Novruz Aslan: " Həyatın ritmini tutmağı bacarıram"

 

"Royal arxasına keçəndə texniki vasitələri unuduram"

 

Müsahibimiz ölkənin ən böyük təşkilatlarından birinə rəhbərlik edən şəxsdi. Bu günlərdə 90 illik yubileyi təntənəli şəkildə qeyd olunan "Qızıl Aypara" Cəmiyyətinin prezidenti kimi ətrafında nəhəng bir ordu- 270 min üzv, 18 min könüllü birləşib. "Qızıl Aypara" Cəmiyyətinin inkişafindakı xüsusi xidmətlərini nəzərə alan ölkə başçısı Novruzəli Aslanovu (Novruz Aslanı) 2005-ci ildə "Tərəqqi" medalı, bir neçə gün öncə isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.

Beş ildir ki, fəal deputat kimi, seçicilərini Milli Məclisdə təmsil edir. Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktoru, "Varlı olmaq istəyirsənsə", Xeyir və Şər", "Mənim düşüncələrim", "Bir daha insan haqqında" və başqa kitabların müəllifidi. Sayca onuncu kitabı çapa hazırlanır. Amerika Bioqrafiya İnstitutu tanınmış ictimai xadim və alimi tibb sahəsindəki xidmətlərinə görə, 2008-ci ildə "İlin adamı" nominasiyasının qalibi hesab edib

Həmsöhbətimizi fərqləndirən daha bir cəhət isə bəstəkarlıq bacarığı ilə bağlıdı. Novruz Aslan dinləyicilər arasında populyarlıq qazanan xeyli mahnının müəllifidi. "Yaşın nə fərqi var ki", "Qaragilə", "Bu şəhərdən gedə bilərsən" kimi mahnılarını oxucuların yadına salsaq, kifayət edər.

- Ordenlə təltif olunmağınız və rəhbərlik etdiyiniz təşkilatın yubiley münasibəti ilə təbrik edənlərin sayı çoxdu. "Ədalət"in oxucularını da onların sırasına əlavə edə bilərsiz...

- Təbii ki, son günlər həm mənim, həm də "Qızıl Aypara" Cəmiyyətinin üzvlərinin həyatında çox əlamətdar hadisə qeyd olundu. Təşkilatımızın 90 illik yubieyi təntənəli şəkildə keçirildi, dövlətimizin başçısı mən də daxil olmaqla "Qızıl Aypara" Cəmiyyətinin fəaliyyətində əməyi olan bir qrup əməkdaşımızın orden və medallarla təltif edilməsi haqqında sərəncam imzaladı. Belə bir diqqət və qayğı təkcə əməyimizə verilən yüksək qiymət deyil, həm də hər bir əməkdaşımıza göstərilən etimaddı. Biz bu etimadı gələcək işlərimizlə doğrultmağa çalışmalıyıq. Cəmiyyətimiz humanitar sahədə dövlətimizin ən yaxın köməkçilərindən biri olmalıdı. Hələ 2000-ci ildə 80 illik yubileyimiz qeyd olunanda Ümummilli liderimiz Heydər Əliyev bu qiymətli kəlamı söylədi və təşkilatımızın humanitar sahədə ən yaxın köməkçisi olmasını arzuladı. Biz bu siyasəti həyata keçirməyə çalışırıq. Bu fəaliyyətimizi gələcəkdə də davam etdirmək əzmindəyik. "Qızıl Aypara" Cəmiyyəti 270 min üzvü, 18 min könüllünü öz ətrafında birləşdirən təşkilatdı. Yubiley günündə aldığımız orden və medallar onların hamısının fəaliyyətinə verilən yüksək qiymətdi. Müstəqil Azərbaycan dövləti təşkilatımızın fəaliyyəti üçün hər cür şərait yaradıb. Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb tarixdən bir nümunə gətirmək istəyirəm. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti "Qızıl Aypara" Cəmiyyətinə dövlət yardımı göstərilməsi barədə qərar verib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bu təşkilata heç bir qayğı və diqqət göstərilməyib. Tarixdə ikinci dəfə müstəqillik qazanan Azərbaycanda "Qızıl Aypara"ya dövlətin yenidən böyük diqqət və qayğısı var. Bunu dövlət tərədindən imzalanan sərəncamlar da sübut edir. Daha bir maraqlı faktı qeyd etmək yerinə düşər. 70 il ərzində yalnız 2 əməkdaşımız Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyasının ən yüksək medalı sayılan F. Naytingel medalı ilə təltif olunmuşdu. Müstəqillik əldə etdikdən sonra isə 8 tibb bacımız bu medala layiq görülüblər. Onu da qeyd edim ki, dünya üzrə cəmi 3 min nəfərə bu mükafatı almaq nəsib olubsa, onlardan 10 nəfəri Azərbaycandadı. Özü də son dövrlər bu medalı alan tibb bacılarımız arasında Qarabağ döyüşlərində odun-alovun içində yaralı döyüşçülərimizə yardım göstərənlər də var.

- "Qızıl Aypara" Cəmiyyətinin gördüyü böyük həcmli işlərin cəmiyyətə çatdırılması, təşkilatın təbliğinin səviyyəsi sizi qane edirmi? Təkilat özünü yetərincə tanıda bilibmi?

- Maraqlı məqama toxunduz. 1998-99-cu ilə qədər ictimaiyyət "Qızıl Aypara"nın fəaliyyəti haqqında heç bir bilgiyə malik deyildi. Bilmirdilər ki, belə bir təşkilat var, ya yox. Söhbət düşəndə də yalnız mənfi fikirlər səslənirdi. 1995-ci ildən "Qızıl Aypara"nın könüllüsü olaraq, özüm də bunun şahidiyəm. İnsanlar, ayrı-ayrı mətbuat orqanları təşkilatı humanitar yardımları mənimsəyən bir qurum kimi tanıyırdı. Görünür keçmiş rəhbərliyin cinayət məsuliyyətinə cəlb olunması heç də təsdüfü deyilmiş. Bu hal, o cümlədən, keçirilən məhkəmə prosesləri "Qızıl Aypara"nın imicinə böyük zərbə vururdu. Yadıma gəlir, 1999-cu ildə mən bu cəmiyyətin rəhbəri seçiləndə bəzi əməkdaşlarımız təşkilatın nişanını taxmağa belə utanırdı. Məhz bu üzdən də təbliğata ciddi önəm verməyə başladıq. Bir-iki nəfər əliəyri insanın fəaliyyətini təşkilatın minlərlə üzvünə şamil etməyin doğru olmadığını göstərməyə çalışdıq. Sübut etdik ki, "Qızıl Aypara" vətəninə yararlı, saf niyyətlə iş görənlərdən təşkil olunub. Təşkilatın imicini yüksəltmək üçün strateji addımlar atdıq, "Mərhəmət" jurnalını bərpa etdik. "Lider" telekanalı ilə böyük bir layihə həyata keçirdik. Gördüyümüz işlər barədə ayda iki dəfə televiziya verilişləri hazırlandı. Qan vermə və digər kütləvi aksiyalar həyata keçirdik. Məhz bu işlərdən sonra insanlar yeni və daha təkmil "Qızıl Aypara" cəmiyyəti ilə yaxından tanış olmaq imkanı qazandılar. Fəaliyyətmizdə şəffaflığı təmin etdik, peşəkar əməkdaşlarla çalışmaq yolunu tutduq. Bu da donorların diqqətindən yayınmadı.

Daha bir misal çəkim. 2000-ci ildə Şəkidə güclü meşə yanğınları baş verəndə yaxınlqdakı ərazidə yaşayan insanlar böyük təhlükə ilə üz-üzə qalmışdılar. Biz könüllülərdən ibarət mobil dəstə ilə Şəkiyə yola düşdük. Yadımdadı, bizim avtomobillər qonşu rayonlardan keçəndə yerli əhali bizi Türkiyənin "Qızıl Ay" təşkilatının üzvü kimi qəbul edirdi. Təbii ki, bu məni narahat etdi. Amma indi belə hallara rast gəlmək mümkün deyil. Çünki "Qızıl Aypara"nın öz siması, yüksək imici formalaşıb. Bizi tanıyır, inanır və hörmət edirlər. Təsəvvür edin ki, 90 illik yubileyimiz bir ay ərzində bütün bölgələrimizdə yüksək səviyyədə qeyd olundu. Deməli, tutduğumuz yol doğru imiş. Mən bunu bizim qələbəmiz sayıram. Bu gün çox gözəl kollektiv formalaşdıra bilmişik. İşgüzar mühit formalaşdırmışıq. Əməkdaşlar arasında mehriban münasibətlər yaranıb. Təkcə son illər burada üç ailə qurulub.

- Tanınmış şair- yazıçı Davud Aslanın ocağında dünyaya gələn, bəstələdiyi mahnılarla dinləyicilər arasında populyarlaşan Novruzəli müəllimlə müsahibəni yaradıcılq söhbətinə kökləməyin tam zamanıdı...

- Atamın xatirəsini yad etdiyinizə görə, təşəkkür edirəm. Davud Aslanın çoxlu şeir kitabları çap olunub, pyesləri müxtəlif teatrların səhnəsində uğurla tamaşaya qoyulub. Təəssüf ki, sonuncu pyesinin -"Dindirir əsr bizi..." əsərinin tamaşasını görmək ona nəsib olmadı. Bu əsər dahi Mirzə Ələkbər Sabirə həsr olunmuşdu. Əsər üzərində çalışarkən infarkt keçirdi. Tale elə gətirdi ki, atamın sonuncu əsərini mən tamamlayası oldum. Tamaşa xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda Akademik Milli Dram Teatrında uğurla oynanıldı. Həmin əsərin tamaşası ilə Sabirin və atamın ruhunu sevindirməyi Allah bizə nəsib etdi.

İndi bəzən məni səhvən şair kimi təqdim edirlər. Amma əslində ömrümdə bircə şeir belə yazmamışam. Şair Davud Aslanın yolunu nəvəsi, qızım davam etdirir. 14 yaşı olmasına baxmayaraq, artıq ilk kitabı işıq üzü görüb. Necə deyərlər, ənənə davam edir. Mən isə özümü şeirdə yox, musiqidə ifadə edə bildim. Mənə elə gəlir ki, yazdığım mahnıları dinləyən insanlar gördüyüm işdən razı qalırlar. Zaman tapdıqca yaradıcılıqla da məğul olmağa çalışıram.

- Bəstəkar mahnı mətnindəki ritmi tutduqdan sonra musiqi bəstələyir. Mahnılarınızdan da görünür ki, bunu yaxşı bacarırsız. Bəs həyatın necə, ritmini tuta bilirsiz?

- Əlbəttə tuta bilirəm. Bu gün bunu bacarmadan yaşamaq, uğur qazanmaq mümkün deyil. İnsanın cəmiyyətdə bəlli öhdəlikləri, məsuliyyəti var. O, ailəsini, övladlarını dolandırmalı, balalarını cəmiyyət üçün yararlı insanlar kimi yetişdirməlidi. Bunları reallaşdırmaq üçün insan mütləq həyatın ritminə uyğunlaşmalıdı. XXI əsr çox mürəkkəbdi. Belə bir zamanda təbii ki, hamı həyatın ritmi ilə uyğunlaşa bilmir.

- Novruz Aslan daha çox özünü harda rahat hiss edə bilir- "Qızıl Aypara"nın prezidenti vəzifəsində, deputat kreslosunda, yoxsa royal arxasında?

- Başladığım işin bəhrəsini görəndə özümü rahat hiss edirəm. "Qızıl Aypara" bayaq qısa sadaladığım uğurlara nail ola bilibsə, cəmiyyət üçün işlək qanunların qəbul olunmasında iştirakım varsa, yazdığım mahnılar dinləyicilərin ürəyinə yatırsa, iIlərlə ifa olunursa, deməli düzgün istiqamətdəyəm. İnsanların mənim işimdən razı qaldığını görəndə özümü rahat hiss edirəm.

- Bayaq dediyiniz kimi, XXI əsr mürəkkəb əsrdi. Texnika bəstəçinin əvəzinə mahnı yazır, səsi olmayanı mügənniyə çevirir. Texnikanın nəfəsini kürəyinizdə hiss edirsiz?

- Təbii hiss edirəm. Lakin texnikadan köməkçi vasitə kimi davranmağa çalışıram. Tam səmimi deyim ki, özümü bəstəkar kimi heç vaxt təqdim etmirəm. Azərbaycan xalqının Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi kimi bəstəkarları var. Belə titanların qarşısında özümü necə bəstəkar sayım? Daha çox sevilən mahnıların müəllifi olaraq tanınmaq istəyirəm. Belə hesab edirəm ki, musiqi ürəkdən gəlməlidi. Royal arxasına keçəndə texniki vasitələri unuduram.

- İlhamə Quliyeva ilə birgə yaradıcılıq işləriniz böyük uğur qazandı. Davamı niyə gəlmədi?

- Hər şeyin əvvəli olduğu kimi sonu da var. İlhamə xanımla birgə işimizin əvvəli də yaxşı oldu, sonu da. Beş il ərzində uğurlu layihələrimiz oldu. Beş musiqi diski, altı albom hazırladıq. İlhamə xanıma qəzetiniz vasitəsi ilə təşəkkürümü bildirirəm. "Yaşın nə fərqi var", "Qaragilə", "Bu şəhərdən gedə bilərsən" və başqa mahnıların bu gün də sevilməsində İlhamə xanımın da fədakarlığı oldu.

- Növbəti beş ildə də titullarınızın əvvəlinə millət vəkili sözünün yazılmasını istərdiz?

- Bəlkə növbəti suala keçək?

- Novruz bayramı qapını döyür. Qapınızı döyənləri necə yola salacaqsız?

- Adət-ənənələrimizə sayğı göstərilən ailədə böyümüşəm. Mən də qapılara papaq atmışam. Həmin günlər yediyim sovqatların dadını indi də unuda bilmirəm.

Əgər bu gün qapımı döyürlərsə, deməli xoşbəxt adamam. Qapımı döyənləri əliboş qaytarmayacam.

 

 

Etibar Cəbrayıloğlu

 

Ədalət.- 2010.- 13 mart.- S. 11.