SOVET DÖNƏMİNİN ƏDƏBİ MÜHİTİ DAHA QAYNAR İDİ

 

Ağacəfər Həsənli imzası Azərbaycan oxucusuna yetərincə tanışdı. Bir şair-publisist kimi o qələminə söykənib bu dünyanın ağrı-acılarından, problemlərindən bir öz dünyasından üzüişığa boy göstərən duyğularından oxuculara söz açmağı o sözlə yaşamağı artıq neçə onilliklərdir ki, öz həyat məramına çevirib. Bu gün onunla həmsöhbət olmağımızın səbəbi məhz Ağacəfər Həsənlinin yaşantıları bir doğum günü ərəfəsində onu narahat edən duyğularıdır.

- Ağacəfər müəllim, söz adamı bu gün hansı ovqatla yaşayır?

- Yaşadığımız cəmiyyətdə ictimai mühitdən kənarda təsəvvür edilməsi mümkün olmayan söz adamı bu günün, bu mühitin, bu millətin övladıdı. Deməli, o da öz millətinin, öz mühitinin yaşadıqları ilə, ovqatı ilə həmahəng bir ömür sürür. Biz əslində bu gün sovet dönəmindən fərqli olaraq, azad bir cəmiyyətin övladlarıyıq. Düşüncələrəimiz , istəklərimiz sərbəst, asudədi. Doğrudur, problemlər yetirncədi, ancaq həmin problemlərin ən ağrı-acılısı hər bir söz adamının kefinə soğan doğrayan Qarabağ dərdimizdi. Bəllidir ki, söz adamı cəmiyyətin ən həssas üzvüdür. Belə ki, bir quşun pırıltısı onu göyün yeddinci qatına da qaldıra bilər, bir nadanın hərəkəti onun könlünü qıra da bilər. Əsil söz adamı alabəzəkliyi sevmir. Hər şeyi olduğu kimi görür, olduğu kimi dəyərləndirir. Namuslu söz adamlarının dünyaları fəsillərdən, iqlimlərdən ibarətdi. Amma buna baxmayaraq, onların da ovqatını Tanrı tarazlayır, burda bəndəlik heç bir şey yoxdur.

- Siz Azərbaycanın bugünkü ədəbi-ictimai mühitini necə görürsünüz. Sovet dönəmi ilə müqayisədə ədəbi mühitimiz qazanıb, itirib?

- Əgər sualınızı qlobal mənada nəzərdən keçirsək biz həm itirmişik, həm qazanmışıq. Nəzərə alsaq ki, kiril əlifbasından imtina edib, latın qrafikasına keçmişik, onda bu artıq yazarın oxucu itirməsi deməkdir. Çünki yaşlı nəsil hələ yeni əlifbanı zor güc öyrənir, özünü bir təhər vəziyyətdən çıxardır. Bu da milyonlarla kitabın kitabxanalarda ölü bir sükut yaşamasına, maklaturaya çevrilməsinə səbəb olur. Doğrudur, ölkə rəhbərliyinin təşəbbüsü ilə klassiklərimizin əsərləri latın qrafikasında yenidən çap edilir. Amma bu sərəncam hamıya aid deyil. Məsələn, mənim qələmdaşlarımın elə bir maddi imkanı yoxdur ki, kiril əlifbası ilə nəşr edilmiş kitablarımızı yenidən oxuculara latın qrafikası ilə çatdıraq. Digər tərəfdən gənc nəsil kiril qrafikasına maraq göstərmədiyindən onlar da sovet dönəminin ədəbiyyat nümunələrinə heç gözucu da baxmırlar. O ki, qaldı qazancımıza... Burada həm Avropanın, həm okeanın o biri üzünün istifadə etdiyi latın qrafikası ilə nəşr olunmaq ədəbi əlaqələri genişləndirib. Həmçinin İranda yaşayan soydaşlarımızın da bizləri oxumaq imkanı yaranıbdır. Sovet dönəmində azad söz boğulsa da, ədəbi mühit diri qaynar idi. Yazı-pozu adamı qonarar alır, maddi durumunu tənzimləyə bilirdi. Təəssüf ki, bu gün ədəbi mühitimizə bir ölgünlük hakimlik edir. Amma unudurlar ki, əgər dövlət qayğı göstərməsə, sabahın Əli Kərimini, Bəxtiyar Vahabzadəsini, Məmməd Arazını, Fikrət Qocasını, İsa Muğannasını, Elçinini, Anarını, Əkrəmini, Musa Yaqubunu, Ramiz Rövşənini, İsi Məlikzadəsini başqalarını ortaya çıxarmaq mümkün olmayacaq. Bunun üçün mütləq hansısa bir formada ədəbi mühitə qayğı göstərilməlidir.

 - Bu günün oxucu-müəllim münasibətləri, kitab çapının indiki durumu sizi qane edirmi?

- Mənim anlamıma görə məsələnin hər ikisi bərbad vəziyyətdədir. Əvvəla, kütləvi savadsızlıq baş alıb gedir. Şoular, ucuz reklamlar millətin əxlaqını, mənəviyyatını korlayır. Bu işdə telekanallar "müstəsna" xidmət göstərir. Bu da oxucu-müəllif münasibətlərini sual qarşısında qoyur. Çünki hər gün qarşılaşdığım insanların özünü yazıçı, şair kimi təqdim etməsi, onlarla kitabın müəllifi olmasını dilə gətirməsi bu ilahi sənətin, bu Tanrı vergisinin necə ucuzlaşdırıldığını göstərir. Az qala indi hər kəs yazçıdı, şairdi. Bu da çap işinin şəxsi maliyyə ilə, şəxsi büdcə ilə bağlı olmsından irəli gəlir. Nəşriyyatlar, mətbəələr pulu ödənilən istənilən kitabı çap etməyə hazırdır. Oxucu da bu cür boz ədəbiyyatı görür kitabdan da, sözdən uzaqlaşır. Mənə görə kitab dünyanın mayasıdır. Ona haram qatılmasına yol vermək olmaz. Neynəyək ki, bazar iqtisadiyyatı bu işi alt-üst edib. İndi bazar qanunları mənəvi qanunları öz təsiri altına salır. Bu da əsil söz adamlarının daxili sarsıntılarına, əzablarına səbəb olur. Yəqin ki, bu hansısa formada nizamlanmalı, yoluna qoyulmalıdır. Bu cür davam edə bilməz.

- Redaktoru tərtibçisi olduğunuz "Sevgi fəsli" kitabı hansı məramla yaranıb siz kitabı hazırlayanda seçimi hansı prinsiplərlə etmisiniz?

 - "Sevgi fəsli" kitabı Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin layihəsi əsasında ərsəyə gəlib. Bildiyiniz kimi, ötən il Bakı İslam ölkələrinin mədəniyyət paytaxtı elan olundu bu çərçivədə xeyli rəngarəng tədbirlər həyata keçirildi. Bu layihəni gerçəkləşdirməyi mən öz üzərimə götürdüm. Kitabda əsasən müsəlman ölkələrinin türkdilli xalqlarının ədbəiyyat təmsilçilərinin yaradıcılığı əks olunub. Bu çox çətin seçim idi, çünki tərcümənin vəziyyəti ölkəmizdə elə ürək açan deyil. buna baxmayaraq, yaxşı nümunələr var idi onların əsasında da mən bu kitabın araya-ərsəyə gəlməsinə nail ola bildim. Kitabda əsasən çağdaş şeir nümunələri üstünlük təşkil edir. Düşünürəm ki, bu ilk tərcübədir, gələcəkdə bu layihəni daha da təkminləşdirə biləcəyəm hər il nazirliyin dəstəyi ilə poeziya antalogiyası çap olunacaq.

 - Dünən sizin doğum gününüz idi. Təbrik etməklə yanaşı, bir şeyi öyrənmək istəyirəm. Ağacəfər Həsənli söz adamı, ziyalı vətəndaş kimi indi özünü necə hiss edir, necə dolanır?

 - Təbrikə görə təşəkkür edirəm şeirlərimin birində yazmışam ki, "Mən doğulan günə gərək daş yağaydı". Bilmirəm bu hansı ovqatdan yaranıb, amma mənim üçün uğurludu. Çünki qəlbimdən gəlib. Rəhmətlik anam həmişə deyərdi ki, may bayramından bir gün qabaq dünyaya gəlmisən. Həmin il çox ruzili, bərəkətli olub. O ki, qaldı bu günə. Mənim dünyanın maddi nemətlərində gözüm yoxdur. Təbiətən ruh adamıyam, duyğu adamıyam. Bəzən bir misra şeir mənə gün uzunu bəhs edir. Onu öz-özümə zümzümə edirəm. O mənim öz sözüm ola bilər, başqa bir qələm adamının da, fərq etməz. Çox vaxt böyük Füzulinin poeziyası yol yoldaşıma çevrilir. İndi böyük şövqlə yaradıcılıqla məşğul oluram. "Ümidinin adına küçə" adlandırdığım yeni kitabımın üzərində işləyirəm. Onun uğur qazanacağına inanıram. Mən nikbin adamam. Kantın belə bir hikmətli kəlamı var: "Mən inama yer saxlamaq üçün bildiyimi məhdudlaşdırmalı oldum". Gərək imanını inamını qoruya biləsən. Onu itirmək faciəsini yaşamayasan.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 1 may.- S. 19.