UCALARA BİR DİVANƏ
YÜRÜŞÜ
Şair Xanəmirin "Saatım Bağdadda
qaldı" kitabı haqda dost sözü
Burularaq içini
yaralayan hər hansı bir Söz, hər hansı bir Fikir
artıq səni düşündürmür. Bəlkə də
içdən yaralanmağın fəsadları qatır
başını, qoymur düşünməyə. O Söz, o
Fikir, elə o cür də doğulur: yarıqatil,
yarıyarıqalib, yarıhökmüran kimi. Bəzən də
miskincəsinə - yarıqafil kimi... Amma necə var eləcə
doğulur - haqdan gələn görünüşüylə.
Bəzən canında
cızılmış bir şeirin alayarımçıq rəsmi
uzun zaman yorur səni. Boyalar durulmur, rənglər
qarışır, heç nəyi yerinə qoymaq
mümkün olmur. Olumsuzluq üzə durur. Onda
barışmağa məhkum olursan - "sən məğlubsan!"
- düşünürsən artıq. Yaxşı ki,
yazmırsan o üzqaralığını. Özünü,
daha doğrusu, Sözünü qoruyursan.
Adlarını çəkmək
istəmirəm, vergili şairlərimizdən Sözə
münasibətdə pinti olanı çoxdu. Adamın heyifi gəlir
yazdıqlarına. Daha doğrusu düzdüklərinə. Bəzən
o boyda talant yiyələrində səriştəsizliyə təəccüblənirsən.
Amma ustadlar
üçün sözün urvatı mənanın
sambalından heç də az əhəmiyyət
daşımır. "Fərman padşahındı,
dağlar bizimdi..." deyən Dadaloğlu kimi. Bu misranın
havasına bəlkə də eposlar yaratmaq olar. Aşıq Ələsgərin
"Çərşənbə günündə
çeşmə başında..." misrası da elə bu qəbildəndi.
"Burda ağlayanlar güləcək gorda, Gorda ağlayanlar
güləcək harda?.." deyən məşhur şairimiz
Vaqif Bayatlının bəlkə də irfan-təsəvvüfün
özəyindən əsən nəfəsindən öz xəbəri
yoxdu heç. Yəni Yunus Əmrənin " arı bal
yapır, amma onu izah edə bilmir..." məşhur kəlamında
olduğu kimi. Amma bu misralar üzərindən adlayıb ruhun
klassik anlamda təcəllasının işığında səyyaha
çevrilib üzü keçmişlərə və eynən
də üzü gələcəyə yollar getmək olar.
Sözün çəkisi
harda üzə çıxır? Heç şübhəsiz,
sözə çəki verən birinci şərt Allahın
iznidi, səmimiyyətdi, yenilik və onu gətirənin təfəkkürü
və qələminin gücüdü. Söz yiyəsinin
orijinallığı, vergili olması bütün bu şeylərin
sinteziylə izah olunur.
Çağdaş ədəbiyyatımızın
ünlü simalarından olan Xanəmirin "Vektor" nəşriyyatında
quşdilixanəmirkülsoyuğu imzasıyla nəşr
etdirdiyi "Saatım Bağdadda qaldı" şeirlər
kitabını oxuyan hazırlıqlı oxucu mənim
yuxarıda söylədiklərim qənaətində olar yəqin
(hazırlıqlı oxucu dedikdə bu ifadənin altını
özəlliklə cızıram, hazırlıqsız oxucu
üçün bu gün yüzlərlə, minlərlə
tartan-partan şeylər yazanlar var. Onlar olmuşlar, olacaqlar.
Hazırlıqlı oxucu isə klassik ədəbiyyatın
bünövrəsi üstündə biçimlənən,
çinlənən, dikələn, dünyaya açılan
çağdaş sənət əsərlərini dolğun
qiymətləndirməyi bacaran az saylı elitar oxucu təbəqəsidir).
Bu kitabla ilkin tanışlıqdan olduqca coşqun, susması
olumsuz, azman bir söz boyası fırtınasına, hisslərin
öldürücü deyil - yaşadıcı
burulğanına düşdüyün qənaətinə gəlirsən.
Çalarların şüuraltı təsir gücü
oxucuya bəzən şeir oxuduğunu unutdurur. Bax, bu məqamda
açılır kitabın müəllifi Xanəmirin bir
şair kimi ustalığı. Onun şeirimizin sabahına
saldığı işıq qaranlıqları
yoğurub-yapır desəm, bəlkə də vermək istədiyim
qiymət kiçilər. O, əslində özü öz
işığına bələdçilik eləyir.
Özü özündən qabaqlarda yürüyür.
Kitabdakı şeirlərin
təsir gücü heç də həmişə
düşüncəylə hissin burulğanından
qaynaqlanmır. Burada şüurun önünə hərfi mənada
çəkilmiş bir baryer var. Oxucu onu duyur, görməsə
də ona dirənir, amma aşa bilmir. Çünki hissləri
emosional bir yöndən idarə edən olduqca güclü
söz fırtınası göz açmağa imkan vermir. Bu
şeirlər barədə ilkin təəssüratı
başqa cür vermək olumsuzdu. Söhbət heç də
bənzərsiz deyim tərzinin doğurduğu ovqatdan getmir.
Söhbət ruhun əzəmətindən geir. Bu şeirlərdə
ən önəmlisi sınmaz, bölünməz, sözdən-sözə
pillə-pillə dikələn, harada duracağı sirli olan,
oxucunu məhəklərə çəkən azman bir
ruhanilik ab-havası, içdən ucalara bir divanə
yürüşü var. Yəni, qısası, hisslərin
paklığı şüura əlyeri qoymur bu yazılarda.
Şair ruhun və hisslərin çalpaşıqlı
biyabanlarında alaçıqsız, komasız bir divanə
kimi öz yürüşünü yapır. Əcəba,
yeni təbirlə desək bu bir andeqraundluq deyilmi? Əslində
elədir. Əslində heç kimin inanmadığı bir
olumsuzluğu, məsələn, deyək, milyonların
arzuladığı xəyali bir divarı yıxmaq
missiyasını öz üstünə
götürmüş ideal qəhrəmanlardan fərqli olaraq,
şair heç kimin önündə öhdəlik
götürmədən o divarın arxsında nələrin
olduğundan asanlıqla, çəkinmədən, şirr
yüklü söz açmaqla o qəhrəmanlardan qat-qat
ucadarda dayanır. Daha doğrusu o, koordinatlar verir, parametrlər
cızır, oxucunun mənzil başına çaşmadan
yetməsindən ötrü hər şeirini bir yol hərəkəti
nişanına çevirərək sonsuzluq müstəvisindəki
keçilməzliklərə sancır. Oxucu isə yolun həzzini
sinirləriylə duyaraq bu yolçuluğun bitib-tükənməzliyinin
fərqində olur, bir də gözlərini açır ki,
artıq divarın o üzündədi. Sənətin
möcüzəsi həmişə heyran edir; bu aksiomadır.
Qolu-qanadı qıran, yolu üzlərə qapayıb
çaşqınlıq yaradan isə sənət yox,
qrafamanlıqdır. Xanəmirin bu kitabı gərdişlə
hələm-hələm uzlaşmayan ruhani bir ab-havanın,
daha dəqiq desək, ilahi eşqə
bağlılığın təcəllasıdır. Bir
haşiyə: səhv etmirəmsə R.M.Rilke təxminən
belə təlqin edirdi ki, hər dəfə şeir yazmaq
ab-havasına köklənirkən əgər dünyaya,
predmetlərə yer üzünə ilk qədəm
basmış bir insan heyrətiylə baxmasan
yazdığın təbiilikdən uzaq olacaq. Təsadüfi
deyil ki, Xanəmirin bütün şeirlərinin (nəinki
şeirlərinin, səhv etmirəmsə, eləcə də
bütün digər yazılarının) ilk sətiri "
ey dadi-bidad..." kimi heyrət ifadəsiylə
başlayır. Burada bir haşiyə də çıxmaq istəyirəm:
bir dəfə tənqidçi Əsəd Cahangir bu
kitabdakı "dadi-bidad..." məsələsinə olduqca
orijinal bir açıqlama verdi. O, bu ifadənin Xanəmirin
şeirlərilə oxucu ruhunun əlaqəyə girməsi
üçün çağrı (zummer) rolu
oynadığını tutarlı bir şəkildə izah
etdi.
Bu kitabla
tanışlıq qənaətimcə qələm
kağız münasibətindən çox, müstəviyə
kətan və fırça assosiasiyasını gətirir. Bu
şeirlər ayrı-ayrılıqda bir yazı məhsulu kimi
oxunmaq üçün deyil, sanki usta bir rəssam tərəfindən
kətana çırpılmış
çeşid-çeşid ilkin rəng çiləntiləri
olmaqla küll halında qavranmaq üçündür. Rənglərin
mozaikası o qədər cəlbedicidir ki, kətanda hansı
rəsmin çəkiləcəyi haqda oxucuya
düşünmək şansı qalmır və kitab su kimi
içilir desəm yerinə düşər. Ən əsas
şərt budur ki, oxucu yorulmur. Bir ruhun cızdığı
poetik trayektoriya öz genişliyilə səni qoynuna alır.
Şairin özəl təhkiyəsi səni kərən-kərən
bu kitaba qayıtmağa, rəngləri bir də seyr etməyə
sövq edir. Rənglər ruhuna hopunca - rəsmi cızmaq sənə,
sənin öhdənə qalır. Şair sonluğu oxucuya
buraxır. Bu bir eksperiment deyil, yox, bu oxucu-şair
kontaktının sadəcə orijinal formasıdır. Hər
yazar öz oxucusuyla əlaqəsini öz ustalığı səviyyəsində
qurur. Bu baxımdan Xanəmirin bu kitabdakı uğuruna söhbət
ola bilməz. Kitabdakı şeirləri bir-bir analiz etmək
amacım yoxdur. Yalnız bircə misalla kifayətlənirəm:
80-ci səhifədə yer almış "quşun adama
keçişinə şahidlik edən türkü" əsəriylə
ədəbiyyatımıza son dərəcə yeni bir ifadə
tərzinin gəldiyini qürurla qarşıladım. Mən
bu əsərin də şərhindən uzağam. Olsun ki, bu,
ayrıca tədqiqat mövzusudur. Ümumiyyətlə, şərhi
bəyan edilən əsərlərin qazandığından
çox itirdiyi qənaəti doğrudur. Hər oxucunun özəl
qavramı daha önəmlidir. Amma bu əsərə diqqəti
yönəltməmək, öz görmə bucağından
işıqlandırmamaq qeyri-səmimi olardı. Şairin bu
şeiri basmaqəlib düşüncə tərzlərini
dağıtmaq üçün bir tornadaya oxşayır. O ki
qaldı bu yazının mifik anlama daha çox yaxın olan
hissi tutumuna, obrazlı desək, gülün ləçəklərini
qoparmaqla özəkdə nə durduğunu bilməyə cəhd
etmək əbəsdir - gülün özəyi
arılıqdır... Şərhsiz!
Bu kitabla bağlı bir
çox məsələlər öz həqiqi tədqiqatçısını
gözləyir. Xüsusilə ideya-təfəkkür məsələləri
çözümünü istəyir. Mən bir oxucu, bir dost
sözü söylədim. Söz önündə
emosiyasını cilovlaya bilməyən bir insan kimi hisslərimi
bölüşdüm. Bundan məmnunam. Amma tədqiqatçı
sözü, tənqidçi tərəzisi ayrıdır, ola
bilsin, daha maraqlı məqamlar üzə
çıxmış olar. Hər halda ədəbiyyatımızın
uğuru olan bu kitabı oxuyun, dostlar. Özünüzü
hazır bilirsinizsə mütləq sevəcəksiniz!
ZAHİD SARITORPAQ
Ədalət.- 2010.- 20 mart.- S. 22.