"Azərbaycan Qafqazların parlayan yıldızıdır"

 

"Atatürk deyirdi ki, mətbuat müstəqilliyindən doğacaq problemlərin çözülməsi yenə də mətbuat azadlığının özündədir"

 

Üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlmək və təmsil olunduğun ölkədə sevilmək çoxlarının nəsibi olmur. Amma bu fikirləri qardaş Türkiyənin ölkəmizdəki nümayəndəliyinin mətbuat müşaviri Bülənt Uğurun adı ilə yanaşı işlətməmək ədalətsizlik olar. Onu Azərbaycan ədəbi ictimai mühitində çoxları tanıyıb sevir. Mən onunla missiyasının son günündə həmsöhbət oldum və istədim ki, bir mətbuat işçisinin mətbuatımız, Azərbaycanımız barədə düşündüklərini öyrənib sizlərə çatdırım.

- Azərbaycanda işləmək sizin üçün nə deməkdir?

- Artıq 5 ildir ki, Azərbaycandakı Türkiyə Böyük Elçiliyində mətbuat müşaviri kimi fəaliyyət göstərirəm. May ayının sonunda xidmət müddətim bitdi. Mənə görə Azərbaycanda işləməyin ayrı bir özəlliyi, üstünlüyü var. Uzun illər bir çox ölkələrdə oldum və gəzdiyim dövlətlərdə ingilislərə paxıllıq etdim, onları qısqandım. Çünki hansı ölkələrə getsələr öz dillərində danışıb anlaşa bilirdilər. Amma biz, Azərbaycan istisna olmaqla, dünyanın heç bir yerində öz dilimizdə danışıb bir-birimizi anlaya bilmirik. Azərbaycana gələndə mənə elə gəldi ki, sanki İnstanbuldan İzmirə və yaxud da Əlazığdan Ərzuruma gəlmişdim. Həqiqətən də bu bizlər üçün böyük bir üstünlükdür. Biz qardaş millətik və bir-birimizə minilliklərdən gələn ənənələrimiz, qırılmaz bağlarımız var. Dilimiz, dinimiz, kökümüz eynidir. Bu mənə görə ən böyük özəllikdir ki, o da mənə olduqca böyük mutluluq verdi.

- Avropa dövlətləri və heç də onlardan geri qalmayan Türkiyə vətəndaşı olaraq imperiyanın caynağından çıxmış Azərbaycanda hansı fərqliliklərin şahidi oldunuz?

- Türkiyə Cümhuriyyəti 1923-cü ildə quruldu və artıq həmin dönəmdən 90 ilə yaxın bir müddət keçir. Doğrudur, 1918-ci ildə müstəqil Azərbaycan Demokratik Cümhuriyyət quruldu. Fəqət bu uzun sürmədi və bir müddətdən sonra müstəqilliyini itirdi. Amma ötən əsrin 91-ci ilində təkrar istiqlalına qovuşdu. Nəzərə alsaq ki, 1991-ci ildən cəmi 19 il keçib, deməli, dövlət ənənəsi, təcrübəsi olaraq Azərbaycan hələ çox gəncdir. Amma gəncliyinə rəğmən Azərbaycan hər mənada çox sürətlə inkişaf edir. Dövlət quruluşu, iqtisadiyyatı, insanları, bütövlükdə ölkənin xarici görkəmi sürətlə dəyişir. Bizim 90 ilə keçdiyimiz yolu məncə Azərbaycan çox qısa zamanda keçəcək. Məncə, Azərbaycan Qafqazların parlayan yıldızıdır.

- Neçə yüz illər basqı altında yaşamış bir dövlətin bütün mənalarda belə bir sürətlə irəliləməsinin mayasında nə dayanıb? Millət uzun illər bunu içərisində yaşatdığındanmı, yoxsa, burda daha önəmli məqamlar var?

- Məncə, bu iki səbəbdən irəli gəlir. Birincisi, istiqlalına qovuşan bir ölkə özünün azad iradəsini ortaya qoya bilir. İkincisi, bütün sektorlar dünyada sürətlə inkişaf edir. Dolayısı ilə dünyaya baxaraq sən də ona uyğunlaşmaq zorundasan. Amma mənə görə ən önəmli səbəb iqtisadi inkişafa maddi dəstək olan neft və mavi qaz gəlirləridir. Bu gəlirlər ölkəyə gəldikdə qurulması istənilən bir çox şeylər daha asan həlini tapacaq.

 - Türkiyə mətbuatından baxanda Azərbaycanda fərqliliklərlə bağlı qənaətinizi bilmək maraqlı olardı...

- Ən böyük fərqlilik texniki imkanlardır. Türkiyə mətbuatında günün ən son, ən vacib texnik materialları, vasitələr istifadə olunur. Burada hələ də o səviyyə əldə olunmamışdır, amma onun əldə olunmamasının da səbəbləri var. Mətbuatın iki önəmli qaynağı vardır ki, onlardan biri satışdan əldə olunan maddi vəsait, ikincisi reklamlardan əldə olunan gəlirlərdir. Birincisi üçün xalqa daha tez yaxınlaşmaq, xalqa daha yeni xəbərləri çatdırmaq lazımdır. Buradakı mətbuatın başında dayananlar da bunu bilir. İkinci məqam reklamla bağlıdır ki, bu bir qədər iqtisadiyyatla da əlaqəlidir. İqtisadi inkişaf genişləndikcə, rəqabət artdıqca bu rəqabətin sonunda reklama ehtiyac yaranacaq. Reklam ehtiyacı artıqca da mətbuatın ən çox xalqa yaxınlaşa bilənləri öndə olacaq. Bundan maddi vəsait alan media daha da inkişaf edəcək. Bu iki məqam zamanla həllini tapacaq.

- Azərbaycan mətbuatında demokratik ab-hava ilə bağlı fikirləriniz nədən ibarətdir? "Azərbaycanda demokratik mətbuat yoxdur?"-fikrini bölüşürsünüz?

- Demokratiya yoxdur o deməkdir ki, sözünü demək imkanın yoxdur. Azərbaycanda sözünü deyə bilməyən, yazmayan mətbuat varmı? Təbii ki, yox. Hər bir kəs öz fikirlərini yazır. Dünyanın bəlkə də ən azad, özgür mətbuatı Türkiyə və Azərbaycan mətbuatlarıdır. Hətta bəzən bu qədər özgür olmaq yaxşıdırmı sualı ortaya çıxır və müzakirəyə çerilir. Amma mətbuatdan gələn, səfirliyin mətbuat müşaviri olan biri olaraq Atatürkün bir ifadəsini daim xatırlayıram. Atatürk deyirdi ki, mətbuat müstəqilliyindən doğacaq problemlərin çözülməsi yenə də mətbuat azadlığının özündədir. Mətbuatın öz içərisində formalaşan qurumlar bunu yoluna qoyacaq. Azərbaycanda mətbuatla bağlı çox yaxşı təşkilatlar var və mən onların fəaliyyətini yaxından izləyirəm. Başda Mətbuat Şurası olmaqla, Azərbaycan Jurnalistlər İttifaqı, "Yeni nəsil" jurnalistlər birliyi və bir çox adlarının çəkilməsi mühüm olan qurumlar tanıyıram.

- Bir mətbuat nümayəndəsi kimi bu müddətdə nədən daha çox narahatlıq keçirmisiniz, qane olmamısınız?

- Mətbuatla əlaqəli iki şeyin həllini tapması yaxşı olardı. Birincisi, mətbuatın uzmanlaşması, eksperləşməsi lazımdır. Yəni əgər mədəniyyət, iqtisadiyyat, siyasət, idmanla bağlı bir səhifə varsa, deməli, onun hər birinin ayrıca müxbiri olmalı və onun işi yalnız öz sahəsi ilə bağlı olmalıdır. Bu sahə tam oturmamış durumdadır ki, o da maddi imkanlara bağlıdır. İkincisi, araşdırmaçı qəzetçilərin olması gərəkdir. Mən zaman-zaman bəzi xəbərlərdə yetərincə araşdırma aparılmadığını görürəm. Xəbəri ilk öncə insanın özünün oxuyub doyması lazımdır. Ən əsas qəzetçinin beş təməl prinsipi olmalıdır və öz yazılarında da ona cavab verməlidir. Bunların hamısının bir xəbərdə əksini tapması və araşdırılıb təsdiqini tapması önəmlidir. Əgər bu xəbərlərin bir kəlməsində belə tərəddüd varsa, onu dərhal yazmamalı, bir saat, bir gün araşdırdıqdan sonra yazmalıdır. Artıq internet əsrində yaşayırıq və bir çox şeylərə internet vasitəsilə çatmaq olur. Qəzetçinin ilk növbədə çox oxuması, gündəlik yeni xəbərləri izləməsi gərəkdir. Türkiyənin də, Azərbaycanın da mətbuatını yaxından izləyirəm. Çünki orda keçən bir tədbir buranın mətbuatında çox fərqli bir şəkildə verildiyində mən deyirəm ki, əslində elə yox, belə idi. Gündəmi izləyəcəksən, çox oxuyacaqsan, həmçinin də şübhən varsa, araşdıracaqsan. Bu iki məqam mənim üçün çox önəmlidir.

- Hər şeyə bir mətbuat işçisi olaraq baxdığınızda Azərbaycanda nəyisə yenilik kimi qarşılamısınız?

- Azərbaycan mətbuatında diqqətimi çəkən Türkiyə ilə bağlı məlumatların çoxluq təşkil etməsidir. Bir qəzetin xəbərlərinin bəlkə də 20 faizi Türkiyə ilə bağlıdır. Bu mənim diqqətimi çəkməklə, yanaşı həm də mənə dəyişik gəlir. Dünyanın heç bir ölkəsində Türkiyə ilə əlaqəli bu qədər xəbər olmaz. Bəzən hansısa bir məsələdə xəbərləri Türkiyədən daha yaxından təqib edirlər. Türkiyədə bir çox köşə yazarları vardır. Mən köşə ifadəsinə qarşıyam və bu bir qədər mənə gülməli görünür. Çünki yazar-yazardır. Mənə görə bir nəfər baş yazar olar. Bir də iqtisadi, daxili, xarici siyasət, idmanla və təxminən 10-u keçməyən yazarlar ola bilər. Türkiyədə 20-30-dan aşağı yazar yoxdur. Azərbaycanda isə yazar sahəsi daha məntiqli, normaldır və bu mənə çox yaxşı təsir bağışlayır. Bunu Türkiyədən üstün yön görürəm. Yazar oxucuya "mən də bunu düşünürəm" dedirtməməlidir, onun duymadıqlarını çatdırmalıdır. Oxucuya aydınlatmaq, işıq tutmaq lazmdır.

- Azərbaycanın təbii coğrafiyasından necə istifadə olunmasını istərdiniz?

- Mən bir çox ölkələrdə bir çox yerləri gəzmişəm. Azərbaycanda daha çox tanınan yerləri-Masallı, Lənkəran, Şəki, Gəncə, Quba, Qusar rayonlarını gəzmişəm. Amma keçən il bir dostumun məsləhəti ilə Azərbaycanın dəyişik yerlərini gəzməli oldum. Xoşbulaq yaylasına, İlisuya, Lahıca, Lerikin, Yardımlının yaylalarına, Lazaya, Qubada Afurca şəlaləsinə, Xınalığa getdim. "Azərbaycan 5-10 ildən sonra Cənubi Qafqazın İsveçrəsi olacaq" deyiləndə mən onu inkişaf mənasında başa düşürdüm. Amma oraları görüncə, mən bunun nə demək olduğunu anladım. Eyni zamanda da mən turizm anlamında da bunu bir daha başa düşdüm. Çünki, turizm anlamında o qədər böyük bir potensiala sahibdir ki, onu mütləq Azərbaycanın turizm naziri də düşünməmiş deyil.

- Bir türk olaraq arzuladığınız və bütövlükdə arzüladığımız istiqamətlərə çatılması üçün yön alındığını görürsünüz?

- Sevinərək gördüyüm bəzi məqamlar var. İndi istər Türkiyədə, istərsə də Azərbaycanda türk dünyasının birləşərək lazım olan hərəkatı başlamalarını çox yaxşı anlayan insanlar var və bu prosesin də başında dayananlar təqdir olunandır. Keçən il Naxçıvanda türk dövlətlərinin zirvə toplantısı oldu və bir anlaşma imzalandı. Həmçinin də Ağsaqqalllar qrupunun toplantısı oldu. Bu gün iki, sabah 4 dövlət buna qoşulursa, sabah bütün türk dövlətlərinin bir araya gəlməsinə nail olunacaq. Bu olmazsa, o zaman birlik də olmaz. Türk dövlətlərinin Parlament Assambleyası yaradıldı, Ağsaqqallar qrupunun toplantısı keçirildi. Bunlar çox gözəl addımlardır, ancaq onların davamlı olması, bir qədər də sürətlənməsi lazımdır. Belə bir birliyin formalaşması üçün ən önəmli ünsürlərin başında dil birliyi gəlir. Eyni bir dilin formalaşdırılması lazımdır ki, biz hələ də bir-birimizlə rusca danışıb-anlaşmaqdan qurtulaq. Mədəniyyət birliyi və ona bağlı olan dil birliyi arasında ən önəmlisi də mediya, televiziya, yayım vasitələridir. Mən Azərbaycanda Türkiyə-Azərbaycan media konfransının bünövrəsini qoydum və 2006-08-ci illərdə burada onun baş tutmasına nail oldum. Üçüncü konfransın Türkiyədə baş tutması barədə qərarımız vardı, amma onun keçirilməsi ilə bağlı zamanım çatmadı. 2010-cu ildə Türkiyədə keçiriləcək konfransı inşallah məndən sonrakı əməklimiz yerinə yetirəcək. 2008-ci ildə keçirilən konfransda növbəti toplantılarımızda sadəcə Azərbaycan və Türkiyə olaraq deyil, digər türk dövlətlərinin media nümayəndələrinin başında dayananlarının da bir araya gətirilməsi qərara gəlindi.

 - "Azərbaycanda görməli olduğum işləri başa çatdırdım" kimi bir arxayınlıq var, yoxsa əksini düşünürsünüz?

- İnsanlar öz qarşılarına həmişə hədəf qoymalı və ona çatmalıdır kimi bir yanaşma yoxdur, əgər o hədəfə sən çatmadınsa, səndən sonra gələn həmin dədəfə doğru çalışmalıdır. Hədəfsiz olmaz və qısa, orta və uzun zamanlı hədəflər olmalıdır. Qısada hədəfinin müəyyən bir qismini, ortada bəlli bir hissəsini, uzunu isə səndən sonra gələn də davam etdirə bilər. Beş ildə qarşıma qoyduğum hədəflərin çoxunu yerinə yetirdim. Müəyyən müddətdən sonrası artıq öz-özünü təkrar etmə olur. Sənin yerinə gələn də müəyyən məsələləri buraxdığın yerdən yeniliklər tətbiq edərək davam etdirmiş olar və bununla hər yerdə inkişafa nail olmaq asanlaşar. Azərbayandan doymağa gəlincə bu mümkün deyil. Azərbaycan mənim canım, qanımdır və buraya gələrkən bunu hiss etdiyim kimi gedərkən də elə düşünürəm. Amma Azərbaycanda hamı onu bilsin ki, onların bir missioneri olaraq bütün dünyada fəaliyyətimizi davam etdirəcəyik.

  

  

Gültəkin Qəhrəmanlı

 

Ədalət.- 2010.- 1 may.- S. 3.