ÖMÜR-GÜN

 

Ömür keçdi - gün keçdi.

Keçdi-getdi, işə bax.

Keçdi-getdi üstümdən,

Bu da oldu yaşamaq...

 

Doğuldum döş verdilər,

Ömrün-günün altında.

Böyüdüm iş verdilər

Ömrün-günün altında.

 

Ömrün-günün altında.

Vəl sürdüm xırman vaxtı,

Girib dəryada çimdim,

Sonra gördüm ki, arxdı...

 

Bu arxın qırağından

Alaca bir quş tutdum.

Quşun üzünə baxıb

Bu dünyanı unutdum.

 

Gördüm göydə günəş var,

Göydə nur var, işıq var,

Yerdə Firəngiz nənəm,

Yerdə Sarı Aşıq var...

 

Göydə günəşə, aya,

Göydə nura, işığa,

Yerdə yazıq nənəmə,

Yerdə Sarı Aşığa

Quşum qondu, neynəyim...

 

 

RƏSUL RZANIN ÖLÜMÜ

 

1.      Kürə şəklində dərdimiz

 

Dünya kürə şəklindədir,

kürə şəklindədir günəş.

ay kürə şəklindədir

kürə şəklindədir ürəyimiz,

sevincimiz kürə şəklindədir –

sənin ölümündən sonra

yığıldı,

büküldü,

kürə şəklinə düşdü dərdimiz də.

 

2. Ölümün səndən

  

qabaq gəldi Mərdəkana

Ölümün səndən qabaq çıxdı evdən,

ölümün səndən qabaq mindi maşına,

ölümün səndən qabaq yola düşdü,

ölümün səndən qabaq gəldi Mərdəkana.

 

Olacağın binanın yerini,

Qalacağın otağın nömrəsini,

Baxacağın pəncərənin səmtini

ölümün səndən qabaq bilirdi.

 

ölümün səndən qabaq bilirdi.

hansı cığırı seçəcəksən,

hansı ağacın altından keçəcəksən.

 

Sən bilmirdin,

ölümün bunların hamısını bilirdi,

hansı sözü yazacaqsan - bilirdi,

hansı sözü pozacaqsan - bilirdi.

 

Ölümün səndən qabaq gəldi Mərdəkana,

ölümündən sonra sən gəldin,

səndən sonra

ölümün gəldi yenə...

 

 

3. Ürək sən deyəni eşitmədi

  

Durma dedin,

İşlə dedin,

hara getmək olar

bu gedişlə dedin,

ürək sən deyəni eşitmədi.

 

Ürək sən deyəni eşitmədi

elə bildi yaxşı elədi, -

ürək sən deyəni eşitmədi,

əl ürək deyəni eşitmədi,

barmaq əl deyəni eşitmədi,

təkcə kağız dinmədi.

 

Əl bağıra-bağıra qaldı,

barmaq bağıra-bağıra,

qələm bağıra-bağıra qaldı,

kağızın gözləri ağara qaldı.

 

 

4. Son söz

  

Gedirəm dostlar,

gedirəm, Anar,

gedirəm, gözümün işığı,

evimin böyüyü,

evimin uşağı.

Balığı yaradan

suyu da yaradıb

balığı suya bağışlayın.

 

Arını yaradan

çiçəyi yaradıb

arını çiçəyə bağışlayın.

 

İnsanı yaradan

torpağı da yaradıb

insanı torpağa bağışlayın,

sonrası ilə işiniz olmasın...

 

 

MƏHƏMMƏD HADİYƏ

 

1.

  

Qərib nar əkər, nar əkər,

Narı nar olmaz, nar olmaz.

Qərib deyər: qərib qızdan

Mənə yar olmaz - yar olmaz:

 

Sünbülü qıçada qalar,

Buğdası puçada qalar,

Alması taxçada qalar,

qalar, saralmaz-saralmaz.

 

Kim qəribə arxa çıxar,

Qərib birdən yoxa çıxar,

Dərd əlindən dağa çıxar,

dağda qar olmaz - qar olmaz

  

      

2.

  

Tək dedilər - təklədilər,

qanına yeriklədilər.

sonra da dərdini alıb

dağa-daşa yüklədilər,

çəkə bilmədi-bilmədi.

 

Əsim-əsimcə əsdilər,

öldürməyə tələsdilər,

günün günorta çağında

ağacı elə kəsdilər, -

kölgə bilmədi-bilmədi.

 

Xallandı gül - butasında.

nər qarnında -qartasında.

bir şairi öldürdülər

bir ölkənin ortasında, -

ölkə bilmədi-bilmədi.

 

 

QARAVƏLLİ

  

  

1. Səs

 

Toydan çıxandan sonar

Ağdamın cahılları

qabağını kəsdilər Qədirin,

ciblərini gəzdilər Qədirin.

 

Ağzını açıb,

ağzına da baxdılar:

gördülər yazığın

səsdən savayı

heç nəyi yoxdu.

 

 

2. Çörək ağacı

 

Mirzə Babayev

Abşeronda bir ağac gördü,

elə bildi səs ağacıdı,

çıxdı ağacın başına,

gördü yox,

səs ağacı deyil.

çörək ağacıdı.

  

    

3. Quzu başı

 

Quzu başı kəsməyyin!

hər-harda quzu başı kəssəniz

qanı gəlib töküləcək

Habilin dizinin üstə.

  

  

4. Güllə

  

 

Güllə atmayın durna qatarına,

siz durna qatarına güllə atırsız,

güllə gəlib dəyir

Ədalətin sazına.

  

  

5. Rəhmət

  

Allah Bülbülə rəhmət eləsin,

öləndə səsini iki yerə böldü,

yarısını Polada verdi,

Yarısını Rauf Adıgözəlova;

 

Polad

atasının səsini götürüb

getdi Moskvaya,

Rauf qaldı Bakıda...

Allah Bülbülə rəhmət eləsin.

 

 

Eldar BAXIŞ

 

Ədalət.- 2010.- 13 mart.- S.20.