"ÜRƏYİMİ DÖYƏ-DÖYƏ
ÖLDÜRƏCƏM"
Son gunlər nədənsə xatirələr
mənə daha çox
güc gəlir. Açığı səbəbini
heç özüm də
bilmirəm. Sadəcə bildiyim bir şey var.
O da xatirələrin son dərəcə kövrək, həzin və
bir az da
insanı kədər notları üzərində kökləmək
imkanıdı. Yəni nə qədər şirin
xatirə olur olsun, onun sevincli, fərəhli
damarının bir şaxəsi də kədərə,
nisgilə söykənir. Hökm deyil ki, bu
kədər ölüm-itimlə bağlı olsun.
Yox, sadəcə xatirənin özü səni keçmişə
aparıb qaytaranda orda
qoyub gəldiklərin üçün
kədərlənirsən, ürəyin
sızıldayır...
Mətbuat prospekti ilə pay-piyada yol gedirdim. Birdən qarşıma
çıxdı. Heç ağlıma
da gəlməzdi ki, onunla burada
qarşılaşaram. Çox mehriban görüşdük.
Uşaqlardan, özümüzdən,
ötən günlərdən
danışdıq. Yanaşı
addımlaya-addımlaya yataqxanalara
tərəf getdik. Tələbə şəhərciyinin
yataqxanaları indi daha çox ailəlilər ünvanını
xatırladır. Amma bizim vaxtımızda bu şəhərcik tələbə sevinci ilə, tələbə qayğısı ilə, tələbə gülüşləri
ilə, tələbə
zarafatları ilə, imtahan həyəcanı ilə dolu olurdu.
Nədənsə mən
indi onu hiss eləmədim. Bilmirəm,
həmsöhbətim, dostum
da hiss etdi, yoxsa yox, amma
həqiqətən mənim
içimdən çox
qəribə bir dalğa gəlib keçdi. Elə bil ki, şəhərə
hansısa bir şimalmı, cənubmu küləyi həmlə etdi...
3 nömrəli
yataqxanada tələbəlik
həyatını yaşayırdım.
Özü də birinci kursun ilk ayları idi. Özümdən yuxarı
kursda oxuyan bir oğlanla tanış olmuşdum. Tanışlığımız da sözlə, şeirlə əlaqəli
yaranmışdı. Onun
əlində "Ulduz"
jurnalının son nömrələrindən
biri vardı. Üz tutub baxmaq
üçün istədim.
Etiraz etmədi. Tələsik jurnalı vərəqləyib başa
çıxandan sonra şirin bir təbəssümlə dedi:
- Nə isə
axtarırdın?
Hə, mən də
yazılarımı təqdim etmişəm. Söz veriblər
ki, çap etsinlər - dedim.
Bax, beləcə
başladı tanışlığımız. Onun adı
indiki kimi yadımdadı. Çünki həm çox
görkəmli bir yazıçının adaşı idi, həm
də Sovet İttifaqı Qəhrəmanının. Yəni
Mehdi idi adı. Söhbət əsasında mentalitetimizə
uyğun olaraq haralı və kimlərdən olduğumuzu da
bir-birimizə söylədik. Bax, elə bu məqamda o
universitet tələbələri arasında bəlli olan bir
şeir söylədi və müəllifinin kimliyini bilib-bilmədiyimi
məndən soruşdu. Başımı buladım. O da
gülümsədi:
- Sənin öz kəndçindi,
öz eloğlundu. Bizlə birlikdə oxuyurdu. Heyf ki, səni
tanış edə bilməyəcəm, o təhsilini Moskvada
davam etdirir. Amma adını deyim yadında saxla - Bəxtiyar
Qaraca!
Hə, yadıma
düşdü. Mən bu imzanı o dövrün "Azərbaycan
gəncləri" qəzetində bir neçə dəfə
görmüşdüm. Şeirlərini oxumuşdum. Ürəyimə
də yatmışdı. Amma imza mənim üçün bir
az qarmaqarışıq gəldi. Çünki mən
soraqlayıb onun Bəxtiyar Balakişiyev olduğunu öyrənmişdim.
Sən demə, eloğlum artıq Bəxtiyar Qaraca imiş.
Həyat elə gətirdi
ki, bizim tanışlığımız universitet illərindən
sonraya təsadüf etdi. Mən yazı-pozu ilə əlaqədar
tez-tez nəşriyyatlara üz tuturdum. O dövrün çox
gözəl cəhətlərindən biri də bu idi ki, gənclərin
kitab oxumağa, mütaliə etməyə böyük həvəsi
var idi. Mən də oxuduğum bir çox kitabların tərcüməçisinin,
redaktorunun Bəxtiyar Qaraca olduğunu titul vərəqlərində
gördükcə ürəyim dağa dönürdü,
qürrələnirdim. Zarafat deyildi, balaca bir rayonun balaca bir kəndindən
Bakıya-dövlət universitetinə üz tutmuş Bəxtiyar
tələbə dostları arasında öz qabiliyyəti ilə,
istedadı ilə hamıdan fərqlənmiş və
artıq ikinci kursda oxuyanda "Axundov" təqaüdünə
layiq görülmüşdü. Ardınca da oxuduğu
filologiya fakultəsinin üçüncü kursundan Moskvaya təhsilini
davam etdirməyə göndərilmişdi.
Çox sonralar Bəxtiyar
müəllimlə doğma münasibətlərin
işığında öyrəndim ki, Moskvada təhsilini
başa vurub qayıdandan sonra xoş bir təsadüfdən Azərbaycan
KP MK-nın I katibi Heydər Əliyev və Həsən Həsənovla
görüşə bilib. Belə ki, qəbul
imtahanlarının gedişi zamanı ali məktəbləri
gəzən ümummilli liderimiz dövlət universitetinə gələrkən
həyətdə dayanıb imtahan verən bacısını
gözləyən Bəxtiyar Qaraca və Əlövsət
Ağalarovla da görüşür. Buradakı valideynlərə
yaxınlaşan birinci katib onun və Əlövsətin əlini
sıxır, kimliklərini soruşur. Rusiyada təhsil
aldıqlarını biləndə Həsən Həsənova
tapşırır ki, sabah bunları qəbul edib problemləri
ilə məşğul olarsan. Və sözarası onu da əlavə
edir ki, sizi ölkədən xaricə ona görə
oxumağa göndəririk ki, qayıdanda daha böyük
dünyagörüşlə, yeniliklərlə cəmiyyətimizi
irəli aparasan.
Məhz bu
görüşün təsiri ilə qısa bir zamandan sonra Bəxtiyar
Qaraca, eləcə də Əlövsət Ağalarov nəşriyyatda
işə qəbul olundular. Doğrudur, Bəxtiyar Qaraca
telejurnalist idi, onun arzusu, marağı televiziyaya səmtlənmişdi.
Amma böyüklərin məsləhəti, xeyirxahların
tövsiyəsi ilə bir neçə il nəşriyyatda
işləyəsi oldu. Həmin illərdə özünü
hekayə və povestlərini, romanını kitab halında
çap etdirdi. Elə bir təəccüblü məqam da həmin
vaxt ortaya çıxdı. Çoxlarının şair kimi
tanıdığı Bəxtiyar Qaraca ortaya nəsr əsərləri
qoydu. Sonralar bunun səbəbini soruşanda Bəxtiyar Qaraca o
vaxtlar yazdığı və heç yerdə çap etdirmədiyi
şeiri həzin bir səslə pıçıldamağa
başladı.
Fələk, bu qarnı
tox, qalın adamlar
Başdan ayağacan
qarın adamlar
Qoymur bu dünyada yolumu
gedim,
Qoymur söz söyləyim,
ümid eləyim...
Fələk, bu
özündən razı adamlar
Toyda da, yasda da hazır
adamlar.
Bu nazir adamlar, qazil
adamlar,
Mənə gül verdilər,
gün vermədilər...
Dedim:bu günyanın
yolun göstərin,
Gedib son ucuna
çıxım ağlayım
Bu boyda şəhərdə
mənə yer verin,
Bir qızın
üzünə baxım ağlayım...
Allahın göyləri
qaldı günəşə,
Gecəni ay
çalıb, ulduzlar udub...
Gedim üz söykəyim
tut ağacına
Onu da ağacın
kölgəsi tutub...
Mənə bu
dünyanın dərdi gərəkməz
Gördüm naqisləri,
mərdi gərəkməz
Yaxşı nə, yaman
nə - fərqi gərəkməz
Ömrümü-günümü
verin aparım...
Qırıb
budağını göy çinarların
Qarınlı adamlar gələr
üstümə
Kabab döşüyərlər
quzu ətindən
Qaçıb
sığınaram göy tüstüsünə...
Görən nə istəyir
dəli adamlar
Bu sümük adamlar, dəri
adamlar...
Hə, məhz
sümük adamların, qarınlı adamların at
oynatmaları, haqqı nahaqqa vermələri Bəxtiyarı
şeirdən, poeziyadan bir addım geri çəkilməyə
vadar etdi. Amma əvəzində nəsr- publisistika irəli
keçdi. Nəhayət, 1989-cu ildə çoxdan
arzuladığı televiziyanın qapıları onun
üzünə açıldı. Qısa bir müddətdən
sonra Gənclik proqramının baş redaktoru, sonra Gənclər
və İdman və nəhayət Gənclər, İdman və
Uşaq proqramının baş redaktoru oldu. Bir-birindən
maraqlı, bir-birindən baxımlı verilişlərin
ssenarisini, layihələrini hazırladı. Çəkilişlərinə,
araya-ərsəyə gəlməsinə köməklik
göstərdi, iştirakçısı oldu. Həmin illərdə
doğma Qarabağa üz tutan, Şuşa televiziyasının
yayımlanmasında iştirak edən Bəxtiyar Qaraca demək
olar ki, bütün fəaliyyəti boyu hərbi vətənpərvərlik,
yurd, ocaq mövzularını işinin qayəsinə
çevirdi.
... Bəli, zaman hər
şeyi ələkdən keçirir və zaman dəyişkən
olduğundan ələkdən keçənlərin
çoxları ya bir araya gəlirlər, ya da pərən-pərən
olurlar. 1953-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində
dünyaya gələn Bəxtiyar Qaraca öz həyatı,
yaradıcılığı boyu həmişə yerini bildi,
lazım olan məqamda sözünü dedi, gərəkli
olduğunu işi ilə sübut etdi. Dəxli yoxdur, onu kimlər
necə qəbul edir etsin, o öz qələmi ilə, öz
istedadı ilə bu söz-sənət dünyasının
tapdanmamış bir səmti ilə öz
cığırını aça-aça istəklərini
gerçəkləşdirmək yolunu tutdu. Bu gün də
müstəqil studiya yaradıb müxtəlif layihələri,
daha çox isə Qarabağla, torpaqla bağlı məqamları
gerçəkləşdirir. Nə bir təmənnası, nə
də kiməsə yarınmağı yoxdur. Çünki o,
şeirlərinin birində yazıb ki, "Ürəyimi
döyə-döyə öldürəcəm".
Hə, bilmirəm həmin
gün biz təsadüfdən qarşılaşdıq, yoxsa
bu alın yazısı, bir qismət idi. Amma hər nə idisə
xoş bir təsadüf idi. Çünki məni
çox-çox uzaqlara çəkib apardı,
çox-çox məqamları xatırladım. Hətta
yadıma Bəxtiyarın "Asdılar içimdən bir
quş ürəyi" şeiri də düşdü.
Uçurdub bahara
köçəri quş tək,
Tutmuşam əlimdə
bir boş ürəyi.
Çırpın qayalara,
atın sulara
Qoymayın üstümdə
bu daş ürəyi.
Fil gücü
yığmışdım biləklərimə
Getdi yerin, göyün
küləklərinə
Alıb əllərimdən
- nəyin yerinə
Asdılar içimdən
bir quş ürəyi.
Səməndər
ömrüdü, yanıb çağladı
Düşən
yarpağın da qəmin saxladı
İtirib ağladı, tapıb
ağladı –
Neylərəm, belə
bir sərxoş ürəyi.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 19 mart.- S.7