MAY NƏĞMƏSİ

 

Bu yazını mən iki il əvvəl yazmışdım. Güman eləyirəm ki, bu iki ildə yazıda gedən söhbətlərdən heç nə dəyişməyib. Arada-bərədə bəzi hadisələr olub, bitə bilər, amma bütövlükdə mənim 1 Maya münasibətim dəyişməyib. Ona görə yazını yenidən sizin diqqətinizə təqdim edirəm.

... Yağışın altından qaçıb birtəhər özümü binaya çatdırıram. Üşüyə-üşüyə otağıma girirəm, bir stəkan çay içib özümə gələn kimi həmkarlarımın nə iş gördüyünə bir göz atmaq istəyirəm. İlk qapını açıram və mühasibimiz Tahirə xanımın gənclərə şirin-şirin nəsə danışdığını görürəm.

- Bir maydan danışıram ey bunlara, necə ağ qolfi, ağ köynək geyirdik, ağ bant bağlayırdıq.

- Qırmızı bayraq, qırmızı qalstuk. - deyirəm.

 - Hə, hə, hava da həmişə yaxşı olurdu. Sonra da gəzməyə çıxırdıq, "mayovkaya". Oğluma danışıram, o da bilmir 1 May nədi.

- Hardan biləcək? 1 May Zəhmətkeşlərin Həmrəylik bayramıdı. İndi nə zəhmətkeş var, nə də həmrəylik, ancaq hamballar var...

Qapını örtüb otağıma qayıdıram. Jurnalistikanın əməkçiləri öz işləri ilə məşğul olsunlar. Tahirə xanım da mənə mövzu verdi: ağ bantlı, ağ köynəkli 1 May. Tahirənin yaddaşında 1 May Ağ rəngdə qalıb, mənim yaddaşımda Qırmızıdı. O vaxt bayram sayılan bu gün mənə ona görə xoş idi ki, iki gün istirahət verilirdi və biz də atamla harasa gəzməyə gedirdik. İndi Şəhidlər Xiyabanı adlanan Dağüstü parkda çoxlu attraksionlar, əyləncələr vardı. O ki var o yan-bu yana qaçıb yorulandan sonra elə orda kafedə yemək yeyib, funikulyorla aşağı- dənizə tərəf enərdik. Həmin gün şəhərdə çox tünlük olardı. Avtobuslara minmək müşkül olduğundan atam bizi incitməzdi. Taksi növbəsinə dayanıb (təəccüb eləməyin) növbəmiz çatanda taksi ilə evə qayıdardıq. Sabahı günü də mütləq gündüz seansına kinoya gedərdik. Evimizin düz yanında zəhmətkeşlərin istifadəsinə verilmiş kinoteatr vardı.

Universitet illərində 1 Maydan düz bir ay əvvəl "marşirovka" zilləti başlayardı. Bizi idman meydançasına yığıb o baş-bu başa addımlamağa məcbur edərdilər, universitetin partkomu şəxsən nəzarət edərdi və şəxsən özü şüarları ruporla qışqırıb bizdən əks-sədasını tələb edərdi. Biz də onunla bərabər "Yaşasın" qışqırmalıydıq. Görünür, ürəkdən qışqırmadıq. Bu alqışların xeyiri olmadı. Və həmin rejim yaşamadı. Məcburən nümayiş hazırlığı və məcburən şüar hay-küyləri o vaxtdan qəlbimdə naxoş bir çöküntü olaraq yaşayır. Və o vaxtdan sürü halında harasa gedib nəsə qışqırmağa nifrət edirəm. 1977-ci ilin 1 Mayında mən 1-ci kursda oxuyurdum. Və İstanbulda 30 adamın ölümü, yüzlərlə adamın yaralanması ilə müşayiət olunan olayları "Zaman" xəbərlər proqramında izləyəndə fikirləşmişdim ki, bunların deyəsən başı xarabdı. Bizi nümayişə zorla, məcburən aparırlar, bunlar gedib nümayişdə polislə vuruşurlar, hətta ölürlər də...

Gör nə qədər vaxt keçib. İndi biz gənclərə 1 May haqqında nağıl kimi danışırıq. Amma deyəsən mən daha çox haqlıyam. Həmin günün rəngi qırmızıdı. Ağ bantlar və ağ köynəklər zəhmət adamının qara gününü ağartmır. Hələ də bütün dünyada 1May nümayişinə qırmızı bayraqlarla çıxırlarsa, hələ də nümayişçiləri döyüb, əzib, qırmızı qanını axıdırlarsa demək, günün rəngi budur.

Televizordan (təbii ki, bizim kanallardan yox) xəbər başlıqlarını izləyirəm:

"İSTANBULDA POLİS TAKSİMİ BİR KALE HALINA GƏTİRDİ"

"RUSİYADA 1 MAYIS BAYRAM HAVASI İLƏ KUTLANDI"

"ALMANİYADA 1 MAYISDA POLİSLƏ ÇATIŞMA ÇIKDI"

"FRANSADA 1 MAYIS KUTLAMALARINA 30 BİN İNSAN KATILDI"

"HİNDİSTANDA HAYAT KADINLARI (fahişələr-red) GÖSTƏRİ YAPDILAR"

"FİLİPPİNDƏ QİDA FİYATLARININ ARTMASINA KARŞI ÇIKDILAR"...

Ən önəmli hadisələr isə bizim üçün təbii ki, Türkiyədə baş verənlərdir. Polis və ordu hissələri küçələri nəzarətə alıb, Taksim meydanı az qala Çanakkala kimi keçilməz olub. Bibər qazından, su şırnaklarından nümayişçilərə qarşı istifadə olunub. Xəstəxanaların həyətinə girib orda gizlənmək istəyənlər də qurtula bilməyib. Polis qaz bombasını ora da atıb, xəstələr də zədələnib. İndi bütün türk qəzetlərinin manşetini bu xəbərlər bəzəyir. Ən önəmlisi isə başbakan Ərdoğanın dedikləridi: "Ayaq takımı (oxu- xalq) başa keçərsə, qiyamət qopar". Manşetlərdən biri də budur. "AYAK TAKIMI AYAKLAR ALTINDA KALDI". Ümumiyyətlə, son vaxtlar başbakan belə qiymətli aforizmlərlə tez-tez çıxış edir və ən azından öz münasibətini gizlətmir. Media da ona münasibətdə səmimidir, nə deyirsə onu yazırlar. Artıq neçə illərdir ki, 1 Mayıs Türkiyədə bir kabus halına gəlib və bir çıxış yolu tapmaq istəyən də yoxdur.

Əslində bu günün başlanğıc tarixində də faciəvi hadisələr durur. XIX əsrin sonlarında 1886-cı ilin 1 mayında Çikaqo fəhlələlərinin tətil etməsi, nümayişə çıxması, bütün sənaye və nəqliyyatın iflic halına gəlməsi ilə başlanan olaylarda ölənlər və çoxlu sayda yaralananlar olmuşdu. Tətil rəhbərlərinin həbsi və məhkəməyə çıxarılması ilə müşayiət olunan hadisələr bütün dünyanın fəhlə hərəkatında etiraz doğurmuşdu. Nəzərə alsaq ki, o vaxt Marksın ideyaları artıq bütün dünyada özünə dayaq, dəstək tapmağa başlamışdı, mənzərə aydınlaşar. Hökumətin "anarxist" dediyi, solçuların "əzabkeş" adlandırdıqları səkkiz liderin üçü asıldı, biri həbsxanada intihar etdi, ikisinə isə ömürlük həbs verildi. 1893-cü ildə isə ölülər də, dirilər də bəraət aldılar. Və həmin ildə onların məzarı üzərində "Senn meydanının əzabkeşləri" adlanan monument ucaldıldı. Ən əsası isə -1889-cu ildə II İnternasionalın Parisdə keçirilən konqresində 1 Mayın bütün dünyada əməkçi hüquqlarının müdafiəsi günü kimi keçirilməsi qərara alındı. 1891-ci ildən sonra Rusiya, Braziliya və İrlandiyada , 1920-ci ildən sonra Çində və Hindistanda da qeyd olunmağa başladı. İndi araşdıraq görək bu anarxist - fəhlələr nə istəyirmiş? Formal olaraq 8 saatlıq iş günü - amma məsələ bununla bitirmi? Qanuniləşdirilmiş istismar və qarət siyasəti ölkədə hakim siyasətə dönürsə, iş saatlarının azalması nəyi, hansı problemi həll edəcək? Maraqlısı budur ki, özünü fəhlə-kəndli hökuməti elan etmiş sovetlər də bu günün sosial mahiyyətini açmaqda həvəsli deyildilər. Zəhmətkeşlərin həmrəylik günü kimi qeyd olunan və məcburi-könüllü bayram nümayişləri də elə istismarın bir başqa şəkli idi. Hər halda inkişaf etmiş kapitalist ölkələrinin zəhmətkeşləri ilə eyni həyat şəraitində yaşamaq bizim əməkçilərə də xoş olardı. Amma bəzilərini deputat edib, bəzilərinin sinəsinə orden-medal taxıb bütünlükdə xalqın gözünə kül üfürmək olurdu və bu da əslində əmək adamının həyat məzmununu dəyişmirdi. Düzdür, siyasət onların üzərində qurulmuşdu. Hansı qəzeti açırdın, pambıqçının, üzümçünün, sağıcının, bənnanın şəkli və onların rəşadətli əməyi haqqında oçerklər vardı. Yazıçılar əməyi vəsf edən romanlar yazırdı, hətta məşhur mahnılar da əmək qəhrəmanlarına həsr olunurdu. Bir yadınıza salın, iclaslarda ön cərgələrdə fəhlə sinfinin qabaqcıl nümayəndələri əyləşirdilər, televizorda onları göstərirdilər. "Plan, öhdəlik" kimi sözlər qulağımızı yağır eləmişdi. Amma indi bu günün qəhrəmanlarına baxanda və bu günün sözlərinə qulaq asanda o vaxtın yalanlarına özləm yaranır. Hər yalanın da bir ideoloji dəstəyə ehtiyacı var.

... 1917-ci ildən 1 May inqilab övladlarının rəsmi bayramı sayılırdı. Rusiyada bu bayram bahar və əmək bayramı kimi yenə qeyd olunur. Bahar da, əmək də əzəli və əbədidir. Hələ ilkin çağlardan, bütpərəstlik zamanından torpaq və məhsuldarlıq ilahəsi Mayanın şərəfinə mayın ilk gününü qədim İtaliyada bayram edərlərmiş. İspaniyada isə həmin gün gənclər öz sevdiklərinə çiçək dəstələri hədiyyə edərmiş. Almaniyada Maifeiertaq (may bayramı) adlanan bayram var. Qədim yunanlar da həmin günün şərəfinə bayram edib şənlənirlərmiş. 1 Mayın simvolu, torpağın dirilmə simvolu - May ağacını bəzəməklə. Yarpaqsız-budaqsız çılpaq bir dirəyin üzərinə yeddi rəngdə (göy qurşağının rəngləri) lent bağlayıb, üstünə çələng asarlarmış. Sonra yavaş-yavaş bu lentləri açarlarmış. Bu da yerin öz oxu ətrafında fırlanmasına işarə imiş. Dirək kişi, çələng isə qadın rəmzi imiş. Birlikdə isə yaranışı simvolizə edərmiş. Görürsünüz, 1 Mayın nə qədər şaxələri, kökləri, rəngləri var. O nə ağdır, nə qırmızıdır, o dünyanın rəngindədir. Sevinc, oyanış, dirçəliş bayramıdır. Harda dirçəliş var, oyanış var, orda zəhmət var, əmək var. Bəzi başsız bakanlar zəhmət adamına "ayaq takımı" desə də , dünya bu insanların gücü ilə fırlanır. Bu günün öz gözəlliyi var. İndi məni heç kim məcbur eləməsə də deyirəm: "Yaşasın 1 May!"

 

 

İradə TUNCAY

 

Ədalət.- 2010.- 1 may.- S. 6.