ZİRVƏDƏN ZÜLMƏTƏ

 

Povest

 

Ən böyük dərd budur ki,

Sünbül-sünbül tarladan

Bir dən sənin olmasın.

Adın vətəndaş olsun,

Vətən sənin olmasın.

 

Musa Yaqub

 

- Vətəndaş Dönməz Məmmədli!

O, yuxudan hövlnak oyanıb dəmir qapının gözlüyünə sarı boylandı. Nəfəsini içinə çəkib qulaq verdi. Ətrafa dərin sükut çökmüşdü, dəmir gözlük qapalı idi. Bəs bu eşitdiyi nə idi? "Yəqin qara basır məni", - deyə düşündü. Elə bu an indicə gördüyü yuxusu yadına düşdü və niyə bu səsi eşitdiyini özlüyündə yəqinləşdirdi.

Neçə illər qabaq tələbəlik çağları yuxusuna girmişdi. Ağ saçlı, üzündən nür tökülən sevimli müəllimi, zamanının məşhur alimi auditoriyada aramla gəzişə-gəzişə deyirdi: "Tariximizi mükəmməl öyrənib, mükəmməl də tədris etməlisiniz. Çalışmalısınız ki, şagirdləriniz keçmişimizdən ibrət götürüb bu günümüzün layiqli vətəndaşı olsunlar".

Üniversiteti bitirib müəllim kimi ilk dəfə sinfə qədəm qoyduğu gündən o, bu dəyərli məsləhətə əməl etmişdi. Həmişə çalışmışdı ki, şagirdlərinə vətənpərvərlik hissi aşılasın. Sonralar mühüm ictimai işlərində də öz amalına sadiq qalmış, "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı", - deyən şairin çağırışına doğma yurda, torpağa məhəbbətdən doğan fəaliyyəti ilə cavab vermişdi.

Vətəndaş! Bu, onun üçün adi söz deyildi, qürur mənbəyi, Vətənə sayğı, məhəbbət rəmzi idi. Bəs burada - döşəməsi, tavanı, divarları qalın betondan hörülən, dəmir çarpayısı da betona bərkidilən, bütün sutkanı başının üstündə közərərək əsəblərini qıcıqlandıran elektrik lampasının gecənin qaranlığına, gündüzün işığına həsrət qoyduğu buz nəfəsli, dar qəfəsli dustaq kamerasında necə?! Vətəndaş?.. Yox, bu söz dustaq üçün deyil. Nəsə başqa müraciət forması tapılmalıdır. Müqəddəs söz layiq olduğu yerdə hörmətlə deyilməli, hər addımbaşı çeynənilib adiləşməməlidir.

Doğrudur, məhbus vətəndaşlıq hüququndan məhrum edilməyib. Ancaq bu o demək deyil ki, ciddi rejimli qapalı həbsxanada cəzasını çəkən cinayətkara da özündə çox yüksək məna kəsb edən sözlə müraciət olunmalıdır.

Dönməz bu qənaətdə idi ki, hər kəs öz əməlinə uyğun adla çağırılmalı, cinayətkara "məhbus" deyə müraciət edilməlidir.

Bəs o özü? O ki cinayətkar deyil, şər-böhtan qurbanıdır. Əmin idi ki, bunu sübut edəcək, təmiz adını özünə qaytaracaqdır. O, buna inanırdı və bu inam idi onu ruhdan düşməyə qoymayan, bütün əzab-əziyyətlərə dözərək yaşadan! Allahına yalvarırdı ki, burdan sağ-salamat qurtulsun, namərdcəsinə xətər toxundurmasınlar ona.

"Hər halda biz deyən olmalıdır", - iddiasından əl çəkməyən baş prokurorun hikkəsindən bağrı çatlayırdı. "Ölüm hökmü" tələbinin yerinə yetmədiyi onu qeyzləndirmişdi. Yalaqlarına əmr etmişdi: "O, həbsxanadan sağ çıxmamalıdır".

Dönməz bunu eşitmişdi, bilirdi ki, onu "aradan götürmək" üçün hər cür hiyləyə əl ata bilərlər. Və istər-istəməz Nemət kişinin aqibəti yadına düşürdü. "Süd qardaşı", anasının "köynəyindən keçirtdiyi", atasının çörək verib oxutdurduğu dövlət itthamçısı, Nemət kişiyə qənim kəsilmiş, həbsxananın xəstəxanasında onun "axırına çıxmışdı".

Baş prokuror, onun ardınca yalaqları Dönməzin "yatdığı" ciddi rejimli, qapalı məhbəsə gəlmiş, rəislə görüşmüşdülər. Sonra bir neçə dəfə təkrarlanan bu müəmmalı görüşlər dustaqların söz-söhbətinə səbəb olmuş, Dönməzin ürəyinə şübhə toxumu səpmişdi.

Rəis öz işində nə qədər ciddi, tələbkar, qayda-qanun tərəfdarı olsa da, bir o qədər ürəyiyumşaq, həssas insan idi. Dönməz barədə yaxşı sözlər eşitmişdi, ancaq son vaxtlar onun narahatlığını duymuşdu. Onu kabinetinə çağırıb "Dönməz müəllim", - deyə müraciət edərək, hal-əhval tutmuş, sonra:

- Sağlamlığınız neçədir, səhhətinizdən şikayətiniz yoxdur ki? - deyə soruşmuşdu.

- Xeyir, səhhətimdən heç bir şikayətim yoxdur.

- Mənə də belə gəlir. Demişəm ki, sizin xəstəxanada müalicəyə ehtiyacınız yoxdur.

Rəis bu barədə kimlə danışdığını demədi. Dönməz də təbii ki, soruşmadı, heç üstünü vurmadı.

Rəis ayağa durub onu hörmətlə yola salanda pıçıltıya bənzər səslə:

- Sizin təhlükəsizliyiniz təmin edilir, - dedi, - narahat olmayın.

Dönməz nəzarətçinin müşayiətilə kameraya qayıdanda özündə bir yüngüllük hiss etdi. Ona elə gəldi ki, başının üstünü alan təhlükə artıq sovuşub.

Rəisin həssaslığı, insani keyfiyyətləri Dönməzə dərin təsir bağışlamış, bir neçə dəfə şahidi olduğu sarsıdıcı amansızlığı bir növ unutdurmuşdu elə bil. Bu, 8-10 nəfər yekəpər nəzarətçinin bir dustağı araya alıb vəhşicəsinə döyməsi idi. Dustaq ona aman verməyənlərin əhatəsindən çıxıb canını qurtarmaq istəyəndə daha ağır zərbələrə məruz qalır və bu hal onun ölümcül, huşsuz vəziyyətdə yerə sərələnməsinə qədər davam edirdi. Sonra xüsusi kameraya aparıb beton döşəməyə uzadır, üstünə bir vedrə soyuq su tökürdülər.

 Dönməz bir dəfə imkan tapıb bu amansızlığın səbəbini baş nəzarətçidən soruşmuşdu. Aldığı cavabdan dəhşətə gəlmişdi: "Bu, bizim tərbiyə üsulumuzdur. Belə edirik ki, o birilər də baxıb ibrət götürsünlər".

O, amansızlığın düşməni idi. Belə xislət sahiblərini insan adına yaraşdırmırdı. Öz-özünə düşünürdü: "Adamlar niyə belə amansız olur? Elə baş prokuror özü, onunla həmrəy, həmpay olanlar. Mən onlara neyləmişdim? Havadarlıq elədiklərini vəzifələrindən çıxartmışdım, çünki harınlamışdılar, burunlarını o qədər dik tutmuşdular ki, gözləri ayaqlarının altını görmürdü. Haqqı müdafiə etməyim, qətiyyətim onların maddi qazanclarını, mənim isə azadlığımı itirməyimlə nəticələndi. Olmazın əzab çəkmişəm və çəkirəm.

Bu azmış kimi indi də məni öldürüb qəzəblərini soyutmaq istəyirlər. Allah bunu götürməz".

Dindar deyildi o, ancaq möhkəm inamı vardı tanrısına. Şübhə etmirdi ki, Allah amansızları, harınları bağışlamır, mütləq cəzasını verir. Dəfələrlə şahidi olmuşdu bu ilahi ədalətin.

Dar, təkadamlı beton kamerada dərin düşüncələrə dalmışdı. İnanırdı ki, ona haqsızlıq eləyənlər vaxt gələcək cəzalarını alacaqlar. Kaş ömrü qalaydı, o günü görəydi.

Gecə-gündüz başı üstündə yanan lampanın altında, dörd divar arasında düşünüb daşınan Dönməzin ömrü isə bu daş məhbəsdə gilə-gilə əriyirdi...

... Birdən dəmir qapı açıldı, həbsxana rəisinin siyasi işlər üzrə müavini Etibar kameraya daxil oldu. Dönməz onu uşaqlığından tanıyırdı. Rəis müavini keçmiş müəlliminin mütaliəni sevdiyini yaxşı bilirdi. Odur ki, maraqlı kitablar gətirmişdi. Dönməz sevinib Etibara təşəkkürünü bildirdi: "Nə yaxşı ki, bu kitablar, sənin kimi etibarlı insanlar var", - dedi. Etibar sevimli müəlliminə təsəlli verib getdi.

Mütaliə etdiyi kitablar Dönməzə səbr, dözüm, dəyanət öyrədirdi.

Bir dəfə kameranın qapısı qəflətən açıldı. Həbsxananın rəisi, Moskvanın nümayəndəsi və siyası işlər üzrə rəis müavini Etibar içəri girdilər.

Moskvadan gələn onu sorğu-suala tutur, Dönməz suallara aramla cavab verirdi. Birdən qonağın nəzərləri dolabın üstündəki kitablara sataşdı, sifətinin rəngi dəyişdi, ani sükutdan sonra Etibara iradını bildirdi:

-         Axı, kamerada bu qədər kitaba icazə verilmir.

-         Etibar tutuldu. Bir anlıq heç nə demədi. Sonra mülayim səslə cavab verdi:

- Yoldaş polkovnik, müstəsna hallarda belə şəxslərə eyni vaxtda bir neçə kitabı oxumağa icazə vermək olar.

Bu cavabdan sonra Moskva nümayəndəsinin də səsi mülayimləşdi:

- Mən sizi başa düşürəm. Siz Məmmədliyə hörmət edirsiz. O, tanınmış şəxşiyyətdir, böyük nüfuza malikdir, çoxlu dövlət təltifləri var. Bütün bunlar aydındır. Ancaq indi o, məhbusdur. Həbsxananın isə öz qanunları var. Bu qanunları pozmağa heç kəsə icazə verilmir.

 

***

 

Həbsxanada böyükdən kiçiyə hamı Dönməz Məmmədliyə hörmət edirdi. O, artıq yaxşı bilirdi ki, həbsxananın yazılmamış qanunları var. Rəis kimə hörmət edirsə, aşağı vəzifədə olanların hamısı ona sayğı göstərir. Rəisin, onun müavini Etibarın Dönməzə olan xoş münasibəti burada hamıya aydın idi. Öz aralarında "müəllim" deyə vurğuladıqları bu ləyaqətli İnsanın tərcümeyi-halını, çəkdiyi müsibətləri, şər-böhtana tuş olub zirvədən zülmətə sürüklən-diyini yetərincə bilirdilər. Və görürdülər ki, o, binəsiblərin düçar olduqları zülmətə işıq gətirib, ürəklərdə ümid çırağı yandırır, tikəsini bölür, imkanını əsirgəmir...

Son günlər anası tez-tez yuxusuna girirdi. "Oğul, haçandı görmürəm səni, ürəyim yanır axı". Yuxudan ayılandan sonra da anasının səsi qulağından getmirdi. Ürəyi əsir, burnunun ucu göynəyirdi anası üçün. Ancaq qıymırdı uzaq yolu gəlməyinə. Qorxurdu yorulub əldən düşər, bir də istəmirdi anası məhbus libasında görsün onu. Axır dözə bilmədi, xəbər göndərdi ki, "anamı gətirin."

... Uzaq yol yorğunu olan ana bircə addımlıqda dayanan oğlunun boynuna sarılmaq, üz-gözündən öpmək, damarları çıxmış əlləri ilə onu oxşamaq, başını sinəsinə qoyub ürəyini boşaltmaq istədi. Mümkün olmadı. Aranı qalın, hündür şüşə layı kəsmişdi. Nəmli gözləri şüşənin arxasında duran oğlunu tutqun, elə bil duman içində görürdü.

Dönməz anasını görəndə bir anlığa çaşdı. Qəddi bükülmüş, quru kölgəsi qalmışdı qarının. Boğuq səsini güclə eşidirdi:

- Atan gələ bilmədi. Səni bu yerdə, dustaq paltarında görməyə ürəyi gəlmədi. Mən başı daşlı öyrəncəliyəm, bala.

Dönməzin dalağı sancdı. O, bilirdi ki, anası hələ cavanlığından çox məşəqqətlər çəkib, həbsxananın nə olduğunu görüb. Atası Fərman bəy 1937-ci ildə repressiyaya məruz qalmışdı. On səkkiz il Sibirdə əzab çəkmiş, sonra günahsız olduğunu sübut edib, bəraət almışdı. Anasını müharibənin məhrumiyyətləri də əyə bilməmişdi. Ancaq...

Dönməz şüşənin arxasında quruyub qalan, oğul dərdindən yumağa dönmüş anasına ürək ağrısıyla baxır, içində özünü danlayırdı: "Kaş xəbər göndərməyəydim".

Köksünü ötürüb, təsəlli verməyə söz axtaran oğluna ana razılığını bildirdi:

- Allah köməyin olsun, bala. Yaxşı ki, gəlib səni gördüm. Yoxsa, sözüm ürəyimi dələrdi, - susub nəfəsini dərdi, sonra bacardığı qədər qayım səslə yalvardı, - Amanın günüdür, özünü qoru, sayıq ol, muğayat ol özündən. Gecə-gündüz dua eləyirəm səninçün. Allah bu zülmü götürməyəcək, rəhm eləyəcək, qurtulacaqsan burdan, rəhmətlik baban kimi. Özün yaxışı bilirsən, sənə danışmışam, amma qoy bir yadına salım. Kişi türmədən qayıdandan sonra ona şər atanların bağrı çatladı. Rəhmətlik qalan ömrünü də kişi kimi yaşadı, nəvələrinin toyunu elədi, nəticələrini, kötükcələrini gördü. Torpağı sanı yaşayasan, sən də belə olacaqsan, inşallah. Bala, palıdı kökü yaşadar. Babaların, əsil-kökün necə, sən də elə. Amma bir sözüm var: Özünü gözlə, sayıq ol. Evindən, ailəndən də arxayın ol. Halal olsun gəlinimə, nəvələrimə, övladlarıma. Bircə sən özündən muğayat ol. Eşitdin, özünü qoru.

Nəzarətçinin səsi eşidildi. Görüş vaxtı qurtardı. Sözünü deyib ürəyini boşaldan Ana ağlayıb-sıtqamadı. Ahıl çağına, arıq, zəif görkəminə rəğmən cəld tərpəndi yerindən. Tünd rəngli, az qala yerə dəyən uzun donunun altından ayaqları görünmədiyindən elə bil kölgə kimi səssiz çəkilib getdi. Dünyaya gətirib boya-başa çatdırdığı, kişilər cərgəsinə çıxartdığı oğlu isə bir anlığa durduğu yerdən tərpənmədi. Ona elə gəldi ki, gözünü açandan zabitəli, fədakar, dəyanətli gördüyü anasını hələ yaxşı tanımırmış. Onun ürəyinə ümid, inam toxumu səpən doğmaca anasının möhkəm xarakterini, sarsılmaz iradəsini özü üçün yenidən "kəşf" etdi elə bil.

O, xoş ovqatla kameraya qayıtdı.

"Palıdı kökü yaşadar". Bir qədər əvvəl anasının dediyi sözü vaxtilə babasından eşitmişdi. Qədd-qamətli, palıd kimi möhkəm, qürurlu kişi idi babası. Yeniyetməlik, cavanlıq çağlarından fərqli olaraq indi Dönməz babasına məxsus xüsusiyyətlərin mahiyyətinə varır və bunları yetərincə qiymətləndirirdi. O, açıq-aşkar görürdü ki, xarakterində bir çox cəhətlər anasına öz atasından, yəni Dönməzin babasından keçib. Elə Dönməz də babasına çəkmişdi. Bu da onu qürurlandırırdı.

  

 

(Ardı var)

 

Əlövsət BƏŞİRLİ

 

Ədalət.- 2010.- 1 may.- S. 16.