlümün nifrət notunu
dindirdin.
Titrəyə-titrəyə yanan
şam idim,
İkrahla əlini yelləyib söndürdün.
Bəli, böyük
sevginin böyük uğursuzluğu... Bu şeirlərdə
onları görmək, onları yaşamaq həm asandı, həm
də düşündürücüdü. Hər iki halda
bir təsəlli yeri var. O da sevginin ölməzliyidi. Şairə oxucusuna bütün məqamlarda bir varlıq kimi ucalmağı, enməyi, sevib-sevilməyi pıçıldadığı
qədər də onun dözümlü olmasını, sevgini uca tutmasını da unutmamağı da söyləyir. Bu paralellik əslində Sevinc Mürvətqızı
şeirlərinin bir oxucu kimi, bir
söz adamı kimi mənim daha çox diqqətimi çəkir.
Və mən inanıram ki, müəllif, indiki məqamda isə Sevinc Mürvətqızı öz
sevgisi önündə
yalnız ürəyini
süfrə kimi aça bilər. Çünki o, ürək hökm
eləyəndə daha
ürəkli olur.
"Sən
sevgidən yuxarısan"
kitabındakı hekayələr
bölümü, eləcə
də Sevinc xanım barəsində tanınmış söz,
qələm adamlarının
fikirlərini əhatə
edən yazılar onun istedadlı bir qələm sahibi olmasından xəbər verməklə
yanaşı, həm də Rəşad Məcidin dediyi kimi, ümidli sabahlarından da ürəklə danışmağa
imkan verir. Və mənə elə gəlir ki, Sevinc Mürvətqızının
axtardığı sevgidən
yuxarıda olanlar təkcə onun özünə aid olan duyğular deyil, pıçıltılar deyil,
o həm də dəyərli oxucuların
axtardığı səmimiyyətin
və böyük sözün ünvanıdı.
Böyük söz isə
göyün yeddinci qatında özünə
yer tutub. Uğur olsun.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 18 mart.- S. 7.